adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Avqust 2020 10:54
65763
MÜSAHİBƏ
A- A+

Tanınmış yazarın yurd nisgili: “Qubadlılılar beş il qəhrəmanlıqla döyüşüb, torpaqlarını qoruyublar, amma...”

Qubadlıdan olan politoloq, tanınmış yazar Kamil Hacı Bədəlli ilə doğma yurdunun işğalının 27-ci il dönümündə həmsöhbət olduq. Sadə bir vətəndaşın, Qarabağ həsrətli, yurd nisgilli bir soydaşımızın söhbəti sizin üçün də maraqlı olacağını düşünüb müsahibəni diqqətinizə çatdırırıq:

-Kamil müəllim, sizcə insan yaşlandıqca yurduna bağlanır. yoxsa elə gözünü dünyaya açandan bu bağlılıq var olur?

- Çox təəssüf edirəm ki, bu gün sizinlə oturub Qubadlı rayonunun işğalını müakirə edirik. Bu mənim üçün çox ağırdı. Bəli, 1993-cü il avqustun 30-31-də Ermənistan ordusunun hücumu nəticəsində işğal edildi. Qubadlı şəhəri və rayonun 94 kəndi Ermənistan silalı qüvvələrinin nəzarətinə keçdi, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşdü. Azərbaycanlı kimi Azərbaycanın bütün bölgələri mənim üçün əzizdir. Hər bucağı, hər köşəsi... Alimlər sübut ediblər ki, anadan yenicə doğulmuş uşaq ilk anda anaya tərəf meyillənir, ananın qucağında sakitləşir, rahatlanır. Vətən də elədir, yurdda elədir. Nə qədər uzaqlarda olursan ol, hər zaman bir hissən yurduna meyilli olacaq, il üstünə il gəldikcə, yaşlandıqca o meyillilik artır, çoxalır, qarşısı alınmaz bir selə dönür. O vaxt anlayırsan ki, artıq o doğma yerlərsiz yaşamaq yaşamaq deyil, nəsə mənasız bir şeydi. Doğulub, boya-başa çatdığım Qubadlı rayonu məndən ötrü daha doğmadı, əzizdir. Amma düşünürəm ki, Qubadlıdan olmasaydım belə, bu yurdu sevəcəkdim. Çünki, Qubadlının gözəl təbiəti, saf sulu çayları, yamyaşıl meşələri var. Səmimi, mehriban, istiqanlı insanları var. Bir faktı deyim: Məlumdur ki, 1941-1945-ci illərdəki müharibə keçmiş SSRİ-nin hər yerində olduğu kimi, Azərbaycanı da böyük sınağa çəkmişdir. Qubadlı bu sınaqdan alnı açıq, üzü ağ çıxdı. Beləki, kişilər müharibəyə getdiyi üçün qadınlar və uşaqlar kənd təsərrüfatı işlərinə cəlb olunub. Bunun nəticəsində lazımı qədər məhsul istehsal olunduğundan əhali heç bir çətinlik çəkməyib. Hətta qonşu rayonlarının əhalisinə də lazımi qədər köməklik göstəriblər. Bundan əlavə, cəbhə üçün lazım olan əşyaların bağlama ilə göndərilməsində qubadlılar öndə olublar. Qubadlılar öz xarakterlərinə görə seçilirlər. Onların xarakterlərini belə səciyyələndirmək olar: Vətənə bağlılıq, torpağını sevmək, yüksək vətəndaşlıq mövqeyi, ictimai mənafeyi həmişə üstün tutmaq, ədalətsizliyə dözməmək, vəziyyətin nə dərəcədə mürəkkəb olmasından asılı olmayaraq cəsarətli olub, öz sözünü deməyi bacarmaq, işə ciddi məsuliyyətli olmaq...

-Mən heç vaxt Qubadlıda olmamışam, təsəvvürüm belə yoxdu. İndi mənə və o yerlərdə olmayanlara Qubadlıdan danışın, tanıdın, sevdirin...

-Qubadlı rayonunun ərazisi o qədər də böyük deyildi, cəmi 802 kvadrat-metr idi. Münbit torpağı, xırda dağ çaylarını nəzərə almasaq, il boyu axarlı, bol suyu olan iki çayı var. Həkəri və Bərgüşad... İnanırsınız, bütün Azərbaycanda Həkəridən tutulan balığın tamını verən başqa bir balıq tapmaq mümkün deyildi.

Bu çayların sahili boyunca çox qiymətli kənd təsərrüfatı bitkiləri, ucu-bucağı görünməyən meyvə bağları salınmışdı. Ermənistan Respublikası ilə120 km həmsərhəddə yerləşən Qubadlım Laçın, Cəbrayıl və Zəngilan rayonu ilə qonşuydu.

Qubadlını başqa rayonlardan fərqləndirən özünəməxsus cəhətləri vardır. Bu rayon dağlıq və dağətəyi rayon olmaqla həmişə respublikada gedən bütün proseslərdə öndə gedib. Rayonumuz 1933-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilib, ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb. Doğma rayonum haqqında "Gözümüzün Qubadlı qarası” adlı kitabım da işıq üzü görüb. Bütün incəlikləri ilə çalışmışam kitabımda əks etdirim yurdumu...

-Yayda gəzməyə-dincəlməyə rayonun hansı tərəfinə üz tuturdunuz?

-Heç yerə üz tutmağa ehtiyac yox idi, hərtərəfi sərin idi, gəzməli-görməli idi. Xüsusən ən hündür yeri Torağac zirvəsidir ki, dəniz səvviyəsindən 2003 metr yüksəklikdə yerləşir. Ora bir başqa aləm idi. İqlimi də mülayim... Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşirdi. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır.



- Təbii gözəlliyi ilə yanaşı deyirdilər ki, Qubadlı həm də, qədim tarixi və memarlıq abidələri ilə zəngindir...

-Sualınızı ətraflı cavablandırmaq üçün istəyirəm kitabımdan bir hissəni sizin üçün oxuyum: Qubadlı qədim insan məskənlərindəndir. Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. "Xırman yeri", Əliquluuşağı kəndində aşkar olunmuş "Qalaça", "Koroğlu qalası", Muradxanlı kəndi ərazisində "Mal təpə" abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir. Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir. ictimai mülküyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilib.

-Orta məktəbdə oxuyanda Qubadlı deyiləndə gözümün qarşısına Qaçaq Nəbi və onun Həcər gəlirdi...

- Yox, təkcə onlarla bitmirdi. Sovet respublikalarında tanınan, yüksək ad san qazanmış akademik Möhbalı Əmiraslanov, general Valeh Bərşadlı, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Süleyman Rəhimov da Qubadlı torpağının yetirmələridir. 2 nəfər akademik, 24 elmlər doktoru, 5 general, 6 nəfər Sosialist Əməyi Qəhrəmanımız vardı.


- Hiss edirəm ki, çox kədərlisiniz... Ürəyinizdə demədiyiniz hansısa bir söz qaldımı?

-Qubadlılar beş il qəhrəmanlıqla döyüşüb, torpaqlarını qoruyublar. Amma 27 ildir bütün qubadlılar kimi mən də öz doğma torpaqlarımızın həsrətini çəkirəm. Nədənsə bu torpaqların azad olması düyünə düşüb. Lakin mən tam əminəm ki, bu yerlər azad olacaq, öz doğma torpaqlarından didərgin düşmüş qubadlılar öz ata-baba yurdlarına qayıdacaq, biz də onlarla bərabər həmin yerlərdə bayram tədbirlərində ürək sözlərimizi deyəcəyik. Allah özü bu xoş arzularımızın çin olmasında bizə yardımçı olsun!

-Söhbətimizin qalanı qalsın, inşallah, qələbədən sonraya! Maraqlı müsahibəyə görə təşəkkür edirik!

Söhbətləşdi: Əntiqə Rəşid