adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
13 Avqust 2020 16:39
47736
LAYİHƏ
A- A+

DAŞDAN DAŞA DƏYDİ BU XALQIN BAŞI

(Əqidəsindən dönməyən Xalq şairi Bəxtiyar Vahabzadənin 95 illiyi münasibətilə)

"Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox əvvəl...hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqmış... Bu sadəliyimiz səbəbilə cümləmiz qonşu ermənilərlə yenə qədim sayaq üzrə sülhanə rəftar edib rahat və arxayın olmağı vəz və bəyan edirdik və bu surətlə millətimizin gözünü bağlayıb...uçuruma sarı hazırlayırdıq. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq"

Əqidəsindən heç bir zaman dönməyən xalqın sevimli şairi Bəxtiyar Vahabzadə bu şeirinə Ömər Faiq Nemanzadənin yuxarıdakı sözləriylə başlayır və tarixi bizə "Unutqanlıq" şeirində yenidən  xatırladır:                                

 

Əsrin əvvəlini unutmuşuq biz,

Saldım yadımıza dunənimizi.

Sadə qəlbliyimiz, təmizliyimiz

Tarixdə nə qədər aldatmış bizi. 

 

Azərbaycan kiçik bir dövlət olsa da, çox qədim tarixə məxsus bir ölkədir. Xalqımızın  öz qonaqpərvərliyi, tikəsini hər kəslə bölüşməyə hazır olması səbəbindən həmişə başına olmazın müsübətlər gəlib.

Və əsrlərdi saflığı, ürəyi yumşaqlığı üzündən "ac", "yazıq", "yurdsuz-yuvasız" bilib süfrəsinə  qəbul etdiyi, mənfur qonşularımızdan hər zaman xəyanət görməsinə baxmayaraq, başına gətirilən müsibətlərdən dərs çıxarmamışdır. Ermənilərin Azərbaycan torpaqlarında məs-kunlaşaraq yerlərini möhkəmlədib, sonra dünya ictimaiyyətinə özlərini  "qədim dövlət" kimi tanıtmaq hərisliyi, "dürüst" faktlarla (təbii ki, söhbət ermənilərin öz xeyirlərinə hazırladıqları faktlardan gedir - G.M.), həm də həyasızcasına, dünya ictimaiyyəti qarşısında saxta sənədlər, "faktlar"la çıxış etmələri, onların uydurduqları yalanlara qucaq asan insanların "yalan tələsi"nə düşməsi məqsədi daşıyır:           

 

Erməni zülmündən yüz ildən bəri

Daşdan-daşa dəydi bu xalqın başı.

Unutdu cəkdiyi müsibətləri,

Niyə oğurlandı onun yaddaşı! 

 

Ermənilər dünyaya car çəkərək türklər tərəfindən soyqırıma məruz qaldıqlarını sübuta yetirmək üçün dünya ictimaiyyətini inandırmağa, "erməni soyqırımı"nın dünya dövlətləri tərəfindən tanınmasına nail olmağa çalışırlar. Bütün bu iddiaların əsassız olduğunu tarıx faktlar təkzib etsə də, bu kökü, soyu olmayan xalq öz xəyanətkar əməllərindən əl çəkməyərək özlərini "yazıq", "məzlum" millət kimi tanıtmağa çalışırlar. Şair haqlı olaraq bu üzdəniraq millətin türklərin başına gətirdiklərini  yazır:

 

Biz başdan-ayağa rəhmik, şəfqətik,

O, kin dağarcığı, o, goreşəndir.

Biz əvvəl insanıq, sonra millətik,

O, insan olmadan millətləşəndir. 

 

Şeirlərdə milli qürur, xalqın azadlıq yolunda əsrlər boyu  çəkdiyi əzab-əziyyətlər, türklüyə sonsuz məhəbbət, Bəxtiyar Vahabzadə yaradıcılığında daim təkrarlanan və gənc nəslin təlim-tərbiyəsinin inkişafi yolunda qələmə aldığı hər sətir, hər kəlmə Azərbaycan ədəbiyyatı və elmi üçün bir xəzinədir. Bir sozlə, şairin milli azadlıq və demokratiya uğrunda hərəkatın inkişafında tarixi xidmətləri böyükdür.

Təqdiqatçıların dediyi kimi: "90-cı illərin ağır, kəşməkeşli vaxtlarında şeir gözdən çox düşmüşdü. Birdən-birə sovet şairlərinin və sovet şeirinin saxtalığı ortaya çıxmışdı. Çoxları düşünür ki, belə ağır vaxtlarda Bəxtiyar Vahabzadə olmasaydı "Azərbaycan şairi" obrazı yerlə bir olardı. O, şeiri və şairi ucalıqlardan küçələrə enməyə qoymadı." Qeyd etmək istərdim ki, "90-cı illərdən sonra yox" 37-ci illərdən sonra "xalqın sevdiyi" bir çox şairlər "gedər gəlməzə" göndərildikdən, bəzilərinin də "qələmləri sındırıldıqdan" sonra Azərbaycan şairi və şeiri heç bir zaman ucalığa qalxa bilməmişdir. (Çünki ürəkdən gəlməyən məcburi sözlər yığnağı olduğu üçün.) Lakin Bəxtiyar Vahabzadə şeiri sovet dönəmində də, sovetlər dağıldıqdan sonrada göylərdən enmədi. Çünki dönəm eyni dönəm olsada, şeir eyni şeirlər deyildi. Böyük şairin qəlbindəki vətən sevgisi, xalqa olan məhəbbəti o dönəmdən başı uca çıxmasına imkan yaratdı. Şair hamı kimi, "Səadət nədir?", "onu harada tapmaq olar?" sualına cavab tapa bilmir və yaxud cavab tapsa da o cavablar onu qane etmir. Çünki o hamı deyildi, onun ürəyi hamı kimi döyünmürdu: 

 

Tapdım səadəti dara düşəndə,

Alıb öz gücümü xəyallarımdan.

Kiməsə... nəyəsə... hardasa... mən də,

Gərək olduğumu bildiyim zaman.

 

Çıraq ol! Nurunu artır gunbəgün

Hər yerdə həyatın boğ zulmətini.

Məncə, çıraq olub başqalarıyçün

Yananlar tapıbdır səadətini! 

Onun ürəyi hamı üçün döyünürdü.

Bəxtiyar Vahabzadə  60-cı illərdən başlayan milli azadlıq hərəkatının fəallarından  idi.  Şair, dramaturq, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan xalq şairi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı lauratı, millət vəkili, ən önəmlisi də millətinin azadlıgı ugrunda qələmini süngüyə çevirmiş Bəxtiyar Vahabzadə.

Azərbaycan elminin inkişafında gösdərdiyi xidmətlər, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsində atdığı addımlar, Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığında əsas yer tutur. Yaradıcılığında hər zaman ana dilimizi qorumağa səsləyən, şeirlərinin hər misrasında bunu yorulmadan vurğulayan şair:

 

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi.

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub nəsillərə biz də hədiyyə verək…

 

-deyə, gənc nəslə təbliğ etmişdir.

Yaşar Qarayevin dediyi kimi: "Bəxtiyar Vahabzadə üçün ayrıca bir "tarixilik" anlayışı yoxdu; ayrıca bir ənənəvi, milli xarakter; ayrıca bir müasir "intelektual qəhrəman" yoxdur. Onun üçün yalnız eyni, vahid, yekparə varlıq-müqəddəs, ədəbi Azərbaycan vardır".

 Və Azərbaycanla birlikdə, xalqının ana dili, istiqlalı, milli mənliyi vardır. 1943-cü ildən "Ana və şəkil" adlı ilk şeirini çap etdirən şairin dövrü mətbuatda ardıcıl olaraq şeirləri, elmi məqalələri dərc olunur. "Mənim dostlarım" adlı ilk kitabında faşizmə qarşı mübarizədə qalib gəlmiş xalqın duygu-düşüncələrini əks etdirən lirik şeirləri öz əksini tapmışdır. 

 "İkinci səs", "Vicdan", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar agacı", "Rəqabət" (1960-2003) bu pyeslər Azərbaycan Dövlət Milli Dram teatrında tamaşaya qoyulmuşdu.

O, hələ 1958-ci ildə yazdıgı "Gülüstan" poemasına görə "millətçi" damğası vurularaq 1962-ci ildə Azərbaycan Dövlət Universitetindən xaric edilir. Poemada iki yerə parçalanmış Azərbayca-nın tarixi faciəsini dilə gətirmiş şair, rus və fars imperiyasının pəncəsi altında əzilən xalqının azadlığı uğrunda ədalətli mübarizəsinə qoşulmuşdu. Şair Sovet rejimində milli varlığı tapdanan, hər cür zülmə məruz qalan millətinin dərdini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poema və pyeslərində öz xalqının dərdlərini dilə gətirmişdi. Sovet rejimi dövründə yazılan bu səpgili şeirlərini şair yalnız Sovet İttifaqı dağılandan sonra, "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdi.

 

Göyərçin Mustafayeva

filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.