adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 May 2020 15:31
58895
LAYİHƏ
A- A+

Qara Yusif

(əvvəli ötən saylarımızda)

Bu fikiri təsdiqləyən başqa bir fakt XV yüz ildə yaşamış şair Ənvərinin "Dəst urnamə" adlı poemasında ikinci ərəb xəlifəsi Ömər ibn əl-Xəttabın (634-644) sərkərdəsi Səd Vəqqasın yürüş zamanı bir ulu şəhərdə və onun ətrafında yüz mindən çox oğuz evləri görməsi barədə yazdığı şeir parçasıdır.

Anda qonmuşdu oğuzlar biədəd

Obalar başdan-başa, yox ona hədd.

Bu faktlar oğuzların Azərbaycan ərazisində VII əsrdən qabaq yaşadıqlarını göstərir. Qaraqoyunlu tayfası ilə bağlı olan etnonimlər Azərbaycanda, Şərqi Anadoluda və İranda son dövrlərə qədər mövcuddur. Son araşdırmalar göstərir ki, Azərbaycanın Gəncə, Göycay, Neftçala, Yevlax, Bərdə, İmişli, Göyçay, Cəbrayıl, Masallı Ağsu, Qubadlı, Tərtər və Goranboy və s. bölgələrində Qaraqoyunlu tayfa ittifaqına daxil olan tayfalarla bağlı oykonimlər saxlanılmışdır.

Qaraqoyunluların adı ilə bağlı son dövürlərə qədər Qərbi Azərbaycanda Qaraqoyunlu mahalı adı ilə mövcud olmuş (hal-hazırda həmin bölgədə Tavuş və Gerkunik adlı iki rayon yerləşir).

Məlum hadisələr nəticəsində soydaşlarımızın Qərbi Azərbaycandan çıxmasından sonra həmin bölgələr türksüz qalmışdır.

Azərbaycan Qaraqoyunlu dövlətinin hökmdarı Cəmaləddin Qara Yusif Barani xalq arasında daha çox "Qara Yusif" kimi tanınır. Onun Azərbaycanda Teymuri ağalığına son qoyulması və dövlətçiliyimizin bərpa edilməsində tarixi xidmətləri əvəzsizdir. Qara Yusif (1355-1420) 1389-cu ildə atası Qara Məhəmmədin öldürülməsindən sonra mərkəzi Ərciş qalası olan Qaraqoyunlu tayfa birliyinə rəhbərlik etmişdir.

Möhkəm iradə sahibi olan Qara Yusif rəqiblərinin müqavimətini qırıb qaraqoyunluların nüfuzunu daha da artırmış və bölgədə yaranmış əlverişli vəziyyətdən faydalanaraq 1391-ci ildə Təbriz şəhərini ələ keçirmişdi. Bu zaman Azərbaycanda monqol mənşəli Cəlairi dövləti hakimiyyətdə idi, Azərbaycanın şimal hissəsində Şirvanşahlar dövləti mövcud idi. Vahid güclü dövlətin olmamasından istifadə edən feodallar əhaliyə zülm edir, bundan istifadə edən Əmir Teymur və Toxtamışın qoşunları tez-tez hücumlar edir, başda Təbriz olmaqla şəhərlər əldən-ələ keçir, əhalinin mal-mülkü çapıb-talanır, taxıl sahələri, yaşayış yerləri dağıdılır, xarabalığa çevrilirdi. Belə bir şəraitdə Cəlairi hökmdarı Sultan Əhmədlə Qara Yusif arasında ümumi düşmənə (Əmir Teymura) qarşı ittifaq yaradaraq 1394-cü ildə Əmir Teymura qarşı çıxdılar. Bağdat ətrafında baş verən döyüşdə Teymur qalib gəldi. Bu hadisədən sonra Qaraqoyunlu tayfa ittifaqı zəifləmiş hətta dağılma təhlükəsi yaranmışdır.

Qara Yusifin səyləri nəticəsində bu hadisənin qarşısı alınmışdır. 1400-cü ilin ortalarında Qara Yusif Osmanlı sultanı Bəyazidə sığınmağa qərar verir və 8 ay Türkiyədə yaşayır.

Bu zaman Əmir Teymurun Qarabağdan Osmanlı sultanına göndərdiyi məktublarda Qara Yusifin öldürülməsi, təslim edilməsi, yaxud da ölkədən çıxarılması tələb edilmişdi. Osmanlı sultanı İldırım Bəyazid cavab məktubunda Teymurun bu tələblərini rədd edərək ona sığınmış bir qonağın qovulmasını amansızlıq və imansızlıq kimi qiymətləndirmişdi. 1402-ci ilin əvvəllərində Qara Yusif Türkiyəni tərk edərək Sultan Əhmədin Bağdadı ələ keçirməsinə yardım etmiş və Hillədə möhkəmlənmişdi. 1403-cü il iyulun sonunda Qara Yusif Hillə yaxınlığında teymurilərlə döyüşdə böyük qəhrəmanlıq göstərsə də, məğlub olmuş və Suriyaya çəkilmişdi. Teymur hər ikisinin təhvil verilməsini tələb etsə də Misir hökmdarı Berqoq ona sığınanları təhvil verməmiş, lakin onun ölümündən sonra hakimiyyətə gələn oğlu sultan Fərəc Teymurla münasibətlərini pisləşdirməmək üçün onları həbs etdir. 1405-ci ildə Teymurun ölüm xəbəri müttəfiqlərin azad edilməsinə səbəb olur.

Tarixçi-salnaməçi Xandəmirin yazdığına görə, bir ilin birgə dustaqlığı Qara Yusifə Sultan Əhmədi yenidən barışığa gətirdi. Onlar əbədi dostluğa and içərək şərtləşdilər ki, azadlığa çıxdıqdan sonra Sultan Əhməd Bağdada, Qara Yusif isə Təbrizə yiyələnsin. Teymurun ölümündən sonra onların hər ikisi Azərbaycana qayıdır. Qara Yusif yol boyu Misir sərhədlərindən Fərat çayının sahillərinə qədər ərazilərdə ayrı-ayrı feodal həmlələrini dəf edir. Van ərazisində Hilat, Muş və Xunusun hakimi Məlik Şəmsəddin onunla ittifaqa girir.

1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdikdən sonra Azərbaycanın cənubuna doğru irəlilədilər. 1406-cı il iyulun sonunda Təbrizə yaxınlaşdılar. Sultan Əhməd şəhər yoxsullarını öz tərəfinə çəkməyə çalışdı.

Qara Yusiflə Sultan Əhmədin bağlaşmasından xəbəri olmayan Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarını dönüşü kimi qəbul edərək, "Məmləkət sahibsiz olduğundan xalq hər kəsin tamahından əzab çəkirdi. Gəldik, mühafizə etdik, indi məmləkətin ağası təşrif edir, biz də öz evimizə gedəyin" söyləyərək Uçandan Şirvana qayıtdı.

Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk növbədə Əlincə qalasının bərpa edilməsi barədə fərman verdi. Sultan vergilərin azaldılması və toplanması barədə təbrizlilərə verdiyi vədə əməl etmədi. Əksinə, daha da ciddi tədbirlər gördü. Ona görə də az sonra Teymuri Əbubəkr Mirzənin qoşunu Təbrizə yaxınlaşanda, əhali Sultan Əhmədə kömək etmədi və o, yenidən Bağdada qaçdı. Lakin Əbubəkrin qoşunu Qara Yusifin qüvvələrinin öhdəsindən gələ bilmədi. 1406-cı ilin payızında Təbrizin yaxınlığındakı Şənbi-Qazanda Qaraqoyunlu və Teymuri qoşunları qarşı-qarşıya gəlirlər.

Bu zaman Qara Yusif "Bizim şəxsi düşmənçiliyimiz üzündən bu qədər insan tələf olur; igidlik və bahadırlıq ikimizin qarşı-qarşıya gələrək vuruşmasındadır" deyərək düşmən sərkərdəsi Əbu Bəkri açıq döyüşə çağırır. Lakin o bu təklifdən imtina edir.

Qaraqoyunlu qüvvələri teymuriləri məğlub edir. Əbubəkr üzərində bu ilk qələbə Qara Yusifin şöhrətini xeyli artırdı, onun sonrakı qələbələrinin müjdəçisi oldu. Əbubəkrin məğlubiyyəti atası Miranşaha ağır təsir etdi. Odur ki, 1408-ci il aprelin 21-də Sərdrud adlı yerdə Qara Yusifin qüvvələri ilə Teymurilər arasında ikinci döyüş oldu. Bu döyüş də Qaraqoyunluların qələbəsi ilə başa çatdı. Miranşah öldürüldü, Teymurilər təslim oldular. Beləliklə, Teymurilərin Azərbaycandan qovulmasında Qaraqoyunluların həlledici rolu oldu. Nəticədə Azərbaycanın cənub torpaqları onların hakimiyyəti altına keçdi.

(ardı gələn sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.