adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Iyun 2020 16:23
51334
LAYİHƏ
A- A+

MUĞAM DA QURANİ-KƏRİM KİMİ SİRLİDİR

(əvvəli ötən saylarımızda)

- Dədə, yeri gəlmişkən, el-oba söhbəti elədin yadıma düşdü. Sizə bu titulu, yəni "Dədə" adını ilk dəfə kim verib? Birinci, kim sizə "Dədə" deyib?

- Allah Səyavuş Sərxanlıya rəhmət eləsin. Çox gözəl insan idi. Tanıyırdın onu?

- Əlbəttə. Yaxın münasibətim də olub rəhmətliklə.

- Dədə sözü ən çox aşıqlarda olur. Dədə Ələsgər, Dədə Şəmşir və ayrıları.

Bunun da səbəbi odur ki, aşıqlar həmişə elin-obanın içində olur, kasıb toylarını pulsuz çalıb-oxuyur. Yəni camaatın dərdinə-sərinə qalır. Belə pis çıxmasın, mən də heç vaxt heç kimə "toy pulu" oxumamışam. Nə veriblər, min bərəkət demişəm. İnan Allaha, bax, sənin də, mənim də canım üçün, o qədər pulsuz toylar oxumuşam ki. Hətta tar çalanım Mahmud arada zarafat eliyif ki, Dədə, bu toyda pul olajax, yoxsa yox? Demişəm puldan gözünü çək. Digər tərəfdən, xalq məni urvatlı tutur, mənə pul xarclayıb, mən də o pulu xalqa qaytarmışam. Mən ömür boyu pul yığmamışam. Evim olub, uşaqlarım dolanıb, maşınım olub, heç kimə əl açmamışam, artıq tamahlıq eləməmişəm.

Qazanmağı da bacarmışam, xarclamağı da. Qohum-əqrabama doyunca əl tutmuşam. Halal xoşları olsun. 1972-ci ildə köhnə Şamxorda, indiki Şəmkirdə həmin o rəhmətlik Siyavuş Sərxanlıyla bir məclisdə idim. Gecənin bir yarısı rəhmətlik maa dedi ki, Süleyman müəllim, anam ağır yataqdadı, bu günlük, sabahlıqdı, gedək ona bir baş çəkək. Gecə yarısı durub gəldik bunların kəndinə.

Sərxanlı kəndi də dərənin dibindədi. Gəldik, gördüm arvadın vəziyyəti həqiqətən ağırdı. Çıxdım həyətə ətrafa baxdım, Qoçəhmədli yadıma düşdü. Özümdən asılı olmadan bir "Segah" oxudum. Özü də bu sözlərlə:

Ya Rəbb, sənə and verirəm Peyğəmbərə,

Rəsulun məzarı xatirinə sən əfv et,

Füzulini - mən burda Siyavuşun anasını nəzərdə tuturdum və deyirdim:

Əfv et Füzulini, keç günahından,

Çox günah etmiş özü bilmədən

- sonra qayıtdıq otağa, gözlərimizə inanmadıq. Bayaqdan can üstə olan ana durub oturmuşdu yerin içində.

Mənim sidq ürəklə Allaha üz tutmağım o ananın ömrünü 3-4 il uzatdı.

Bax, həmin gecə Siyavuşun anası soruşdu ki, ay oğul, bu qonaq kimdi? Siyavuş da yarı zarafat, yarı ciddi dedi ki, dədəmdi, gəldi səni xilas elədi. Bax, dədə söhbəti ordan başladı. Onda Siyavuş mənə bir şeir də yazdı:

Ya Rəbb, bu nə səsdi, yandı ağız, dil,

Həsrətin yolunu illərə saldı.

Sökülən bir sinə, tikilən bir ev

Adımı, sanımı çöllərə saldı.

Arazın yolunu daşdan eylədi

O tayı, bu tayı huşdan eylədi.

Durna qatarını köçdən eylədi,

Göylərdən endirib düzlərə saldı.

Gözümü yaş boğdu, dağları duman,

Ömürdən keçdi ay dad, ay aman.

Laçın Siyavuşu Qartal Süleyman,

Dağlardan endirib çöllərə saldı.

Bax, beləcə Dədə söhbəti başladı. 40 ildi bu adla yaşayıram. Kim də deyir pul havax olajax, deyirəm torpaxlarımız qayıdanda. İndi borcumuz el-obanın toyunu şenləndirməkdi.

- Dədə, sənət yoldaşlarınızdan ən çox kimə ürək qızdırmısınız, kimə sirr vermisiniz?

- Ən birinci rəhmətlik İslam Rzayevə. Rəhmətlik məni 3-cü 4-cü kursda oxuyanda getdiyi toylara özüylə aparardı.

Deyərdi ki, Sülü, getdik Maştağaya, getdik Nardarana. İslamdan sonra Yaqub Məmmədovnan yoldaşlıq eləmişəm.

Ölənəcən qoymamışam əlini cibinə salsın, çaypulu versin. Düzdü, rəhmətlik bir az simic idi, amma onun səsindən ötrü ölürdüm. Atam da çox istiyirdi rəhmətdiyi. Kəndimizdə çox olmuşdu. Saa bir şey də deyim, qoçəhmədlilər pul xarşdıyandı.

Rəhmətlik Seyid maa deyirdi ki, Qoçəhmədli toylarından çuvalnan pul gətirirəm. Bu camaat yaxşı oxuyana yaxşı da pul xarşdıyır.

- Dədə, mən bilirəm ki, sənin oğlun Cümşüd də oxuyur. Onun gələcəyini nə təhər görürsən? Süleyman ola biləcək?

- Yox, heç vaxt ola bilməyəjək. Çünki biz sənətə əziyyətlə gəlmişik, öyrənə-öyrənə gəlmişik. Bunların meyli özləri özlərini aldatmağadı. Gedirlər toylara, diskləri qoyurlar, Allah verir texnikaya, toyu yola verib çıxıb gəlirlər. İndiki şadlıq evləriynən, keçmiş toyxanaların arasında yernən göy qədər fərq var. İndi kimdi xanəndədən oxumaq tələb edən, mahnı sifariş verən, oxuyanın səhvini tutan? Başlı-başını saxlasındı. Azərbaycandakı şadlıq sarayları o duzsuz oxuyanları mikrafon hesabına ətə-qana doldurub. Qarmon çala bilməyən gedib oxuyur, nağara çala bilməyən gedib oxuyur, tar çala bilmir, gedib oxuyur. Əl boyda mikrafonun hesabına olur oxuyan. Onlara da qol-qanadı şadlıq evlərinin yiyələri verir. Fonoqramma oxuyanların anasını ağladır. Şadlıq evləridi də, nə istiyirsən oxu. Saa heç kim heç nə demiyəjək. Keçmiş məclislər keçmişdə qaldı. Qız oxuyanlar da ki, tay ağını çıxardıb. Bu haram puldu. Mən disk hesabına oxuyanlara pis mənada yox, ağsaqqal kimi deyirəm, özlərini aldatmasınlar. Səsləri yerində olmayanda oxumasınlar. Halallığı unutmasınlar...

- Dədə, mənə konkret cavab ver. Oğlun Cümşüd bu yolu axıra kimi gedəcək, yoxsa yox?

- Maa elə gəlir ki, yox. O, bu oyunlara dözə bilməyəjək. O, bu meydanın adamı döyül. Mən ona həmişə sözümü deyirəm.

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.