adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

MÜKAFATI HAQQ ETMİŞ DOST - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
84243 | 2020-08-13 10:16

Dostlar barəsində düşünmək və düşündüklərini də qələmə almaq heç də asan deyil. Ona görə ki, bu, dosta olan münasibətini etiraf etməkdi. Və etiraf da adətən birmənalı qarşılanmır. Kimlərsə onu müxtəlif istiqamətlərə yozur. Bax, bu səbəbdən mən mətbuat günündən bu yazını yazdığım ana qədər indi oxuyacağınız yazını ürəyimdə təkrar-təkrar yazdım, redaktə etdim və yazdıqlarımı da elə ürəyimdəcə özüm oxudum... Və...

Və nəhayət ki, həmin yazı indi gün işığına çıxıb. Ona münasibətin necə olacağı mənim üçün o qədər də önəmli deyil. Mənə önəmli olan odur ki, Şəmməd əmimin cənnətdə olan ruhu qarşısında baş əyməklə onu sevindirim. O ruh bilsin ki, mən onun ocağına da, dostum olan oğluna da və kəsdiyim duz-çörəyinə də həmişə sayğı ilə yanaşmışam və bundan sonra da belə olacaq. Indi isə..

Yəqin ki, diqqətli oxucum söhbətin kimdən getdiyini artıq hiss etdi. Hiss etməyənlərə isə xatırladım ki, Gürcüstanda bir dostum yaşayır. Daha doğrusu, Qardabani rayonunun Kosalı kəndində... 1962-ci il aprel ayının 10-da dünyaya gəlib. Adını Şahismayıl qoyublar. Və onu tanıdığım gündən bu qoşalaşan adın sahibinin həm davranışı, həm əxlaqı, həm də bir türk oğlu türk olması ürəyimdə xoş duyğular oyadıb. Bu duyğuların adı səmimi, halal insanlıqdı. Əlimi ürəyimin üstünə qoyub Allah qarşısında birmənalı şəkildə etiraf edirəm ki, Şahismayıl Şəmməd oğlunun özəl həyatı ilə yanaşı, dostluq münasibətləri mənim üçün bir nümunədir. Hətta onun heç vaxt unutmayacağım ruhu qarşısında baş əydiyim dostum-qardaşım, hüquq elmləri doktoru, tanınmış hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Şirxan Adıgözəlovla münasibəti, onların zarafatları, onların söhbətləri yaddaş kartında hər gün səslənir. Məhz bu istinad nöqtəsindən çıxış edərək demək istəyirəm ki, Şahismayıl efirdə, ekranda, yazılı mediada imzasını təsdiq etmiş söz adamıdı. Onun "Azərbaycan Dövlət Televiziya və Radio" QSC-nın Gürcüstan təmsilçisi kimi uzun illərdən bəri göstərdiyi fəaliyyət iki ölkənin arasındakı telekörpü olmaqla yanaşı, həm də Gürcüstanda, qədim torpaqlarımızda yaşayan soydaşlarımızın həyatından zaman-zaman yayımlanan bilgilərin əldə edilməsi imkanıdı. Biz Şahismayılın hər bir reportajından, hər bir hazırladığı süjetdən soydaşlarımız barəsində zamanında informasiyalar əldə edirik və orada baş verən hadisələrdən xəbər tuturuq.



Düz 16 il bundan əvvəl, yəni 1994-cü ilin yanvar ayından Şahismayıl Şəmmədoğlu təmsil etdiyi efir vasitəsilə bizim evlərimizə qonaq gəlir. Onun səsi də, göstərdiyi mənzərələr fraqmentlər, çəkilişlər də özünəməxsusdur. Bu özünəməxsusluq dəyərli həmkarımın öz tamaşaçı auditoriyası yaratmasına imkan verib. Deməli, qazanılanbu uğur da öncə gürcüstanda diqqəti çəkib. Mən Şahismayılla bağlı iki il öncə yazdığım məqaləmdə onun gürcüstanın ən yüksək mükafatlarına layiq görüldüyün vurğulamışdım. Və orada xatırlatmışdım ki, Gürcüstanın "Şərəf", "Şöhrət" ordeni, "Əməkdar jurnalist" və digər mükafatlarına layiq görülən xidmətləri nədənsə Azərbaycanda nəzəri çəkmir. Bunu mən içdən gələn istəklə yazmışdım. Görünür, bu içdən, ürəkdən gələn istək haqlı, ədalətli duyğulardan olduğundan ölkəmizin paytaxtında da gərəkli qapıları döydü. Və bu ilin mətbuat günündə, yəni 145 illiyimiz qeyd ediləndə ölkə prezidenti cənab İlham Əliyevin mükafatlandırdığı həmkarlarımızn arasında Şahismayıl Şəmmədoğlunun adını görəndə həqiqətən çox sevindim. Və o sevincimi içdən gələn "halal haqqındı" deməklə Allahımla bölüşdüm. Bu gün isə...


Bəli, bu gün Şahismayıl Şəmmədoğlu Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizin yüksək mükafatlarından olan "Tərəqqi" medalının sahibidi. İndi onun yaradıcılıq otağında ən yüksək yerlərdən birində də bu medal qərar tutub. Və deməli, televiziyamızın, efirimizin yüksək mükafatlara layiq görülən əməkdaşları sırasında çoxdan yerini tutmağa layiq olanlardan biri kimi Şahismayıl Şəmmədoğlu da yer alıbdı. Düşünürəm ki, onun hələ bundan sonrakı böyük uğurları qaçılmazdı. Təbiətcə qaynar, həm də informasiya bilgiləri əldə etməyə həssas olan Şahismayıl Şəmmədoğlu çalışmaqdan, yazıb-göstərməkdən zövq alır. Deməli, işindən zövq almaq məqsədə doğru gedən yolda usanmamaq deməkdi. Mən qardaşım Şahismayılı təbrik edir və ona can sağlığı yeni uğurlar arzu edirəm. Bir də...



P.S. Əzizim Şahismayıl, hər dəfə Gürcüstanla bağlı verilişləri izləyəndə, Marneulidən olan xəbərlərə baxanda Kosalını, sənin öz evini, eləcə də ata ocağını, yəni rəhmətlik Şəmməd əmimi ziyarət etdiyim ünvanı xatırlayıram. Sənin doğmalarının, dostlarının isti münasibətini yenidən canımdan-qanımdan keçirirəm. Və düşünürəm ki, günlərin birində, təbii ki, Allahın izniylə o qapını yeni açmaq yəqin ki, mənə nəsib olacaq. Ona qədər isə Allaha əmanət olun və səni bir daha təbrik edirəm.


TƏQVİM / ARXİV