adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
28 Avqust 2020 12:05
60868
ƏDƏBİYYAT
A- A+

Məni yarsan, görərsən ki...

İnsanlar sosial, iqtisadi, siyasi problemlərin çoxluğundan, ağırlığından mütailə etmir, oxumur, öyrənmir, poeziyayla, lirikayla, lirik müsiqilərlə təmasa girmir, ruhunu qidalandırmır. İnsanları qınamıram, onlardan biri də mənəm. Çıxır qarşımıza şeirlər...birimizin oxumağa həvəsi gəlmir, birimizin içini tərpətmir , birimizin ruhunu qidalandırmır... 

Amma həmişə belə olmur... Yüzlərlə, minlərlə misraların arasından sənə bir misra boylanır... Boylanır yox, haraylayır, çağırır! Deyir, gəl. sən burdasan, bu şeirin içindəsən, bu şeirin misrasındadı sənin arzuların, istəklərin, hayqırtın, üsyanın... Yana-yana, yaxıla-yaxıla oxuyursan, yox, oxuyursan da düz deyil, içirsən, özünü qərq edirsən o misraların arasında...

Bu gün təsadüfən şair Eminquey Akifin şeiri "gözümə dəydi” desəm, yalan olar... "Məni yarsan, görərsən ki...” harayladı məni, çağırdı məni, qərq elədi məni...

Üsyanlaşdım, lirikləşdim, poetikləşdim... Bir sözlə dəyişdim elə bil... "gündəlik tələbat”ın əlindən qopub, başqa bir aləmə düşdüm... Ruhum qidalandı...

Əziz oxucularım, sizə də məsləhət görürəm, oxuyun... 1 saat, 1 gün. 1 ay... nə qədər gücünüz çatır, dəyişin, ruhunuz qidalansın ...

məni yarsan, görərsən ki, içimdə milyon ölü var - hamısı mənəm.
birində sinəm göyərib,
birində qolum keyiyib,
birində çənəm.

məni yarsan, görərsən ki,
içimdə milyon ilim var - əlimdən çıxan.
birində xoşbəxt olmadım,
birində azad olmadım,
birində yoxam...

məni yarsan, görərsən ki, içimdə milyon dilim var - anlaşılmayan...
birində sözü kəsilən.
birində deyə bilməyən,
birində susan...

məni yarsan, görərsən ki, içimdə milyon əlim var - hamısı bağlı,
birinə doğmam zəncir vurub,
birinə dostum qıfıl vurub,
birinə ağlım...

məni yarsan, görərsən ki, içimdə milyon ölüm var,
sağam hələ ki...
biri ürəyimi yeyir,
biri ümidlərimi,
biri Günəşi...