adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Avqust 2020 11:46
152347
ƏDƏBİYYAT
A- A+

Danışır şeir! - Pərvanə Bayramqızı yazır

Quş dili bilən deyiləm. Heç bayquşun ulamasından da baş açmıram. Deyirlər xarabalığı sevir. “İtin-qurdun” da dilini bilmirəm. (yaxşı başlanğıc olmadı, üzrlü sayın. Amma oxumaqdan imtina etməyin. Ağlamalıdır, çünki axırda evlənmirlər.) Bu dünyada təkcə şeiri, yəni şairin dilini bilirəm. Şeirə vurğunam. Şeiri misrasından, nəgməni notundan tanıyıram. Şeirlə, mahnıyla nəfəs alıram. Bu sevgi mənə yazı da yazdırıb. İki il qabaq “Var olsun şeirimiz şairlərimiz” adlı uzun-uzadı bir mətnim saytlarda, ədəbi dərgilərdə göz-göz gəzdi. Yazılan rəylərdən bəlli oldu ki, şeir hələ də sevilir. Oxucular o yazını “Şeirsevərlərin himni” adlandırdılar. O yazıda sevdiyim maarifləndirici, tərbiəyəyə müsbət təsir edən şeirlər yer almışdır. Bu dəfə isə mövzunu dəyişdim.

Orda şeiri bu cür təhlil etmişdim:

“Ürəyin dolanda dərindən çəkdiyin ah kimidir şeir, içindəki təlatümləri parçalayıb havaya buraxır. Susayanda birnəfəsə başına çəkdiyin su kimi yanan ürəyinə sərinlik gətirir. Bəzən ağlayanda gözünü silən, təsəlli verən mehriban dosta da çevrilə bilir. Elə şeirlər oxuyursan, elə bilirsən ki, düşündüklərini haçansa şairə söyləmisən, o da bunları öz adından yazıb. Misralar ayna kimi səni özünə göstərir. Bəndlər səni çaş-baş salır, “Şair məni hardan tanıyır?” – deyə düşünürsən. O şeirləri oxuyan günədək elə bilirsən ki, daxilindəki hisslər təkcə sənə məxsusdur, heç kəs sənin kimi yanmayıb, sevməyib və peşman olmayıb. Oxuyandan sonra nə qədər eyni cür düşünən adamların olduğundan ya təəccüblənir, ya da təsəlli tapırsan. Görürsən ki, hər kəs yanıla bilir. Sonra unudursan öz dərdlərini, başqalarının dərdinə yanırsan”.

Şeir haqqında fikrim dəyişməyib, yenə də ürəyim dolanda şeirin üstünə qaçıram. Yenə də gözümə yığılan yaşları şeir silir. Yenə də “sakit ol, keçib gedəcək” təsəllisini o verir.

Mənə pis şeiri “yaxşıdır filankəs yazıb” deyib zorla oxuda bilməzlər. Nə də yaxşı şeiri “filankəs yazıb düşükdür adını çəkmə” deyə qadağan edə bilməzlər. Şeir ki “məni oxudu” ruhumun olur. Onu saxlayacam, paylaşacam ki, hamı oxusun. Üstəlik deyəcəm ki, filankəs məndən yaxşı yazır. Məhz buna görə şeirlərimi gizlədirəm.

Coğrafi mənbələrdə Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşdiyi yazılan Gədəbəy rayonunda olanda Nüsrət Kəsəmənliyə bərk acıqlı idim. Nədi-nədi yazıb ki “Sən demə hər zaman sevmək olarmış”. Bəlkə də, Nüsrət Kəsəmənlini bu şeirinə görə məni qədər qınayan olmayıb. Cırnayırdım, az qala şairi "xalq düşməni" elan edəcəkdim. Elə şey olar? Bax Seyran Səxavət gül kimi yazıb ki, “insanlar bir dəfə doğulduğundan elə bircə dəfə sevə bilərmiş”. Belə olmalıdır. “Malıdır!” “-malı; məli” şəkilçilərinin təsiri ilə yaşayan vaxtlarım idi. Ağıl bir məndə bir də... bir də ölkənin ən ağıllı adamında. Yaxşı ki, onda bilmirdim bir gün Rövşanənin verilişində S.Səxavət özü bu yanaşmanın yanlış olduğunu söyləyəcək. Bilsəydim onu da “qara siyahıya” salacaqdım. Yaxşı ki, gec bildim. Elə vaxt bildim ki...

Cabir Novruzun “Sən elə bir vaxtda rast gəldin mənə” şeirini mahnı kimi oxuyanda vacib hissəsini çıxarıblar deyə o vaxtlar yaxşı duymamışdım. Amma “Gecikmiş məhəbbət yaşayacağam” misrasına etiraz etməyimdən də qalmamışdım. Əstəgfürüllah bu şairlər nə deyirlər?

Otuz səkkiz yaşıma çatanda anladım ki, sən demə mən indiyədək nə şair dili bilmişəm, nə də həyatı düz-əməlli dərk etmişəm. “Cədvəllə”, qaydalarla, məktəbli kimi ömür sürürmüşəm. Bilmədiyim çox şeyin olduğunu bilməmişəm. Özümə qarşı həddindən çox tələbkar, senzor, diktator olmuşam. Sözün həqiqi və məcazi mənasında qurutmuşam özümü. Hisslərimi həmişə sıxıb üstünlüyü ağıla vermişəm. Bircə dənə nöqsana da yol verməmişəm ki, özümdən utanmayım. “Öz yanımda gözükölgəli olaramsa günahımdan keçmərəm” fikri beynimdə daşlaşmışdı. Kitab yazanlara inanmışam. Elə bilmişəm ki, hər kəs necədirsə o cür də yazır. Qayda necə qoyulubsa onunla da hərəkət etmək lazımdır. Axırda ağıllı-ağıllı yaşamaqdan ağlımı bezdirdim. Nə qədər onun üstünə qaçmaq olar? Bu yazıq ağıl əvvəl-axır deyəcəkdi ki, bəsdir məni bu boyda israfçılıqla işlətdin, bir az da hisslərinlə dolan. Sən demə, hər mövzuya ağılla yanaşmaq olmurmuş. Məni yoran bu imiş. Ürək yazığı necə üzdüyümü 40-a doğru yolun yarısında anlamışam. Onu bir balaca kənara itələyib baxanda gördüm ki, başqalarına can yandıra-yandıra öz canımın külünü göyə sovurmuşam. O kül indi qayıdıb başıma tökülür. Bəlkə də, bundan belə də özümü danlayıb “kül başıma” deyəcəyəm, bilirəm. Başıma külmü, gülmü töküləcəyindən hələki xəbərsizəm. Gözümü zamana dikmişəm, cavabı ondan gözləyirəm.

Şeirə sığınıram. Hər şairdən bir misra, bir bənd qəlbimə rahatlıq verir. Seçdiyim şeirlərin misralarında gah ilişib qalıram, gah dolaşıb aşır, gah da nə bilim neyləyirəm... Həəə... gah da nə bilim neyləyirəm...

Mövzum bu dəfə sevgi şeirləridir. Özü də gecikmiş sevgi. Bu mövzuya həsr olunmuş bir-birindən gözəl şeirləri oxuduqca səssiz ötüb keçə bilmədim. Bu gözəlliyə necə münasibət bildirməyəsən.

Fikrət Qoca poeziyasında sevgi ən gözəl dərd kimi tərənnüm edilir.

Məhəbbətdə taleyin öz nuru var,

Gözəl arzu, saf niyyətdi məhəbbət.

Var-dövləti neyləyirsən, bəxtəvər,

Tükənməyən var-dövlətdi məhəbbət.

 

Vurulursan adın cıxiı yadından,

Həzz alırsan alovundan, odundan.

Doymaq olmur agrısının dadından,

Şirin-acı həqiqətdi məhəbbət.

 

Sevirsənsə bilinəcək gizləmə,

Heç kəsdən də kömək, vəfa gözləmə.

Sən alçalma, kölgə olub izləmə

Öz-özünə sədaqətdi məhəbbət.

 

Yanırsan yan, tüstülənmə, alışma,

Öz sevgini kimə gəldi danışma.

Bu bəladan sağalmağa calışma,

Haqdan gələn gözəl dərddi məhəbbət.

Sevgidən kimlər yazmayıb? Müslüm Gursəs demiş (oxumuş) “Hansımız sevmədik, hansımız yanmadıq?” B.Vahabzadənin də təcrübəsindən yararlanaq:

 

Sevdinsə…Beş il, on beş il nədir,

Bütün ömrün boyu gözləyəcəksən.

Nə boyda zülm etsə sevgili sənə,

Sevdinsə…"hər zülmə döz",- deyəcəksən.

Sevdinsə…Kölgəyə dönüb hər zaman

Sən onu hər yerdə izləyəcəksən.

Sevdinsə…qəm içib, dərd udacaqsan,

Onu unutmağı unutacaqsan.

Zərərin xeyirdir, xeyirin zərər,

Sevdinsə…Günahın içində həqsan.

Onu unutmağa çalışsan, əgər.

Sən özün özünü unudacaqsan.

Sevdinsə…qanqalı gül biləcəksən.

Hər əsən yarpağa kövrələcəksən.

Sevdinsə…nə dünən, nə də bu günsən,

Sevdinsə…həmişə sən gələcəksən.

Sevdinsə…bir ömrün ilk sabahısan,

Dünyanın ən böyük xeyirxahısan.

Təsəvvür edin sakit günlər keçirirsən. İş-gücünlə məşgul olursan. Arada ona-buna öyüd nəsihət də verirsən. Hamı səni nümunəvi biri kimi göstərir və “təzim” edirlər. Təmizlik, saflıq təcəssümü olursan. Sən də özünü insanlara borclu sanırsan, fədakar ömür sürürsən. Elə bilirsən “sən” adlı kimsə yoxdur, sən ancaq “biz”dən ibarətsən. Beləcə yaşadığın günlərin birində qəfildən N.Kəsəmənlinin şeirindən gələn “şappıltıya” diksinirsən:

Dəli tək daş atdıq bu sakit gölə,

O daşı geriyə qaytarmaq olmur.

Sən də daş atırsan... dəlitək. Atdığın o daş hara düşəcək, niyə atırsan özün də bilmirsən. Atılan daş geri qayıtmaz, yalnız topuğa dəymək kimi şansı var. Hədəfə dəyməz. Necə dəysin? Yanlış tuşlamısan axı... Bir daş da var ey, “nərdtaxta”da olur. Onu da zərlərlə idarə edirsən. O zər qoşa düşməsə oyun daşını yerindən tərpətmək, istədiyin yerə qoymaq mümkün olmur. Gölə atdığın daş da ona bənzəyir.

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Eh, Məmməd Araz! Sən zərsən! Zər! Həm söz dünyasında, həm də taleyin oyununda... Yazdıqların oxucularına yansıdı, onların taleyinə də yazıldı.

Bu fikri riyazı formada bir sevimli şairimizdən də eşitmişəm. “Paralel xətlər kəsişmir”.

Bəs indi neyləyəsən? Heç nə. Yenə şeirə sığınaq. Yaxın, əziz bir insanın köksü kimi...

Yaradıcılığı sevənlərin sitat mənbəyi olan N.Kəsəmənlisiz iş getmir.

Aça da bilmirik sirri heç kimə,

Elə, gizli-gizli alışırıq biz.

Bəlkə də, bir doğru sevgi eşqinə,

Min yalan uydurub danışırıq biz...

Ondan sonra – “dəlitək sakit gölə daş atandan bəri” günlərin sərsəkə, narahatlıq içində keçir. Özün üzülsən də, çırpınırsan da ona təsəlli vermək istəyirsən. Əslində təsəlli deyil, düşündüyün, can atdığındır:

Bu sevgidən sən qorxursan eybi yox,

Mən sevərəm ikimizin yerinə.

Bu eşq üçün bir gün dara çəksələr,

Mən gedərəm ikimizin yerinə.

 

Min əzabdır sənsiz keçən hər günüm,

Unutmuşam yaxşı, yaman fərqini.

Bu sevginin dağ əridən dərdini,

Mən çəkərəm ikimizin yerinə.

 

Taleyimdə sən açılan gülümsən,

Süzüb qara gözlərini gülümsə.

Bu sevginin sonu əgər ölümsə

Mən ölərəm ikimizin yerinə.

Maşallah sözə könül verənlərimiz çoxdur. Hərəsindən bir şeir oxuyanda narahat ruhun dinclik tapır. Bir şeir insan da var – Şamil Ənvəroğlu. O da sanki özündən yox, başqalarından yazır. Elə yazır ki, bizə təzədən nəsə deməyə söz qalmır. Elə o şeiri “copy-paste ”edib mətnə yerləşdirirsən vəssalam işin düzəlir. Fikrini izah etdiyindən əmin olub dərindən nəfəs alırsan.

Varsa bu dünyada bir anlayanın,

Demək, danışmağa səbəbimiz var.

Varsa bu dünyanın içində sevgi,

Demək, yaşamağa bəhanəmiz var.

 

Varsa arzuları özündən böyük,

Ürəyi dünyadan böyük birisi,

Varsa bir ürəyin sənə boş yeri,

Demək, sevməyə də adamımız var.

 

Varsa əllərində isinən bir əl,

Səni hər bir kəsi sayan birisi,

Varsa yaşamına bir səbəb olan,

Demək, yaşanmalı bir günümüz var.

 

Varsa sabahlara olan ümidin,

Bir doğan Günəşin, bir aydın səman,

Varsa əllərindən tutan sevincin,

Hələ yaşamağa zamanımız var.

İnsanı sevgi qədər yaşamağa səsləyən hansı hiss var? Nə fərqi var kimə, nəyə qarşı duyursan o sevgini. Əsas sevməkdir.

Bir də məclisin sonunda gələn adamlar kimi ömrə gecikən sevgi də var. Necə ki, o gecikən adam gələndə hamının diqqəti ona yönəlir, eləcə də vaxtsız sevgi insanların marağına səbəb olur.

“İllər boyu səni gəzdim, ay gecikən məhəbbətim!

Sən yubandın...”

Burdan o yanasını yazmaq artıqdır.

Poeziyada onun yeri xüsusidir – şairlərin iztirabından doğan şeirin yaralı misrası, ağrıyan bəndi... Ondan nələr yazmaq olar... Yenə Fikrət Qoca poeziyasından nümunə göstərək:

Sən mənim ən əziz sirrim, istəyim,

Sən mənim ən acı həqiqətimsən.

İtmiş gəncliyimdən soraq gətirən

Sən mənim sonuncu məhəbbətimsən.

 

Yaş o yaş deyil ki, yolunu kəsim,

Yaş o yaş deyil ki, açım qəlbimi.

Təzədən başlayım, danışım, küsüm

On yeddi yaşında cavanlar kimi.

 

Yaş o yaş deyil ki, səni izləyim,

Özümü odlara toxuyum yenə.

Durub saatlarla vədə gözləyim,

Görənlər, bilənlər nə deyər mənə.

 

Səni hər görəndə çaşıram düzü,

Hamı mənə baxıb gülür elə bil.

Dilimi dişləyib demirəm sözü -

Yaş o yaş deyil ki… heyif ki, deyil.

Kəmalə Abiyeva da deyir ki: “Vaxtsız gələn sevginin sevinci qəmli olar...”

Haqlıdır. Çünki ətrafındakılar bu sevincin nəşəli olmağına dözməzlər. Səni məcbur edərlər ki, sevgindən utanasan. Qəbahət, suç işlətdiyini etiraf etməli olasan. Təbii ki, səndə də hər kəsin gözünün içinə baxıb “Əcəb edib sevirəm” deməyə cürət olmur. Özün də bilirsən hər şeyi. “Bu yerdə aldı görək Kəmalə Abiyeva daha nə dedi?”

....Mən bilməzdim sevmək belə əzabmış

Bu sevgiyə baxtsız deyən tapıldı.

Mən bilməzdim sevmək belə günahmış

Bu sevgiyə vaxtsız deyən tapıldı.

Gənclikdə seməyə nə var... qovuşsan peşman olursan, ayrılsan əbədi itirdiyin xoşbəxtliyin sanırsan. Vay o günə ki, sevgi dalınca gəlib elə yerdə çata özünü müdafiə edə bilməyəsən. Yapışa yaxandan. Sənə pənahlanan körpə, kimsəsiz uşaq kimi onu orda qoyub gedə bilməyəsən, sahib çıxasan. Sən bu gözəl savabı qazanarkən səni uşaq oğurluğunda qınayalar. Allah sən saxla!

Bizimkilərin kitablarda yazılanlara, seriallarda çəkilənlərə can yandırıb ağlamağına baxmayın. Vay o gündən ki, həyatda bir Anna Karenina görələr. Diri-diri basdırarlar onu. Amma kitabı bağırlarına basıb yazıçıya dahi deyirlər. Cabir Novruzun şeirini də sevib oxumaqlarına baxmayın. Həyatda bircə nəfərin bu etirafını eşitsələr onu necə adlandıracaqları da bəllidir. Onu deyim ki, hər adamda da Cabir Novruzda olan cəsarət tapılmaz ki, qələmi götürüb yazsın:

Sən gizli gəlmisən ömrümə, inan,

Bu gizli eşq ilə yaşayacağam.

Dünyanın ən ağır yükü sayılan,

Gecikmiş məhəbbət yaşayacağam.

 

Sən mənim ömrümdə açan çiçəksən,

Onu ürəyimdə bəsləyəcəyəm.

Sən məni heç zaman görməyəcəksən,

Mən səni hər zaman gözləyəcəyəm.

 

Hər günü adınla başlayacağam,

Hər günü adınla bitirəcəyəm.

Səni röyalarda oxşayacağam,

Səni xəyallarda itirəcəyəm.

 

Sən məni heç zaman duymayacaqsan,

Mən bütün ömrünü izləyəcəyəm.

Sən mənə məhəl də qoymayacaqsan,

Mən səni həmişə səsləyəcəyəm.

 

Hər gün mənim üçün doğulacaqsan,

Hər gün mənim üçün yox olacaqsan.

Mənim sevincim də sən olacaqsan,

Mənim kədərim də sən olacaqsan.

 

Mən sənin adına hər saat, hər an

Qəlbimdə məktublar yollayacağam.

Sən heç vaxt fikrimdən çıxmayacaqsan,

Mən heç vaxt yadında qalmayacağam.

 

Beləcə həsrətlə qocalacağam,

Belə enəcəyəm, ucalacağam.

Keçib hər alovdan, keçib hər oddan.

Böyük əzabından şad olacağam.

Sən mənə həyatda ən doğma adam,

Mən sənə yaddan da yad olacağam.

 

Sən ömür edəcən ayrı adamla,

Mən kiməm, nəçiyəm bilməyəcəksən.

Bir gün bu dünyadan sənin adınla

Köçüb gedəcəyəm bilməyəcəksən.

 

Hələ ondan da cəsarətli Ayaz Arabaçını dinləyək:

 

Dünyada bir elə adamı qoyub,

Ruhu da, qəlbi də məndə acan, qız..

Əridin zamanın-vaxtın içində,

Mənim taleyimə, gəldin,

haçan,qız..

 

Qat mənim ömrümə,

bir ömür də, qat,

Mən indi bilirəm nə imiş həyat,

Unutdum nə varsa saatbasaat,

Sənsiz yaşadığım yalanacan qız..

İşlət o xəncəri,

oturt dərinə,

Dəm çatmaz taleyin bu dəmlərinə,

Endikcə mübarək qədəmlərinə,

Tanrıya qovuşur könlü ucan,qız..

 

Qarşıma nə keçir vurub-yıxıram,

Dərdin əhvalına limon sıxıram..

Könlüm istəyəndə girib-çıxıram,

Açılıb üzümə qapın-bacan,qız..

 

Adımda xəyanət töhməti yoxdur,

Həsrətin yanımda hörməti yoxdur,

Üçgünlük-beşgünlük söhbəti yoxdur,

Həmişə qurbandı sənə bu can,qız...

Yaxşı ki, hər şeyə səthi yanaşan insanların arasında dərin düşüncəliləri də az deyil. Təsəlli üçün Şəhriyar Del Geraninin bu yazısına pənahlanaq:

“Elə adamlar var, ömürlərində bircə dəfə də olsun aşiq olmayıblar, bircə dəfə də olsa, sevməyiblər. Bir az mübahisəli mövzudur, ona görə çox da dərinə getmirəm. Belə deyək, nəsibləri olmayıb, qismətlərinə düşməyib bu İlahi paydan. Nə etməli? Bu səbəbdən, onların duyğuları həmişə bəsit olub, həmişə cılız qalıb. Qınamalı da deyil. Duyğuları, hissləri, ruhani təfəkkürü inkişaf etdirən yeganə məktəb Aşiqlikdir. Bu nəsnələrdən xəbərsiz adamlara Eşqdən danışsan, güləcəklər, irişəcəklər. Nədən ki, söhbəti bilmirlər. İnsan bilmədiyinin düşmənidir. Sözüm ona, bu qəbil insanlar şeirə, musiqiyə, fəlsəfəyə biganə olarlar. Həyatında poeziya, melodiya, fəlfəsə iştirak etməyən bu adamlar xırda-xuruş hisslərlə, çak-çuk duyğularla yaşayarlar. Dəhşətli uçurumdu. Adamlar arasındakı bu uçurumlar bizim bütün həyatımızı təyin edir. Çalışın, özünüzə bab adamlarla dostluq edin, ailə qurun. Ki, maraqsızlıqdan, bozluqdan bağrınız çatlamasın, çərləməyəsiz. Ömür – özümüzə bənzəyən adamlarla gözəldir...”

Hələ görün, Aydın Canıyev necə dəyərləndirir bu hissi:

“Ən gözəl "sevirəm" sözü hələ deyilməyənidir – sevirsən (qadın kşini, ya da kişi qadını), İlahinin belə razı qaldığı bir təmənnasızlıqla, gözəlliklə. heyrətamizliklə! Fəqət... heç vaxt sevgini "sevirəm" sözünə çevirmirsən – "sevirəm" deyənlərin hamısının toplam yaşadığı xoşbəxtliyini hamının misli qədər də artığıyla yaşayırsan, amma və lakin o sevgi sözə çevrilmir heç bir halda! Təkcə... son nəfəsdə əlin əlində deyirsən: "səni sevirəm!"

Həyatda eşitdiyin son söz bu olur "O"ndan! Son nəfəsəcən sevildiyinə əmin olursan və bilirsən ki... o... indi hardadır!

Cəmi bircə dəfə deyilən "səni sevirəm" bir ömrün sevgi simfoniyası olur!”

 

Sevgi o dərəcədə ehtiyac duyulan hissdir ki, “Vaxtsız gələn sevginin

sevinci qəmli olar” deyən Kəmalə Abiyeva sonra fikrini dəyişir:

Kim deyir ki, bu məhəbbət gecikib,

Kim deyir ki, səni sevmək günahdı?

Kim deyir ki, ayrılığın sonu yox,

Kim deyir ki, bu intizar nahaqdı?

 

Məhəbbətə bu “gecikmiş” adını

Kim qoyubdu, kim veribdi görəsən?

İllər boyu gözləyənlər çox olub

Gəlişini kim görübdür, görəsən?

 

Kim deyir ki, məhəbbət var gecikmiş?

Vaxt nə gərək sevilməyə, sevməyə.

Sevgiyə də vaxt sərhəddi qoyaraq

Vay o gündən vaxt tapmayaq sevməyə.

 

Axı sevgi ömrümüzün baharı

Nə vaxt gəlsə ömrümüzə bəzəkdir.

Ürək ki var məhəbbətə möhtacdı,

Hər vaxt, hər an ona sevgi gərəkdir.

Fəqət nakam və gecikən sevgilər olmasa gözəl poeziya nümunələri də yaranmazmış kimi hər gözəl eşqin “sonunda ayrılıq” yaşanılır. Əsl sevgilər mütləq qəmli hekayəyə çevrilir. Tale onun böyüklüyünə, saflığına baxmır. Yaxından da, uzaqdan da sevsən sonu şeirə dönən həsrət və göz yaşlarıdır. Ayaz Arabaçıya necə haqq qazandırmayasan?

Çox elə əzizləmə, ürəyində bu eşqi,

Bir gün çıxıb gedəcək canında ayrılıq var.

Gözlərini bağlayan ən gözəl sərxoşluğun,

Ən gözəl çırpıntının qanında ayrılıq var.

 

Salxım gülüşlərini unuda bilər ləbin..

Acısını dadmağa hazırsanmı bu həbin,

Bir çevrədə zamanı qovan üç boz əqrəbin,

Heç ağlına gəlməyən anında ayrılıq var.

 

Ürəyin son arzudan şar kimi köpüb keçər,

Gələcək xəyalların uzaqdan ötüb keçər..

Təyyarələr,qatarlar gözündən öpüb keçər,

Bir də baxıb görərsən yanında ayrılıq var..

 

Bəzənər ümidlərin yeknəsək bir çalarla,

Heç nə geri qayıtmaz təlaşlı ay da..larla,

Nə zaman hesablasan riyazi qaydalarla,

Yaşanan hər bir eşqin,onunda ayrılıq var.

 

Bilmirik üzümüzdə heç nə yazılı deyil..

Xəyal gerçəklərinə möhür basılı deyil..

Görünür bu nədisə bizdən asılı deyil,

Neyləsək də yolların sonunda ayrılıq var..

 

Ayaz Arabaçı şairdir, şair. Vaqif Bayatılı Odər kimi.

“Səni niyə belə sevdim?

Belə istədim niyə?” – deyərək o da özümüz susub misraları danışdırmağımız üçün bizə “komfort şərait” yaradıb.

Gecikən sevgiləri biz ancaq suç bilərik. Xüsusilə də bu “qəbahətə” yol verən qadındırsa onu nələr gözləyir Allah bilir. O qadınlar üçün hələki can yandırıb şeir yazan yoxdur. Yox, deyəsən, Emin Piri başlayıb bu mövzunu.

Unudar bütün bəstələri

dünyanın ən dahi dirijoru -

körpə barmaqları.

Snayper kimi atar sözlərini

ac pişik kişilər

sürüdən ayrı düşmüş ceyrandı indi,

axşam yeməyidir gözlərində.

Səhərədək yanar otağının işığı

Dolandırmaqçün tifili

Ya toxuyar nəsə,

ya da kompüterdə bir yazı.

Qonşu arvadlar yeni “evrika” izində:

Görəsən, niyə yanır işığı?

Hansımızın gecəsini oğurlayıb?!

Beləcə,

pıçıltı düşər aralarına,

hamı ərini qoruyar

ondan.

ətrin axtarar onun

hərə öz ərinin pencəyində.

bəlkə...

İtin də tamah salmadığı Kazım kişi

yaman dəbə düşüb arvadının gözündə.

Söyər gah bəxtini,

gah da ki nəyi...

Qadınlar

kişi qabırğasından yaranıbmış...

Taleyimə, hansı kişinin çürük qabırğası düşüb?

Arının şirəsi çıxmış çiçəkdən

qopması kimi

qopar dodaqlarından

ümidi itmiş kəlmələr.

Xəzana çevrilən

keçmiş öpüşlər

gözlərinin yağmuru altında

çürüyər yanaqlarında.

daha tez qocalar

nişan barmağı

o birlərindən.

Daha tez qırış salar.

Gizlədər o barmağı həmişə

unutdurar onu

Vaxt gələr, özü də unudar...

Bu ağ atlı şahzadələr də

bataqlıqdan,

qara atını

ağa boyayıb çıxar qarşısına.

Arzuları bir tərəfli kapitulyasiya.

Fikirdən ayıldır

Körpəsinin kövrək səsi:

Ana, bu bazar ata məni görməyə gələcək?

Sıxılarlar bir-birinə

Qadın

Körpəsi

A...yı oyuncağı...

 

Şamil Envəroğlu da o ağrıları hiss edir:

Sirli ağrılar yatır,

o güləyən qadında.

Sən də elə bilirsən,

ağrı nədir bilmir o?

İnan ki,üzü gülür,

unudub sevinməyi,

heç ürəkdən gülmür o...

Əsl sevgini duyan saf, pak qadının isə bircə qorxusu olur: “görəsən mən onun üçün “susuzluğun od vurub köz kimi yandırdığı dodağın sevdiyi suyam, yoxsa kababın üstündən içdiyi?” Bütün varlığıyla sevən qadın “işıqdan yaranmış yaraşıq kimi qəbul edilmək istəməz. O “iynənin ucu boyda arzulanan işıq” olmaq arzusu ilə yaşayar. Hə, ifadələr tanış gəldi sizə. Düz bilmisiniz. Əli Kərimin “İki sevgi” şeirindəndir.

Şeiri bundan əvvəlki yazıda yazmışdım. Zaman göstərdi ki, tələsibmişəm. Əsl məqamı indi çatıb.

Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mən səni sevirəm

Susuzluğun od vurub köz kimi yandırdığı

dodaq su sevən kimi.

O isə səni sevir

rahatca bardaş qurub,

- Kabab üstdən sərin su pis olmaz - deyən kimi

Gözəl qız, sən işıqsan,

Yurduma yaraşıqsan.

Mənsə səni sevirəm

iynənin ucu boyda

İşığa həsrət qalan göz işıq sevən kimi

O isə səni sevir

Bir şən mağarda, toyda,

İşıqlardan yaranmış yaraşıq sevən kimi.

Bu gözəl şeirlər adama necə təsir edirsə az qalırsan sən də şeir yazasan. Məsələn, belə bir şeylər düzüb-qoşasan:

Uzaq yoldan gəlirsən, yorğunsan. Mənsə yola hələ təzə başlayıram. Yox, ağlına illərin fərq çoxluğunu gətirmə. Yaşananları nəzərdə tuturam.

Lap "Nərdivan" şeirinə bənzədi:

“Görüşdük pillələrdə biz”.

Səni arzularına qaldırırdı nərdivan

məni xatirələrə endirirdi bu zaman.

Bizdə əksinədir. Amma sən məndən pozitiv düşünürsən. Mənim ruh qocalığım çoxdan başlayıb. Elə gənclikdən. Sənsə yaşlandıqca gəncləşirsən. Çox gözəl. Bərabərləşərik, fərqimiz qalmaz.

Bir həqiqəti dərk edirəm – Səni itirməyə hazır deyiləm. Bu acını daşıya bilmərəm. Gec tapdığım sevincimsən, qoruyacam səni.

Bir də demək istəyirəm ki:

Sənsiz üşüyürəm türyan istidə,

Sənsiz söhbətlərdə yersiz sözəm mən.

Bəzən haylı-küylü bir məclisdə də,

Qəribəm, tənhayam, kimsəsizəm mən.

 

Mənə bir ömürdür bir anliğin da,

Çağırsan qəbirdə dayanmaram mən.

Uyusam gözünün qaranliğinda,

Yeddi günəş yansa oyanmaram mən.

 

Bilsəm ki, sevirsən, sonsuz səhrada,

Ulduzsuz gecədə, mən tək deyiləm.

Sənsiz biganəyəm, tanişa, yada,

Sənsiz özümə də gərək deyiləm.

Yaxşı ki, Fikrət Qoca bu şeiri də yazıb.

Bax bu son bənd var haa... gerçəkdir deyə şeirin ən gözəl hissəsidir.

“Danışan şeir” silsiləsi adıyla paylaşdığım şeirlərdən birini yazmamağım mümkün deyil. Şamil Ənvəroğlu onu susanların əvəzinə yazıb.

Necə varsan, bilirsən?

Ürəyimdə kök salan solmaz çiçəyim kimi.

Yaşamağa səsləyən bir xoş gerçəyim kimi...

Bilirsən, necə varsan?

Arzuları cücərdən bir ümidli sabahsan,

Xoşbəxtliyə uçuran sevgi adlı qanadsan...

 

Necə varsan, deyimmi?

Dünyama işıq saçan Günəşimsən, əzizim.

Hər an məni yaşadan nəfəsimsən, əzizim.

Necə varsan, bilirsən?

bir anasız körpətək sığındığım qucaqsan.

Təkcə əlimi deyil,

təkcə canımı deyil,

buz bağlayan ömrümün donun açan ocaqsan.

 

Necə varsan, bilirsən?

Bir zülmət gecə düşün,

bir də qara buludlar,

sonra qəfil Ay doğar,

pəncərənə boylanar.

Bax o Aysan mənimçün,

nə olar əsla getmə,

sabah da açılınca,

Günəşim ol mənimçün.

 

Necə varsan, bilirsən?

yazılmayan şeirtək dilimin ucundasan,

ha cəhd etsəm alınmır,

sığdırmaq olmur səni bu körpəcə sözlərə,

səni yaza bilmirəm nöqtəli sətirlərə...

Sən elə bir şeirsən,

başdan ayağa sevgi,

sən elə bil əsərsən kitaba yazmaq olmur.

Sən elə bir yazısan ürəyimə yazılan,

alın yazısı kimi sonradan pozmaq olmur...

 

Necə varsan, bilirsən?

şirin bir yuxu kimi dalıb qalmışam sənə,

ayılmaq istəmirəm

sən adlı bu yuxudan.

Elə sarılmışam ki,

bu dünyaya min əllə,

Lütfən, məni soyutma bu sevdiyim dünyadan

Bax beləcə şeirlərdə gizlənə-gizlənə yaşamaq var ömürdə. Şairlər elə şeirlər yazmalıdırlar ki, yaşantıları bizim olsun imzası onların. O şeirlər anlatsınlar əvəzimizdən hər şeyi.

Şeirin təsiri güclüdür; dərman kimi. Oxuyanda ağrıların sakitləşir. Az qalırsan sən də “şairləşəsən”. Elə bu “azqalma” məqamında fikirlər monitora düzülür:

“Sənə şeir yazmayacam. Özün yazırsan deyə yox, nə də çoxdandır şeir yazmamağım buna səbəb deyil. Sənə, sadəcə, ürəyimdən gələnləri yazıram. Bəzəksiz-düzəksiz, nə gəldi, necə gəldi. Məsələn, təsvirsiz-filansız yazıram ki, səni sevirəm. Bu ifadəyə heç vaxt əlavə söz gərək olmayıb. Bəzən “dəli kimi” “hamıdan çox” və s. əlavələr edilir. Amma bu iki söz özü bəs edir. “Sənsiz heç nəyin dəyəri, marağı olmur” – ifadəsi də gerçəkdir.

Sevgi şeirdir, şeir də sevgi. Şeiri sevənlər yazır. İndi bildim mən niyə çoxdandır şeir yazmırmışam. Buna indi ehtiyac yaranıb. Şeir yazmaq istəyirəm... şeirə qayıdıram, amma yaza bilmirəm. Məsələn, yaza bilmirəm ki, yuxum ərşə çəkilib, yaza bilmirəm ki, şəhərin sən olan tərəfinə getmək istəyirəm, yaza bilmirəm ki... yaza bilmirəm. Yazmayacam da. Ən xoş hisslərimi ürəyimdə, ən gözəl kəlmələrimi dilimdə xəsiscəsinə saxlayacam. Səni kimi”.

Deyəsən, artıq gözəl şeirlərin təsirinə düşmüşəm... Bir az da çox şeir oxusam dastan yazacam.

Gecənin bir aləmi ağrısına oyandım.

Ürəyimdə nədirsə ilan kimi qıvrılır.

Xatırladım hər şeyi... İçimdəki o xoş hiss

Dəstələnib köç edir səndən, məndən xəbərsiz...

 

İstəmirəm üstünə təcili yardım gəlsin.

Qoy gözümün önündə əzab ilə keçinsin.

Sənə xoşdur mən isə çevriləcəyəm heçə

Gözün aydın, deyəsən, sevgim ölür bu gecə.

 

Karantindir, onsuz da yığışan olmayacaq,

“Nədən?” deyə maraqla soruşan olmayacaq.

Elə bilmə məzara hərdən gedib dəyəcəm

Nə göz yaşı tökəcəm nə başımı əyəcəm.

 

Doğulandan bəxtsizdi vüsal ona yadıydı,

Yasaq, günah, qəbahət çıxardığı adıydı.

Dərindən bir nəfəs al, xəta səndən sovuşdu

Məhəbbətim sənlə yox, həsrətinlə qovuşdu.

Amma bəndin birindən o birinə keçmək olmur. Misralar Çin səddinə dönür. Tabuların qarşısında söz də acizdir.

Dönə-dönə demişəm, hələ nə qədər də yana-yana da deyəcəm, indi dərk etmişəm ki, ağıl adamın işinə sevənədək yarayır. Ondan sonra ağılı ya köhnə əşyaların içinə qoyub eksponat kimi hərdən baxmaq üçün saxlamaq lazımdır, ya da istifadəsi bitmiş ərzaqlar kimi tullayın getsin. Sevəndən sonra onun heç bir rolu qalmır, havayı yükdür insana. Bir para əzab çəkirsən.

Duyan olsa hər şey, hər yan şeirdir. Hüseyn Arifin məşhur şeirindəki kimi.

Məndən təzə şeir xəbər alan dost,

Bəs yazın gəlməsi şeir deyilmi?

O biri misraları da yazacaqdım. “yazın gəlməsi”ni oxuyanda bu ilin hüzünlü yazını xatırladım. Bu il yaz karantin fəsli oldu.

Dünyanın karantini bitəcək. Mənim taleyimin izolyasiyası isə ömürlük qalacaq.

Məndə şairdəki dözüm qalmayıb ki, deyəm: “Dözəcəyəm hicran ölüm deyil ki...” Mən gücümü itirmişəm. Dözə bilmərəm ayrılığa. Dözə-dözə insan ölümə çevrilir. Bu baxımdan çoxdanın ölüsüyəm. Bir də ölsəm məndən adam olmayacaq.

Bir gün hiss etdim ki, içimdən yıxılmışam.

Təkcə gücsüzlüyündən

yıxılmır, atam balası,

Arabir gücündən yıxılır adam.

Başını dik tutub gəzdiyi yerdə

içindən yıxılır adam.

İllər boyu neçə dərdə

dözüb dayanır,

Qəfil sevincindən yıxılır adam.

“Gücündən yıxılmaq”, “içindən yıxılmaq”... şairlər hər şeyi bilir, hamını tanıyırlar. Sən özündən yaza bilmədiyin halda o səndən də yazır, başqasından da. İçindən yıxılmaq var ha... bir günün içində baş verməyinə baxmayın, illərlə yığılanların zərbəsidir. Müəlliflik hüququ Ramiz Rövşənə məxsus olsa da yaşayanı mənəm.

Özünütəcridin ən ağır forması – Yazmağa ehtiyacın olduğu halda yazmamaq üçün biləyinə özün qandal vurursan. Görmək istəyirsən, uzaqdan da olsa baxıb gülümsəmək istəyirsən, amma görməməyə, gülümsəməməyə çalışırsan. Bundan betər sosial izolyasiya yoxdur. Bu mənim alın yazımdır, kim yazıbsa bilsin ki, əsəri istədiyi şəkildə işləyə bilib. Onun üçün uğurlu, mənimçünsə çox uğursuz əsər alınıb.

İllərlə səni mənəvi tənəzzülə tərəf itələyənlər istəklərinə nail olublar. Qarşında iki yol var; ya mənən tam ölüb getmək ya da .... Hə bu “ya da”nın biri çox çətin məsələdir. Əslində asandır; səni dəli, arsız hesab etməsələr, yaşamaq eşqinə görə dara çəkməsələr. Cahillik, paxıllıq edənlər olmasa hər şey asandır. Bütün bunlara rəğmən sən ayağa durmaq, bir səbəb tapıb xoşbəxt olmaq istəyirsən. O səbəbi ya özün tapırsan ya da qismətinə çıxır.

Amma xoşbəxt günlərin ömrü az olur. Xoşbəxtliyin limiti “Azəriqaz”ın xalqa verdiyi limit qədərdir, bir dəqiqə artıq yaşayanda əvəzində səndən çox şey alır. Yaxşı işlər az olur.

Həyatdan əlin üzülən vaxt əgər təzədən sevirsənsə, deməli, Allah sənə can yandırıb, bu xoşbəxtliyi sənə lütf edib ki, təzədən bağlanasan həyata. O hisslə təzədən ayağa durursan... dirçəlirsən. Qəddini düzəldirsən, üzün gülür. Amma birdən dərk edirsən deyəsən bu suçdur. Və elə bir cəmiyyətdəsən ki, bunu sənə bağışlamayacaqlar. Bizim mentalitet adamı xoşbəxt olmadan xoşbəxtliyin arxasında gizlənməyə, üzün gülmədən təbəssümə bürünməyə, sevmədən sevirmiş kimi davranmağa və yaxud sevib də sevmirmiş kimi görünməyə məcbur edir. O qədər bədbəxtik ki, bilmirik ki, özümüzmü xoşbəxt olmalıyıq, yoxsa bizi xoşbəxtmi bilməlidirlər?

Bu həyatı bizə kim təklif edir? – özümüzmü, cəmiyyətmi, yoxsa talemi?

Hər şeylə, hər kəslə mübarizə aparmaq asan olar, tək özündən başqa. Özünə bəzən gücün çatmır. Unutmaq istəyirsən, amma bilirsən ki, sevirsən, yalan deməyə cəhd göstərirsən, həqiqəti bildiyinə görə bunu bacarmırsan, dözümlü görünməyə çalışırsan, bilirsən ki, gücsüzsən, məmnun olmağa can atırsan, lakin içindəki peşmanlıqdan xəbərdarsan. Haqlı kimi davranmağa da utanc hissin imkan vermir. Bütün bunlar vicdanlı insanlar üçün keçərlidir. Vicdan insanı həyasız olmaqdan çəkindirir. Əslində isə... sevgi olan yerdə heç nə pis hesab edilməməlidir. Təki kin-küdurət yox, sevgi bürüsün qəlbləri.

Şeir gecələr, şeir anlar uzaqlarda qaldı. İndi şeir şeirlərin zamanıdır.

Bu şeirləri onda sevdim. Yazmaqla “vidalaşmaq” istəyəndə.

O gecə saat beşə on beş dəqiqə işləmiş bitdi son cümlə. Altı tamamacan yata bilmədim. Özümlə mübarizə aparırıdım. Bacaracaqsan. Özümü inandırmağa çalışdım. Elə bildim ki, etməyə məcbur olduğum işin öhdəsindən gələcəm. Yazmamağı deyirəm...

Saat yeddiyə qalmış ayıldım. Bircə saat da yatmayıbmışam. Yuxudan gözümü açan kimi yazmaq istədim. Anladım ki, o dəli ehtiyacla bacarmaq çətin olacaq. Yazmaq istəyirəm. İlahi, bu ağır günlər yenəmi başladı? Yenəmi yazmağa güc gəlməliyəm? Bu buxovlar məni qəbirədəkmi izləyəcək? Bu alın yazısıdırmı?

Dilimdən son günlər düşməyən bir mahnının sözlərini təkrarlayıram: ... yox yazmıram o mahnını. Lənət olsun bu yasaqlara.

Səkkiz may səhəri. Bu da Şuşasızlığın cəzası. Azərbaycan vətəndaşı olaraq mən cəzamı belə çəkdim.

Hava da adamı qəribsədir. Elə özüm də qəribsəmək istəyirəm. Özümə zülüm etmək çoxdankı adətimdir. Tutqun havadan başqa halıma yanan yoxdur. Bircə o məni kimi qəmgin görünür. Məni kimi Göy də gözünü bir yumub, beş tökür, ağacların da məni kimi qəddi bükülüb, torpaq da elə bil mən deyənləri təkrarlayır: bu nədir üstümə yağır? Yarpaqlar da qəlbim kimi əsir. Qönçələr də sevgim kimi açılmağa qorxur. Bilir ki, onsuz da ömrü uzun deyil. Yasaqlarda azadlıq eşqi daha güclü olurmuş.

Növbəti zülmün belə olacağı ağlıma gəlmirdi. Yazmamaq alınacaqmı? Dərya üçün yaradılmış canlıları quruda çapalayan görmək işgəncədir. İnsan taleyində də bu mənim qismətimə yazılıb.

Yazmamağım üçün hər əzaddan keçdim. Unutmağa çalışdım da. Getdi o istedad, amma dönüşü möhtəşəm oldu. Gəldi... nə gəldi. O istedad indi karantin ömrünün yaşantılarını yazdırır.

Nə tez bitdi bu gecə. Elə bil Yer ildırım sürətilə fırlandı, qaranlığın ölçüləri gödəldi. Səhəri ilk dəfə belə səbirsiz gördüm. Açılmağa tələsdi paxıl. Təsadüfən hind filmlərində olduğu kimi göy guruldayır, ildırım özünü içəri pərçimləyir, otaq işıqlanır.

“Bu göy niyə guruldayır yasdımı?

Niyə belə qara olub buludlar?

Ürəyimdən xəbər tutan uzaqlar.

Kəsə yolla taleyimə axışdı”.

Təəssüf ki, müəllifin kim olduğunu bilmirəm...

Taleyimizi yazan da bəlli deyil... təbiətmi, tanrımı, özümüzmü?

Özümüz olsaydıq ən gözəl qismət yazmazdıqmı özümüzə? Xeyr! Yaza bilməzdik... yazmağı hər kəs bacarmır. Ona görə başqalarının yazdıqlarına möhtacıq. Yazılanı anlamaq da hər hərf tanıyana məxsus qabiliyyət deyil. Yoxsa bu şeirlər insanların mənəvi dünyalarını gözəlləşdirərdi. Yoxsa hər kəs yaşadıqlarını özü şeirləşdirərdi.

 

O hissi özümüz yaşamırıqsa oxuyaq və duyaq! Yaza bilmiriksə, susaq və dinləyək!

Danışır şeir!

Olmayacaqdır

Adımı qəlbindən ata bilərsən,

Uzaq arzulara çata bilərsən,

Məndən gözəlini tapa bilərsən,

Mənim tək sevənin olmayacaqdır.

 

Ömrünə bir sevgi gələr, bilirəm,

Səninlə ağlayıb gülər, bilərəm,

Kimsə sevincini bölər, bilirəm

Dərdindən ölənin olmayacaqdır.

 

Bir gün sönəcəkdir, bu od, bu ocaq,

Kədər yuvasıdır boş qalan qucaq,

Dizinə baş qoyub yatan olacaq,

Başına dönənin olmayacaqdır.

 

Sevgi əzabından uzaqsan hələ,

Bir gün əriyərsən sən gilə-gilə,

Yanağından öpən tapılsa belə,

Göz yaşı silənin olmayacaqdır.

 

2020 aprel-avqust