adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

DOST ƏLİNİN İSTİSİ

İRADƏ TUNCAY
53754 | 2008-01-22 00:21

Adətən kiminsə yaşı artıb yuvarlaq rəqəmə ilişəndə görürsən ki, əlində bir çanta dəftər-kitab girdi redaksiyanın qapısından içəri - "salam əleyküm, mən filankəsəm, nə bilim bu məmləkətin kənd təsərrüfatı mənsiz yerlə-yeksan olardı, ya da səhiyyə sistemi mənsiz mövcud ola bilməzdi. Ya da mətbuatımıza, ədəbiyyatımıza filan qədər töhfə vermişəm, məni təbrik edin". Üz üzdən utanır, heç kimin üzünə demək olmur ki, qardaşım, sən belə dahisənsə, niyə qapı-qapı düşüb özünü təqdim edirsən (olmağına bu məmləkətdə vəzifəli qohumları yoxdursa, heç dahiləri də itirib-axtaran yoxdur, amma heç olmasa üzdən tanıyıblar, adını eşidiblər).
   
   Bu dəfə belə olmadı. Özüm xatırladım ki, çox yaxın bir dostumun ad günüdür. Özü də yaşının müdrik çağına qədəm qoyur. Rəqəm deməyəcəm - qadınlar yaş məsələsində həssasdırlar. Desəm ki, dostluğumuz uzun illərə dayanıb, düz olmayacaq. Mən onu uşaqlıqdan tanımıram. Gəncliyimiz... Burda bir az ilişəcəm - çünki jurnalistika fakültəsinin birinci kursuna daxil olanda o, artıq beşinci kursda idi. Eyni fakültədə oxusaq da, tanış olmamışıq. Sonralar Dövlət Televiziyasında bir yerdə çalışdıq, yenə ayrı-ayrı redaksiyalarda. Yəni demək istədiyim odur ki, çoxdan tanış olsaq da yaxın deyildik. İnsanın ömrü boyu özü üçün elədiyi kəşflər olur. Bəzən tələbəlikdən üzü bu tərəfə yol getdiyim adamlarda elə qəribə keyfiyyətlər aşkar eləmişəm ki, heyrətlənmişəm. Görünür, yaş bu mənada da öz işini görür, gənclikdə azacıq yaxşı görünən simaları bircə qırış, bircə cizgi eybəcər günə qoyursa, xarakter də elədi - illər insanın əsl mahiyyətini üzə çıxarır.
   
   ... İllər. Yox, pafoslu, romantik nitq söyləmək fikrim yoxdur. Amma bu illərə hər halda minnətdaram. Özümü könüllü həbs etdiyim və sonradan öz hökmümlə azad olduğum məhbəsdən çıxanda yenə rastlaşdıq. İşə qayıtmaq istəyirdim və getdiyim TV kanalında qarşıma çıxdı. Elə səmimi, elə mehriban görüşdük ki... Dedim axı, əvvəllər elə münasibətimiz olmamışdı. Amma deyəsən mənim ruh halımı duymuşdu. O vaxt həmin iş alınmadı - TV kanalı bağlandı. Bir il sonra heç gözləmədiyim halda evə telefon etdilər:
   
   - Gəl, canım, sabah səni gözləyirik.
   
   Alt-üst oldum. Səhərə qədər yatmadım da. Gedim, getməyim? Yaşımın bu vaxtında yenidən özümü isbat etmək çox ağırdı. Gedim, getməyim? Gedim?..
   
   
   
   ***
   
   İndi mən neçə il əvvəlki bu olayları xatırlaya-xatırlaya yazımı yazarkən telefon zəng çalır. Bilirəm ki, odur. Bizim rabitə antenalarımızın gücü telefonun nəql sürətindən artıqdır:
   
   - Aşqım, aşqım, neyləyirsən?
   
   - Sənin haqqında yazı yazıram.
   
   - Mənim haqqımda?
   
   - Hə, ad günün yaxınlaşır.
   
   - Nə yazırsan, roman?
   
   - Oxuyarsan.
   
   - Hə, onda mənim sübh tezdən doğulduğumu da yaz.
   
   - Deyirəm axı, niyə belə uğur gətirən adamsan. Səhər doğulanlar xeyirli insanlardı.
   
   - Mən heç bilmirdim.
   
   - Görürsən, bunu da öyrəndin məndən. Mənsiz neyləyərdin, hə?
   
   - Aşqım, aşqım...
   
   
   
   ***
   
   Əslində mən bu yazını portret-oçerk janrının tələblərinə uyğun olaraq belə başlamalıydım: Suğra Rəhimova əmək fəaliyyətinə 80-ci illərdə Azərbaycan Dövlət Televiziyasında başlayıb. Sadalamalıydım ki, Suğra xanım bir sıra redaksiyalarda çalışıb. Uğurlu proyektlərə imza atıb. Və sonra da yazmalıydım ki, qədirbilən xalqımız onun zəhmətini yüksək qiymətləndirib. Bu "qədirbilən" ağ oldu deyəsən. Əvvəlki cümlələr öz yerində, amma televiziya məkanına aid "qədirbilən" sözünü işlətmək olmur. Bura "yırtıcı" sözü daha uyğundu, çünki bu aləmdə belə adamlara hər addımda rast gəlirsən və hər addımdan sonra itələnib yıxılmaq qorxusu da var. Portret-oçerk alınmır deyəsən. Eh, nə fərqi var. Televiziya aləmində onu yaxşı tanıyırlar. Neçə illərdi fəhləlik eləyir bu sahədə. Özü də istedadına inandığı, sevdiyi insanlar üçün fədakarlıq edir. Yəni yazı-pozu aləmində, sənət aləmində hər kəs adı üçün əlləşərkən o həmin adların daha gözəl təqdimatı üçün çalışıb. Öz dərin savadını, biliyini, bacarığını sevdiklərinə xərcləyib. Suğra bizim qadınlarda az-az rast gəlinən bir keyfiyyətə malikdir - eruditdi, böyük mütaliəsi var, milli köklərinə də, bəşəri dəyərlərə də çox bağlıdır. Yenə Nazim Hikməti xatırlayacam: "Şair ola bilərdin, professor oldun". Mən də belə deyim: "Yazar ola bilərdin, redaktor oldun".
   
   
   
   ***
   
   - Bilirsən, neçə illər arzulamışam əlimdə mikrofon İstanbulda, Gülhanə parkında ceviz ağacının altında Nazim haqqında söz deyim.
   
   - Suğra, Gülhanə parkında ceviz ağacı yoxdu. İnşallah, özün gedib görəcəksən.
   
   Bu söhbətin üstündən də neçə illər keçib. Suğra İstanbula gedib, amma soruşmamışam Gülhanə parkında olub-olmadığını. Fərq eləməz - ceviz ağacı bizim göyərib çiçəklənməyən istəklərimizin ağacıdır. Ölən istəklərimizin. Bizim ürəyimiz bu istəklərin məzarlığıdır. Amma... Deyirlər insan yeməksiz qırx gün, susuz dörd gün, havasız dörd dəqiqə, ümidsiz dörd saniyə yaşaya bilər. Var olsun ümidli günlərin işığı olan insanlar.
   
   
   
   ***
   
   - Fikirləşdim ki, danışmağımıza ehtiyac var.
   
   - Düz elədin, sənin zəngini gözləyirdim...
   
   Nə qədər olub belə söhbətlər? Hesabını itirmişəm. Telefonlara qulaq asan varsa, bizim danışdıqlarımız çox qəribə görünəcək. Fəlsəfədən, tarixdən, ədəbiyyatdan. İki qadın yüksək materiyalar haqqında mübahisə edir. Bizim məmləkət üçün gülməlidi, deyilmi? İndi telefon danışıqlarına limit qoymaq istəyirlər deyəsən. Vay, vay, biz həmin limiti bir gündə xərcləyəcəyik. Suğranın belə keyfiyyətləri də var ha. Mənim kimi adamayovuşmaz, dinməz-söyləməz birisini danışdıra bilir.
   
   ... Yubiley yazısı alınmır nəsə. Təmtəraqlı sözlər, tost-təriflər alınmır. Halbuki xatırlanacaq çox şeylər var. Amma çox özəldi, kimsəylə bölüşmək istəmirəm. Bioqrafiyanı da yazmaq fikrim yoxdur. Bu qarmaqarışıq, hərənin bir tərəfə çəkdiyi mühitdə ləngər saxlamaq ağır işdi. Bu ləngərin tarazlığını qoruyan ilkin şərt isə səmimiyyətdi və fikrim budur ki, səni büdrəyib yıxılmağa qoymayan, hətta bizlərə də dayaq edən bu keyfiyyətdi. İnamı itirmək də ağır işdi, inam yamaq götürmür, mala götürmür. Bu olanın olmadığı, olmayanın olduğu bir zamanda sənin kimi insanlara ehtiyac çoxdur. Ümidini, inamını qoru, dostum!
   
   
   
   ***
   
   - Əzizim, bir şəkil ver mənə, qəzet üçün.
   
   - Lazım deyil. Qoy innoqnito qalsın, aşqım-aşqım...
   
   Evdə öz şəkillərimin içində axtarıb ancaq bu fotonu tapdım. Mən əlimi onun çiyninə qoymuşam. Amma neçə ildir ki, onun əlinin istisini çiynimdə hiss edirəm...
   
   P.S. Bu dost yazısı oldu, yubiley yazısı olmadı...
   
   
   
   İradə TUNCAY

TƏQVİM / ARXİV