adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Sentyabr 2020 09:07
63843
MÜSAHİBƏ
A- A+

Eyni fəndən rəqib cütlük - MÜSAHİBƏ

Həmsöhbətlərimiz Cəlilabad rayonunun Alar kənd 2 nömrəli tam orta məktəbinin fizika fənnindən müəllimləri Elçin və Ülkər Abbasovlar cütlüyüdür.

Elçin Abbasov Milli Məclisin təşəbbüsü ilə Azedu.az təhsil portalının və gənc müəllim şəbəkəsinin birgə əməkdaşlığı ilə həyata keçən İlin gənc müəllimi-2019 müsabiqəsinin qalibidir.

Onlar təkcə həyat yoldaşı deyil, həm də məktəbdə iş yoldaşı, eyni ixtisasdan rəqibdilər. Karantin günlərində, distant təhsilə görə evləri kiçik məktəbi xatırladıb. Təkcə bununla yetinməyib, skaut dəstələri ilə birgə "Təmiz əllər" layihəsi aparıb, təbiətin ekoloji problemlərini həll etməyə öz dəstəklərini göstəriblər.

Eyni zamanda pandemiya dövründə şagirdlərini bacardıqları qədər məktəb ləvazimatı, evdə tikdikləri maskalarla təmin ediblər.

 

 

"Rəqib olduğumuzdan gəlməyini istəmirdim"

 

-Maraqlı taledir. Yoldaşınızla bir yerdə oxumusunuz. Sonra evlilik. Daha sonra eyni məktəbdə müəllim kimi çalışmaq. Hətta eyni ixtisasdan...

-Elçin m: Hə elədi, eyni universitetin eyni fakültəsində bir kurs fərqi ilə oxumuşuq. Tələbəlik illərində tanışlığımız olmayıb. Mən universiteti bitirib hərbi xidmətə getdim. Xidmətdən qayıdanda Ülkər müəllimə də məzun olub. Xidmətə getməzdən əvvəl təyinatımı RTŞ-nə alıb getmişdim. Qayıdandan sonra RTŞ-nə müraciət etdim, məni qonşu kənddə yerləşə məktəbə göndərdilər. Sən demə Ülkər müəllimənin də təyinatı həmin məktəbə imiş. Ülkər müəllimə Cəlilabada qonşu rayon olan Biləsuvar rayonunda yaşadığına görə əvvəlcə valideynləri razı olmayıb, sonra razılaşıblar. Biz həmin məktəbdə eyni ixtisas üzrə rəqib olduğumuza görə heç birimiz digərinin gəlməyini istəmirdi. Söhbət direktor səviyyəsindən Təhsil Nazirinə qədər gedib çıxdı. Və nəhayət hər ikimizi bir məktəbə göndərdilər. Bütün bu mübarizə müddətində biz bir birimizi tanımırdıq. Sonradan məktəbdə iş yoldaşı olandan bir müddət sonra tanış olduq və onda bildik ki, biz nəinki bir universitetdə bir kurs fərqi ilə bir fakültədə eyni müəllimlərdən dərs almışıq. İki il keçəndən sonra evləndik. 12 ildi evliyik, o günlər yada düşəndə əziz xatirə kimi xatırlayıb gülürük.

Ülkər m: Maraqlı günlər idi. Mən məktəbi bitirən il 2002-ci ildə ADPU-nun Fizika fakültəsinə daxil olmuşam. Elçin müəllim isə 2001-ci ildə orta məktəbi bitirib həmin fakültəyə məndən bir il əvvəl daxil olub. Riyaziyyat fakültəsinə daxil olmaq istəyirmiş, son anda fikrini dəyişib Fizikanı yazıb. Yəqin ki, bu taleyin işi imiş.

-Evdə müəllimliyi kim edir və ya o statusda kim olur?

-Elçin m: Yəqin ki, mən.

-Ülkər m: Evdə daima hərəkətdə olan, yenlikləri evə daşıyan Elçin müəllimdi. Amma evdə uşaqların dərsinə kömək etməyə gəldikdə isə bir bəhanə ilə bu işi mənim öhdəmə atır.

- Eyni sahənin adamlarının sözləri bəzi hallarda üst-üstə düşmür. Kim daha çox güzəştə gedir? Məktəbdə və evdə.

-Elçin m: Qarşılıqlı güzəştlər edirik. Amma daha çox Ülkər güzəşt edir.

-Ülkər m: Əlbəttə, qarşılıqlı güzəşt olmayan ailədə nizam-intizamdan danışmaq olmur. Məktəbdə mən, evdə Elçin müəllim daha çox güzəştə gedirik

"Evimiz kiçik məktəbi xatırladırdı"

 

-Karantinin ən çox təsir etdiyi sahələrdən biri də təhsildir. Sizinsə hər ikiniz təhsil işçisi. Sizə necə təsir etdi?

-Elçin m: Əlbəttə, bütün insanlar kimi bizim üçün də müəyyən mənada çətin və darıxdırıcı məqamlar oldu. Amma hər bir çətinliyi zaman keçdikcə dəf edə bilirsən. Biz də bu dönəmlər dərslərimizi onlayn keçməklə yanaşı bir çox lazım olan proqramlar öyrəndik, müxtəlif vebinarlara qoşulduq, konfranslarda iştirak etdik. Bir çox sosial layihələrdə iştirak etdik, insanları karantin qaydalarına riayət etməyə çağıran videoçarxlar hazırladıq. Çalışdıq ki, evdə olduğumuz vaxtlarda dərslərdən boş olan zamanımızı dəyərləndirək.

Ülkər m: Bu dönəmlərdə evimiz sanki kiçik məktəbi xatırladırdı. İki oğlumuz var, Araz Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin 5-ci, Təbriz isə biz işlədiyimiz kənd olan Alar kəndində Heydər Əliyev adına 1 saylı tam orta məktəbin 3-cü sinfində oxuyurdu. Bizim hər ikimizin hər gün dərsimiz olurdu, eləcə də uşaqların. Elə vaxt olurdu dördümüz də eyni anda dərsə qoşulmalı olurduq. Kimi kompüterlə, kimi telefonla dərsə qoşulurdu və bu vaxtlar evimiz kiçik məktəbi xatırladırdı. Dərslərə Zoom və Microsoft Teams proqramları ilə qoşulurduq.

-Şagirdlərinizlə bu tədris mövsümünü necə başa vurdunuz. Kənd yeri. Onlayn təhsil. İnternet çətinliyi və.s.

-Elçin m: Bu dövr müəllimlər üçün də, şagirdlər üçün də tam fərqli oldu. Mart ayının əvvəlindən dərsləri məsafədən tədris etməyə başladıq. Əlbəttə, bir çox problemlərlə qarşılaşdıq, aylıq internet paketi götürürdük, bu paket ayın ortasına belə çatmırdı. Bundan başqa şagirdlərin bir hissəsi dərslərə qoşula bilmirdi və əlbəttə ki, bu bizi üzürdü. Zaman-zaman işlər qismən qaydasına düşdü, bizim küçəyə də internet çəkildi. Bu problem də aradan qalxdı.

Ülkər m: Şagirdlərlə yanaşı valideynlərin də məsafədən təhsilə öyrəşmələri zaman aldı. Amma çox şükür ki bu tədris ilini yaxşı başa vurduq.

 

"Evlərə, şagirdlərimizə maska tikib paylayırdıq"

 

- Valideynlər və şagirdlər bu cür təhsilə hazır deyildi. Xüsusən, region olaraq. Siz onlara necə dəstək oldunuz?

-Elçin m: Valideyinlərlə mütəmadi olaraq söhbətlər edirdik, hər yerdə dükanda, yolda, vp-la, telefon zəngləri ilə.

Bir çox layihələr qoşulduq, özümüz layihələr başlatdıq. Cəlilabadda ilk skaut dəstəsini biz yaratmışıq. Turan adlanan bu dəstə ilə karantindən əvvəl də bir çox işlər görürdük. Məsələn, işlədiyimiz kənddən keçən İncəçayın qıraqları zibillik idi. Skaut dəstə üzvləriylə birgə çayın kənarlarını zibillikdən təmizlədik. Bu da şagirdlər tərəfindən maraqla qarşılandı. Pandemiya dönəmində də bu dəstə üzvləri ilə və dərs dediyimiz şagirdlərlə müxtəlif sosial aksiyalar etdik, Təmiz əllər, Təbiət bizim dostumuzdur və.s videoçarxlar hazırladıq, tarixi günlərdə onlayn tədbirlər təşkil etdik. Bundan əlavə ölkə ərazisində bir müddətlik karantin rejimi ləğv olunanda şagirdlərimizi evinə yollanıb onlarla görüşdük, onlara bədii kitablar, testlər apardıq. Özümüz "Hər yer məktəb” adlı sosial layihəyə qoşulduq.

Ülkər m: Virus təzə başlayan ərəfələrdə ətrafımızdakı insanların maska problemini qismən də olsa aradan qaldırmaq üçün evdə maska tikib paylamaq qərarına gəldik. Öz maddi hesabımıza maskalar tikib yaşadığımız və işlədiyimiz kəndlərdə maskaları ev-ev payladıq. Bu işdə bizə övladlarımız və skaut dəstəmizin üzvləri kömək oldu.

Elçin m: Bir sıra maraqlı layihələrə qoşulmuşuq. Bu layəhələrdə əsasən türk müəllimlərlə əməkdaşlıq edirik. Hələki bu layihələri onlayn həyata keçiririk. Dərslər başladıqdan sonra isə sinifdə şagirdlərimizlə birgə davam etdirəcəyik. Bundan əlavə ölkə müəllimləri üçün nəzərdə tutduğumuz "Nərdivançı” layiəsini başlatmışıq. Bu layihə müəllimlərlə tanınmış uğurlu şəxslərin onlayn müsahibəsini təşkil edir. Layihə çərçivəsində müəllimlərə kitablar hədiyyə edirik. Bundan əlavə layihənin maraqlı rubrikaları var ki, bu rubrikalarda təcrübəli müəllimlər gənc həmkarlarına öz tövsiyələrini verir, fəal gənc müəllimləri ictimaiyyətə tanıdırıq, müəllimlər məktəb əhvalatlarını səhifə izləyiciləri ilə bölüşür. Ümumiyyətlə, "Nərdivançı” layiəsi müəllimlərin asudə vaxtlarını səmərəli keçirmələrinə yönəlib.

-Bütün bunlardan sonra region olaraq onlayn, distant təhsilə hazırıqmı?

- Elçin m: Əslində, biz daha çox siniflərdə canlı dərslərə öyrəşmişik. Distant təhsilə tezliklə öyrəşə bilmirik. Hələ nəzərə alsaq ki, ucqar məktəblərdə müəllimlərin internet problemi var, eləcə də şagirdlərin də internet problemi var , bu bizə problem yarada bilər. Ümumilikdə isə ötən tədris ilindən təcrübəmiz var və əgər distant təhsilə ehtiyac yaranarsa bunun öhdəsindən gələ bilərik.

-Qız uşaqlarının hansı üsullarla təhsildən yayınmasının qarşısını alırsınız?

-Elçin m: Biz bölgədə ilk dəfə STEM üsulunu dərslərimizə tətbiq etmişik. Nəzərə alsaq ki, bu üsulu tətbiq etmək üçün məktəbimizdə əlverişli şərait yoxdu, düşünün, necə çətinliklə bu dərsləri həyata keçirmişik. Şagirdlərimiz bir çox STEM müsabiqələrinə qatılaraq sertifkatlar qazanıblar. Biz qızların təhsilə marağın artırmaq üçün bir sıra həvəsləndirici işlər görmüş, yarışlar tədbirlər hazırlamışıq və istəyimizə nail olmuşuq. Hətta qızları skaut dəstəmizin təlimlərinə də qata bilmişik.

 

- Alar Azərbaycanın ən böyük kəndlərindəndir. Həm ictimai, həm siyasi həyatında Aların önəmi böyükdür.

-Elçin m: Biz Alar kəndində deyil, qonşu kənd olan Günəşli kəndində yaşayırıq. Amma əlbəttə Alar kəndinin böyük tarixi, özünün ənənələri olduğunu bilirik. Həm də Alar kəndində ölkənin əhəmiyyətli yolu keçir. Bu baxımdan Alar ölkədə yerləşən kəndlərdən ən böyük və starateji kəndlərdən biridir.

 

Söhbətləşdi: Emin Piri