adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Iyun 2020 14:27
41410
LAYİHƏ
A- A+

Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti

11 mart 1985-ci ildən 24 avqust 1991-ci ilədək Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov. İKP MK-nın) Baş Katibi kimi, 15 mart 1990-cı ildən isə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) xalq deputatlarının növbədənkənar III qurultayında SSRİ-nin ilk prezidenti seçildiyindən həm də 25 dekabr 1991-ci ilədək prezident kimi fəaliyyət göstərən Mixail Sergeyeviç Qorbaçov (1931) hakimiyyətə gəldiyi ilk günlərdən "Aşkarlıq və demokratiya", "Plüralizm", "Yenidənqurma" şüarları ilə ağılları çaşdırmaq, gözləri qamaşdırmaq yolunu tutdu. Sov. İKP MK-nın 1985-ci il aprel plenumunda elan edilən "Aşkarlıq və demokratiya", "Plüralizm" və "Yenidənqurma" pərdəsi arxasında baş verən hadisələr insanların dövlətə və siyasətə olan inamını zədələdi. Ədalət adlı tərəzinin əyilməsi "Qorbaçov aşkarlığı"nın qaranlığında çox aydınca göründü.

SSRİ-nin dağıdılmasına yönəldilən "Qorbaçovcasına aşkarlıq, plüralizm və yenidənqurma" millətlərarası münasibətlərə də yenidən sağalmaz yaralar vurdu. Aşkarlıq qaranlığa, açıq söhbət isə t?te-?-t?te danışığa çevrildi. Bundan sonra xristian ölkələrin dəstəyi, Qorbaçovun imzası və sovet ordusunun silahlı müdaxiləsi ilə Azərbaycan türkləri 1988-ci ildə işğalçı Ermənistan Sovet Sosialist Respublikasından, əslində isə tarixi ata-baba torpaqlarından vandalcasına qovuldular. Həyəcanlanmış Azərbaycan türklərinə Qorbaçov "səbrli və təmkinli olmaq" barədə tövsiyyələr verdi və Qorbaçovun fitvası ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi qaldırıldı. Bu dəfə dünyanın xristian ölkələrinə arxalanan Qorbaçov ədaləti bərpa etmək əvəzinə Azərbaycanı susdurmaq üçün müsəlman türklərin genosid edilməsi fərmanına qol qoydu. Dünyanın xristian ölkələri Azərbaycanda törədilən tarixi 20 Yanvar faciəsini türk-müsəlman aləmindən alınan intiqam kimi qiymətləndirdi. Bir sözlə, Qorbaçovdan aldığı estafeti bayraq edib başı üzərinə qaldıran Boris Nikolayeviç Yeltsin (1931-2007) 30 yanvar 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM-ə) üzv qəbul edilən Azərbaycanın türk-müsəlman əhalisinin Dağlıq Qarabağdan tamamı ilə çıxarılmasına, bir milyondan çox azərbaycanlının qaçqın və köçkün halına düşməsinə, minlərlə əli silahsız və günahsız insanın əsir alınmasına, nəhayət, bəşər tarixində ən böyük qətliamlardan biri olan Xocalı faciəsinə (26 fevral 1992) səbəbkar oldu.

Göründüyü kimi Azərbaycanı ATƏM-ə qəbul edən xristian ölkələr 25 gündən sonra onunla əməkdaşlıq şəraitində onun təhlükəsizliyini görməzlikdən gəldilər. Azərbaycanın Dağlıq Qarabağı bütövlükdə, Aran Qarabağı isə bir neçə rayonu ilə birlikdə rus və erməni ordusunun hərbi müdaxiləsinə və işğalına məruz qaldı. 24 mart 1992-ci ildə işğal edilmiş Azərbaycan torpaqları hesabına xristian coğrafiyasını genişləndirmək həvəsi ilə alışıb yanan xristian ölkələr "Azərbaycanın ərazi bütövlüyünü tanımaq" adı altında ATƏM-in Minsk qrupunu yaratdılar. 5-6 dekabr 1994-cü ildə Budapeştdə keçirilən zirvə toplantısında Minsk qrupuna iki həmsədrin təyin edilməsi qərarı verildi. 1994-cü ildə Finlandiya və Rusiya ilk olaraq ATƏM-in Minsk qrupuna həmsədr oldular.

Rusiyanın təkidi ilə üç rus, iki erməni,yəni, beş xristian, bir qırğız və bir azərbaycanlı olmaqla iki türk-müsəlman 5 may 1994-cü ildə Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəsi təmin edəcək "Bişkek protokolu"nu imzalamaq mərasiminə toplaşmalı oldular. MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeykonun, Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirovun, MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotovun, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyanın, qondarma Dağlıq Qarabağ Respublikası Milli Məclisinin sədri Karen Baburyanın, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulovun və Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilovun (8 yanvar1946- 29 sentyabr 1994) iştirak etdiyi imza mərasimi narazılıqla başa çatdı. Çünki Bişkek imza mərasiminə qatılanların sırasında Dağlıq Qarabağın Azərbaycan İcmasının (DQAİ-nin) rəhbəri, Şuşa rayonu İH başçısı Nizami Bəhmənovun adı yox idi. Yəni, Dağlıq Qarabağda Azərbaycan icmasının varlığı qəsdən danılmışdı. Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov bu səbəbdən "Bişkek protokolu"na imza atmakdan imtina etdi. Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov isə saymazcasına "siyasi müraciət və sülhə çağırış" adlandırdığı bu sənəddə "Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti" olmadığını söylədi. Kazimirovun təbirincə desək, anlaşılmayan siyasi müraciət və başa düşülməyən sülhə çağırışdan ibarət olan, üstəlik hüquqi xarakter daşımayan "Bişkek protokolu"nu imzalamaqdan imtina edən Afiyəddin Cəlilov ATƏM-in Minsk qrupunun iki həmsədrindən biri olan Rusiyanı çətinliyə saldı. Lakin bununla belə, Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilovun imzalamadığı "Bişkek protokolu"nun əsli Moskvaya göndərildi, surəti isə Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov tərəfindən Bakıya gətirildi. Üç nüsxədə-rus, erməni və Azərbaycan dillərində hazırlanan "Bişkek protokolu" Azərbaycan Milli Məclisinin spikeri Rəsul Quliyev və DQAİ-nin rəhbəri, Şuşa rayonu İH başçısı Nizami Bəhmənov tərəfindən imzalandı, bu sənəd 12 may 1994-cü ildə qüvvəyə mindi. Aradan dörd ay keçər-keçmz Azərbaycan beynəlxalq hüquq mövvqeyindən geri çəkilməyən Afiyəddin Cəlilov qanlı bir sui-qəsdin qurbanı oldu.

1995-1996-cı illərdə İsveç və Rusiya ATƏM-in Minsk qrupunun həmsədrləri oldular. 1 yanvar 1995-ci ilədək əldə olunan yenilik "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi" adındakı "Müşavirəsi" sözünün dəyişdirilib "Təşkilatı" sözü ilə əvəz edilməsindən, yəni, ATƏM-in ATƏT-ə (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı"na) çevrilməsindən ibarət oldu. 1 yanvar 1997-ci ildən isə ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupuna həmsədrlik etdilər. Onların həmsədrliyi ilə fəaliyyət göstərən Minsk qrupu tutuquşu triosu olaraq Qorbaçovun "səbrli və təmkinli olmaq" çağırışını, "torpaqları işğal edilsə də, onu sülh ilə həll etmək" doktrinasını bu günə qədər təkrarlamaqdan başqa bir şey etmədi.

Şahnazaryanlı, Aqanbekyanlı, Durmuşyanlı, Dəmiçiyanlı, Köçəryanlı (Bunu Qoçəryanlı, Keçəryanlı eləsən də-eləməsən də, özündən əvvəlki və sonrakı adlar kimi türkcədir ki, türkcədir), Balayanlı, Paşinyanlı ermənilərin xristian dünyasının fitvası ilə Azərbaycana qarşı etdiyi siyasi hiyləgərliklərbəşəri əxlaqa, etik normalara hörmətsizlikdən başqa bir şey olmadı. Ən son hadisələr baxımından götürsək belə, Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Paşinyanla 29 sentyabr 2018-ci il Düşənbədə MDB Sammiti çərçivəsində , 3 oktyabr 2019-cu il Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, 12 oktyabr 2019-cu il Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində olan görüşləri qarşı tərəfin etinasızlığı ilə qarşılandı. Ermənistanın baş naziri Paşinyanın "Qarabağ Erm?nistanın hissəsidir və nöqtə" bəyanatı qarşılığında Azərbaycan prezidenti İlham Əliyevin qətiyyətlə dediyi "Qarabağ tarixi, əzəli Az?rbaycan torpağıdır. Beləliklə, Qarabağ Az?rbaycandır və nida işarəsi" bəyanatı da türk-müsəlman qanı içib sərxoş olanları ayıltmadı ki, ayıltmadı. 21 may 2020-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyanın işğal etdikləri Şuşaya gəlişi və bu şəhərdə Dağlıq Qarabağın yeni seçilən "prezidenti" Araik Aratunyunanın andiçmə mərasiminin keçirilməsi ATƏT-in Minsk tutuquşu qrupu fəaliyyətinin son nəticəsi kimi başa düşülməlidir. Elə buna görə də Azərbaycan XİN vasitəçilərə bu iki sualla müraciət etmişdir:

1. Həmsədrlər Ermənistan hakimiyyətinin işğal altındakı Şuşada keçirilən tədbiri haqqında nə düşünürlər?

Yəqin ki, bu suala tutuquşu triosu birağızdan belə cavab verəcəkdir:"Səbrli və təmkinli olmaq lazımdır. Hara tələsirsiniz? Hələ ki, düşünməyə vaxtımız vardır."

2.Erməni separatçıları həmsədrlərin hazırladıqları planların əksinə olaraq Şuşada, Kəlbəcərdə və Laçında məskulaşdırma siyasətinin qarşısını niyə almırlar? Axı bütün həll planlarına görə bu bölgələr boşaldılmalıdır. Bax. F.Ağayeva. Son xeber.az Tarix: 22 may 2020.

Çox güman ki, bu sualın da cavabı ATƏT-in Minsk tutuquşu qrupunun yadından çıxmasın deyə yuxuda da təkrarladığı söz yığınından ibarət olacaqdır: "Münaqişə sülh yolu ilə həll edilməlidir, amma vaxtı bilinmir."

İşğal edilənlə işğal edənin fərqinə vara bilməyən tutuquşu triosu- ATƏT-in Minsk qrupu hələ də eyni nəğməni təkrarlamaqdadır. Təkcə bizim deyil, bütün bəşəriyyətə qarşı edilməkdə olan sui-qəsdlərin qarşısı alınsın deyə Qərbin "super personu" ilə Şərqin "kamil insanı" əl-ələ verməlidir. Elə bu səbəbdən də bu yazını qələmə almağı özümə borc bildim. Axı, insan haqlarından danışa-danışa insan haqlarını tapdalamaq dünyanı bədbəxt günə qoymaq deməkdir. Əfqanıstanda, İraqda, Liviyada, Suriyada və digər coğrafiyalardada oynanılan oyunlar od ilə oynamaqdan da qorxuludur. Həm də buna görə düşüncələrimi yazmağı qət etdim.Qitələr və qütblərarası baxışlara qısa bir nəzər salmaq istədim.

(ardı növbəti sayımızda)

Vaqif Aslan

Azərbaycan Yazıçılar Birliyi

Şəki bölməsinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.