adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Avqust 2020 16:45
60939
LAYİHƏ
A- A+

Müharibə və ədəbiyyat

(“Olmuşlar və olacaqlar” silsiləsindən)

 

Vətən hamı üçün əzizdir. Buna görə də bütün dünyada qanundarları sürgün edilməyi böyük cinayət üçün ən ağır cəza yazırlar. Təkcə qanundarlar bu cür düşünmürlər. Orduların başında duran mötəbər adamlar üçün də bu, bir qanundur.

Qanlı vuruşmalarda əsgərə "sən vətən uğrunda döyüşürsən" - deməkdən böyük söz yoxdur. Bunu eşidən hər kəs öz yoldaşından daha  ləyaqətli olmağa çalışacaqdır. Zira, Vətən sözü cəsarətsizi də qəhrəmana çevirir.

 

Lukian

 

Qədim Yunan filosofu və yazıçısı (125-180) bu kəlamları yazarkən müasirlərinə və gələcək nəsillərə üz tutaraq "Vətən" məfhumunun müqəddəsliyinə inandırmaq istəmişdir. Tamamilə haqlı idi, dinc yaşamağı sevməyən, işğalçılıq xəstəliyinə yoluxan tiranlar nə qədər qələbələr qazansalar da sonu faciə ilə nəticələnmiş, torpağın onun nəşinin qəbul edib-etməyəcəyi intizarı ilə gözlərini yummuşlar. Mən bu barədə düşünəndə bir "üçlüyü" gözümün qabağına gətirirəm, daha doğrusu, onların miskin taleyini: İsgəndər, Napaleon və Hitler. Bu simalara Allah - Təala doğma evlərində ata - analarının, övladlarının yanında rahat ölməyi qismət etmədi, Və-tənləri parçalandı, soydaşları didərgin düşdü, ata - anaları ağlar qaldı, silahdaşları dizlərini qatladılar. Bu olaylar mənəvi dəyərlərdir, fateh ruhlulara xəbərdarlıqdır, "adamlar içərisində özgəsi yoxdur" deməkdir. Bu insanlar doğulmuşlar ki, bir-birini başa düşsünlər, sevsinlər, onun üçün övladları vardır, bu uşaqlar dünyanın istisini - soyuğunu çəkəcəklər, yenidən odu, yenidən insanlığı kəşf edəcəklər. Yaxşı haldır və təsəllivericidir ki, heç də bütün rəhbərlər od - alovla oynamağı sevmirlər, qan gölməçələri yaratmağa nifrət edirlər, yoxsa Dünyanı qara tüstü bürüyərdi!

Amma xalqının başına keçib millətini fəlakətə sürükləyən, fəsadlara düçar edən, başqa torpaqlara göz dikən alçaq, rəzil, dinsiz dövlət başçıları yox deyil. Necə ki, tarixlər dönəmində öz yurdu olmayıb qoltuğa sığınan, fürsət tapıb özünü həmin məkanın sahibi hesab edən, mədəniyyət nümunələrini həyasızcasına oğurlayan, qəsbkarlıq psixologiyası ilə yüklənən erməni daşnaqlarının burnu əzilsə də özlərinə qoyulmurlar. Onlar artıq qüvvəsini itirmiş "yersiz gəldi, yerli qaç" şüarı ilə hərəkətdədirlər; çox nahaq!

Mən müharibə vaxtı doğulmuşam, yaşım davanın nə olduğunu anlatmamışdır, sonralar xatirələrdən və dərsliklərdən bəzi şeylərdən agah oldum. Və bir nəsnə, xüsusilə, mənə təsir etdi: Vətən müharibəsi (!) başlanan ilk günlərdən böyük şairimiz Səməd Vurğunun:

 

Bilsin ana torpaq, eşitsin Vətən,

Müsəlləh əsgərəm mən də bu gündən! 

 

- məşhur misraları insanları faşizmi əzməyə hazır olduğuna inandırdı. Ona görə ki, 1920-ci ildən babalarımız müharibə görməmişdi, nə də onların övladları.

Lakin babalaşmış o cavan soydaşlarımız da, onların uşaqları da Qarabağ müharibəsini 30 ilə yaxındır yaşamaqdadır. Erməni quldurları: boş xəyalpərəstlər, dəyərsiz başçılar, gələcəyi olmayan siyasətbazlar öz təcavüzlərilə alman faşistlərinin atalarına rəhmət oxutdururlar: onlar qızğın gedişlərində belə, dinc əhaliyə bir güllə də atmamışlar, hətta qocaların, uşaqların əlindən su alıb içmişlər, baş əymişlər.

Erməni xəya-nətkarlar isə əksinə, vəhşiləşir və bu qeyri-əxlaqi davranışlarından zövq almışlar. Bəs belə "cəsarətə" kimin hesabına gəlmişlər? Künyələri rusun qucağında, dizləri yerdə, qırxılmış kəllələri sallaqlı!

Müharibənin yazılmış və mübhəm prinsipləri həmişə mövcud olmuşdur, torpaq və mənəviyyat uğrunda ölüm - dirim savaşında ən optimal dəyərlərə, vasitələrə əl atmışlar, yararlanmışlar. Əvvəllər baş vermiş müharibələrin müsbət təcrübələrini öyrənmiş, rasional nəticələrə söykənmişlər. Bunlar içərisində ən qiymətlisi bədii ədəbiyyat olmuşdur. Böyük Vətən müharibəsilə Sovet tarixşünaslığına düşmüş davada (1941-1945) Azərbaycan xalqı da fəal döyüşçü olmuş, qəhrəmanlıq göstərmişlər, ana Vətənindən çox-çox uzaqlarda rus, ukrayn, belorus və s. torpaqlarda şəhid vermiş, faşizmdən azad etmişlər. Arxa cəbhədə (vacib deyil müharibə olsun) isə hər bir təbəqə öz vəzifə borcunu yerinə yetirmişlər, o cümlədən, yazıçılarımız, şair-lərimiz. Müharibənin ilk günlərindən, yaşından asılı olmadan əlinə qələm almış, könüllü cəbhəyə yollanmışlar. İş elə gətirmiş ki, repressiyadan sonra 30-40 yaşlarında, onlardan bir qədər kiçiklər maraqlı bədii əsərlər: dramlar, şeirlər, hekayələr, povestlər və romanlar yazıb çap etdirmişlər, əsgərlərimiz də bunları oxumuş, ruhlanmış, hətta müəlliflərlə məktublaşmışlar. Həmin qələm sahibləri poeziyada S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, Əhməd Cəmil və başqaları: nəsrdə M.İbrahimov, M.Hüseyn, Mir Cəlal, Əbülhəsən,  İlyas Əfəndiyev, Ə.Məmmədxanlı, Oruc Qoş-qarlı və başqaları, dramaturgiyada adlarını çəkdiyim müəlliflər və başqaları. Publisistlərimiz isə daha operativlik göstərirdilər, faşizmi ifşa edən məqalələr çap etdirirdilər. Deməli, ədəbiyyatın bir mühüm funksiyası qabarıq şəkildə meydana çıxdı: bədii əsərlər janrından asılı olmayaraq estetikliyini saxlamaqla vətənpərvərlik tərbiyəsini, insanların (xüsusilə, cəbhədə) psixoloji durumunu (hissiyyatını), zövqünü, yaşamaq eşqini aşılamalıdır. Məhz bizim söz sərkərdələrimiz bu mənəvi - sosial vəzifəni layiqincə ödədilər. Hətta şeirlərlə bərabər poemalar qələmə aldılar, nəzmlə pyesləri səhnəyə çıxartdılar. Ortada Vətən sevgisi vardı, ana intizarı dolaşırdı, arxada qoyub gəldiyi sevgisinə qovuşmaq inamı ilə yaşayıb döyüşürdü. Məmməd Rahim duyğulanıb yazmışdı.

 

Xəbər alsan "nə var belə şair coşursan?

Yatmayırsan gecə - gündüz dastan qoşursan?

Nədir sənə ilham verən, nədən danışırsan?" -

O, söyləyər cəsarətlə: Vətən sevgisi!

 

Rəsul Rza Vətənin ağır çağlarına işarə vurur:

 

Ana Vətən, indi bu gün çatılmışdır qaşın sənin,

Yanır qəzəb alovuyla torpaqların, daşın sənin.

Cavanların, qocaların silahlanmış başdan-başa,

Azadlığı qorumaqçın girmiş böyük bir savaşa.

 ...Taleyini öz yurdunun taleyinə bağlayaraq,

Kişilərin, qadınların hazır durmuş əldə yaraq.

 

Mən böyük şairimiz Rəsul Rzanın məhz bu şeirini seçməkdə yanılmadım məhz iyul günlərində (12.07.2020) erməni vandalistlərinin müharibəyə təhrik etmək cəhdini xatırladım və bu poetik nümunənin sanki indicə yazıldığına inam gətirdim. Vətənimiz məsul, əsgərlərimiz, zabitlərimiz nikbin, qələbəyə inam hisslərini yaşamaqdadır: cavanlar da, qocalar da silahlanmışdır. Ali Baş Komandamızın cəsarətli addımı ilə, səfərbərliyə çağırışı ilə, inamı ilə!..

S.Rüstəm vaxtilə düzgün proqnoz vermişdir bir şeirilə:

Ey bu torpaqlar üçün torpağa dönmüş əsgər!

Gün gələr, ecdə edər ölkənə, dünya baş əyər...

 

Dünyanın sülhsevər xalqlarının erməni təcavüzkarlarına cavab olaraq ayağa qalxması, "Biz Azərbaycanın yanındayıq" hayqırtısı ilə necə də səslənir! Ədəbiyyatın vəzifəsi təbii ki, vətəndaş tərbiyəsinə estetik cəhətdən yardımçı olmaqdır: Ləyaqət, İdrak və Namus toxumları səpməkdir, bu isə vətənpərvərlik, insaniyyət aşılamaqdır. Cəsarətsiz məhəbbət hissi kütdür, kəsərsizdir. "Nə gözəldir igid olmaq, mərd yaşamaq bu dünyada" - Səməd Vurğun vurğulamışdır.

Müharibənin fəlsəfəsində Vətən hissiyyatı, Vətəni qorumaq, bütövlüyünə təminat vermək dayanırsa bu, düşmənə olan ehtirasa çevrilir, əksinə, "danışır", sönmür alovlanır, ədəbiyyat ağır günlərdə bu dildə səslənir Fransız yazıçısı və pedaqoqu Deni Didro yazmışdır: Hər ehtirasın öz dili vardır, bu dil o qədər qüdrətlidir ki, sözsüz də məni sarsıdır. Bu, təbiətin sadə dilidir. Ən gözəl şeirin mənasını çoxları başa düşmədiyi halda, ruhun dərinliyindən gələn əzablı bir ahdan hamı müqəssir olar. Göylərə doğru açılmış qollardan, boşluqlara dikilən gözlərdən, zərif və şikayətlə dolu bir nalədən olmayan bir qəlb, həyəcana düşməyən bir ürək tapılmaz".

 

(ardı növbəti sayımızda)

 

Allahverdi Eminov

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.