adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Iyun 2020 17:16
44883
LAYİHƏ
A- A+

AZIX - TARİXİMİZİN İLK ÜNVANI

(əvvəli ötən sayımızda)

Sonra zaman Azıx mağarasının kəşfinin nə demək olduğunu bizə anlatdı. Onda öyrəndik ki, dünya coğrafiyasında 4-cü pillədə dayanan bu tapıntı həm də həmin mağarada 700 min il bundan əvvəl mağarada ocaq qalandığını və bu ocaq ətrafında müxtəlif izlərin olması ölkəmizin qədimliyinə, tariximizin zənginliyinə əyani bir sübutdu. Çox böyük təəssüflə vurğulamaq istəyirəm ki, Sovetlər dönəmində digər abidələrimizə olan laqeyd münasibət Azıx mağarasından da yan keçməmişdi. Bu laqeydlikdən istifadə edən düşmənlərimiz, yəni ermənilər öncə mağaranın adını dəyişib onu erməniləşdirməyə, yəni "Azof" kimi yazmağa, tarixə əlavə etməyə cəhd göstərdilər, daha sonra mağaradakı tapıntıların ermənilərə aid olduğunu aid etdilər. Hətta bu məsələ ətrafında müəyyən fikirlər yaratmağa çalışmışdılar. Professor Məhəmmədəli Hüseynov bu barədə bizimlə söhbətlərində dəfələrlə vurğulamışdı ki, onun "erməni tarixini saxtalaşdırmaqda günahlandırıb, hətta partiya üzvliyi məsələsini gündəmə gətirmişdilər".

Bəli, yaxşı ki, tariximizin, alimimizin, elimizin qədrini bilən, ona dəyər verən millət fədailəri, millət sevənlərimiz var. Məhz onların köməkliyi, onların dəstəyi professor Məhəmmədəli Hüseynov erməni böhtanından, erməni şərindən xilas edə bilmişdi.

Bu gün həmin o söhbətləri xatırlayanda yadıma ermənilərin hələ 1960-cı ildən Azıxa olan iddialarını 1989-cu ildə dahva böyük, daha açıq şəkildə gerçəkləşdirmək uğrunda apardıqları işğalla yekunlaşması düşür. Bəlli olur ki, məkrli düşmən tariximizə uzatdığı qara əlinə hələki Azıxın "yaxası" keçib. Amma bu tarix həmişə təkrar olunduğundan biz mütləq o qara əlləri kəsəcək, Azıxın qədimliyinin Azərbaycana məxsus olduğunu özünə qaytaracağıq.

Bəlli olduğu kimi tariximizin elə məqamları var ki, onları hər gün xatırlamaq, hər gün təqdir və təbliğ etmək lazımdır. Çünki düşmən olmayan tarixini, olmayan keçmişini bizdən daha çox və daha canlı, necə deyərlər, nüfuzedici bir şəkildə dünyaya tirajlayır. Bəlli tariximizi yazmaqdan, deməkdən bəzən ya çəkinirik, ya ərincəklik göstəririk, ya da buna laqeyd yanaşırıq. Düşünürük ki, biz öz kimliyimizi bilirik, bilmək istəyənlər də zəhmət çəkib özləri öyrənsinlər. Ancaq unuduruq ki, tarix elə bir soyuq və sərt silahdır ki, onu göstərmək, onu tanıtmaq lazımdır. Əks halda zamanın sürəti tarixin özünü tarixin arxivinə atır.

Bax bu prizmadan yanaşanda onda məlum olur ki, 400 min ilə yaxın yaşı olan "Azıx adamı" cənubi Qafqazda, lap dəqiqi isə Azərbaycanda insanlığın qədimliyini, sivilizasiyanın başlanğıcını göstərir.

Əgər bura Qobustan qayalıqlarının, daha doğrusu, qayalar üzərindəki rəsmləri əlavə etsək, onda mədəniyyət tariximizin də yaşını az-çox müəyyənləşdirə bilərik.

Arxeoloqların apardığı qazıntılar və araşdırmalar zamanı məlum olmuşdu ki, sahəsi 800 kvadrat metr olan Azıx mağarasının içərisində 600 m uzunluğunda 8 dəhliz var. Bu dəhlizlərin bəzilərinin hundürlüyü 25 metri keçir. Maraqlı burasıdır ki, həmin dəhlizlərin bir-birilə əlaqəsi ancaq mağaranın ortasından başlayır. Təxmin edilir ki, bu mağaranın içərisindən Şuşa istiqamətində yeraltı yol da olub. Ümumiyyətlə biz həmin mağaraya daxil olanda da və hər gəlişimizdə fərqli məqamların şahidi olurduq. Bu məqamlardan biri də mağaranın içərisindəki ana heykəlinə bənzəyən buz abidəni gözdən keçirəndə insanın ağlına müxtəlif obrazlar, hətta miflər gəlir. Doğrudur, Qarabağ işğal edildikdən sonra ermənilər Azıx mağarası ilə bağlı müxtəlif tədbirlər keçirib, konfranslar təşkil ediblər, hətta həmin buz heykəli "erməni ananın buz heykəli" adlandırıblar. Bu nə qədər gülünc olsa da onlar bundan da çəkinməyiblər.

Bəli, Azıx mağarasında arxeoloq, professor Məmmədəli Hüseynovun 1960-cı ildən 1968-ci ilə qədər apardığı inadlı qazıntılar nəticəsində nəhayət ki, Azıx adamının çənəsi tapılmışdır. Həmin tapıntı üzərində aparılan elmi tədqiqat nəticəsində məlum olmuşdur ki, neandertal tipə məxsus olan bu çənənini sahibi Azıx mağarasında 400 min il bundan öncə yaşamışdı. Üstəlik alimlər onu da sübut etmişlər ki, çənə sümüyü üzərində qalmış azı dişi 18 yaşlı qadına məxsusdur.

Alimlər bununla yanaşı onu da müəyyənləşdirmişdilər ki, həmin dövrün orta yaş həddi 20-22 il olub.

Bütün bu elmə məlum edilmiş həqiqətlər bir daha onu göstərir ki, Azərbaycan ərazisi qədim insanların məskunlaşdığı ərazilərdən biridir. Yəni bu coğrafi məkanda sivilizasiyanın yaşı kifayət qədər qədimdir. Digər tərəfdən mağarada aparılan qazıntılar zamanı poleolit və mezolit dövrlərinə aid olan daş alətlər burada həyat əlamətlərinin işartılarıdı. Yəni insanlar yaşamaq üçün mübarizə aparmağı bacarmışlar. Onlar kənd təsərrüfatı, ovçuluq və digər təsərrüfat növlərilə məşğul olmuşlar. Ümumiyyətlə Azıx mağarası öz qədimliyini, həm də öncə söylədiyimiz tapılmış çənə sümüyü ilə də təsdiq edir. Tarixi araşdırmalar sübut edir ki, Azıx mağarasında tapılan nümunələrin oxşarı dünyanın daha 3 ölkəsindədir. Fransada, Tanzaniyada və Kenyada aşkarlanmışdı. Zənnimizcə bu, hələ lap qədim dövrlərdən insanların yerdəyişməsi və yaxud da digər iqtisadi əlaqələri ilə bağlıdı.

Azıx mağarasında aparılan qazıntılar zamanı tapılmış müxtəlif heyvanlara məxsus bu ərazidə ekologiyanın, təbiətin də zənginliyindən xəbər verir. Hətta burada qazıntılar zamanı tapılmış 45 min heyvana məxsus sümüyün hər biri də bu dediyimizi sübut edir.

Bu, bir həqiqətdir ki, həmin heyvanların bir çoxunun nəsli kəsilib. Amma bu gün də həmin heyvanların müəyyən qisminin təmsilçiləri həm ərazidə, həm də dünyanın başqa yerlərində mövcuddur.

Xüsusilə bu mağaralarda tapılmış ayı kəllələri mağaranın adının da hardan qaynaqlandığını müəyyən mənada ifadə edir. Çünki araşdırmaçıların fikrinə görə, "Azıx" sözünün mənası "ayı" deməkdir.

Əgər düşmənlərimiz, yəni erməni şovinsitləri, millətçilər bir anlıq vicdanlarının səsinə qulaq assalar, onda dərk edərlər ki, qədim türk sözü olan Azıx nəyi özündə ifadə edir və bu sözün, bu dilin sahibi kimlərdir.

Göründüyü kimi mağaradakı 5 ocaq yeri və onun qalıqları tariximizin qədmliyinin göstəricisi olmaqla yanaşı oda sitayişin də bir izinin həmin mağaraya gedib çıxdığını büruzə verir. Bütün bunlar isə öz növbəsində Azərbaycan tarixinin ən qədim dövrünü özündə əks etdirən Azıx mağarasının kimə məxsusluğunu birmənalı şəkildə ortaya qoyub.

ƏBÜLFƏT MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.