adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Iyun 2020 09:00
107646
LAYİHƏ
A- A+

Danışan barmaqlar

Mən onu Şuşadan tanıyırdım. Özü də təsadüfdən yox, sadəcə Şuşanın məşhur istirahət evində keçən günlərimin birində şuşalı qohumlarım, dostlarım məni bu işıqlı insanla tanış etdi. Hətta məclislərimizin birində o, ruhumuza mənəvi qida vermək üçün tarı da sinəsinə sıxdı. Mən ilk dəfə tarın danışdığını, özü də üzbəüz mənimlə həmsöhbət olduğunu onda gördüm, onda şahidi oldum. Doğrudur, oxuduğum orta məktəbdə də İmran adlı bir tar müəllimimiz vardı. Daha doğrusu, bizə musiqi dərsi keçirdi. O da həmişə bizi müxtəlif məktəbli mahnılarını ifa edəndə tarla müşayiət edirdi. Amma hərdənbir "Segah" da çalırdı. Bax, həmin "Segah" nöqtəsində sevirdik musiqi dərsini (o vaxt nəğmə dərsi deyirdilər - Ə.M.), İmran müəllimi...

Ona görə yadımda qalmışdı tar... ona görə mənə tanış idi tar... Amma tarı ilk dəfə mənə o sevdirdi. Yəni Gülağa müəllim sevdirdi. Özü də bütün varlığımla özümə, ürəyimə hopdurdum o tarı. Sonra illər keçdi, mən tarı daha böyük ifaçıların çalğılarında not-not, səhifə-səhifə dinləməyə və böyük Müşfiqin niyə tar üçün üsyan etdiyini dərindən anlamağa başladım. Günlərin birində onunla dörd divar arasında "Azərbaycan" nəşriyyatının bir parça Şuşa ünvanı olan Vasif Quliyevin iş otağında görüşdük. Bir-birimizin əlini sıxdıq, amma bir-birimizə təzə heç nə demədik. Çünki deyiləsi təzə heç nə yox idi. Əgər Şuşa yoxdursa, Qarabağ yoxdursa, təzə nə ola bilərdi ki? Susduq. Üzbəüz əyləşib özümüzdən, uşaqlardan danışdıq. Hiss edirdim ki, o da bu görüşdən köklənib, havalanıb, mən də... Hiss edirdim ki, onun barmaqları mizrab axtarır. Elə mən də o mizrabı görmək, onun toxunacağı simləri öpmək istəyirdim. Köməyimizə Vasif müəllim çatdı. Həmişə iş otağında, kitab rəfinin üstündə olan tarı göstərib Gülağa müəllimə bircə kəlmə dedi:

- Bəlkə çalasan?

Bu söz mənə hava kimi gəldi... Bu söz məni elə bil ki, darıxmaqdan, partlamaqdan xilas elədi. Özümdən asılı olmadan mən də həmin sözü təkrar etdim. Bir balaca dəyişikliklə:

- Gülağa müəllim, bəlkə bir hava səsləndirəsən?

Vasif müəllimin və eləcə də mənim səsimdəki nisgili, həm də ağrını tutdu Gülağa Zeynalov. Heç nə demədi. Oturduğu yerdən qalxıb kitab rəfinə tərəf çevrildi. Tarı götürüb öncə simləri bir-bir gözdən keçirdi. Sanki nə isə axtarırdı. Sonra tarın özünə məlum olan yerindən mizrabı çıxardı. Kökləmək istədi. Bir-iki dəfə simlərdə gəzişdi, amma kökləmədi. Hiss etdim ki, elə bu cür, tarı kökləmədən, onu xam səsiylə, xam nəfəsiylə danışdıracaqdı. Elə də etdi. Amma nətəhər çaldısa, o tarın köklənmədiyi, o tarın bu dünyaya sığmayan böyüklüyü içərisində əriyib getdi. Barmaqlar tarı söz-söz danışdırırdı. Barmaqlar Şuşanın bütün küçələrini, məhəllələrini, hətta özünün doğulduğu ünvanı da gəzib, dolaşıb dolamalardan üzü aşağı Ağa körpüsünə tərəf enib gəlməyə başladı. İlahi, insan öz barmaqlarının necə danışdığını və bu barmaqların cansız simləri necə oda, alova çevirdiyini görəsən hardan öyrənib? Ümumiyyətlə, bunu necə bacarır? Buna necə nail olur? İnanın ki, mən o ifaların dalğası altında Şuşanı gəzə-gəzə həm də o suala cavab axtarırdım. Axtardım, axtardım və Gülağa müəllim son pərdədən mizrabı götürəndə tapdım. Gördüm ki, sən demə, həmin o qeyri-adi istedada malik olan adamlar barmaqlarla çalmırlar tarı, ürəklə çalırlar. Sadəcə, biz barmaqları görürük. Amma ifaçı onu ürəyiylə çalır... mizrab ürəyi olur... ifa ürəyi olur... səs ürəyi olur... Hətta simlər də ürəyin telləriylə əvəzlənir. Ona görə də biz doymuruq o ifadan, biz ayrıla bilmirik o səsin aurasından...

Həyat elə gətirdi ki, Gülağa müəllim mənim qızlarımın müəllimi oldu. Öncə musiqi məktəbində, sonra Şuşa Musiqi Texnikomunda qızlarım onun təkcə müəllimliyinin yox, həm də insanlığının şahidi oldular. Gülağa müəllimin vaxtsız ölüm xəbərini eşidəndə onların necə kövrəldiyini, necə heyfsiləndiklərini görüb həqiqətən bir insan itirdiyimizin əhəmiyyətini bir də dərk etdim. Ona qədər isə...

Dəfələrlə görüşdük, çay içdik, çörək kəsdik... Dəfələrlə Vasif Quliyevin iş otağında onun ifasını dinlədim, onunla fikir mübadiləsi edib dağı arana, aranı dağa çəkdim. Amma bir dəfə də olsun kimsənin qeybətini etmədi... kimsənin haqqına göz yumduğunu büruzə vermədi... kimsəni aşağılamadı... və nəhayət, hansısa böyük vəzifədə oturan dostunu, qohumunu işarə verib öyünmədi. Çünki o, əsl şuşalı idi, əsl qarabağlı idi, əsl azərbaycanlı idi və ən vacibi isə o, əsl İnsan idi. Biz bütün təmaslarımızda Şuşadan danışırdıq... Şuşanın ziyalılarından söhbət açırdıq. Şuşa üçün gücü çatan hər hansı bir işin qulpundan yapışıb çaba göstərənlərdən danışırdıq. Və bütün sözlərimizin, söhbətlərimizin yekununda "İnşallah, Şuşaya qayıdaq, kimin kim olduğunu orda deyərik!" məntiqiylə bir-birimizin əlini sıxıb ayrılırdıq. Bu, Gülağa müəllimin insanlıq missiyasının ən işıqlı bir tərəfi idi. O, əyilmədiyi kimi, kimsənin də onun önündə əyilməsini heç vaxt nə istəməmişdi, nə də buna yol verməmişdi.

Yeri gəlmişkən, əməkdar artistlər Teyyub Aslanov, tarzən Vamiq Məmmədəliyev, kamança çalan Mirnazim Əsədullayevin və aşıq Əhliman Rəhimovun xatirələri yaddaşımda dərin iz buraxdı. Gülağa müəllimin tələbə yoldaşı Mirnazim Əsədullayevin söylədiyi fikirlər isə təkcə dinləyənləri kövrəltdi. Gülağa Zeynalov əsl şuşalı idi. Təkcə şuşada doğulduğuna görə, Şuşada yaşadığına görə yox, həm də ona görə ki, o, bütün həyatını, bütün fəaliyyətini Şuşaya, Şuşanı tanıdıb sevdirməyə, Şuşa musiqisini dünyaya çatdırmağa həsr etmişdi. O, Şuşa üçün yaşadı və bu gün də ruhu Şuşadadı, Şuşanın səmasında dolaşır.

Gülağa Zeynalov özəl xarakteri, əyilməz, heç kimin minnətini götürməyən, heç kimi sındırmayan və heç kimin qarşısında sınmayan cüssəli, dəyanətli, məğrur və bütöv bir kişi idi. O, özünü Şuşasız təsəvvür etmirdi və Şuşa adı gələn, Şuşa sorağı verən hər yer üçün, hər kəs üçün canından keçməyə hazır idi. Bütün arzusu, istəyi Şuşaya qovuşmaq, Şuşaya dönmək olan Gülağa müəllim Şuşasız dözə bilmədi...

Bir dəfə, daha dəqiq desəm, söhbətlərimizin birində dostum Salman müəllim dedi ki, Gülağa Zeynalov mənim ilk musiqi müəllimim olub. O, müəllim kimi də, ziyalı kimi də, tarzən kimi də, şuşalı kimi də qeyri-adi insan idi. Onunla yoldaşlıq edəndə bütün dərd-sərini unudub sanki bir məktəb keçirdin. Öyrənmək və Şuşaya qayıdışa hazır olmaq məktəbi...

P.S. Bu, Gülağa müəllim haqqında eşitdiyim isti xatirələrdən yalnız bir neçəsidi.

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.