adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

BU DA SİZƏ UŞAQLAR GÜNÜ ÜÇÜN - İlqar Rəsul yazır

İLQAR RƏSUL
56576 | 2020-06-02 09:44

Yaxşı bir rayon istəyirəm. Məni günorta yuxusundan həyətdə yumurtlamağa yer axtaran toyuqların səsi oyatsın. Bir nənə tut ağacının kölgəsinə palaz sərib, üstündə süfrə açıb, qırağına iki dənə mütəkkə atmış olsun. Palazın yanında qaynayan samovar, süfrədə yekə, qalın, büllur stəkana süzülmüş xoruzquyruğu çay, kəllə qənd, çobansalatı, göy-göyərti, doğranıb, üstünə nar sıxılmış soğan, motal pendiri, toyuq- kartof- badımcan qızartası, qabığı soyulmuş soyutma yumurtalar, isti təndir çörəyi də olsun. 

Həyətin içindən axan kəhrizin buz kimi suyunda əl-üzünü, boyun-boğazını yuyub, sərinlədib, gəlib öünü yıxasan palazın üstünə, mütəkkəyə dirsəklənib, kəllə qəndi batırasan çaya, dişləyib "xoruzquyruğu"dan bir-iki qurtum alasan, nənə deyə "o çayı qoy qırağa, yemək ye, nənən gözlətinə qurban". Gözünü yumub düşünəsən ki, nənə sağ, ev-eşik, həyət-baca yerindədirsə, demək sonradan ölənlər də hələ ölməyiblər. Özün də nənəyin sağlığındakı qədər uşaq olmayasan. Yəni oxumayasan ikinci sinifdə, oxuyasan səkkizinci sinifdə. Yəni bir az yekə olasan ki, hər şeyin qədir-qiymətini daha yaxşı anlayasan. Və hasarın başından dostların oynamağa şağırsalar getməyəsən. Qorxasan ki, oynamaqdan qayıdanda gəlib yenə hər yeri yanmış, hamını ölmüş görərsən...

Lap elə 1993-cü ldəki oyunlardan sonra olduğu kimi...


TƏQVİM / ARXİV