adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Iyun 2020 10:51
46154
ƏDƏBİYYAT
A- A+

RUHUMUZU TƏMİZLƏYƏN HEKAYƏLƏR - VAQİF OSMANOV yazır

Gir bazara, mal satılır gör necə,

Bu almadır, bu alçadır, bu cecə,

Adamlar da bölünüblər beləcə,

Biri dəymiş, biri xarab, biri kal...

İnsanlığın çeçid-çeşid xislətini yazıçı, şair, publisist, hərbi jurnalist, pedaqoq, cəmi 59 il ömür yaşamış Akif Şahverdiyev "Üç hikmət-üç həqiqət” şeirində dörd misra ilə mahir psixoloq kimi dəqiq göstərmişdir. Sözə aşiq olan, sözün könlünü də sözlə alan Akif müəllimin yaradıcılığı zamanın küləkləri qarşısında məğrur dayanan ağaca bənzəyir. Onun povestləri, hekayələri, şeirləri, publisistikası həmin ağacın barlı-bəhərli budaqlarıdır. Bütöv yaradıcılığı boyu yaşadığımız dövrün gərəkli və aktual məsələlərini önə çəkib oxucularının mühakiməsinə verən yazıçı-şarin əsərlərində mənəvi-əxlaqi dəyərlərin ana xətt kimi keçməsi nəzərdən qaçmır. Milli ruhumuzun ayrı-ayrı qürurverici və ağrılı nöqtələri, adət və ənənəmizin müsbət və mənfi cəhətləri Akif müəllimin ilahi sözünün və qəlbinin diqtəsiylə oxucuları düşündürür, mənəvi qidalandırır, özünə tənqidi yanaşmağa vadar edir. O, insanlara sətiraltı və şüuraltı ismarışlar göndərir ki, oxuyun, düşünün, nəticə çıxarın, başqalarına nümunə olun.

Akif müəllimin qısa fəaliyyət dönəmində gördüyü işlərə nəzər yetirəndə onun yaşamaq, yaratmaq eşqinə, enerjisinə, coşğusuna heyran qalırsan. Sanki o, həyatın, yaradıcılığın şirinliyini doyunca dadmayacağını bilirdi. Ona görə də tələsirdi. Sözün keşiyində vicdanla dayanan jurnalist kimi "Azərbaycan ordusu”, "And”, "Ana Vətən”, "Ədəbiyyat”, "Sabah”, "Nyu Media” kimi nüfuzlu mətbuat orqanlarında məsul vəzifələrdə işləmişdir. "Naxçıvan”, "Odlar Yurdu”, "Qərb”, "Avrasiya” Universitetlərində, Ali Pedaqoji Qızlar seminariyasında gənc jurnalistlərin yetişməsində pedaqoji fəaliyyət göstərmişdir. Onun ali məktəblərdə tədris olunmaq üçün yazdığı "Azərbaycanın mətbuat tarixi” dərsliyi bu gün də mükəmməldir.

Hər bir ziyalının dəyəri onun milliliyi ilə ölçülür. Bu cəhətdən də Akif müəllim nümunədir, başdan ayayağacan milli dəyərlərin daşıyıcısıdır. Bunu onun övladlarının adları da təsdiq edir: Qorqud, Xətai və Tomris.

Akif Şahverdiyevin yaradıcılığına xas olan ən dəyərli keyfiyyət əxlaqi-mənəvi dəyərlərin yığcam və məna yüklü təsviridir. O, sözə hörmətlə və qənaətlə yanaşır, qısa əsərlə zəngin və gərəkli informasiya ötürür, hər cümləsini yüz dəfə ölçüb bir dəfə biçir, mütaliə edəni yormur. Ona görədə yazdıqları maraqla oxunur, zövqümüzü cilalayır, özümüzü redaktə etməyi tələb edir.

"Yazıçı məlum məsələdir ki, özünü ifadə edir, əgər söhbət istedadlı yazıçıdan gedirsə, o, özü ilə bərabər xalqı da ifadə edir” (Xalq yazıçısı Elçin). İstedadlı söz insanı xalqı düşündürməyi də bacarır. Akif müəllim də.

Yazıçını hekayələri yüksək ədəbi kriteriyaları özündə birləşdirən, söz sənətinin meyarlarına cavab verən yaradıcılıq nümunələridir. Bu hekayələr niyə bizi özünə cəlb edir? Ruh doğmalığına, milli hisslərimizə yaxınlığına, həyatın müasir anlarının yaxşı və pis cəhətlərinə işıq saldığına, həyatdan su içdiyinə görə...

Sivilizasiya mədəniyyətdir, inkişafdır, tərəqqidir, amma milli ruha xəyanət etməmək şərti ilə. Sivilizasiya şəhər-şəhər, kənd-kənd, oba-oba evlərimizə qonaq gəlməkdədir, üzünə xoş baxmasaq, qapıdan içəri soxulmaqdadır. İfrata vardıqca ağsaqql və ağbirçəklərimizdən bizə qalan qiymətli mənəvi miraslarımız - həddini aşmayan adət-ənənələrimiz, dəyərlərimiz yavaş-yavaş aşınmaya məruz qalır, toxunulmaz müqəddəs hisslər ruhumuzdan uzaqlaşır.

Akif Şahverdiyevin iki hekayəsində -"Üzük”və"Yerə düşən papağın hekayəti”ndə artıq eroziyaya uğrayıb ilkin mənasını itirməkdə olan yas mərasimindən və toy məclisindən söhbət açılır. Olumlu-ölümlü dünyanın həyatımızın ayrılmaz hissəsinə çevrilən toy və yas törənlərini elə eybəcər hala salmışıq ki, bu "bataqlıq”dan çıxmaq artıq müşkülə çevrilməkdədir.

Çoxumuz fikirləşirik ki, "Üzük” hekayəsində yəqin ki, hadisələr toyqabağı, yaxud toyda baş verir, axı üzük toylarımızın ən vacib aksessuarıdır, bəziləri üçün xoşbəxtlikdən də üstündür . Tam əksinə, "Üzük” hekayəsində yas mərasimində cərəyan edən hadisələr təsvir olunur. Hekayədə bu günümüzün ikinci Əzrayılı sayılan xərçəng xəstəliyinə düçar olmuş insanın ölümündən sonra ailənin, iki qardaşın, qohum-əqrəbanın yaşadığı çətinliklər, yas mərasiminin "yüksək standartlara uyğun” yola verilməsinin yaratdığı problemlər qələmə alınmışdır. Son vaxtlar dövlət və ali dini qurumlar səviyyəsində hamını narahat edən yas mərasimlərindəki və toy məclislərindəki izafi xərclərdən tez-tez danışılır. İş orasındadır ki, ən zəif cəhətimiz müzakirə etməyi daha çox sevməyimizdir, iş görməyi, nümunə göstərməyi heç xoşlamırıq. Son anda "camaat nə deyər?” feodal təfəkkürü hər şeyi alt-üst edir, "qonşudan qalma dala” bizi arxaya dartır, yəni, "mən kimdən əksiyəm ki?” Yas süfrəmizlə, toy süfrəmizin bircə fərqi qalıb, yas süfrəsində spirtli içki yoxdur.

Hamı şikayətlənir ki, rəhmətə gedənlə birlikdə bütün qohum-əqrəba da ölümcül vəziyyətə düşür. Həkimlərin çapıb-taladığı doğmalar bilmirlər ölüsünə ağlasın, kəfən, molla, mürdəşir, qabirqazan, çadır, dürlü-dürlü ərzaq, "Sidr-kafir”, bint, pambıq pulu axtarsınlar. Hekayədə bacısını itirmiş Qəmbər və Zakirin psixoloji durumu, stresslə bərabər, maddi sıxıntıları da inandırıcı təsvir edilmişdir. "Pulu hardan tapmalı?”, budur əsas məsələ. Hətta iki metr yumşaq torpağı qazıb qəbir yeri hazırlayanların xərci az qala bir fəhlənin on günlük məvacibi qədərdir! Budurmu milli mentallıq?

"Axşam kerosin lampasının sozalan işığında bardaş qurub oturmuş iki qardaşın səssiz dioloqunu kiçik bacıları Səmayə pozdu.

-Yazıq!

Qəmbər elə bildi ki, kiçik bacısı bu gün axirət dünyasına qovuşmuş böyük bacısını xatırlayıb bu sözü işlətdi.

Lakin:

-O, ölüb bu dünyanın zülmündən canını qurtardı.. Indi əzabı sən çəkməlisən - deyə Qəmbərə nəzər salıb alnına çəkdiyi qara yaylığı açdı”.

Sonda var-yoxunu yas mərasiminə xərcləyən doğmaların dadına Qəmbərin arvadının illər öncə aldığı "Fantaziya” üzüyü çatdı...

Toy məclislərinin ab-havası hamıya bəllidir – ağız deyəni qulaq eşitmir, səsgücləndiricidən çıxan əcaib-qəraib musiqi az qala beyinləri iflic edir, süfrədə yeməklər bir-birinin üstünə qalaq-qalaq yığılır, toyda iştirak edənlər də gileylənir ki, yeməyə bir şey yoxdur. İndi "Tərəkəmə”, "Uzundərə”, "Mirzəyi” çoxdan unudulub, "Yanıq Kərəmi”, "Laçınım, Laçınım, "Şıkıtım -Şıkıtım”, "Nə oldu böylə?”, "Ay eyvandakı”, "Hor-stop” dəbdədir. Sındıra-sındıra "Laçınım, Laçınım” oynayırıq. Özü də ürəkdən. Nə vecimizə Laçın əsirlikdə inləyir, Kərəmi keşiş qızı odlara salıb.



Akif müəllim "Yerə düşən papağın hekayəti”ndə belə utancverici məqamlara toxunub. Toyun şirin yerində "papağını qoltuğuna sıxmış nimdaş pencəkli arıq kişinin mikrofonda yayılan həyəcanlı səsi adamların diqqətini istər-istəməz mərkəzə cəmləməli oldu”:

-Başınıza dönüm, məni bağışlayın, dözə bilmədim, istəyirəm bir kəlmə də mən deyim. Qaçqınam, qadanız alım. Beş ildir şəhərdəyəm. Cibim boş, başım aşağıdır yanınızda. Çox hayıf ki, bu toyda xərc çəkə bilmirəm. Düzü, qəfil xəbər tutub gəlmişəm. Nə qədər də olmasa əmiyəm axı. Kiçik toyuna yığışdığınız Hüsnünün əmisiyəm. Bax bu oğlan da - o, yuxarıda oturan, hamımızın televiziyadan yaxşı tanıdığı Qartal Maralov da mənim kiçik qardaşımdır. Atamız öləndən sonra onların əlini mən çörəyə çatdırmışam. Oxutdurmuşam... Allah qoysa torpaqlarımıza qayıdaq. Hüsnü balanın böyük toyunu eləmək bax, bu gözlərim üstə.

Kiçik bəyin atasının - "şişman sifətli oğlanın böyük qardaşından mikrofonu alıb çalğıçıların qabağına tullaması, çalın, ayə, "kişi papağı” çalın” sifarişini ürək ağrısı ilə oxudum, o səhnə yazıçının tapıntısıdır. Qoltuğundakı papağının yerə düşməsindən xəbərsiz arıq kişinin papağının ayaqlar altında tapdalanması səhnəsi lap ürəkgöynədəndir. Hətta papaq oynayanlara mane olduğundan təpiklə kənara atılır.

Qeyrət rəmzimiz, torpaq sevgimiz bu qədərmi cılızlaşıb?!

Çağdaş ədəbi mühitin sayılıb-seçilən yazarı Kənan Hacının qənaətinə görə, xoşbəxtlik haqqında ancaq susmaq olar, çünki o, yazıya gəlməyən bir məfhumdur."Qara sevda”lirik-psixoloji hekayədir. Solmaz da ailə həyatının xoşbəxtliyini dadmayanlardandır, onun həyat tarixçəsi hamıya unudulmaz dərs olmalıdır. Namuslu, qürurlu gənc qadının başına gələnlər bu günümüzün şəhvət düşgünü, vəfasız ərciyəzlərin ailə dəyərlərinə etinasız münasibətinin nəticəsidir. Qazanc dalınca Dubaya, Türkiyəyə gedən ər Solmaza "SPİD” adlı bəla gətirir. Özü də gənc yaşlarında bu bəlanın qurbanına çevrilir, körpə oğluda. 29 yaşlı Solmaz körpə oğlunu itirəndən sonra özününün də oğlunun yanına - haqq dünyasına gedəcəyi günü gözləyir. Onu ürəkdən sevən qəzetin baş redaktoruna məktub yazaraq sevgisindən imtina edir:

-Öz sevdiyimi bilə-bilə ölümə yoluxdurmaq mənim üçün ölümdən betər olardı. Odur ki, belə yaşamağı üstün tutdum - siz nakam məhəbbətinizlə, mənsə qara sevdalı xəyallarım və sabaha olan işıqlı ümidlərimlə...

Akif Şahverdiyev"Xəcalət”hekayəsində mükəmməl bir müəllim obrazı yaratmışdır. Hekayədəki təsvir olunan hadisə o qədər inandırıcı, ibrətamiz və gözlənilməzdir ki, hər kəsi mənəvi saflığa səsləyir. Müəllimin pedaqoji ustalığı təlim qədər önəmlidir. Biliyi çox, mənəvi aləmi boş adamlar da cəmiyyət üçün ağır yükdür. Əsl pedaqoq təhsili və tərbiyəni paralel aparmalıdır. Hekayədəki birinci sinif müəlliməsinin pedaqoji ustalığı, şagirdləri tərbiyələndirmə metodu örnəkdir. Şəms Təbrizi deyirdi ki, Allah sadəcə qəlb verir. İçini sən doldurmalısan. Hekayədəki müəlliməsinin də qəlbi ülvi hisslərlə doludur. Bu müəllimə sinif yoldaşının yerə düşmüş qəpiyini götürüb gizlədən şağirdə ömürlük mənəviyyat dərsi keçir. Müəllimə sinfin bütün şagirdlərini sinifdən bayıra çıxarıb sonra bir-bir içəri çağırıb çantalarını və üst-başını axtarır və qəpiyi tapır. Ancaq pulu kimin götürüb gizlətdiyini iki nəfər - müəllimə və həmin şagird bilir və heç vaxt açıqlamır.

Hadisənin üstündən otuz beş il keçəndən sonra həmin şagird "qəlbində heykəlləşən müəllimənin qarşısında əyilib onun əllərindən öpür:

-Bağışlayın, müəllimə...

"Fitrə qarı”hekayəsinin süjet xətti üç məqam üzərində qurulub: nənə mərhəməti, ahıl adamlara laqeydlik və tənhalıq. Ata-anası avtomobil qəzasında həlak olan Vüqarı və bacısını nənəsi böyüdür, təhsil verir və evləndirir. Vüqarın nazlı-qəmzəli, "hikkəli və fitnə-feilli” xanımı Ağca nənənin üzünə ağ olur. Prokrorluqda aparıcı müstəntiq işləyən Vüqar isə xanımının hərəkətlərinə biganədir, nənəsinə Əhmədlidə doqquzmərtəbəli binanın yeddinci qatında birotaqlı ev alır, nənəni oraya köçürür. Oğlunun, gəlininin ruhuyla həmsöhbət olan Ağca nənəni tənhalıq adlı qorxunc əjdaha oğluna və gəlininə qovuşdurur. Göylərin göndərdiyi bəyaz qar Ağca nənənin fitrəsidir:

"Birdən Ağca nənənin eyvanda söykəndiyi dəmir məhəccər qopdu. Arvada elə gəldi ki, bu Allahın əməlidir. Odur ki, geriyə yox, irəliyə-üzü qəbristanlığa sarı qollarını açdı. Bəlkə də bu, Bakının tarixində ilk hadisə idi - Ramazan bayramı ərəfəsində göydən ağ saçlı qarı yağırdı”...

"Həyat”hekayəsi"Vüsala doğru” kitabının iki səhifəsi həcmindədir. Amma dərindən düşündürmək, həyatı anlatmaq cəhətdən bir povest böyüklüyündədir. Usta və onun yanında fəhlə işləyən birinin ömrünün ayrı-ayrı anlarını şahmat fiqurlarının xislətinə bənzədən yazıçının bu hekayəsi adamları İNSAN olmağa çağırışdır.

Ustanın yanında işləyən fəhlənin, köhnə əyyamların sözü ilə desək, şəyirdin "yolu, sözü düzdür, piyada kimi, Allah verəndən yeyir. Həyatdır də”...

İkinci görüş. "Əlində xeyli kağız-kuğuz olan” həmin fəhlə üzr istəsə də "bic-bic göz vurub laqeydliklə tələsdiyini bildirir: "şahmat taxtasında piyada vəzirə çevrilir deyəsən”...

Üçüncü görüş. "Təzə kostyumlu, qalstuklu” adamın "əllərinin qabarı, kobudluğu içinə keçmişdi”. Amma hələ "qardaş” deməyə dili dönürdü: "Hə? Onda incimə qardaş, bu balaca vəzifə deyil. Bütün fiqurlar hər gedişimə nəzarət edirlər. Söz-söhbət ola bilər. Mümkünsə bir də buralarda görünmə... Həyatdır də”...

Dördüncü görüş. "Salam verib keçmək istəyərkən amiranə səsini eşitdim: "A gədə, dayan görüm, tanımadım axı səni?.. Şahmat taxtasında şah kimiyəm.... Şahlarla salamlaşmağı yığışdır... Şahmat taxtasında şah fiqurları qoruyur, yoxsa fiqurlar şahı? Hə? Ay qanmaz, şahmat da həyatdır də”...

Sonuncu görüş. "Əlində bir varaq kağız vardı. Ayağa durub yer göstərdim. "Sənə qurban olum, ay usta, bu ərizəyə qol çək. İşləməsəm uşaqlar ac qalarlar... Şahmatda piyadanın yüksək fiqurlara çevrilməsi nə qədər fərəhlidirsə, onların piyadaya çevrilməsi o qədər dəhşətlidir. Şah mat oldu.

-Neynək, - dedim, gətir imzalayım. Həyatdı də”...

O, həyat imtahanında ömürlük məğlub olmuşdu. Heç piyadaların sırasında da yeri yox idi...

O bədbəxt anlamırdı ki, "həyat çox qaydaları olan, lakin hakimsiz bir oyundur” (İ.Brodski). Bir də Mahatma Qandi dahiyanə deyib: "bizim gələcəyimix indi gördüyümüz işlərdən asılıdır”...

Akif müəllimin vəsiyyəti onun şərəfli və qısa ömür yolunun yığcam salnaməsidir: "Başdaşıma yaşadığım illəri qoyub doğulub öldüyüm illəri yazmayın. Bilirəm deyəcəksiniz:Yazıq gəldi, yaşamadı, getdi”...

Çoxlarına həyatı, əməli, işi, işığı ilə örnək olan bu dəyərli aydının sözü "sahibindən sonra da yaşayır və yaşayacaq. Bu aqilliyin nişanəsidir”...

Akif Şahverdiyevin yaradıcılığı mənəviyyatla yoğrulub. Onun bəxtinə düşən vəfasız ömür bizi çox dəyərli ədəbi nümunələrdən məhrum etdi. Bizimdurulmağa, saflaşmağa, təmizlənməyə ehtiyacımız hələ çoxdu...

VAQİF OSMANOV.

May 2020.