"Turist”
filmində Conni Deppin damdan-dama atlayıb qaçdığı bir səhnə var. Adama elə gəlir
ki, o səhnə insanın can qorxusundan daha çox, Venesiyada damların bir-birinə
olan mehribanlığını anladır… Damları mehriban olan adamlar da yaxşı qonşulardır,
yəqin ki…
… Bir nəfər İsadan soruşur: "Tanrı buyurur ki,
qonşunu özün kimi sev. Bəs mənim qonşum kimdir?” İsa cavab verir: "Bir adam
yolda gedərkən quldurların hücumuna məruz qalır. Quldurlar onu döyür, yarıcan
halda yolda qoyub paltarlarına qədər götürüb gedirlər. Yoldan bir kahin və bir
həmkəndlisi keçir, ikisi də yarıcan halda yatan adamı görüb yollarını dəyişirlər.
Ona yaxınlaşmırlar. Bir səyyah isə qaçaraq yaxınlaşır, çantasından yağ və şərab
çıxarıb huşsuz adamın yaralarını yuyur, sarıyır. Sonra onu yaxındakı evə
aparır. Ev sahibinə pul verib deyir ki, bu adamı sağalt, ona yaxşı bax. Əgər mən
qayıdanadək verdiyimdən artıq pul xərcləsən, sənə yenə pul verəcəyəm. İndi, səncə,
həmin adamın qonşusu kim idi?”
Təbii ki, fikrin özəyini anlayan hamı qonşunun
kim olduğunu bilir. Amma məni Emin Pirinin Venesiyada yaşayan qonşusu daha çox
düşündürdü bu gün… Hərçənd, Emin adını "Venesiyaya məktublar” qoyduğu silsilədə
məktubun ünvanı kimi əsmər-şokolad qızı göstərir, mən yenə də bu məktubların
onun bir qadına olan eşqindən daha çox dünyaya, insanlara olan eşqindən bəhs
etdiyini düşünürəm…
"Üzümü hara tutum dua edəndə? Məkkəyə, Vatikana,
yoxsa Venesiyaya?” misraları birbaşa "Aşıq və Yaxşı” dastanına göndərmə olsa
da, 33 yaşında intiharı düşünmək Nitsşenin "Allah öldü, onu biz öldürdük”
deyiminə üsyandır… Emin sübut etməyə çalışır ki, daxilimizdə Allahı öldürmürük,
əksinə, daim ona doğru can atırıq, həyat-ölüm seçimində də onun tərəzisinin
hansı gözünün ağır olduğunu hesablamağa çalışırıq…
Emin Piri Venesiyadakı qonşusuna yazdığı bütün məktublarında
İsanın insan sevgisindən bəhs edir: Suriyada gəlinciyi güllənən qızcığaz da,
Prometey də, İsanı edama aparan Roma əsgərləri də Eminin qonşusudur…
Mən Zevsin Qafqaz adlı cəhənnəmində
Prometey kimi
Ciyərlərimi didir qartal
Sənə verdiyim "oda” görə…
Bütün dünya xalqlarının mifologiyasında Qaf
dağının (Qafqazların) anladılması fərqlidir… Mif və əsatirlərdə Qaf dağının
"zülmət diyarı”, "Anka quşunun yuvası”, "Tanrıların diyarı” kimi qarşımıza
çıxması heç də təsadüf deyil… Amma Eminin Qafqazı "Zevsin cəhənnəmi” kimi təqdim
etməsi yadıma şərab tanrısı Dionisi saldı. Özünü həmişə ikinci adıyla "Bakius” kimi təqdim
edən Dionisin sonradan sıralarına daxil olduğu tanrıların "cəhənnəmi”nin odun
qaynağı olması da zamanla aşınmış inancdır. İnsanların odla "küsüb-barışmaları”
fonunda Qaf dağı təfəkkürlərdə müxtəlif cür obrazlaşdırıla bilərdi…
***
Xəritədə İtaliya hələ də yuyur
Çəkməsinə bulaşmış palçığı
Aralıqda batan şərqlilərin göz yaşıyla…
Belə yazır üçüncü məktubunda Emin Piri… Xəritəyə
baxdım, düşündüm, görəsən, "şərqlilərin göz yaşıyla” yuyulmasından
qorxduğundanmı Emin bütün məktublarını çəkmənin palçığa batmayan yerinə –
Venesiyaya göndərir? Sonra da öz-özümə: "Yox… O, bu məktubuyla şərqli
qonşusunun faciəsini qərbli qonşusuyla bölüşür…” – dedim… Bütün Şərqin dərd
yükünü sətirlərinə toplayıb xəyali qanadlarıyla Venesiya səmalarında uçan bir məktub
hansı göz yaşından qorxar ki?!
***
İnsanların qonşusunu tanımadığı göydələnlərin
sakiniyik… Amma dualarımızda hələ də "Tanrım, bütün insanları qoru, axı, bütün
insanlar qardaşdır” – deyə biliriksə, deməli, hələ insanlıq ölməyib… Ölməmişik…
Təkliyimizin, kimsəsizliyimizin qürurunu ruhumuza geyindiyimiz vaxtlar da ömürdən
sayılır… Emin Piri ömrün bu anlarını gecəyə bənzədir, Tanrının ən etibarlı
sirdaş olduğunu anladır.
"Şeytana atılan daşlardan uşaqlara xoşbəxtlik
sarayı tikmək” Eminin qonşusuna pıçıldadığı ən səmimi arzudur. Oxucu kimi
arzulayıram ki, kaş, Eminin venesiyalı qonşusu onun bu pıçıltısını eşitsin…
***
Eminin məktublarında müharibə də bir başqa
obrazdadı. Elə bil, "buzovlar ölkəsi”nə – mafiya savaşlarının mərkəzinə
"Hamıdan çox uşaqları sevər müharibələr… Kiminin alnından, Kiminin gözündən öpər”
yazıb göndərməklə həqiqəti bütün əsrlərin ən "bahalı” rəsm əsərinin – insan
duyğularının fon rəngində gizli mesaj kimi ötürür…
"Atasının məzarını qıdıqlayaraq onu güldürməyə
çalışan” balaca qızcığazla Venesiyadakı əsmər-şokolad qız, nəinki qonşu, lap elə
əmiqızıdırlar; atalarının miras davası Habillə Qabildən bu yana hələ bitməyib…
Bu davanın sülhlə bitəcəyi gün insan oğlu SÖZ olaraq yenidən doğulacaq və bütün
cümlələr, bütün şeirlər yenidən yazılacaq… Həmin vaxt suların yaddaşından bir
misra qopacaq, buludlara qovuşacaq, hər yağış damlasıyla torpağa hopacaq:
"Hamımız Tanrının övladıyıq, qardaşım İsa!” İsanın son cavabı isə bu olacaq:
"Tanrı buyurmuşdur: Qonşunu özün kimi sev!”