adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 May 2020 08:16
86754
ƏDƏBİYYAT
A- A+

Rəsul RZA: MƏN TORPAĞAM

ÇİNAR

Gecə keçmiş, ulduzlar ağ, göy qara!
Söykənmişəm qocaman bir çinara.
Bir yanımda ömür kimi axır su,
Qaçmış bu gün təbiətin yuxusu.
Budaqlarda sərin yelin xoş səsi.
Yarpaqların həzin-həzin nəğməsi.
Ürəyim bir qanadlanmış quş kimi
Hey çırpınır, təsəllisiz, əsəbi.
Hündür çinar budaq atmış, qol atmış,
Öz ömründə çox əsrlər qocaltmış.
Görkəmində qarlı dağlar vüqarı.
Başı bütün ağaclardan yuxarı.
Tufan qopar, yağış yağar, qar tökər;
od qamçılı ildırımlar göy sökər.
Bəzən çayda daşlar daşı qovalar.
Seldə gedər göy çəmənlər ovalar.
Yarğan yarar sinəsini dağların.
Sular oyar binəsini dağların.
Karvan çəkər göydə qara buludlar.
Çovğun gələr, şaxta kəsər, buz donar.
Xan çinarım əyməz məğrur başını.
Kimsə bilməz xan çinarın yaşını.
Gecə qara, durdum düşündüm bir az,
Dedim nədən ulu çinar yıxılmaz?
Birdən çinar dilə gəldi dedi: - bax!
Bu torpaqda dərindən kök salaraq,
hər tərəfə uzatmışam qolumu,
övladlarım bürüyüb sağ-solumu.
Belə məğrur dayanmağa haqlıyam.
Mən kökümlə bu torpağa bağlıyam.

Yalta, 1935

**

MƏN TORPAĞAM


Mən torpağam, məni atəş yandırmaz;
tərkibimdə kömürüm var,
külüm var.
Mən baharam çəmən-çəmən
çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm,
kim bilər ki, mən varam.
Mən buludam, səhraları susuz görüb,
ağlaram.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Mən insanam,
sadə insan əlinin
yaratdığı nemətlərlə öyünməsəm
ölərəm.
Mən işığam - qaranlığın qənimi,
Mən insanam,
daşıyıram qəlbimdə
dünyaların sevincini, qəmini.
Maraq dolu gözəm mən,
baxmaya bilmərəm.
Qarlı dağdan süzülən çayam mən,
axmaya bilmərəm.
Mən insanam,
vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrəti -
söyləməyə qadir olan
dilim var.
Mən bir qranitəm ki,
hər parçamda duyulur
bərkliyim,
döyüşdə möhkəmliyim,
ülfətdə kövrəkliyim.
Mən insanam, ülfətsiz -
ölərəm.
Məhəbbətsiz, nifrətsiz -
ölərəm.
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
həmişə yoldayam:
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm, qoldayam.
Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, döyünməsəm
ölərəm.

1963
**

TORPAQ


Torpaq bomboz;
elə bil ki, üzünə
dəmrov düşüb.
Bir yanda çadar-çadar,
bir yanda doxsan yaşlı qoca üzü kimi
bürüşüb.
Bir yanda anasını görmüş uşaq kimi
sevincli, çiçəkli,
bir yanda susuz.
Bir yanda sudan bezar.
Bir yanda qumu qaynar.
Bir yanda örtüyü qar.
Torpaq həm çörək verir bizə,
Həm su.
Həm son mənzilimizə yer verir.
Nəsil-nəsil qəlbimizdə yaşayır
onu itirmək qorxusu.

1965

**

SORUŞ

Od nə çəkdi,
küldən soruş!
Baş nə çəkdi,
dildən soruş!
İşə susuz barmaqların
kədərini insan bilir.
Nəğmələrin həsrətini
bir qırılmış teldən soruş!
Ömrün çətin yollarında
daşa ləpir salsa ayaq,
gün nə çəkdi,
ildən soruş!
Zülmətliyin möhnətini
kor söyləsin!
Bəm xalların fəryadını
zildən soruş!
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim,
Gözlərimi yumub açdım
neçə dostu sağ görmədim.
Nələr çəkdi çaylaq daşı
seldən soruş!
Yollar uzun, mənzil uzaq.
Sərt daşlara dözmür ayaq.
Dözsün gərək.
Dözsün gərək.
Kim zirvəyə qalxar, deyin,
Yollar boyu hər pilləni
birgünləri, yüzilləri
qəlbimizlə,
beynimizlə
ömrümüzlə
doldurmasaq.
Mən yolçuyam
Od nə çəkdi,
küldən soruş!
hansı şerim,
hansı sözüm
yaşayacaq məndən sonra?
Mən bilmirəm,
eldən soruş!

Bakı, yanvar, 1964

**

DARISQALLIQ


Uzun illər sıxdı məni:
gah çəkmələrim -
bəzən uzunu, bəzən eni ilə,
Gah ötüb keçən ilə təəssüfüm.
Gah ümidim, yeni ilə.
Gah dünyanın dərdi, qəmi sıxdı məni,
gah corablarımın boğazı,
Gah alçaq buludların qalın pərdəsi;
Gah bir nadan qələmindən
tökülən yazı.
Gah avtomat qələmin bahalığı.
Gah sözün ucuzluğu.
Gah köynəyimin yaxalığı.
Qırıb çıxmaq istədim
"olar", olmaz" çərçivəsindən.
Dedilər yox, yox!
Dəblərə, qaydalara gir!
Vərdişləri, adətləri gözlə!
Sığallı dillə yaz!
Sıxdılar məni,
maddələrlə, sözlərlə…
İş otağım
on iki metr yarım.
Altısında
mən,
yazı masam,
həsrətim, ümidim.
Sabir.
Heminquey.
Tavandan süzülən damcıların izi.
Bricid Bordonun
bığsız, pişik üzü.
Falk, Mikayıl,
Tağı,
Bəhlulun nəvəsi.
İlk sırada olmaq
və qalmaq həvəsi.
Altı metr belə.
Altı yarım:
kitablar, kitablar, kitablarım.
Pəncərələr sıxdı məni
uzunsov dördbucaqda göstərib
küçənin evlərlə sərhədlənmiş yarğanını.
Maşınlar sıxdı məni
markalarına münasib.
Sıxdı məni vaqonların
güzgülü kupeləri və
yol hesabatını yoxlayan mühasib.
Məsafələr metrlərlə,
işıq kilovatlarla doldurulub.
Nəğmələr oktava içində
Xəstələrin hərarəti
dərəcələr içində.
İri meyvələr dənələrə,
üzüm-göz yaşı gilələrə dolub.
Şəhərimin yaşıllığı
ölçülüb, biçilib
salınıb rəqəmlərə.
Dağlar darıxıb göyə qalxıb
dərələr çöküb yerə.
Darıxır insan
hüdudlar, ölçülər içində.
Yayda uzun gündüzlər,
qışda uzun gecələr içində.
Deyirəm:
öləndə, atın
ən dərin dəryaya məni;
qaldırıb buludlardan yuxarı!
Son yolum uzun,
son mənzilim geniş olsun barı
Yox, yox.
Ən dərin dəryalar da
sahillərin çənbəri içindədir.
Görünür,
darısqallıq kənarda deyil;
hər meyvənin tumunda,
hər canlının hüceyrəsində,
hər binanın daşında, kərpicindədir.
Görünür,
yolumuz budur.
Zərurəti dərk etməyincə
gedirik, gedəcəyik
Darısqallıqdan keçə-keçə…

1967

**

DİNMƏDİK


Yağış yağdı
Bir gün ara vermədi,
Yağdı gecə-gündüz.
Sən dinmədin,
Mən dinmədim.
Gölləndi çöl, dərə, düz.
Dörd bir yan yağış oldu
Yazın oğlan çağında
Qış oldu.
Sən dinmədin,
Mən dinmədim.
Bir gün gəldi
Göy qupquru qurudu,
Bir damcı da düşmədi.
Gün şaxıdı,
Çöllər yandı
Sən dinmədin,
Mən dinmədim.
Külək əsdi
Budaqlardan yarpaqları
Qırdı, tökdü
Yenə susduq.
Sən dinmədin,
Mən dinmədim.
Yanğın oldu,
Tüstüsü də görünmədi.
Sən də susdun,
Mən də susdum.
Düşündük ki,
Təbiətin şıltağıdır
Hey haray çək,
Çığır-bağır!
Bu dinməzlik adət oldu
özümüzü inandırdıq.
Qismət dedik günümüzə
"Neyləyək biz
əlac yoxdur,
olmalılar olacaqdır.
Dünya qədim bir ocaqdır.
Həm közü var,
həm külü var.
Həm tikanı,
həm gülü var".
Bir dostumuz görünmədi,
Niyə? Niyə?
Sən bilmədin.
Mən bilmədim.
Soruşma ki, kim bildi, kim!
Bəlkə bilsən,
Bəlkə bilsəm
Neyləyərdik?
Qəm yükümüz azalardı
Bilsə idik?
Demirəm ki,
Nigaranlıq yox olardı
Qəm yükümüz az olardı,
Bəlkə çoxdan çox olardı.
Bəlkə də verib əl-ələ
Quraqlığa göz yaşından
Nəm verərdik,
Yağışları durdurardıq,
Yanğınları söndürərdik,
Küləkləri sındırardıq
Çilik-çilik.
Bəlkə nəvə-nəticələr
Dünyamızın bəd gücünə
bir gün olar
qalib gələr.

1977-1980

**

BİR APRELDƏN SONRA


Dünən bir aprel idi
Man deyildi yalanlar.
Nə böyük dərddir yenə
yer üzündə illərlə
tükənməyən, bitməyən
qıpqırmızı, ağ, qara
neçə rəngli yalan var.

2 aprel 1973

**

İNSAN ŞƏKLİ


Mənə bir sərgi salonu verin!
Nə geniş olsun dünya qədər,
nə elə hündür olsun ki,
ətəyində qala uzun kölgələr.
Mənə bir sərgi salonu verin!
Orda bir insan şəkli asacağam -
adi bir insan.
Nə elə kiçik ki, məhəl qoyan olmaya,
nə elə böyük ki, baxanda qorxasan.
Orda bir insan şəkli asacam,
görünsün dünyanın hər yerindən;
zamanın keçmişindən,
dövranın indisindən,
əsrin gələcəyindən
Bir insan şəkli asacam;
bir yanında Nəsimi -
dabanından soyulandan sonra,
Bir yanında
məşəl təki yanmış Azəri qızı -
tunc heykəli qoyulandan sonra.
Bir yanda Cordano Brunonun külü.
Bir yanında Məmmədhəsən kişi -
ömrü, günü yollara tökülü.
Yuxarıda kosmopolit göy
Aşağıda sərhədlə kilidlənmiş ölkələr
Bir yanda Osvensim -
minlərlə insan, beli bükülü.
Bir yanda yolları insanla döşənmiş -
Kalıma.
Bir yanda Xirosima - ölü.
Bir tərəfdə
Fərhad, Şirin,
Kərəm, Əsli,
Bir tərəfdə
İsrafil, Qafur
Qastello, Lorka -
prometeylər nəsli.
Bir insan şəkli asacam;
qapalı dodaqlarında söz yanığı.
Ətrafında bayram təntənələri.
Baxışında sınaq günləri,
dözüm sənələri.
Şəklin müəllifi - Zaman.
Adı - insanlığın ömür yolu.

1964

**

MƏNDƏ İXTİYAR OLSA


Mən istəyirəm:
buludlar ağlasın
uşaqlar ağlamasın;
analı ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
güllələr açılmasın,
amanlı ya amansız.
Mən istəyirəm:
qapılar qapansın
soyuq olanda hava.
Gözlər qapanmasın,
sözlər qapanmasın.
Mən istəyirəm:
yanğınlar sönsün,
ümidlər sönməsin.
Meyvələr dəysin öz fəslində.
Ürəklərə söz dəyməsin.
Bəhərdən budaqlar əyilsin.
İnsan başını əyməsin,
xəcalətdən ya gücsüzlükdən.
Axsın bulaqlar göz yaşı kimi,
torpağın üzərində.
Göz yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerində.
Hər şey insana baxsın.
İnsan ələ baxmasın.
Gecələr ulduzlar oyaq olsun.
İnsanlar yatıb dincəlsin;
qüvvət toplasın sabahın
xeyirli işlərinə.
Açsın gözlərini
gələcəyin ümidli səhərinə.
Mən istəyirəm:
sevinc, səadət bol olsun.
Ürəkdən-ürəyə,
ölkədən-ölkəyə,
açıq yol olsun.

1964