adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Qapımızı döyürlər

İRADƏ TUNCAY
50323 | 2007-09-22 04:48

Oxuyanlardan (kitab) çox yazanların olduğu bir məmləkətdə əlinə qələm götürüb nəsə yazmaq istəyi (ya da klaviaturanı dınqıldatmaq istəyi) yəqin çox böyük fədakarlıqdı. 8 milyon əhalisi olan bir məmləkətin vətəndaşları üçün, hətta rəsmi sayı 1500 olan yazıçı dəstəsinin mövcud olduğu bir ölkədə 500 tirajla kitab çap eləmək bu ölkənin vətəndaşları üçün böyük bir ayıbdı. Deməli, belə çıxır ki, hətta yazıçılar belə öz həmkarlarının yazdıqlarını oxumurlar. Özümüz deyib özümüz eşidiriksə və millət də fikirləşirsə ki, özü beynini işlətməsə də kimsə rahatlığı, firavanlığı, azadlığı gətirib qoyacaq qızıl boşqabda qabağına, neyləmək olar? Bu işlərin axırını gözləmək qalır.
   
   Dedim ki, yazanlar çoxdur. Çoxunuz təsdiq edərsiniz - işdə, evdə, küçədə, bacada tanış-bilişlə rastlaşanda hərə üstü təmtəraqla yazılmış bir kitab uzadır. İndi hamı kitab yazır. Hər kəsin ürəyində yazdıqlarıyla əbədiyyətə qovuşmaq arzusu var. Çünki son zamanlar yazdıqlarından tək-tək adamlar pul qazana bilir. Şöhrət olmaq şansı da ki, çox azdı. Demək, bu insanlar gələcəyə arxayındılar. Sən də bu kitabları götürüb ürəyində fikirləşirsən ki, onsuz da oxumayacam, üstünə toz yığılacaq, növbəti maklatura. Heyf kağızdan. Və həm də fikirləşirsən ki, bizdə nə vaxt nəşriyyat işi formalaşacaq, zövqlü naşirlər yetişəcək ki, kitabın üstündə müəllifdən əvvəl nəşriyyatın loqosunu görüb arxayın olasan - hə, bu ciddi bir ədəbi nümunədir, oxumaq olar. Bu da mənim gələcəyə yönəlik arzularım.
   
   ... Bu dəfə belə olmadı. Müəllifi tanıdığımdan roman məni maraqlandırdı. Əslində bu kitabı mənə yox, millət vəkilinə göndərmişdilər, mən də onun kabinetində, onun stolunun arxasında oxumağa başlayıram. Və kitabın əvvəlində müəllifin oxucuya müraciəti məni qıcıqlandırır: "Yox, əziz, mötəbər, ağıllı, nadan, dargöz, mehriban, amansız, amma hər şeyi bilməyə can atan oxucum, donjuanlıq adi məişət məsələsi deyil, o, fəlsəfədi, o, bir məktəbdi və sizin kimi mənim də donjuanlıq barədə təsəvvürlərim mənasız, həqiqətdən uzaq bir şey imiş". Mən bu təsnifata özümü əlavə edirəm, mən oxucuyam. Özü də çoxbilmiş oxucuyam və yazdıqlarımı da bütün iddialardan uzaq oxucu kimi yazıram. Donjuanlıq fəlsəfəsinin nə olduğunu öyrənmək ümidiylə, özünəvurğun romançının niyə mənə, yəni öz oxucusuna paxıllığı tutduğunu öyrənmək üçün müəllifin ardınca yollanıram. Hadisələr məni aparır. 224-cü səhifəyə çatanda nəşriyyat xətası üzündən qarışmış fəsillərdən baş çıxara bilmədiyimdən müəllifə telefon açıram, yeni kitab gəlir, bu dəfə mənə.
   
   ...

TƏQVİM / ARXİV