adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

BİZİM ERA BAŞLAYIRMI

İRADƏ TUNCAY
103321 | 2009-02-21 07:16

Hər dəfə özümə söz verirəm ki, yazımı həftənin əvvəli yazım ki, həftə sonunda qaçhaqaça düşməyim, alınmır. Müxtəlif səbəblərdən alınmır, ya tənbəllik edib günü günə satıram, ya da mövzu olmur, hadisə olmur, təqvimdə önəmli tarix olmur. Bıçaq sümüyə dirənəndə (çox şişirtdim deyəsən) hardansa bir ideya gəlir və yazı yazılır. Yəni hər şeyin öz vaxtı var. Həmin o vaxt yetişməsə nə mövzu yaranır, nə ideya, nə də heç nə. Vaxt isə ümumiyyətlə nisbi olduğundan... Məsələn, deyək ki, bizim indi təqvim tarixi kimi götürdü- yümüz vaxt hesablanır İsa peyğəmbərin doğulduğu vaxtdan, yəni sivil ölkələrdə belə qəbul olunub. Amma alimlərin fikrinə görə, Məsihin Yer üzünə gəlişindən altı əsr sonraya qədər insanlar onun erasında (oxu - Xristian erası) yaşadıqlarından heç xəbərdar olmayıblar belə. Həmin bu xronologiya ideyası VI əsrdə yaşamış Dianisi Ekziquus adlı rahibə məxsusdur. O, həmin hesablamanı Məsihin Məryəm Ananın bətninə düşdüyü tarixdən başlayır - 25 martdan. Ona qədərki tarixi Məsihdən əvvəlki (AC) tarix adlandırır - Ante Christum. Sonrakı tarix Anno Domini (AD) - yəni İsanın gəlişi ilə başlanan tarix kimi götürülür. İlahi əsrin birinci ili. Burda sıfır rəqəmi yoxdu. Özü də dediyim kimi, bu tarixi İsadan altı əsr sonra qəbul ediblər. Ümumiyyətlə isə indi həsədlə baxdığımız Xristian dünyasında Xristian erası (oxu - bizim era) anlayışının mənbələrə keçməsi üçün bir xeyli vaxt lazım gəlib. Bəs əvvəllər tarixi necə hesablayıblar? O dövr üçün hamının öyrəşdiyi sistem hakimiyyətlərin və sülalələrin taxt-tac dövründən sayılırmış. Qədim yunanlar üçün Olimpiadaların başlandığı, keçirildiyi vaxtla hesablanıb. Babildə vaxt Nabonassar adlı hakimin erası ilə (hər halda Ptolomey belə yazır), Makedoniyalı Selevk sülaləsindən olan Nikatorun Babil işğalından sonra isə Selevk erası ilə hesablanır. Qədim Roma üçün tarix "Əbədi şəhər"in təməlinin qoyulduğu vaxtdan başlanır. İspaniyada vaxt "Sezarlar" erası ilə hesablanır. İslam aləmində isə tarix qeydsiz-şərtsiz Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti ilə başlayır. Və neçə əsrlərdi dəyişməz olaraq qəbul olunur. Xristan və yəhudilər ümumi başlanğıc kimi dünyanın yarandığı ili - Annus Mundi tarixini qəbul eləsələr də, müxtəlif mənbələrdə bu ili fərqli rəqəmlərlə göstərirlər. Məsələn, Bizansdakı pravoslav kilsəsi həmin dövrü miladdan öncə 5509-cu ildən hesablayır. Yəhudilər miladdan öncə 3760-cı il tarixinə üstünlük verirlər. İsgəndəriyyənin Qibti kilsəsi (m.ö.) 5500-cü ili əsas sayır. Anqlikan kilsəsi isə (m.ö.) 4004-cü ildən başlayır tarix saymağa. Gördüyünüz kimi, vaxtın dəqiq vaxtı yoxdur. Hərə istədiyi kimi ölçür, öz arşını ilə.
   
   Təbii ki, elmin inkişafı ilə klassik şərq və xristian xronologiyalarını nizamlamaq cəhdləri də yaranır. İntibah dövrünün parlaq simalarından olan İosif Skaliger "Vaxt islahatı" əsərində qəbul olunmuş ehkamlara protestant yanaşması ilə seçilir və bu əsər Papa XIII Qriqorinin təqvim islahatları ilə eyni vaxta təsadüf edir. Həmin vaxtdan vaxtın standartlaşdırılması və nizamlanması prosesi başlayır. Bu gün işlətdiyimiz Qriqorian təqvimi katolik Avropasında 1585-ci ildən qəbul olunub. Amma uzun müddət protestant və pravoslav ölkələr köhnə Yulian təqvimindən istifadə ediblər. Köhnə və yeni təqvim davaları XX əsrin başlanğıcına qədər davam edib və kefləri istədikləri kimi də işlətməyə başlayıblar. Yeni stil Şotlandiyada 1700-cü ildən, İngiltərədə 1752-ci ildən, Rusiyada isə 1918-ci ildən sonra qəbul olunub. İki təqvimin mövcud olduğu dövrdə bütün beynəlxalq yazışmalarda ikili tarixin qeyd olunması vacib şərt imiş. Məsələn, 1-12 mart 1734-cü il. Və ya 24 oktyabr-7 noyabr 1917-ci il (Oktyabr inqilabının tarixi). Avropa tarixindəki bu qarışıqlığa Lenin son qoyur, 1918-ci ildə yeni təqvimi qəbul eləməklə. Ümumiyyətlə isə tarixi özündən başlamaq cəhdində bulunan rejimlər də, hakimiyyətlər də çox olub. Böyük Fransa İnqilabından sonra Konventin qərarı ilə inqilabi prinsiplərə əsaslanan yeni təqvim yaradılır. Həmin qərara görə, Respublika erasının birinci ili 1792-ci ilin 22 sentyabrından başlayır. İl 30 günlük 12 aya bölünür, hər ay 3 dekadaya ayrılır, həftələr və bazar günləri ləğv olunur. Aylar yenidən adlandırılır. Məsələn, Vandemyer, Nivoz, Vantoz, Jerminal, Termidor və s. Bu tarix qüvvəyə minəndən sonra, tutalım, 1794-cü ilin 1 yanvarı belə hesablanıb - ikinci ilin ikinci dekadasının 12 Nivozu. (Gəl baş çıxart). Respublika təqvimi 14 il rəsmi olaraq qüvvədə qalsa da səfirliklər, konsulluqlar Qriqorian təqvimindən istifadə etmək məcburiyyətində idilər. Dünya inqilabi təqvimi qəbul etmirdi. Fransızlar 1806-cı ildə yenidən köhnəyə qayıtdılar.
   
   Eyni yolu ruslar da getmək istəmişdilər - 1918-ci ildən 1940-cı ilə qədər həftənin günləri adla yox, sıra nömrəsi ilə sayılır, yeddi günlük həftə anlayışı ləğv olunur və illər də "inqilabdan sonra" anlayışı ilə əvəz olunur. Təbii ki, bu da işləmir. Yenidən köhnəyə qayıtmaq lazım gəlir. Lap yaxın tariximizdə qonşu Türkmənistanda belə bir eksperiment aparılmışdı. Türkmənbaşı ayların adını dəyişdirib özünün, qohum-əqrəbasının, hətta atının da adını vermişdi aylara. İşləmədi. Təzə prezident köhnəyə qayıtdı...
   
   Məlum məsələdir ki, tarixə əl gəzdirmək cəhdləri baş qatmaq məqsədi daşıyır və şəxsi mənafe güdürsə, vətəndaşlıq hüququ qazana bilmir.
   
   Belə baxıram ki, təqvim məsələlərində İslam aləmi daha həmrəy və həmcins olub. Və avropalılar zaman-zaman əl uzadıb İslam ölkələrini qarışdırmasaydılar indi bütün sahələrdə möhtəşəm birlikdən danışmaq olardı.
   
   Yeri gəlmişkən, "Bakı İslam mədəniyyətinin paytaxtı" adlanan tədbirdəki konserti izlədiniz, ya yox, bilmirəm - amma mənim çoxdan belə qürur hissi ilə, vəcdlə televizora baxdığım olmamışdı, çoxdan. Konsert bitənə qədər nəfəs çəkmək istəmirdim. Birinci dəqiqədən sona qədər duyğularımın yaxşı mənada alt-üst olduğunu hiss elədim. Dustaq etdiyim, üstünü qapatdığım axının fırtınaya, tufana dönüb nəyisə vurub dağıtmaq istədiyini hiss elədim. Deməli, kiçik müddət ərzində çox böyük mətləbləri yada salmaq olarmış, deməli, özünü yenidən insan hiss eləmək üçün od kimi, su kimi köhnələrə qayıtmaq vacib imiş. Nə qədər gözəl, səviyyəli, professional tamaşa idi! Çox uzaq yox, biz yaşdakı insanların görüb-tanıdığı sənətkarların miras qoyub getdikləri ilə böyük-böyük salonları heyrətə gətirmək olarmış. Mübaliğəsiz-filansız. Hər zaman Şərqdəki bütün ilklərə imza atmış bu balaca məmləkətin dünyanı zənginləşdirəcək qədər istedadlı fərdləri olub. Bu məmləkət hər vaxt fərdləri ilə güclü olub. Sadəcə son illər xaricdən gəlmə təcavüz, efirdəki genosid siyasəti bizi içimizdə büzüşməyə məcbur eləmişdi. Cürbəcür proyektlərin, eksperimentlərin poliqonuna çevirmişdi. Deyəsən, yenidən silkələnib özümüzə qayıdırıq axı?!
   
   Doğrusu, tamaşaya canlı baxıb mənə tərifləyən yoldaşımın sözlərini qulaq ardına vurdum (mənə dəvətnamə göndərməmişdilər, amma zalda boş yerlər çox idi), düşündüm ki, yəqin yenə çılpaq gözəl ariyası ilə, güldodaqlı bacılar duetləri ilə, səsi batıb əldən düşmüş qocalar triosu ilə, meyxana deyənlər kvarteti ilə şəbehə baxacam. Amma tamaşanın son akkordlarına heyran-heyran qulaq asıb içimdəki fəxarəti pozmamaq üçün televizoru söndürürəm. Biz varıq, biz ölməmişik! Şərq də, Qərb də elə bizim məmləkətdə birləşir. Biz Baxı, Ştrausu, Puççinini elə muğamlarımız, aşıq musiqimiz kimi anlayıb ifa edə bilirik. Bütün bunlar bizim həyatımızda olub, sadəcə yada salmaq lazımdı. Üzeyiri, Qaranı, Fikrəti doğan xalq çox mətləblərə öncüllük edə bilər, ən azından Şərqdə - İslam aləmində. Mədəniyyət mərkəzi anlayışına da eləcə.
   
   Tədbirin səhərisi günü işdə yoldaşlarımla təəssüratlarımı bölüşürəm. Sakitcə qulaq asan Ceyhun Musaoğlu:
   
   - Elə bunu yazın, - deyir, - yazının başlığını da belə qoyun: "Bizim era başlayır".
   
   Düşünürəm ki, yaxşı fikirdi. Evə gələndən sonra o yan-bu yana fırlanıram, vaxt keçir, heç nə yazmıram, səhər vaxt daralanda indi sizin oxuduqlarınızı yazıram. Vaxt haqqında. Bizim və sizin vaxtımız haqqında. Tərəqqi dövrü başlayırsa, biz həmişə fikir, söz tariximizlə də güclü olmuşuq. Bəlkə yazı-pozu adamlarına da bir nəzər salan tapılacaq. Ədəbiyyata, Sözə önəm verən də tapılacaq. Yazılan qalır, pozulmur. Hər hökmdarın tarixdəki yeri həm onun apardığı daxili, xarici siyasətlə, həm də mədəniyyət siyasəti ilə də ölçülür. Mən vaxtımı sərf edib bəzi xatırlatmalar edirəm, siz vaxtınızı sərf edib oxuyursunuz.
   
   Anno Domini - ilahi əsrin başlanğıcı. Yəni bizim era! Necə bilirsiniz, cənablar, bizim era başlayırmı?
   
   
   
   P.S. Birinci dəfə Anno Domini ifadəsinə uzun illər əvvəl Anna Axmatovanın kitabında rast gəlmişdim. Düzünü deyim ki, o vaxt bu sözün tərcüməsini bilmirdim. Axtardım, aradım, tapdım. Belə getsə, latın dilini öyrənəcəm.

TƏQVİM / ARXİV