adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

QANADLI İLLƏRİN İZİ - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
66637 | 2020-07-28 15:31

Onun barəsində dostu Etibar mənə xatırlatma edəndə xəyalım qanadlandı. Və o qanadlanan xəyal məni neçə-neçə illər bundan öncəyə apardı. O illərin yaddaşında Fikrət var idi... Onda Fikrət Səbail rayon Prokurorluğunda dəftərxana rəisi işləyirdi... Və onun təşkilatçılığı, yəni dostları bir araya yığması ayrı bir aləm idi. Saatlarla uzanırdı məclis. Deyib-gülmək, Dədə Süleymanı dinləmək, Məhəbbətin nəfəsində isinmək ayrı bir aləm idi. Onda Məhəbbət Kazımov var idi... elə indi də var... səsiylə ruhiyla yanımızdadı...

Hə, o illərin dostlarından mənim yadımda İlham Alışanoğlu, Afiq Vəlməmmədov da qalıbdı. Bax, bu dostluğun çevrəsində tanımışdım mən Rasim Məhəmmədoğlunu... çörək kəsmişdik... badə toqquşdurmuşduq... Və bütün bunların hamısının kökündə isti bir halallıq, səmimiyyət özül olmuşdu – təmənnasız və reklamsız...

İndi Etibar mənə Rasim Məhəmmədoğlunun 60 yaşının avqustun 1-də tamam olacağını söyləyəndə heç inanmağım gəlmədi. İnanmağım gəlməsə də, amma elementar riyazi hesablama 1960-cı ilin avqust ayının 1-də Zəngilan rayonunun Məmmədbəyli kəndində bir oğlan uşağının dünyaya gəldiyini sübut etdi – həm doğum şəhadətnaməsi ilə, həm də üst-üstə gələn rəqəmlərlə. Məhəmməd kişinin oğul payı olan Rasim orta məktəbi bitirdikdən sonra paytaxta üz tutdu, texniki peşə məktəbinə daxil oldu və tikintidə işləməyə başladı. Sonra Sovet ordusuna xidmətə yollandı. Orduda xidmətini başa vurub qayıdandan sonra öncədən çalışdığı tikinti idarəsinə üz tutdu. Paytaxtın 10 saylı tikinti idarəsində işləyə-işləyə İnşaat İnstitutuna daxil oldu. İnstitutun "Sənaye və mülki tikinti” fakültəsinin axşam şöbəsini 1989-cu ildə uğurla başa vurdu. Məhz ali təhsil diplomuna sahib olanda artıq o, öz işinin yaxşı bilicilərindən biri kimi kollektivdə fərqlənirdi. Elə ona gördə 1990-cı ildə onu iş icraçısı təyin etdilər. Bu təyinatla Rasim Məmmədoğlunun həyat yolunun yeni səhifələri yazılmağa başladı.



Bəli, illər bir-birini əvəz etdikcə Rasim Məmmədovun da uğurları, artıq, yenilənirdi. İndi o, Bakı Baş Tikinti İdarəsində ən gənc rəislərdən biri idi. Ona görə də şəhərimizin ayrı-ayrı coğrafiyasında onun rəhbərlik etdiyi kollektiv sosial və yaşayış infrastrukturunun tikintisinə imzalar atırdı. Necə deyərlər, indi Rasim Məhəmməd oğlu Məmmədovun imzası böyük tikinti layihələrinin gerçəkləşməsində özünü göstərir, həm də təsdiq edirdi. Çünki onun rəhbərlik etdiyi "NİHAT Təmir Tikinti” MMC qazandığı uğurlarla şəhər sakinlərini, tikinti işləri görənlərin, həm də əlaqədar təşkilatların diqqətini özünə çəkə bilmişdi...

Hələ rəhmətlik Məhəbbət Kazımovun sağlığında iştirakçısı olduğum məclislərin birində Rasim Məmmədov doğulduğu Zəngilan rayonunun Məmmədbəyli kəndi ilə bağlı xatirələrini danışarkən uşaq kimi kövrəldi. Onun səsi elə titrəyirdi ki, məhz söhbət etdiyi məqamda itirirdi kəndini, doğulduğu ünvanı. Bu bir övlad acısı idi... bu bir oğul yanğısıydı... bu bir vətəndaş nisgiliydi... Onu yalnız bu itkini, bu yurdsuzluğu yalnız yaşayanlar anlaya bilərdi. Necə ki, Məhəbbət... Etibar... İlham... Fikrət...və mən anlayırdım. Hamımz eyni dərdin köynəyindən çıxıb eyni dərdlə də yaşadığımızdan ona təsəlli verməyə cəhd etmədik. Çünki burda təsəlliyə yer yox idi...

Bəli, indi 60 yaşın əlini sıxan Rasim qardaşımız bu şəhərdə təkcə ömür əritmədi, həm də ömrün ifadəsi olan illərin izini naxışladı Bakının coğrafiyasına... Onun rəhbərlik etdiyi kollektivin şəhərimizi gözəlləşdirən tikintiləri məhz həmin illərin izləridi. Ona gördə də dostlar adından Rasim qardaşımızı təbrik edərkən bir təsəllimiz də budur ki, Bakıda onun yaşadığı illərin izləri var, həmişə yaşayacaq izi! Bu illərin də, 60 yaşın da mübarək, Rasim Məhəmməd oğlu Məmmədov!


TƏQVİM / ARXİV