adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Avqust 2020 10:41
78966
ƏDƏBİYYAT
A- A+

İlham Əhmədov: Üzləşdiyimiz faciələri biz hələ də ədəbiyyata gətirə bilməmişik

Cəlilabad Rayon Təhsil Şöbəsinin dil-ədəbiyyat fənləri üzrə metodisti İlham Əhmədov şəxsimə ünvanlayıb..

Mən bu balaca yığcam müraciəti titullu-mitullu akademiklərin palaz-palaz cəfəngiyyatlarından min dəfə üstün tutdum..

Ayaz bəy,
burada bir neçə şairi, yaxşı mənada, təqib edirəm. Düzü, şair kimi pis yazmırlar. Şeirin yazılış texnikası yerində, qafiyəsi yerində, məcazlar yerində. Mənə elə gəlir ki,bu şairlərin bəzisinin ilham pərisi qocalıb.Şeiri oxuyub ondan ləzzət ala bilmirsən. Oxucu gölün sahilindən çox uzağa gedə bilmir.Təqlidçilik, epiqonçuluq, eyni fikrin başqa formada ifadəsi insanın hisslərini korşaldır. Ədəbiyyat, əsl şeir, hekayə düsturla, kiminsə istəyi ilə yazılmamalıdır.Şair ilə oxucu arasında riyazi mənada,bir "böyükdür"işarəsi olmalıdır, bu işarənin ağzı isə şairə tətəf olmalıdır.Həm şair, həm də onun oxucusu eyni səviyyəyə malikdirlərsə, burada hansısa ədəbiyyatdan söhbət gedə bilməz.Sizin oxuduğum bir neçə şeiriniz məni razı salan ən yaxşı məqamlardadır.Sizin şeirlərinizdə düşdüyümüz vəziyyətlə bağlı kədərlə, ələmlə yanaşı, bir ittiham da var-özünü ittiham!

Üstəlik kədərdən yaranan iniltini,gözyaşını oxucuya unutduran bir az tənqid də var.Ən xoşa gələn məqam isə odur ki, oxucu ilə şairin ittifaqında sərkərdə sizsiniz.Misralar adamın canına yağ- bal kimi yayılır. Çünki təkrarçılıq yoxdur sənin şeirlərində, sözlə sirk təlimçisi pələnglə oynayan kimi oynayırsan.


Ərəblərin ədəbiyyat nəzəriyyəsini yazan azərbaycanlı alim X.Təbrizi yazırdı ki, şeirin mənası şairin qarnındadır.Onu başa düşmək üçün gərək həm də şairlə həmsöhbət olasan.

Arada bir fikirləşirəm ki, yaşadığımız, üzləşdiyimiz faciələri biz hələ də ədəbiyyata gətirə bilməmişik.Səbəbi aydındır, milli özünüdərkin zəifliyi, güclü əsərlərin orta məktəbdə və real həyatda zəif təbliği.Son fikrimi yazıram, sizi yormaq niyyətim yoxdur.Sizdə satirik şeir, özü də Sabiranə daha gözəl alınar.Buna sizin yaradıcılıq imkanlarınız, söz demək istəyiniz, bir də cəsarətiniz imkan verir.