adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ZƏNCİ MUSANIN XATIRLATDIQLARI - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
69285 | 2020-06-19 13:13

Bəzi oxucularım yazının başlığına baxıb zənci Musanın bizlərlə nə əlaqəsi ola bilər deyə fikirləşə bilər. Amerikada zənci George Floydun ağdərili bir polis tərəfindən heç də insan xilqətinə yaraşmayan şəkildə qətlə yetirilməsi olayının olduğu, dünyada əslində bu olay bəhanə edilərək ABŞ-ın vəhşi imperialist xarakterinə duyulan nifrət büruzə verilərkən belə bir yazı ilə nəyi məqsəd götürürsünüz deyə düşünə bilər? Əlbəttə, hər bir oxucu öz fikrində haqlıdır, istədiyi fikri mənimsəyər,itəmədiyini tənqid edə bilər, buna qarışmaq heç kəsin haqqı deyildir. Tənqidlər məqsədsiz, qərəzli, ləyaqətsiz və insafsız olsalar da, onlar əslində yazılan fikir haqqında müsbət düşüncə yaradırlar. Bu səbəblə hər bir oxucunun fikrinə hörmətlə yanaşdığımı bəri başdan bildirmək istəyirəm.

Osmanlı dövləti

600 il üç qitədə hökmran oldu və dünya tarixində bu zamanın yarısından artığını yaşayan imperiya vardırmı görəsən!? Osmanlının bu boyda bir ömrü yaşaması istər-istəməz belə bir sual yaradır: Osmanlı altı yüz il boyunca bir çox xalqı öz hakimiyyəti altında silah gücünə saxladı?! Bu suala "bəli" cavabı verənlər də olacaqdır, ancaq həqiqət bu deyildir. Bəli, Osmanlı dövləti dünya tarixində 376 il yeganə güc kimi çıxış etmişdir və bu tale heç bir millətə və dövlətə qismət olmayıbdır, ancaq Osmanlının altı əsr boyu dünya tarixində müsbət bir iz salıb getməsi bu dövləti yaradan və idarə edən Türk deyilən millətin xislətinin əsəridir, onun milli anlayışının nişanəsidir.

Zənci Musa əslində Sudanlıdır. Ailəsi o vaxtlar Osmanlıya bağlı Girit adasına gedib məskunlaşıb və Musa 1880-ci ildə bu adada dünyaya gəlib.

Babası Qahirədə yaşayan Osmanlı dövlətinə könüldən bağlı bir şəxs imiş. Musanı yanına Qahirəyə aparır və onu İslam dininə bağlı bir insan kimi yetişdirir. Musa, İtalyan orduları 1911-ci ildə Liviyanı işğal etdiklərində Şeyx Sunusinin italyanlara qarşı başlatdığı müqavimət hərəkatında iştirak edir. Gedən döyüşlərdə öz cəsarəti və səmimiyyətiylə böyük uğurlar əldə edir. Orda mərhum Ənvər Paşa tərəfindən yaradılan Təşkilatı Məxsusanın əfsanəvi şəxsiyyəti Əşrəf Səncər Quşçubaşının diqqətini cəlb edir. Əşrəf bəy onu yanına alır və özünə köməkçi edir.

Əşrəf SəncərQuşçubaşı

rusların 19-cu yüz ilin ikinci yarısında Qafqazda törətdiyi qırğınlardan canını götürüb Osmanlıya sığınan bir Çərkəz ailəsinin evladıdır. Əşrəfin ailəsinə Osmanlı padşahı xüsusi diqqət yetirir və Əşəf saray mühitində yetişir, zabit olur, Libya hücuma məruz qaldıqda da dövlət tərəfindən xüsusi təyinatla ora yollanır. Əşrəf Səncər bəy Osmanlı dövlətinin tənəzzülünə qarşı mübarizə yeridən "and içmiş zabitlər" dəstəsinin görkəmli bir qabaqcıl şəxsiyyətidir.

1453-cü ildə İstanbulun alınmasıyla İpək Yolunun kontrolu Türklərin əlinə keçdiyindən xristian dünyası ayrı bir yol axtarmağa başlayır və başda İngiltərə və Fransa olmaqla macərapərəst ziyalılarını dünyanı dörd küncünə yollayırlar ki, buna çarə tapsınlar. Nəhayət, Ümit burnu tapılır və dəniz ticarət yolu İpək Yolunu əvəz etməyə başlayır, ancaq bu yolun güvənliyi Hindistandan başlayaraq Yəmən, Misir və Afrika qitəsinin sahillərindən keçməkdədir. Osmanlı dövlətinin Afrikanı və Ərəbistan Yarımadasını itirməsinin planını cızan və həyata keçirən İngiltərə, köməkçiləri də Fransadır, İtaliyadır.

İngiltərə, Fransa və Rusiya tərəfindən itəliyərək üsyan etdirilən xalqlarla hər cəbhədə mübarizə aparması və yüzillər boyu cəbhədən-cəbhəyə yönələrək qırıla-qırıla taqəti kəsilən ordusuyla tənəzzülə üz tutan Osmanlı italyanlara qarşı yeridilən mübarizəni itirir və Liviya ilə birlikdə Afrika torpaqları da əldən çıxır.

Zənci Musa Osmanlının belə taqətsiz bir zamanında Əşrəf Səncər bəylə görüşür. Liviya itirildikdən sonra 1912-ci ildə Balkan müharibələri başlayır və Musa Qərbi Trakiya Cümhuriyyətinin yaradıldığı, Ədirnə şəhərinin işğaldan xilasında da ön cərgədə mübarizə yeridən bir qəhrəmandır. Birinci Dünya Müharibəsi başlayan kimi Çanaqqala döyüşlərində iştirak edir və Tanrı onu bu döyüşdə də ən ön cərgədə mübarizə yeritməsinə baxmayaraq qoruyur.

İngilis orduları Yəməndən başlayaraq yavaş-yavaş yuxarıya doğru irəliləyərkən onlara güclü zərbələr endirilməsi vacib bir məsələ olur və Ənvər Paşa, Təşkilatı Məxsusanın sonuncu lideri Əşrəf Səncər bəyi evində ziyarət edir bu məsələni ona açır. Yəmən xalqı da Ənvər Paşa və Əşrəf bəy kimi eyni fikri daşıyır və İngilis işğalına qarşı çıxır, lakin onlara kömək getməlidir. Ənvər Paşa 300 min ədəd qızıl hazırlayır və bunları Əşrəf Səncər bəyə verərək yola salır ki, onları Yəmənə aparsın, ancaq Orta Şərq ingilis işğalı altındadır.

Əşrəf bəy qızılları Mədinəyə kimi qəzasız-bəlasız aparır Mədinəni müdafiə edən Fəxrəddin Paşaya məsələni açır. Fəxrəddin Paşa da ordusuyla Xeybərə kimi onlara müşayiət edir və oradan yola salır. Əşrəf bəy və 70 Təşkilatı Məxsusaya mənsub qəhrəman on kilometr sonra Cəmbələ deyilən yerdə 25 min nəfərlik ingilis ordusuya mühasirəyə alınır, gecə səhərə kimi yeridilən mübarizədə birər-birər şəhid olurlar, Əşrəf bəy başından yaralanaraq əsir düşür, ancaq daha öncə Musaya "hər nə olarsa olsun, bu qızılları Sənaya çatdır"- deyə əmr edir. Musa da bir neçə yoldaşı ilə qızılları dəvələrə yükləyib gecənin qaranlığında aradan çıxır və sağ-salamat onları Sənaya aparıb 12 Yanvar 1917-ci il tarixində Əli Said Paşaya təhvil verir.

Musa bu dəfə Yəməndə ingilislərə qarşı döyüşür və əsir düşür, Birinci Dünya Müharibəsi qurtardıqda azadlığa buraxılır, 1919-cu ilə kimi də Yəməndə yaşayır. Anadoluda Milli Azadlıq Hərəkatının başladığını eşidər-eşitməz İstanbula üz tutur. Üz tutur ancaq İstanbulda nə cibində pulu, nə yatacaq, sığınacaq bir yeri vardır.

Bir gün Bəyazid Camesində

namazını qılıb eşiyə çıxdıqda Yəməndə qızılları təhvil verdiyi Əli Said Paşa onu görür və acınacaqlı vəziyyətini o anda hiss edir. Ona deyir ki, bir ərizə yaz sənə maaş bağlayaq. Musa da cavab olaraq "Paşam, bu kasıb xalqın pulunu qəbul edə bilmərəm"- deyə cavab verir. Əli Said Paşa ondan ayrılıb gedir hambalların rəisi ilə görüşür və bir neçə gün sonra Musanı tapıb onu yanınca aparır. Orda Musaya Qaraköy Gömrüyündəki hamballara rəhbərlik etməsini təklif edirlər, lakin Musa onu da qəbul etmir və "Paşam, çox şükür mənim gücüm-qüvvətim yerindədir, özüm hamballıq edərək güzəranımı təmin edə bilərəm, siz mənə verəcəyiniz rəhbərliyi hamballıq edə bilməyəcək qədər qoca bir müsəlmana verin" deyir və hamballığa başlayır. Gündüzlər hamballıq edir, gecələr də İstanbuldan Anadoludakı milli mübarizə üçün gizlin yollarla silah çatdırılması yolunda əlindən gələni edir. Və Mondros sazişi imzalanır, Osmanlı ordusu buraxılır, İstanbul İngilislər tərəfindən işğal edilir. İşğal qüvvələrinin komandiri general Harrington bir gün Qaraköy gömrüyündə onu görür.

Baxır ki, Musa ağır kisələri bir əliylə götürüb çiyninə atır, heç nəyə də fikir vermir. Harrington Musanın gücünə və görkəmli bədəninə valeh olur, onun kim olduğunu soruşduqda, onun 25 min nəfərlik İngilis ordusunun mühasirəsini yarıb 300 min qızılı Sənaya aparan şəxs olduğunu söyləyirlər. Harrington Musanın yanına gedərək, "Gəl bizə işlə, sənə istədiyin qədər qızıl verərik" dedikdə Musa ona tərs-tərs baxır və "Hər bir söz hər adama təklif edilməz. Mənim bir dövlətim var - Osmanlı, aylı-ulduzlu bir bayrağım var. Sonra sizinlə işimiz hələlik qurtarmadı"- deyir və qayıdıb işini görməyə başlayır.

Yaşadığı həyatın dərdi-səri, kifayətsiz qidalanma, ən önəmlisi də Osmanlı dövlətinin süqutu, komandiri Əşrəf Səncərdən ayrı düşməsi onu qəmə qərq edir və Musa vərəm xəstəliyinə düçar olur, müalicədə də müsbət nəticə alınmır və özbəklər Təkkəsində Tanrıya qovuşur. Tanrı məkanını cənnət eləsin. Sandıqçasından isə bir "Qurani-Kərim”, kəfəni və Əşrəf Səncər bəyin üzünü yazıb imzalayaraq hədiyyə etdiyi bir fotoqrafı çıxır.

Osmanlı dövlətini 600 il yaşadan güc, türk millətinin hər bir insana Tanrının müqəddəs əmanəti kimi yanaşması idi. Zənci Musa da onun sadəcə olaraq bir örnəyidir. Biz türklərlə digər millətləri fərqləndirən yeganə nöqtə də burasıdır. Bu gün yenə Şeyx Sunusinin yurdunda imperialistlərin oyuncağı olan, ona yüksəlmənin yolunu açan Qəddafiyə xəyanət edən general Hafterin kitabını bağlamaq üzrəyik və inşallah bağlayacağıq da. Bununla da Zenci Musaların ruhunu şad edəcəyik.

Seyfəddin Altaylı,

Ankara,

altaylı[email protected]

TƏQVİM / ARXİV