adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

DÜŞÜNCƏ ADAMI - İlqar Rəsul yazır

İLQAR RƏSUL
106275 | 2020-07-04 09:10

25 ildən çoxdu mətbuatdayam. Üst-üstə götürsək, nəinki 25, ya 15, heç 10 adam haqqında ayrıca yazı yazmamışam. Tanıyanlar bilir, belə şeylər mənlik deyil, içimdən gəlməyə, yazam, tərifləyəm. Amma əgər gəldisə.... Buna məni artıq həmin adamın qeyri-adiliyi, yaxud, hansısa parametrdə üstünlüyü, lap elə mükəmməlliyi vadar edir. İndi haqqında danışacağım adam mükəmməl biri olub. Azərbaycanın Milli Qəhrəmanı Fred Asif!


Bir dostum var. Dayısı professor idi, Bakıda universitetlərin hansındasa işləyirdi. Bir dəfə Ağdama gələndə necə olubsa, qonşuya keçib, Fred Asif də otrada imiş. Nərd oynayıb söhbət ediblər. Dayısı evə qayıdanda deyib ki, biz də deyirik, alimik, filosofuq. Əsl professor da, filosof da odu, Fred Asif. Adamın ağzından bir dənə də lazımsız kəlmə çıxmır...

Ağdamın bombalanan vaxtları idi. Beş-altı nəfər gənc, Ceyhun Abbasov adlı sinif yoldaşımın evlərinin alt mərtəbəsində oturub çay içirdik. Uşaqlardan biri bərk dilxor idi. Heç üzü gülmürdü. Araya salıb Ceyhundan soruşdum ki, buna nə olub belə, niyə qanı qaradı? Astadan qulağıma pıçıldadı ki, Fred Asifin yaxınlarından filankəs bunun qonşusudu. Aralarında nəsə qonşu söz-söhbəti olub, bu yekəbaşlıq edib, ona pis söyüş söyüb. İndi eşidib ki, Asif bunu soruşub bir-iki adamdan, narahatdı, iki gündü məhəlləyə gedə bilmir, buralarda başını girələyir.

Çevrilib həmin tay-tuşumuza dedim ki, orda-burda vaxt keçirməklə işləri tay da korlayırsan. Fread Asif istəsə, yarım saatın içində, səni tapdırıb yanına apartdıracaq adamdı. Yaxşısı budu, özün get, tap onu...
İki gün sonra yenə həmin evdə çay içəndə, Ceyhundan soruşdum, o söhbətin axırı nə oldu? Dedi ki, adam gedib Asifi tapıb.

Asif üç-dörd nəfərlə oturub çay içirmiş, bir də görüb ki, bir nəfər yaxında dayanıb onlara baxır. Soruşub, nəsə lazımdı? Bu da deyib ki, bəs, mən filankəsəm, sən axtardığın adam. Asif buna diqqətlə baxıb, qayıdıb ki, hə, sənsən o? Heç, elə bir sözüm yoxdu. Dedim bir səni görüm. Get, ağıllı ol, söyüş söymək yaxşı iş deyil...

Ceyhun dedi ki, adam çox pis olmuşdu, Asifin bu hərəkətinə. "Öldürsə ondan yaxşıydı", deyirmiş.

Niyə məhz bir alim, bir cahil mərtəbəsində olan bu iki misalı çəkdim?


Mən Fred Asiflə heç vaxt üz-üzə gəlməmişəm, oturub çay da içməmişəm. Yəni, bu bizim yaşımızın, başımızın həddi deyildi. Amma hələ müharibə başlamazdan xeyli əvvəldən haqqında ən çox eşitdiyim onun dərin düşüncəli adam olması idi...

Müharibə vaxtı Ağdamda çoxlu batalyon var idi. Hamısının da komandiri sovetlər dönəmindən rayonun tanınmış, sayılıb seçilən oğlanları idi. O komandirlərin hamısı qəhrəman idi sözsüz ki. Hamısı da torpaq yolunda canını qoydu getdi. Və həmin qəhrəmanların hərəsi bir neçə üstün cəhətinə görə bir bir-birindən fərqlənirdi. Onların arasında düşüncəsinə, təfəkkür tərzinə, ətrafda baş verənlərə münasibətinə görə ayrıca fərqlənən adam məhz Fred Asif idi. Hər halda mən belə eştmişdim...

Eşitdim bu günlər Onun anım günüdü, istədim xatirələrimi bölüşüm. Allah Fred Asifə, eləcə də bütün şəhidlərimizə rəhmət eləsin.

P.S.Tam əminliklə deyirəm ki, əgər mən burda yalnız "Allah Fred Asifə rəhmət eləsin", yazsaydım, ruhu rahat olmayacaqdı ki, "bəs qalanlar?"...


Aqil Abbasdan: Dostum, İlqar Rəsul! Fred Asiflə çox söhbətlərimiz olub. Həqiqətəno, filosof idi. Bəzən elə olub ki, iki saat Nitşedən, Şopenhauerdən söhbət eləmişik.Və maraqlısı o idi ki, həmin illərdə Nitşe də Şopenhauer də qadağan olunmuşdu.O kitabları hardan tapıb oxumuşdu? Bilmədim və heç vaxt da soruşmadım. Özü dədemədi. Kim bilir, bəlkə də həbsxana onu filosof eləmişdi. Ondan bir dəolmayacaq.

TƏQVİM / ARXİV