adalet.az header logo
  • Bakı 13°C
01 Avqust 2020 16:30
58044
SİYASƏT
A- A+

Kanadada Azərbaycanın dövlət bayrağı ucaldıldı

İyulun 31-də Kanadanın Kalqari şəhərində azərbaycanlı icma üzvlərinin müstəqil Azərbaycan dövlətinə və ordumuza dəstək məqsədilə yürüş-mitinqi təşkil olunub.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Alberta–Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə baş tutan aksiya Kalqari şəhər bələdiyyəsinin inzibati binası önündə üçrəngli dövlət bayrağımızın ucaldılması ilə başlayıb. Bayrağın 24 saat ərzində dalğalanması üçün öncədən meriyadan müvafiq icazə alınıb.

Günün ikinci yarısında isə "Olimpik Plaza”binasının qarşısından Azərbaycanın dövlət bayrağının ucaldığı meydana doğru yürüş edilib. Pandemiya ilə bağlı karantin qaydalarına uyğun olaraq, yürüşə 60 nəfər həmvətənimiz qatılıb.

Yürüş-mitinq zamanı Azərbaycan, Türkiyə və Kanadanın dövlət bayraqları dalğalanıb, Ermənistanın hərbi təxribatları zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin, müxtəlif şüarların və məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib.

Aksiya zamanı Azərbaycanın dövlət himni ifa edilib, "Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!”, "Yaşasın Azərbaycan!”, Şəhidlər ölməz, Vətən bölünməz!”şüarları səsləndirilib.

Tədbir Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb. Karantin qaydalarına uyğun olaraq, gün ərzində soydaşlarımız meriyanın qarşısına gəlib, Azərbaycanın dövlət bayrağının fonunda şəkillər çəkdirməklə Vətənimizlə həmrəyliklərini ifadə ediblər.