adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 May 2020 09:09
194847
LAYİHƏ
A- A+

BU YURDUN ADI TOVUZ

Tovuz Oğuz türklərinin yurdudur. Vaxtilə köçəri və yarımköçəri həyat tərzi keçirən oğuzların ən qədim türk tayfalarından biri olduğu məlumdur. Hətta Çin mənbələrində də oğuzların varlığı və qüdrəti barədə müəyyən bilgilərə rast gəlmək mümkündür. VII əsrin Daş kitabələrində oğuzların tarixi qruplaşmalarından bəhs edilir. Orxon-Yenisey yazılarında da Oğuz tayfalarının döyüşkənliyindən, igidliyindən, mərdliyindən danışılır. Elə Göy Türk xaqanlığının əsasını da Oğuz türkləri qoymuşlar ki, bu barədə də yetərincə qaynaqlar vardır.

Tovuz-Doqquz oğuzların müqəddəs və ulu yurd yeridir. Qədim mənbələrdə Xunan adı ilə qeyd olunan, daha sonra isə Şəmşəddil adı ilə tanınan Tovuz inzibati rayon kimi 1930-cu ildə yaradılmışdır.

Tovuz elinin - Oğuz yurdunun qədimliyini göstərmək üçün heç də uzağa getmək, tarixin minillik səhifələrini vərəqləmək lazım deyildir. Sadəcə olaraq, bu günümüzə qədər gəlib çıxan, adını və varlığını qoruyub saxlayan Girzan məbədinin, Yanıqlı kəndindəki Girdiman qalasının, Xınna, Əsrik, Axınca dərələrinin, eləcə də Qaraxanlının, Köhnəqalanın, Aşağı Öysüzlü qalasının, Dondar Quşçunun, Dağ Quşçusunun, Aşağı Quşçunun, Ağacqalanın və onlarca yerlərin adlarına diqqət yetirmək, bu adların mənasını, yaranma tarixini öyrənmək kifayətdir. Xınna adının özü yüz illiklərdən soraq verir. Bu gün də Xınna dərəsi boyunca yerləşən kənd adlarının özü də tarixin bir çox qaranlıq səhifələrinə işıq salmaqdadır.

Xınna adı Hun türklərinin ən qüdrətli və güclü vaxtlarına təsadüf eləyir.

Tovuzun saysız-hesabsız tarixi abidələri də öz qədimliyi ilə seçilir. Sultan körpüsü, Vahidli qəbiristanlığı, Köhnəqala qəbiristanlığı, kənddəki qədim Cünbəz, Dəlikli Daş, Haça qaya, Qızıldağ qalası hələ ulu keçmişimizin öyrənilməmiş, tədqiq edilməmiş səhifələridir.

XUNAN

Tovuzun ilkin adıdır. Xunanlılar qədim Alban torpaqlarının ilk varisləri kimi qeyd olunur. Bu barədə müxtəlif yazılı mənbələrdə də söhbət açılır.

Tarixdən məlumdur ki, 645-ci ildə ərəblərin Xilafət ordusu Qafqaza yürüş eləmiş və bu yürüşlər də qanlı döyüşlərlə nəticələnmişdir. Ərəb döyüşçüləri Xunan şəhərində ciddi müqavimətə rast gəlmişlər. Ağır döyüşlərdə Xilafət ordusu böyük itkilər verməli olmuşlar. Xəlifə Ömərin vaxtında ərəb qoşunlarının Azərbaycana hücumu, eləcə də Xunan şəhərində müqavimətlə üzləşməsi bir çox mənbələrdə təsvir edilmişdir.

Xunan şəhərinin Kür çayının sağ sahillərində yerləşməsi barədə tutarlı faktlar vardır. Orta əsr tarixçiləri və coğrafiyaçılarının yazmış olduqları kitablardan məlum olur ki, xunanlar Azərbaycanın qərb bölgəsində yaşamışlar. Fikrimizin təsdiqi kimi bu gün də Tovuz ərazisində Xunanyurd, Xunanarx, Xunanyol, Xunan qalası, Xunan dərəsi, Xunan düzü və s. coğrafi adların mövcudluğunu göstərə bilərik. Hal-hazırda Tovuzun Qaraxanlı, Əlimərdanlı, Bozalqanlı, Qədirli, Mansurlu kəndləri və Torpaqqalanın özü vaxtilə Xunan şəhərinin əhatə etdiyi ərazi olmuşdur. Beş il öncə Tovuzda-Göytəpə adlanan ərazidə qazıntılar zamanı eramızın II-III əsrlərinə aid qədim şəhər aşkar edilmişdir ki, bu da Tovuzun çox qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir.

Xunan (Xunam) şəhərinin hunların adı ilə bağlı olduğuna necə inanmayasan?

Bu gün tovuzlular arasında işlənən söz və ifadələri nəzərdən keçirmək kifayətdir ki, Xunan şəhərinin hunların adı ilə bağlı olmasına şübhə yeri qalmasın. Məsələn, tovuzluların işlətdikləri "Xunam düzü", "Xunama çıxmaq", "Xunam qarpızı", yaxud "Xunu qarpızı", "Xunam arxı" və bu kimi ifadələr yaşlı adamlar arasında bu gün də işlədilməkdədir.

Görkəmli saz-söz ustası Aşıq Hüseyn Bozalqanlı qoşmalarının birində demişdir:

Eləki, yaz getdi, çevrildi yaya,

Gün buluddan çıxıb dönər yaloya.

Tatdar su vermədi Torpaqqalaya,

Gölmələrin suyu qana dönmüşdü.

Orta əsr tarixçiləri Xunan ərazilərini IV-V əsrlərə aid olduğunu və hunlara şamil etdiklərini yazırlar. Ərəb tarixçilərinin əsərlərində ərəblərin Azərbaycanı, o cümlədən Arranı (Şimali Azərbaycanı) işğal etdikləri zaman bu ərazidə olan şəhərlərdən biri kimi Tovuz rayonu ərazisində salınmış Xunan şəhərindən də bəhs edirlər. "Xunan şəhəri Həbib bin Məsləmənin Arranı fəthi dövründə mövcud olan bir şəhər idi. Şəhər böyük bir təpənin üstündə yerləşmişdi və Tiflisdən şərqdə, iyirmi iki fərsəxlikdə (hər fərsəx - 6 km.) - Kür çayının sahilində salınmışdı. Xunan şəhəri eyni zamanda "Qalat ət-Turab" (Torpaqqala) kimi tanınır və bu şəhər ərəblərin "Həbib ər-Rum) (Rum elinin Həbibi) kimi tanıdıqları məşhur ərəb sərkərdəsi Həbib bin Məsləmə əl-Fehri tərəfindən 645-ci ildə fəth olunmuşdur.

TORPAQQALA

Xunan şəhərinin ən möhtəşəm abidələrindən biridir. Torpaqqalanın ümumi ərazisi 6 hektara yaxındır. Həmin yer möhkəmləndirilmiş şəhər tipli yaşayış yerinin qalığı olmaqla, XI-XII əsrlərdə Azərbaycanın həyatında böyük rol oynamışdır. Yeri gəlmişkən, Tovuzun ərazisində Torpaqqaladan əlavə daha iki kənd - Ağacqala və Köhnəqala adları da diqqəti cəlb edir.

Bu iki kəndin adından savayı rayonda qala komponentli başqa kənd adı yoxdur. Görünür, vaxtilə tovuzluların indi yaşadıqları ərazidə üç böyük qala olmuşdur. Torpaqqala və Köhnəqalanın qalıqları bu günə kimi durmaqdadır. Və hər iki qala yerindən tapılmış eyni əşya-dəlillər də Torpaqqala və Köhnəqalanın eyni vaxtda tikildiyini və dağıldığını sübut edir. Üzərində əqrəb həkk olunmuş Sasani möhürü bu qalalarda hələ orta əsrlərdə yaşayış olduğunu açıb göstərir.

O da maraqlıdır ki, hər iki qala çay sahilində ucaldılmışdır. Torpaqqalanı şimal və şimal-şərqdən Kür çayı, Köhnəqalanı isə Zəyəm çayı alınmaz qalaya çevirmişdi. Torpaqqalada da, Köhnəqalada da yeraltı tunellər mövcuddur.

TOVUZ

Tovuzun adı VII əsrdən məlumdur. Alban tarixçisi Musa Kalankatlının "Alban tarixi" kitabında ilk dəfə olaraq Tovuzun adı çəkilir. Ancaq bununla belə Tovuzun tarixi çox qədimlərə gedib çıxır. Bunu maddi mədəniyyət nümunələrindən, tarixi abidələrdən, aparılan qazıntı işlərindən də müəyyən etmək mümkündür. Hələ Girdiman dövlətinin fəaliyyəti dövründə Yanıqlı, Əsrik, Köhnəqala, Şamlıq və s. yaşayış məntəqələri mövcud olmuşdur.

Bir çox tədqiqatçılara görə, Tovuz ehtimal ki, türk tayfa başçısının adı ilə bağlıdır. Bəzi tədqiqatçılar isə Tovuz sözünü türk dilində hərbi rütbə bildirən çouş sözü ilə əlaqələndirməyə cəhd göstərmişlər. Coğrafiyaşünas M. Abbasovanın Tovuz etnotoponiminin etimologiyasına dair öz mülahizəsində bildirir ki, tav, tov - dağ, ikinci tərəfi isə uzus - yüksəliş, zirvə kimi izah olunur. Bir sözlə, Tovuz adını "səsli-küylü çay" mənasında işlənilmiş Taus sözü ilə əlaqələndirənlər də Doqquz Oğuz tayfa İttifaqının uzun gedişli elizia hadisəsinə uğramış variantı hesab edənlər də var. Ancaq bu mülahizə və fikirlərlə razılaşmaq olmaz. Tovuz adının Tovuz quşu ilə əlaqələndirənlər də, ancaq gülünc fikirlər irəli sürənlərdir. Belə ki, Türk-Şumer mənbələrində Tay-sözünün dağ mənasında Tabu sözünün müqəddəs yer mənasında işlədilməsini xatırlasaq, bizə aydın olar ki, Tovuz sözünün Tovuz quşu ilə heç bir əlaqəsi yoxdur və bu inandırıcı deyil, gülünc bir fərziyədir.

Ancaq mənə elə gəlir ki, Tovuz adının ilkin mənşəyini Albaniya ərazisində yaşamış 26 türk tayfalarının birində axtarmaq lazımdır. Çox güman ki, Tovuz (Touz, Tauz) Türk-Oğuz tayfasının soy adlarından biri olmuşdur. Tovuz sözü əslində "dağ oğuzları" mənasını verir. Çünki indiki türkdilli xalqların bir çoxunun dilində "to" (ta, tu) dağ mənasında işlədilir. "Vuz" (vus) isə "oğuz" sözünün dəyişmiş formasıdır. "Tovuz" sözünü Taşauz - Toqquz oğuz etnomilə bağlayanlar da vardır. Və bu bağlılığın özündə də bir həqiqət vardır. Çünki qədim mənbələrdə də toqquz oğuzların və tağuz oğuzların adları qəhrəmanlıq, igidlik anlamında böyük hörmətlə çəkilir.

Qədim Türk-Şumer mənbələrində isə Tau sözünün dağ mənasında işlədilməsini xatırlasaq, bir daha aydın olar ki, Tovus (Tauz) "dağ oğuzları" deməkdir. Bu isə Tovuz adının Toqquz oğuz türk - oğuz tayfalarından birinin soy adı olması qənaətinə gətirib çıxarır.


Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.