adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

101 ilin mübarək, Bakı Dövlət Universitetim

Rövşən Tahir
225688 | 2020-09-01 15:28

"Bəzi təsirli xəyallar var ki, onlarda ən ülvi həqiqətlər gizlənir"

                                                                                                          Viktor Hüqo

Yazımda Viktor Hüqonun dediyi kimi, ən ülvi həqiqətlərimdən, ən təsirli xəyallarımdan bəhs edəcəm sizə. Onlardan ki, mən həmin xəyalları universitetdə yaşamışam, onlardan ki, ayrı-ayrı dövrlərdə həmin həqiqətlər məni universitetimdən ayrı salıb. Universitet barədə olan xatirələrimi elə təsvir edəcəm ki, yaşadığım hisslər, duyğular bütün təfərrüatı ilə burada əks olunsun. Bakalavr həyatıma bir o qədər də nəzər salmayıb BDU-dan ayrı düşdüyüm günlərimin acısını yazacam sizə. O vaxta qədər ki, mən onun magistr adını qazanırdım.

O tarixi anı, o tarixi günü (Ona görə tarixi an deyirəm ki, qarşıda bu günün mənim həyatımda nə qədər əhəmiyyətli olduğunun şahidi olacaqsınız) heç vaxt unutmaram. 19 iyun saat 20.00 radələrində elə öz universitetimin müəlliminin göndərdiyi mesaj ilə yeni səhifənin açıldığını hiss etdim həyatımda. Bəli, mən BDU-nun Jurnalistika fakültəsinin magistr dərəcəsinə daxil olmuşdum. Bu hissi ilk dəfə abituriyent vaxtı yaşamışdım, yəni 2013-cü ilin 7 avqustunda. Yeniyetmə xəyallarında olan bir universitetin tələbəsi olmaq adını qazanmışdı. O gündən başladı mənim “BDU” hekayəm və bu hekayədə yer alan səmimi cümlələrim.

İlk tədris günündə universitetimin qarşısına keçdim, onunla doğma bir insan kimi salamlaşıb öz vədlərimi verdim: hər zaman adını uca tutacaq, aldığım təhsili bəşəriyyətin inkişafına, cəmiyyətin tərəqqisinə sərf edəcəyəm.

4 il ərzində daim özümü təkmilləşdirib universitetimə layiqli tələbə olmağa çalışdım. Nə dərəcədə oldum, bunu mən deyil, müəllimlərim deyə bilər. Amma bacardığım qədər çalışdım ki, yaxşı olum. 4 il müddətində onunla birlikdə addımladıq. Nəhayət, indi belə söyləyərkən gözlərimin dolduğu bir an gəldi ki, məni universitetimdən ayrı saldı: məzun gecəsi! Məhz o gün hiss edirdim ki, həmin tarixdən başlayaraq mən ayrılıq acısını yaşayacam. Elə bir acını ki, onu heç nə ilə ovutmaq mümkün olmayacaqdı. Yalnız və yalnız onun özünə qayıtmaqla bu yaraya məlhəm tapmaq olardı və tapdım da.

Hər bir yazıçının geriyə qayıtmağa ixtiyarı var, mən də 2017-ci ilə, hətta bu yazının başlıq hissəsində söylədiyim hadisənin başlandığı vaxtdan-magistr adını qazanmağımdan da bir az əvvəllərə boylanıram. Əsgər olduğum dönəmdə yazdığım dəftərimi açır, ayrı düşdüyüm universitetim barəsində yazdığım məqalədən olan parçalara yer verirəm. Cümlələrimə heç bir yeni fikir əlavə etmədən keçirdiyim hisslərimi, duyğularımı o zaman olduğu kimi sərgiləyir, dərci o vaxt üçün mümkün olmayan və bir əsgərin yalnız ağ vərəq üzərində yazıb gizli saxladığı məqaləni bu gün bu yazımda işıqlandırıram. Beləliklə, 2017-ci il 8 sentyabr tarixi:

“Növbəti görüşümüz harada olacaq, bunu deyə bilmirəm. 1 il, 2 il, neçə il sonra görüşəcəyik, bunu da deyə bilmirəm. Amma bir şeyi əminliklə deyə bilirəm ki, 4 il boyunca sənə arxalandım, sənə güvəndim, mənim doğma universitetim. Bəzən bizdən asılı, bəzənsə bizdən asılı olmayan səbəblərə görə qarşımızdakı yollardan birini seçməli oluruq. Mən də bu ilin iyun ayında səndən ayrı düşmək yolunu seçdim...Önümdə bir insantək durub sual versən ki, peşmansanmı? Deyərəm ki, çox...

Düz 1 həftə sonra sən yeni-yeni tələbələri qarşılayacaq, bir neçə il boyunca onlara da öz qayğını, öz sevgini göstərəcək, qucağını onlara da açacaqsan. Bəs mən? Mən nə edəcəm? Bu sualı cavablayarkən valideyn qayğısından məhrum olan bir körpə kimi boynumu bükür, sakitcə susub dayanıram. Kaş ki, sənin magistrin olmaq şərəfinə nail olar, səninlə daha 2 il boyunca addımlayar və elə gələcək həyatımı, bütün ömrümü də sənə calayardım. “Kaş ki” ifadəsi bu an elə qəribə səslənir ki... Mən ümid edirəm, hətta əminliklə də deyirəm, həyatımı sənə növbəti dəfə bağlayacam. Mənsiz keçən tədris ilin uğurlu olsun, Bakı Dövlət Universitetim”.

1 il necə gəldi, keçdi, heç özüm də bilmədim. Yuxarıda qeyd etdiyim kimi, əsgərlikdən dönər-dönməz yenidən kitablarımla baş-başa qalıb, hədəfimə doğru irəlilədim. Axı həyatımın isti ocağına geri qayıtmaq lazım idi. Ağır oldu. Yaddan çıxan dərslərə yenidən nəzər salmaq, onları xatırlamaq, hələ ki, bunları işləyərək edirsənsə, daha ağır oldu. Amma imtina etmədim. Çünki bu çətinliklərə nəyin yolunda qatlanırdım, çox gözəl bilirdim, əlbəttə ki, universitetimin!

Magistr adını qazanıb səninlə ötən tədris ilini pis-yaxşı günlər içərisində başa vurduq. Bu tədris ili isə məlum səbəblərdən yenə də bir-birimizdən aralıyıq. Lakin mən ümid edirəm, hətta əminliklə deyirəm, həyatımı sənə növbəti dəfə bağlayacam. Mənsiz, bizsiz, insanlarsız keçən 101 ilin mübarək, Bakı Dövlət Universitetim. Tezliklə görüşmək ümidi ilə...

Rövşən Tahir

TƏQVİM / ARXİV