adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Avqust 2020 15:21
63807
MƏDƏNİYYƏT
A- A+

AYAZ SALAYEVİN 60 YAŞINA - Vahid Qazi yazır

Ayaz Salayevin sanki Azərbaycan xalqı ilə tale oxşarlığı var. Mühitsizlik ucbatından öz potensialını realizə edə bilməmək baxımdan deyirəm. Həm də işinini (missiyasını) yarımçıq qoymaq mərəzini qəsd edirəm. ”Yarımçıqlıq mərəzi” (https://vahidqazi.com/20…/…/24/yarimciqliq-m%c9%99r%c9%99zi/) yazısında bir xalq kimi xarakterimizin ”sonacan getməmək” cəhətindən yazanda nümunə kimi Ayaz Salayevi də göstərmişdim.

Böyük meydanlar bir qırağa, bəzən kiçik birsəhnə, özünürealizə imkanı üçün balaca bir mühit-nəfəslik də fenomenlər yetişdirir. Yaxud əksinə, boğucu mühit istedadlı insanları da, xalqları da qəfəsdə tutur.

23 yaşında ”Retro” kimi proqramla şüurlara təsir etməyi bacaran Salayev 60 yaşında özünü necə hissi edir görən?! İdeyalarını gerçəkləşdirmək baxımdan soruşardım bunu.

Hələ 2006-cı ildə ”III Sektor” demokratiya jurnalı üçün ondan müsahibə götürmüşdük. Şərhdə o müsahibəni paylaşacam, maraqlıdı, oxuyun həftəsonu mütailəsi kimi. "Sizcə, azərbaycanlılar nəyin vurğunudur?” sualıma belə cavab vermişdi: "Bu gün Azərbaycanda qədim dövrün bütpərəst şüuru özünü çox qabarıq şəkildə büruzə verir. Biz indi bütpərəst bir cəmiyyətdə yaşayırıq və bu da, yəqin ki, sovet dövrünün mirasıdır. Bütün xalqlarda mədəniyyət çox nazik bir qatdır və onun altında vəhşi bir şüur yatır. Azərbaycanda mədəniyyət qatı 70 il ərzində məhv edilib, indi bu vəhşi şüur üzə çıxıb və yaşamaq uğrunda mübarizə müstəvisində özünü çox qabarıq şəkildə biruzə verir”.

O söhbətdən 15 il keçib, görən indi "O vəhşi şüur bizi haralara apardı?” deyib soruşsam, necə cavab verərdi?!

Rüstəm İbrahimbəyovu guya sıradan çıxarmaq üçün ortaya atılan alternativ Kinomatoqrafçılar birliyi avantürasına gedəndə onu qınamışdım. Son illər bəzi fikirlərini bölüşməsəm də, hətta bir neçə yazıda adına tənqidi sözlər yazsam da, bilirəm köhnə dost kimi məndən inciməz. Dostluğun baş şərtidə odur ki, ən sərt sözü belə sevgiylə deyərsən. Məndə də məhz bu cür olub.



Həm də böyük ürəklərdə xırda duyğular olmur, axı!

Bu gün Ayaz Salayevin 60 yaşı tamam olur! Onun 1980-ci illərdə "Retro” proqramında, 90-cı illərdə dost məclislərində elədiyi söhbətləri, hətta toyumda mikrafona söylədiklərini xoş xatirə kimi yada salır, təbrik edirəm.

Demək istəyirəm ki, missiyasını başa çatdırmağa – ömrün ən gözəl filmini çəkməyə onun potensialının hələ də qaldığına inanıram və gözləyirəm!

Yubiley yaşın mübarək, Ayaz Salayev!

Sayğılarımla,
Vahid Qazi