adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Avqust 2020 10:10
37503
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Dəvə çöküşü

Sızlayır az qala saçımın dəni
Elə bil bükülüb ağrı balınca...
Hər yerə ayağım çəkirdi məni -
İndi sürüyürəm onu dalımca...

Gözləyən, arayan yoxdu - bu bəlli
Xəyal da nalını itirib yolda...
Bircə şəkillərdi... sözsüz təsəlli -
O da asılıbdı - bu kiprik kolda...

Kədər də yorulub - dili bir qarış
Çıxıbdı ağzından - nəfəsi çatmır...
Mənim içimdəki sonuncu yarış -
Sonuncu görüşə - həvəsim çatmır...

Bu çöküş - dəvənin diz qatlaması,
Filin məzarlığa üz tutmasıdı...
Bir aşiq ürəyin bu çatlaması -
Bir qızın sevgini unutmasıdı...