adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

ONDAN BİR DƏ OLMAYACAQ

İRADƏ TUNCAY
51837 | 2010-01-09 05:24

Kim nə deyirsə desin, mənim həyatım möhtəşəm olub. Çünki həyatı sevmişəm. Ona görə də insanları sevmişəm - dostlarımı da, düşmənlərimi də. Amma mən tamam yad, naməlum adamları da sevmişəm. O yadları ki, onlar mənim tamaşaçım, dinləyicim olublar. O yadları ki, mən onlar üçün sonuncu nəğməmlə səhnədə ölməyə hazır idim... Ümidim var ki, bu insanlar məni son mənzilə yola salmağa gələcəklər. Məni tənha qoymayacaqlar. Tənhalıqdan qorxuram. Gecənin düşməsi, səhərin açılması ilə məni saran dəhşətli tənhalıqdan qorxuram - həmin vaxt özümə "yaşamağa dəyərmi, niyə yaşayım ki" sualını verirəm. İstərdim ki, mənim bəlkə də bu sonuncu "etirafnaməmi" oxuyanlar mənim haqqımda da Mariya Maqdalina üçün dediklərini deyəydilər - "Onu bağışlamaq olar, çünki içində böyük sevgi vardı".
   
   
   
   Edit Piaf
   
   "Mənim həyatım" kitabından
   
   
   
   O kəsləri ki hamı tanıyır, ya da tanıdığını zənn edir, onlar haqqında nəsə yazmaq çətindi. Deyəsən bu cümlənin özü də şablon alındı. Eybi yox, biz onsuz da həyatımızı şablonlar əsasında yaşayırıq - bir yazının içində də şərtiliklərdən qaçmaq olmayacaq. Həm də bir yazının içinə nə onun böyük bioqrafiyasını, nə böyük sənətini, nə də izahı olmayan çox nəsnələri sığışdırmaq da mümkün deyil. Heç onun özü də nə bu kiçik məmləkətə, nə də bu azsaylı xalqın miqyasına sığmır. Sığmır, vəssalam, nə deyirsiz deyin.
   
   Möhtəşəm qadındı... Əfsanə qadındı... Novatordu, yaradıcıdı... Sevilən və bu sevgiyə görə nifrət də qazanan, ilahiləşdirilən, bütləşdirilən və bunun bədəlini özü bildiyi əzablarla ödəyən qadındı. Ondan qorxurlar, çəkinirlər. Heç şübhəsiz, bizə yaxın olan XX əsrdə ifaçılıq sənətinə onun qədər təsiri olan ikinci bir sənətçi yoxdu və hələ uzun illər olmayacaq da...
   
   Və həm də nəzərə alsaq ki, onu yetişdirən zaman və məkanda ulduz anlayışı qəbul olunmurdu və ulduzu sənət adlanan göy qübbəsində parlatmaq üçün Amerikadakı kimi böyük bir sənaye mövcud deyildi - onda bu şəxslərin fərd olaraq böyüklüyü bir daha təsdiq olunacaq.
   
   ZAMAN VƏ MƏKAN... 60-cı illərin bizim mədəniyyət tariximizdə xüsusi yeri var. Hansı tərəfdən baxırsan bax. Bu intibah dövrüdü - rəssamlıqda, heykəltəraşlıqda, musiqidə, ədəbiyyatda. Görünür, 20-30-cu illərin gərginliyindən, sıxıntısından sonra belə mədəniyyət hadisələrinin yaranması labüd idi. Dünyanın ən dəhşətli müharibəsinin bitməsindən azacıq vaxt keçmişdi. Ölkə özünə gəlməyə başlayırdı, insanlar dərdlərini unutmağa çalışırdılar. Hər yerdə böyük abadlıq, quruculuq işləri vüsət alırdı. Hələ üstəlik Xruşşovun hakimiyyətə gəlişi, "ottepel" dediyimiz dövr də uzun müddət fikirlərini gizlətməyə çalışan, məngənə içində sıxılan, bezən insanın başqa cür, olduğu kimi görünmək istəyini reallaşdırmağa şərait yaradırdı. Konkret olaraq yaşadığımız bu kiçik respublikanın həmin tarixinə nəzər salsaq paytaxtın sürətlə milliləşdiyini də görəcəyik. Müharibə sonrası müxtəlif bölgələrdən oxumağa, işləməyə gələn gənclər artıq çox sahələrdə üstün durumda olan başqa millətləri əvəzləməyə başlayırdılar. Bakının ünsiyyət dilinin melodiyası dəyişirdi, yaşam dinamikası dəyişirdi. Və həmin vaxt insanların həyatını kökündən dəyişəcək bir vasitə də evlərə ayaq basmaqda idi - TELEVİZOR. Artıq insanlar radio dalğalarından, vallardan eşitdikləri səsləri görə də bilirdilər. Və bu güzgüdə gördüklərinə oxşamaq istəyirdilər.
   
   Yəqin ki, uğurun başlıca səbəbini burda axtarmaq gərəkir - LAZIM OLAN VAXT LAZIM OLAN MƏKANDA BULUNMAQ.
   
   Artıq ədəbiyyat da, təsviri sənət də, kino da yeni qəhrəman axtarışında idi. Səhnədə royalın qarşısında əllərini cütləyib oxuyan gombul ifaçılar da yeni dövrlə unison səslənə bilmirdilər.
   
   VƏ BU VAXT SƏHNƏNİ SÖZÜN HƏR MƏNASINDA TİTRƏDƏN BİR TSİKLONMU DESƏM, ZƏLZƏLƏMİ DESƏM - GƏLİR... GƏLİR!!!
   
   
   
   ***
   
   ... İndi Milli Məclisin iş otaqlarından birində həmin Zəlzələ ilə üzbəüz oturmuşam. Otaqda bizdən başqa iki qadın da var - Zeynəb xanımın Milli Məclisdəki köməkçisi Mələk xanım, bir də evdəki sirdaşı Maral.
   
   ... Nazı, işvəsi, ədası həmişəki kimidi. Möhtəşəm qadınların yaşı olmur, onlar hər zaman arzu olunan, əlçatmazdı deyə düşünürəm. Və bir də düşünürəm ki, ondan bir də olmayacaq. Yenidən bu zəlzələnin yaşanması üçün çox amillər, şərtlər vacibdi. Bu da ki, xülya kimi bir şeydi.
   
   Bir müddət əvvəl telefonla söhbətləşmişdik. Və mən bu ələkeçməz xanımdan görüş sözü almışdım. İndi görüşmüşük və o deyir ki:
   
   - Canımsan, yazı istəmirəm, elə-belə söhbətləşək, danışaq.
   
   - Danışırıq da, Zeynəb xanım, gör qəzet üçün necə maraqlı olacaq.
   
   Diktofonun düyməsini basıram. Dörd qadın və iki saatlıq söhbət. Təbii ki, hər şeydən danışırıq - yazıya daxil olan və olmayan.
   
   Heç bir müsahibə etirafnamə deyil və heç bir müsahib də öz içində gizlətdiyi özəl xatirələri açıb danışmağa borclu deyil, amma məni qıdıqlayan bəzi suallara cavab almaq ümidindəyəm, uzaqdan başlayıram:
   
   - Zeynəb xanım, yaradıcılığınızı mərhələlərə bölürsünüzmü? Çünki müxtəlif zaman kəsiklərində insan özü də hiss edir ki, sənətində nəsə dəyişib.
   
   - Mənə elə gəlir ki, mən belə hesab edirəm ki, mən dəyişilməzəm. Xarakterimdə dəyişiklik olmayan kimi sənətimdə də dəyişilməzəm. Səsim əvvəlkindən də yaxşıdı - hər halda belə fikirləşirəm.
   
   - Axı ilk gənclik illərində sənətə muğam ifaçısı kimi gəlmişdiniz?
   
   - Mən Seyid Şuşinskinin tələbəsi olmuşam. Qızıl Fondda mənim o vaxt yazdırdığım dörd, ya beş muğam saxlanılır. "Çahargah", "Qatar", "Şahnaz", "Segah". Onu da deyim ki, qadınların içində "Çahargah" oxuyan ilk qadın da mənəm. Sonralar da mahnı oxuyanda hansı mahnıya muğamat uyğun gəlirdisə bir az oxuyurdum. Konsertdə tamam-dəsgah oxuyub insanları yormaq olmaz, onun ayrıca yeri var. Mən misalçün, Yaponiyada bir tamam-dəstgah "Segah" oxusaydım necə olardı? Bir ağız oxuyurdum, boğaz xırdalıqlarını eləyirdim, sonra keçirdim mahnıya, ritmə. Dünyanın harasında olursan ol, insanlar ritmi anlayırlar. Bax, mən Maykl Cekson öləndə ağladım, niyə? Oxuduğu mahnıların sözlərini başa düşmürdüm, amma ritmini bilirdim, böyük sənətkar idi. Yaponiyada, Çində insanlar niyə məni ayaq üstə alqışlayırdılar? Ritmə görə. Bax, (stolun üstündə "Sənə qurban" mahnısının ritmini taqqıldadır) buna görə.
   
   - Belə çıxır ki, siz mahnıda ritmə üstünlük verirsiniz?
   
   - Mən... (Cavab yarımçıq kəsilir, çunki fotoqraf içəri girir, çəkiliş bitəndən sonra mən həmin sualı unuduram. Sonradan evə zəng edib cavabı bilmək istəyirəm. "Melodiya və ritm paraleldi" - deyir.)
   
   
   
   ***
   
   İstedad böyük yükdü, ağırlıqdı. Və kim öz istedadı qarşısında məsuliyyəti dərk edib anlaya bilirsə, yuxarı qalxmaqda davam edir. Əgər istedad özünü realizə edə bilmirsə, əks proses başlayır - özünü məhv etmək, dağıtmaq prosesi. İstedadlı adam kamikadze kimi bir şeydi...
   
   O, çox şanslı olub. Qorxmadan özünə "dünyanın xoşbəxti" deyib. Hər zaman tamaşaçı üçün maraqlı olub, çünki milli xarakterin bütün cizgilərini özündə cəmləşdirə bilib. Təbii ki, çox istedadlıdı, amma onun uğurunun sirri bu deyil təkcə. Zeynəblə bərabər sənətə gələn, səsi, görkəmi, lap hər şeyi yerində olan o qədər insanlar olub ki, unudulub gediblər. Amma o, özüylə, vergisiylə barışıq yaşamağı bacarıb. Həyatını da istedadlı yaşayıb.
   
   
   
   ***
   
   - Qorxduğum ən çox odur ki, xalqın məhəbbəti getməsin məndən. Mən səhnəyə onunçün gəlməmişdim ki, mənə ad versinlər, pul versinlər, toya gedim. O indikilərdi, tez-tələsik gəlirlər oxuyurlar ki, toya getsinlər. Sənətə əziyyətlə gəlmişəm. Evdən buraxmırdılar, qardaşlarımın xasiyyəti ağır idi. Atam bir az savadlı, oxuyan adam idi, neftçiydi. Bircə o deyirdi ki, mənim qızımdı, qoy getsin. Mən isə səhnəni, oxumağı çox sevirdim. Atama da söz vermişdim ki, toy məclislərində, içki məclislərində olmayacam. Xalq da məni ona görə sevib ki, onu aldatmamışam. Səsimi, gücümü, qüvvəmi ona vermişəm. Məni xalqın özü yaradıb. Heç yadımdan çıxmır, o dağ rayonu var ey, çoxlu qocalar olan, hə, Lerik. Elə konsert paltarı geyinmişdim ora, Bakıda, sarayda, böyüklərin qabağında geyindiyim kimi, daşlı-torpaqlı yerdə. Fərq qoymurdum bu kasıbdı, bu dövlətlidi. Fikirləşirdim ki, mən Zeynəbəm. Zeynəb kimi də çıxmalıyam onların qarşısına. Onlara qoşulub oxuyurdum da, oynayırdım da. Konsertdən sonra o qocalardan biri mənə dedi ki, qızım, biz səni ona görə çox istəyirik ki, o mötəbər yerlərə getdiyin kimi gəlmisən bizim yanımıza. İçki məclislərində, banketlərdə oxusaydım mən Zeynəb olmazdım. Mən həmişə hamıyla səmimi olmuşam.
   
   - Siz öz uğurunuzu belə izah edirsiniz: səmimiyyət?
   
   - Bax, indi də mən sual verim. Məni bura nə gətirib? Səni niyə çox istəyirik biz? (Burda bir qeyd eləməyə məcburam. Zeynəb xanım mənim daimi oxucumdu. Görüşümüzə səbəb yazılarımı izləməsi olub. Təbii ki, çox xoşdu və mənə zövq verir). Mən sənin yazılarını oxuyuram, orda mərdliklər görürəm, kişi xasiyyəti görürəm. Hər adam yaza bilmədiyi şeyi yazırsan, etika çərçivəsində yazırsan, amma hamıya çatır ki, nə demək istəyirsən. Məndə məhəbbət yaranır. Xalq da belədi. Həm səsimə görə, həm xarakterimə görə, yəni ora-bura getmirəm, həm də sözün düzünü dediyimə görə sevir. Eşitmək istədiyini eşidir məndən. Xalqın ürəyindən olan sözü həsrətdi xalq eşitməyə.
   
   - İndi təbii ki, sizin adınız artıq statusdu. Bu ada söykənib nəsə demək mümkündü. Bəs əvvəl?
   
   - Aaa... Yox, mən elə əvvəldən belə idim. Cavan qız idim, elə bir hökumət konserti yoxuydu ki, axırda mən oxumayım. Təkrar-təkrar çağırırdılar, neçə mahnı istəyirdim oxuyurdum. Deyirdilər olmaz, heç vecimə gəlmirdi. Yenə bir hökumət konsertində filankəs deyir mənə ki, əşi bu Ələkbər Tağıyevdən başqa bir adam yoxdu mahnısını oxuyasan? Gör ey, həmişə əjdahalarla vuruşmuşam. (Əjdahaların adını çəkir, yazmıram. Amma sən, əziz oxucu, o vaxt üçün kimi əjdaha sayırsansa, sal həmin siyahıya-müəllif). Deyir "Reyhan"ı oxu, öz mahnındı da. Deyirəm, yox, tərsəm də. Ələkbər Tağıyevin mahnısını oxuyacam, ailə dostuyuq. Elə vəziyyət alındı ki, əlimi atdım... Dedim onda oxumuram. Çıxırdım ki, saxladılar məni.
   
   - Çox olub məmurlarla belə konfliktlər? Mən eşitmişəm siz bir nəfəri əməlli silkələmisiniz də.
   
   (Həmin adam o vaxtlar mədəniyyətimizə rəhbərlik edən böyük məmur idi, bu günlərdə dünyasını dəyişib- müəllif).
   
   - Əzizim, təxmini elə formada olub. (Gülür). Biz o vaxt Fransaya gedəndə bir mühacir həkim vardı - Tofiq, müharibə dövründə orda qalıb yaşayanlardan olub. Mənim böyük pərəstişkarım idi. Hər gün mən orda konsert verdim, o da mənə hər gün "Chanel"in ətirlərini gətirdi,

TƏQVİM / ARXİV