Əbülfət MƏDƏTOĞLU: İncimə...
Bura şəhər, sən də sakit və həlim
Səsim, küyüm səni yorsa incimə...
Kənd havalı bir damarım, bir əlim -
Bir nimçəni salıb qırsa ... incimə...
İstəmirəm göy titrəyə, yer əsə
Sübh oyanıb toxunanda nəyəsə...
Qaşlarının bir tərəfi əyilsə -
Lap başına cin də vursa, incimə...
Ağarıbdı telim kimi ağlım da
Maraqsızdı həyat adlı nağlım da!
Mənlə keçən bu illərin axrında -
Qazandığın kül , ya qorsa... incimə!..
Fərəhlənmək... kədərlənmək ... nisbidi
Baxışlar buz, göz yaşısa istidi.
Bəndənizdi, Əbülfət də ismidi -
Sevdin məni? - deyib, sorsa incimə...