adalet.az header logo
  • Bakı 12°C

HƏR İNTİHAR SADƏCƏ BİR XƏBƏRDİ - İlqar Rəsul yazır

İLQAR RƏSUL
71624 | 2020-06-24 09:37

İntihar edən qızın video çıxışını diqqətlə müşahidə elədim. Əslində o qız mənə elə də bədbəxt görünmədi. Birazdan intihar edəcəyinə rəğmən qız özünü nəzarətdə saxlaya bilirdi. Daha doğrusu, özünənəzarəti itirməmişdi. Hətta bir az kameraya oynayırdı. Üz ifadələri, söhbətə aravermələr, göz yaşları, təkrar-təkrar sevgi etirafları, bunlar peşəkar səviyyədə qurulmasa da, tam pərakəndə, düşünülməmiş hərəkətlər də deyildi. Çox ola biər ki, hətta birinci "dul" da deyil bizim seyr etdiyimiz videogörüntü. Diqqətlə izləsəniz görərsiniz ki, o qız intihar edəcək biri qədər bədbəxt təsir bağışlamır. Əksinə, qızın ağlı hisslərini idarə edir. Hissləri videoda sakit göz yaşları ilə təzahür edirsə, ağlı söhbətin süjet xəttində aydın nəzərə çarpır. O qız videogörüntüdə mərhəmət, anlayış, sevgi diləyəndən daha çox əfv edənə, nəvaziş göstərənə, qayğıya qalana, hətta yol göstərənə bənzəyir. Bu cür davranış hardansa (film, kitab, mahnı və s.) mənimsənilir və sərgilənmək üçün yadda saxlanılmalıdır. 

Bütün çıxış boyu kimdənsə incimiş, küsmüs və tezliklə hər şeyin yoluna düşəcəyinə əmin birini görürük paralel olaraq bu videoda. Ola bilsin düşünür ki, doğrudan da onun üçün hər şeyi ölüm yoluna qayacaq. Amma burada intihar qərarı əzablarına son qoymaq üçün aradan çıxmaq, yox olmaq, ölməkdən daha çox, yaddaşlarda qalmaq, heyrətləndirmək, diqqət çəkmək missiyasına xidmət edir sanki.

Qızın bu addıma olan maraqğı ölüm qorxusuna güc gəlir sanki. Ona görə də söhbətimin əvvəlində dediyim kimi, o, elə də bədbəxt görünmür. Məncə bu videoda o qız özü üçün düşündüyü, quraşdırdığı, və bütövlükdə şəxsi həyatından (hətta qalan ömründən) qat-qat maraqlı saydığı romanı sadəcə özünün (yəqin ki) ən çox istədiyi oxucusuna oxudur. Məncə bu maraq qıza o qədər güc gəlib ki, sonrakı addımı onunçün ikinci dərəcəli olub. Yəni, o qız həyat dolu anları məhz bu addımında yaşayıb. Belə hadisələrdə intihar daha çox bir borc, öhdəlik olur, nəinki hər şeydən imtina.

Belə intiharlarda hətta səbəbin özü ikinci dərəcəli olur. Adamı kəndirə (və s.) səbəbdən çox həvəs çıxardır. Düzdür, ağılsız hərəkətdir. Amma ağılsızlıqdan yox, axmaqlıqdan, ümidsizlikdən deyil, sadəlövhlükdən baş verir belə intiharlar.

Səbəbdənmi, həvəsdənmi baş verməsindən asılı olmayaraq, bu da (bütün intiharlar kimi) kuliminasiya anında onu edənə peşmançılıq yaşadır. Son anın əzabı əsasən də duyğulanmış (dəliləşmiş yox) insanın ağlını saat kimi işlədir. Hətta ola bilsin mübarizə üçün barmaqlara qollar qədər güc verir bu əzab. Amma burada məsələni kəndir və onun bərkidildiyi dirəyin dözümü həll edir...

Təsəvvür edirsiniz? İntihar edən əslində son nəticədə kiməsə və ya nəyəsə qalib gəlmir, həyata və ya hisslərinə uduzmur, sadəcə bir qurdun içini yeyib asanlıqla məhv edə bildiyi taxtaya, bir sıçovulun çətinlik çəkmədən didib tökdüyü kəndirə məğlub olur...

Bilirsiniz mən bunları niyə yazdım? İstədim özünə hesabat vermək iqtidarında olmayanlara anladım ki: Nə vaxtsa bu addımı atmaq fikrinə düşsəniz, əmin olun, sizin intiharınız, heç də hamıya düşündüyünüz kimi maraqlı, təsirli, romantik, faciəvi görünməyəcək. Əlbəttə ki, hamının sizə yazığı gələcək. Amma ğıllı adamlar sizin axmaqlığınız barədə daha çox düşünəcəklər (hələ orasını demirəm ki, məsələyə peşəkarcasına yanaşıb sizi ifşa edənlər də olacaq). Və kimin nə düşünməsindən asılı olmayaraq, tez də unudulub gedəcəksiniz...

Fikir vermisinizsə, içkili maşın sürüb ağır qəza törədən adamlar adətən həmin ərəfədə dönə-dönə söz verirlər ki, bir də içib sükan arxasına oturmayacaqlar. Bir də maşın sürməyəcəyinə and içinlər də olur. Amma zaman həmin hadisənin təsirini yuyub aparır və bir çoxları nəinki maşın sürür, hətta içib sürür...

Bax, belədi həyat. Bax, budur insan təbiəti. Ona görə də:
Ey, xanımlar! Sizə xəyanət edəni intiharla cəzalandırmağı ağlınıza belə gətirməyin. Əmin olun ki, əgər etsəniz, o adam tezliklə sizin hadisənizi unudub başqasına xəyanət edəcək. Lap elə, içkili maşın sürürmüş kimi...

TƏQVİM / ARXİV