adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Iyun 2020 10:35
143204
LAYİHƏ
A- A+

Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti

(əvvəli ötən saylarımızda)

3 iyul 1994-cü ildə erməni əsirliyində olan Azər Aslanov adında "Sadval"çı bir ləzgini Bakıda metroda təxribat törətməyə təhrik edən Zori Balayan 13 adamın ölümünə, 42 adamın yaralanmasına səbəb oldu. Zori Balayana qarşı cinayət işi açıldı və axtarış üçün İnterpola verildi. O, 2005-ci ildə İnterpol tərəfindən 26 may 2005 -ci ildə İtaliyanın Brindzi şəhərində həbs edildi və 5 saatdan sonra sərbəst buraxıldı. Azərbaycan Respublikasının Baş Prokurorlugunun Zori Balayanın axtarışı ilə bağlı Rusiya Federasiyasına etdiyi rəsmi müraciətlər nəinki nəzərə alınmadı, hətta, 20 aprel 2010-cu ildə Rusiya Federasiyası ərazisində belə bir insanlıq düşməninin axtarışına xitam verildi.

Avropada peçeneqlərin və qıpçaqların, Amerikada isə hinduların (ünsiyyət zamanı da bir çox hindu tayfalarının mənşəcə türk olduğu bilinir-V. As) kökünü qazıyan xristian dünyası indi "tükofobi", "islamofobi" şüarı altında Qafqazın, Sibirin türk və qeyri-xristian xalqlarının axırına çıxmaq yolunu tutmuşdur. Onlar məhz bu nöqtədə birləşib türkü bir etnos kimi Qafqaz coğrafiyasından silməyə xidmət edən elmi-tədqiqat işlərini dəstəkləyir, "Qafqaz Albaniyası" istilahını siyasi məqsədləri üçün işlədir, tarixin qırxıncı otağının qapısındakı sehirli qıfılı açmaq üçün erməni açarından istifadə edirlər. Erməni açarı isə bu qıfıla düşmür. Onlar deyirlər ki, 26 alban tayfasından heç biri türk olmamışdır, lakin ağızlarının içindəki dil, həyat və düşüncə tərzləri, məişət və mətbəx oxşarlıqları isə bunun əksini deyir.

Bir qayda olaraq bir çox qərəzli erməni, rus və Avropa mənbələrini əldə bayraq edən bu adamlar

Ə.Dəmirçizadənin "50 söz" (Bakı, "Gənclik", 1968) kitabçası ilə tanış olsaydılar, "Alban-ağvan" sözlərinin etimoloji açılışında (Bax. Orada: səh.19-29) özlərini o boyda dolaşıqlığa salmazdılar. Əgər onlar İqrar Əliyevin "Dağlıq Qarabağ: tarix, faktlar, hadisələr" (İqrar Aliev. Naqornıy Karabax: istoriya, faktı, sobıtiya. Baku, "Elm", 1989) broşürünə (Bax. Orada: str. 27), Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" (Bakı, Azərnəşr, 1989) monoqrafiyasına göz gəzdirsəydilər (Bax. Orada: səh. 94-100), erməni kilsəsinin səyi nəticəsində bir çox alban etnoslarının VIII əsrdən etibarən etnik mənsubiyyətlərini itirə-itirə qriqoryanlaşıb erməniləşməsi prosesindən xəbərdar olardılar. Bunlar da onları razı salmadığı halda, Süleyman Əliyarlının "Tariximiz açıqlanmamış mövzuları ilə" (Bakı, "Mütərcim", 2012) məqalələr toplusuna müraciət etmiş olsaydılar, onda müfəssəl tarixi izahlarla yanaşı "Qazax, qırğız və türkmən xalqlarının keçmiş tərkibində "alban" adını daşıyan konkret türkdilli soy olmuşdur" cümləsinə (Bax. Orada: səh. 376-378, 390-391, 395-402) rast gələr, daha sonra "Alban" sözünü orta əsrlərdə əvəz etmiş"Aran" sözü də türk mənşəlidir" (Yenə bax. Orada:səh.398-399) aksiomu qarşısında qalardılar. Onlar təvazökarlıq edib, 1702-1722- ci illərdə Qanzasarda alban patriarx taxtında oturan Yesai Həsən Cəlalyanın "Alban ölkəsinin qısa tarixi"(Bakı, "İşıq", 1992) xronikasını, Mirəli Seyidovun "Azərbaycan mifik təfəkkürünün qaynaqları" (Bakı, "Yazıçı", 1983) və "Azərbaycan xalqının soykökünü düşünərkən" (Bakı, "Yazıçı", 1989) monoqrafiyalarını, Abdurrahman Örsün "Anadoluda Haçın-Çay ermenileri: kökenleri, faaliyetleri. Saimbeyli (haçın) çevre tarihine giriş" (1.baskı. Adana, temmuz 2006) monoqrafiyasını, Vaqif Aslanın "Şəkinin tarixi yer adları və onların sözaçımı", "Kiş kəndi", "Azərbaycan-Norveç mifik düşüncə tərzi: müqayisə və paralellər" (Bax. Vaqif Aslan. Seçilmiş əsərləri 4 cilddə. 4-cü cild.Bakı, © "Təhsil" TPM, 2010. Səh.11-17, 17-51, 495-536) adlı məqalələrini oxusaydılar, daha düzgün mövge tutmaq imkanı əldə edərdilər.

Onlar xristiantəəssübkeşliyi etməsəydilər və oxuduqlarını yaxşı oxusaydılar, alban kilsəsini erməni Qriqoryan kilsəsinin təsirindən qurtarmaq üçün diofizitliyi qəbul etdiyini elan edən alban katolikosu Nerses Bakuru (Nərçə Bəkiri-V.As. O, 689-705-cı illərdə alban katalikosu olmuşdır) və alban hökmdarı Cavanşirin (təv. 616. hökm. 642-681) qardaşı Varaz Tridatın (681-705) arvadı çariçə Sparamanı erməni katolikosu I İlyanın (703-717) yazdığı məktublar əsasında 705-ci ildə xəlifə əmirəlmöminin II Yezid Əbdülməliyin əmri ilə Bərdədə zəncirlətdirilib Bağdada gətirildiyi və Nerses Bakurun kilsə kitabxanasının Bərdəkür yaxınlığında yandırılıb Tərtər çayına atdırildığı (Bax. Moisey Kalankatuklu. Albaniya tarixi. Akademik Ziya Bünyadovun tərcüməsində. Bakı, "Elm", 1993. Səh. 177) faktı ilə qarşılaşardılar. Alban kilsəsinin erməni kilsəsinə tabe etdirilməsi digər alban tayfaları kimi xristian türklərin, xüsusi ilə qıpçaqların Qarabağ coğrafiyasında qriqoryanlaşmasına zəmin yaratmışdır.

Məhz bu məqamda Oğuz türkü ilə Qıpçaq türkü genetik birlik və dini ayrılıq zəminində münaqişələrə cəlb edilmişdir. Qriqoryanlaşmış qıpçaq türkü nə qədər xristianlaşsa da, yaddaşının genetik kodları qismən də olsa, qorunub saxlanmışdır. Texniki vasitələrin "Qara qutu"su kimi insanın da "Qara qutu"sunu açıb oxumaq mümkün olsaydı, onda bir çox məsələlər su içmək qədər asan olardı.

Qriqoryanlaşmış qıpçaqların Azərbaycan dilini asanlıqla qavramaları da, bu dildə danışmağa meylli olmaları da, rastlaşanda "hayes, türkes" sualını vermələri də genetikdir. Onlar verdikləri suala "türkes" cavabını alandan sonra özlərinin də "türkes" olduqlarını etiraf edə bilmədiklərinə görə, sanki, hər şeyə qarşı üsyan edirlər.

Əgər bu belə deyildirsə, onda nəyə görə dili ayrı, dini ayrı bir millət yad millətin mahnılarını oxumaqdan, çalğı alətlərində çalmaqdan, çalınan havalarına süzməkdən, süfrəsinə qoyulan yeməkləri və şəxs adlarını mənimsəməkdən özünü saxlaya bilməməlidir? Necə ola bilər ki, erməni xristian mətbəxinə türk-müsəlman xörəkləri milli xörəklər kimi daxil olur? Axı, dünya xristian mətbəxinın zənginliyi, xristian şəxs adlarının çoxluğu şəraitində buna nə ehtiyac vardır? Ona görə ki, onlar elə bu məqamlarda özlərini tapırlar. Bunu ancaq qriqoryanlaşmış qıpçaq türkü edə bilər. Edir də.

Eşitdiyimə görə, ABŞ-da küçənin bir tərəfində bir qrup erməni (əslində Qıpçaq türkü-V.As.)"Sarı gəlin" mahnısını oxuyurmuş. Bunu görən bir qrup azərbaycan türkü də (əslində Oğuz türkü-V.As.) küçənin digər tərəfində dayanıb "Sarı gəlin" oxumağa başlayır. Sonra da "Sarı gəlin" üstündə Oğuz-Qıpçaq mübahisəsi düşür. Oriqoryanlaşmış qıpçaqların bir qismi müsəlmanlaşmış oğuzlar ilə ortaq mətbəx, ortaq ad, ortaq yurd davaları da (Dilimizdəki "ad batırıb yurd itirən" ifadəsinə diqqət edin!-V.As.) genetikdir. Onlar, sadəcə olaraq, dini ayrılıq nəticəsində özləri özlərinə qənim kəsilənlərdir. Axı, eyni bir qövmün özünə qarşı yadlaşması və özgələşməsi soykökə vurulan ən dəhşətli zərbədir. Qarabağı "Ərsak-Arsak" və ya "Qarabağ-Qarakəndir-Qaraçatı - Qarasicim - Qaraip - Qarasap" kimi etimoloji təhlilə cəlb etsən də-etməsən də, onu türkcə izah etməyə məcbursan.

Bəs xristian dünyasını türkə qarşı düşmən ruhda kökləyən nədir? Axı, nəyə görə Misirin Sina dağında Müqəddəs Katarina məbədindən tapılan palimsestdəki bircə sözü - "marakesunukh- bəlaları görmək" sözünü oxuya bilmək (Bax. Tur Heyerdal. VII kitab. Səh. 167), "YS - KS" abreviaturasını "Yesus Kristos" kimi şərh etməyi bacarmaq (Bax. Tur Heyerdal. VII kitab. Səh. 173) elmi nailiyyət sayılmalı, Mingəçevirdə tapılan və I-IV əsrlərə aid edilən gil şamdan üzərindəki yazını necə var eləcə - "B/enqyu /Tanrı /İ/osei /K/risti /Ö/zyun bizi sayaqı yüz kılasan.

(ardı növbəti sayımızda)

Vaqif Aslan

AYB Şəki bölməsinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.