adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Elçin Əfəndiyevin doğum gününə - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
58903 | 2020-05-15 09:14

Adətən kiminsə barəsində yazı yazmağa başlayanda sözün hardan başlayıb harda bitəcəyini düşünmürəm. İçimdə, ağlımda olanları bir-birinin ardınca söyləyib yazımın məramını, məqsədini ortaya qoyuram. Və təbii ki, ürəyimin səsi, ağlımın hökmüylə yazdığım bu yazılarda qəhrəmanıma, yazımdakı obraza münasibətimi də olduğu kimi sərgiləyirəm. Necə deyərlər, özüm hansı haldayamsa, yazım da elə onun ifadəsinə çevrilir. Amma...

Bəli, bu yazını isə yazmaq mənim üçün çox çətindi. Bəlkə də bu yazını ötən illərdə yazsaydım, tamam fərqli bir mənzərə yaranardı. Çünki onda Elçin müəllim məni tanımırdı və mənim də necə, nə yazdığımdan məlumatlı deyildi. Ötən il isə xalq yazıçısı, ədəbiyyatşünas, alim, dramaturq, ssenarist, ictimai-siyasi xadim Elçin Əfəndiyev AYB-dəki mühazirə-çıxışında mənimlə bağlı çox isti fikirlər səsləndirir. Məni həm özümə, həm də oxucularıma təqdim etdi. Bax, bu səbəbdəndi ki, hörmətli Elçin müəllimin doğum günündə bir oxucu, bir jurnalist və nəhayət, həm də bir şair kimi fikir söyləmək mənə çox çətindir. Üstəlik, bu fikrin təkcə Elçin müəllim tərəfindən deyil, həm də Elçini sevənlər, həm də sevməyənlər tərəfindən necə qarşılanacağı da ayrı-ayrılıqda sualdı. Ona görə də yazını bilgisayara diqtə etdiyin an boyu sözləri seçməyə, onun Elçin müəllimin adına layiq olmasına, həm də oxucuların həzm edə bilməsinə cəhd göstərirəm. Bilmirəm necə alınır və yaxud alınacaq...

Amma bildiyim odur ki, mən bu yazını xalq yazıçısı Elçin Əfəndiyevin oxucusu olaraq onun doğum gününə ünvanlayıram. Hələ doğulduğum Tuğ kəndində, orta məktəbdə oxuduğum illərdə tanıyıb sevmişəm Elçin Əfəndiyev yaradıçılığını. Xüsusilə onun unudulmaz xalq yazıçımız İlyas Əfəndiyevin oğlu olduğunu biləndən sonra ürəyimdə qəribə bir hiss baş qaldırmışdı. Özüm-özümə sual verirdim ki, görəsən iki yazıçı bir evdə mövzuları, yazdıqlarını müzakirə edirlərmi? Bir-birlərilə iki qələm adamı olaraq hansı mövzularda mübahisələri olur? Məni qınamayın. Bu bir orta məktəb şagirdinin, bir cavan oğlanın tam səmimi duyğularından doğan sual idi. İllər keçdi və mən Elçin Əfəndiyevi həyatda da görməyə başladım. Müxtəlif tədbirlərdə çıxışlarını dinlədim. Xüsusilə İlyas Əfəndiyev cənnətə köçüb haqqa qovuşandan sonra İlyas müəllimlə bağlı keçirilən tədbirlərin böyük əksəriyyərtində iştirak etdiyimdən mən Elçin müəllimi orada yaxından görürdüm. Hətta bir dəfə şair dostum, qardaşım, ailəvi bağlılığım olan Çingiz Əlioğlu Milli Dram Teatrın foyesində tamaşaya gələn Elçin müəllimə doğru addımladı, görüşdülər. Və çevrilib mənə tərəf baxan Çingiz Əlioğlunun baxışlarından duydum ki, məni də yaxınlaşıb görüşməyə dəvət edir. Bir az ehtiyatla Elçin müəllimə yaxın gəldim və salam verdim. O da əlini uzatdı... Bax, bu mənim Elçin müəllimlə bu günə qədər olan üzbəüz yeganə görüşümdü...



Elçin Əfəndiyev mənim üçün gözəl novellaların, xüsusilə "Baladadaşın ilk məhəbbəti"nin müəllifidi... Elçin müəllim mənim üçün "Bir görüşün tarixçəsi", "Ox kimi bıçaq", "Mahmud və Məryəm"... " Baş" əsərlərinin müəllifidir... Elçin müəllim ayrı-ayrı şəxslər barəsində xatirə yazıların müəllifidi... Hansı ki o yazılar barəsində söhbət açılan şəxsləri bizlərə yenidən və həm də ətraflı şəkildə tanıdır...Elçin müəllim mənim üçün düşündürməyi və inandırmağı bacaran səhnə həyatı verdiyi obrazların müəllifidir... Elçin müəllim mənim üçün həm də ədəbi düşüncəylə fəlsəfi düşüncəni bir-birinə calaq edən yox, bir-birində ifadə edən yazıçı alimdi... nasir, həm də filosofdu... Ona görə də onun oxuduğum əsərlərini demək olar ki, hamısında mən hər bir sözün arxasında ikinci və bəzən də üçüncü sözün dayandığını görürəm. Sözlər qat-qatdı, bir insanın arxasında dayanan insanlar kimi. Oxuduğun anda sənə adi görünür. O görüntü səni çəkir və başlayırsan gördüyünün ardınca getməyə. Gedib sonsuzluğa yox, işığa çatırsan. Sözün məbədindən qaynayan o bulağın gözündə bütün rənglərin, bütün gözəlliklərin və həyatla insanın mücadiləsinin şahidinə çevrilirsən. Burda söhbət daha çox yaşatmaqdan, yaratmaqdan gedir. Dağıtmaq, məhv etmək istəyinə qarşı çıxmaqdan gedir. Və nəhayət, Elçin müəllimin bir nasir, bir dramaturq, bir ədəbiyyatşünas kimi oxucu önünə çıxardığı hər bir fikir, hər bir əsər dərhal müzakirə ünvanına çevrilir. Çünki təzə tərdi... Çünki hamının dediyi formada yox, məhz Elçinin dediyi formada ortaya qoyulubdu. Bu, özünəməxsusluqdu! Bu mənə görə həm də Elçinşünaslıqdı!

Mən Elçin Əfəndiyevin oxucusu olaraq özüm üçün bir gerçəkliyi də müəyyənləşdirmişəm və o gerçəkliyi özümün haqqım kimi qəbul etmişəm. Bu gerçəklik də mənə görə, bundan ibarətdir ki, Elçin Əfəndiyev pafos yazıçısı deyil. Elçin Əfəndiyev gerçəyin, yəni oxucunun yazıçısıdı! Və mən sevinirəm ki, bu gün Azərbaycan söz məkanından kənara çıxaraq Azərbaycan ədəbiyyatını tanıdanların arasında Elçin Əfəndiyev də var! Bu yer onun həm haqqıdır, həm də oxucularının ona verdiyi missiyadır! Bu gün Azərbaycan ədəbiyyatının öncüllərindən biri olan Elçin Əfəndiyev bizim üçün, Azərbaycan üçün, ədəbiyyatsevərlər üçün yazıb yaradır. Hardasa içimdəki mən deyir ki, həm Elçin Əfəndiyev onun oxucusu olan mənim üçün yazır. Mən də bir oxucu marağı və sevgisiylə o yazıları, o kitabları gözləyirəm.

P.S. Çox hörmətli Elçin müəllim, inanın ki, sizə ünvanladığım bu kiçik yazı istəklərimin tam səmimi ifadəsidir. O sizə layiq olmasada, hər halda, mən oxucunuz kimi sizə yaradıcılığınızla bağlı düşündüklərimi çatdırmağa cəsarət etdim. 13 may Sizin doğum gününüzdür. Bu münasibətlə tək Sizi yox, həm də Sizin bütün oxucularınızı təbrik edirəm. Dünyamıza Xoş gəlmisiniz. Gəlişiniz mübarək!


TƏQVİM / ARXİV