adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Sentyabr 2020 08:58
129782
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: İçdən gələn etiraf

"Özümdən özümə" silsiləsindən

Avara olardım, sərbəst olardım
Ağlıma gələndən sərməst olardım...
Özümə bablarla tər dəst olardım -
Mən şeir yazmağı tərgidə bilsəm...

Adıma yazılan yad daşa köçməz
Gördüyüm gözümə, yaddaşa köçməz...
İçimdən vərəqə , ya daşa köçməz -
Mən şeir yazmağı tərgidə bilsəm...

Min dadda,tamdadı balı, şəkəri
Qələmə çökdürür onu çəkəni!
Ürəyim olmazdı sözün nökəri -
Mən şeir yazmağı tərgidə bilsəm!..

Gecəni gündüzə calaq etməzdim
Ahları içimdə qalaq etməzdim...
Bu ömrü bir sısqa bulaq etməzdim -
Mən şeir yazmağı tərgidə bilsəm...

Əlimi dərgaha açmazdım bəlkə
Özümdən özünə qaçmazdım bəlkə...
Ürəyə bu qədər acımazdım bəlkə -
Mən şeir yazmağı tərgidə bilsəm!!!