adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Aprel 2020 17:03
43013
LAYİHƏ
A- A+

ABDULLAHLILAR NƏSLİNİN AĞSAQQALI

(əvvəli ötən sayımızda)

Əbdüləli kişinin qardaşı isə, mənə dərs deyən dil-ədəbiyyat müəllimim Əhmədəli müəllim 1946-cı ildə "Fədakar əməyə görə", 1949-da "Qırmızı Əmək Bayrağı" orden və medallarına, 1960-cı ildə "Əməkdar müəllim" adına təqdim olunubdur. Oğlu Ehsan İsmayıllı rayon Partiya Komitəsinin ikinci katibi olur. Bir Abdullahlı olaraq ad-san qazanmış bu adamlar, heç bir vaxt doğma kəndlərini, həmkəndlilərini unutmamışlar, lazımı köməkliklərini göstərmişlər. Mənsub olduqları nəslin xeyriyyəçi ənənələrini davam etdirərək, "Azneft" aparatında yüksək səlahiyyətlər sahibi olmuş Mübarək Məmmədov, kəndin artmaqda olan su təlabatını yaxşılaşdırmaq məqsədilə dəfələrlə kəndə polad borular, qaynaq aparatı, traktor, işçi qüvvəsi göndərir. Ehsan müəllim isə 1950-ci illərdə kəndə maşın yolunu çəkdirən ilk adam olub.

Müharibədən qayıdan, kənddə qalıb ömürlərini əkin-biçinlə bağlayan digər Abdullahlılar, sözün əsl mənasında kəndin həqiqi başı papaqlı kişiləri idilər.

Kənddə-kəsəkdə ən barışmaz, düyünə düşmüş işlər məhz onların əli ilə yoluna qoyulardı.

Xeyirdə-şərdə məclisin başında oturdardılar. Məhəmməd, Şirin, Həmid, Səmid, İsaqulu, Cəbrayıl, Emin, Mülük, Şamil, Hümbət, Sürmə Əlisi, Fikrət və bir çox dağdan ağır Abdullahlı ağsaqqalları, küçə-bacada göründükdə, qız-gəlinlər həya edərdilər, yaşmaqlanardılar, yeniyetmələr pul kimi qızarardılar, yollarını dəyişərdilər. Kəndə hər cür yeniliyi, tərəqqini onlar gətirərdilər. Toy şənliklərində və yas mərasimlərində yardımlaşmaları, ataları müharibədə həlak olmuşların ali təhsil alan övladlarına maddi yardım göstəmək, onların ailə qurmalarına köməklik göstərmək dəbini də onlar qoymuşdular. Rayon mərkəzindən kəndə göndərilən mötəbər qonaqlar, yalnız bu insanların ailə qayğısına etibar edilərdi.

İsaqulu babanın bacısı, həyatda105 il ömür sürmüş xanım-xatın el ağbirçəyi, mərhum Sürmə nənənin 40-45 il əvvəl söylədiyi məzəli bir əhvalatı yazımıza daxil etmək istəyirəm:

"Müharibə illərində, başda Əlili olmaqla (Qorxmaz Əlilinin atası) kəndə kino çəkənlər gəlmişdi. Onlar qardaşım İsaqulunun evində yerləşmişdilər.

"Kukuruznik" adlanan bir təyyarəni də kəl yedəyinə qoşub sürüyə-sürüyə kəndə gətirmişdilər. (QEYD: həmin təyyarəni gətirərkən qanadının ilişdiyi armud ağacı indi də durur.). "Kor bulaq" adlanan yamacın zirvəsində qol-budağı qurumuş iri bir ağaç basdırmışdılar, guya bura pirdir. (O vaxtdan bu yer indi də "Əlili Piri" adlandırılır). Çəkiliş qrupunun tərkibində Leyla Cavanşirova (Bədirbəyli) və Ayna adlı bir qız da vardı. Leylanın elə vaxtları idi ki, aya, günəşə çıxmalarını qadağan etmişdi. Bir gün qızları yoluxmaq üçün qardaşımgilə gəlmişdim. Evimizə qayıdanda Leyla ilə Ayna da mənə qoşulub bizə getdilər. Yolda Leyla mənə yan alıb xısın-xısın sirr verdi ki, bəs, qonşuluqda yaşayan bir kişi mənə maraq göstərir, him-cim eləyir, hətta bir neçə dəfə çanta-çanta meyvə də göndərib"…

Sürmə nənə məsələdən hali olduğunu Leyla xanıma bildirir. Növbəti gün məsələni qardaşı İsaquluya açıb danışır. O da, Leylaya bir könüldən min könülə vurulan "aşiqin" öz qonşusu, 5 uşaq atası Qulu kişinin (şofer Yarməmmədin atası) olduğunu müəyyən edir, yaxşıca dərsini verir.…

Leyla xanım, aqibəti məlum olmayan o uğursuz filmdən və baş tutmayan "nakam məhəbbətdən" sonra da, uzun illər İsaqulu kişini, arvadı, tacir qızı, acar millətindən olan Anna xanımı heç vaxt unutmadı, onları mütamadi olaraq Tircanda da, Bakıda - Mirzə Fətəli Axundov, 30-dakı evlərində də tez-tez yad etdi.…

Abdullahlılar nəsli nəhəng, uzun ömürlü bir çinar ağacına bənzəyir. İlbəildən qol-budaq atıb, Hacı Məmməd evi, Hacı Əli evi, Hacı Səbzəli evi, Hacı Əbdülxalıq evi, Zülfüqar evi, Müseyib evi, İsmayıl evi, Fətəli evi, Bədəl evi, Kamil evi, Zərbəli evi, İsgəndər evi, Məcid evi, Mütəllim evi, Şahalı evi, Niftalı evi, Hacalı evi və i.a. kimi tanınsa da, hamısı birlikdə Abdullahlı nəslinin tərkib hissəsi olaraq qalır. Bu yazdıqlarım ancaq 19-cu əsrə aid olan qol-budaqlardır.

Əgər bu qol-budaqlardan ayrılan şaxələri, pöhrələri və fidanları da nəzərə alıb qeydiyyata alsaq, buna nə ömür yetər, nə də səbr. Nəslin səsi dünyanın hər bir nöqtəsindən gəlir. Onları birləşdirən yalnız nəsil adıdır. Toyda, düyündə bir yumruq kimi birləşməyi bacarırlar. Onların yasları da toyları kimi izdihamlı olur.

Xilqətinə, qan yaddaşına uyğun olaraq, pis əməllərinə görə, el arasında hörmətsiz adlarla çağırılan nəsillər adlarına düzəlişlər etsələr də, öz əvvəlki adlarında qaldılar, Abdullahlılar səviyyəsinə yüksələ bilmədilər. Burada bir rəvayət də yadıma düşdü: Rəvayət edirlər ki, Adəm Peyğəmbər Yerə endiriləndən sonra, onun ilk ziyarətinə ceyranlar gedir. Geri döndükləri zaman şeytanlarla rastlaşırlar, gözəl ətir qoxusu saçan ceyranlardan haradan gəldiklərini soruşurlar. Onlar: "Adəm Peyğəmbərinin ziyarətindən" deyə cavab verirlər. Şeytanlar bir-birinə baxışırlar və qərara gəlirlər ki, üst-başlarından gələn üfunəti yox etmək üçün onlar da gərək Adəm Peyğəmbərinin yanına getsinlər. Və gedirlər. Oradan qayıtdıqdan xeyli sonra da, şeytanlardan gələn pis iy nəinki azalır, hətta çoxalır. Şeytanlar təkrarən Adəm Peyğəmbərinin yanına gedirlər və deyirlər:

"Ya Peyğəmbər, biz sənin yanına gəlmişdik ki, bizdən də ceyranlar kimi ətir qoxusu gəlsin, amma bizdə tərsinə oldu, pis iyimiz daha da çoxaldı. Bu nə sirrdir?". Adəm Peyğəmbəri cavab verir ki, ceyranlar məni ziyarət niyyəti ilə gəlmişdilər. Siz şeytanlar isə üstünüzdən üfunətin götürülməsi üçün gəlmişdiniz O üfunət, Allah tərəfindən siz şeytanlara verilən irsi qoxudur",- deyir. Ona görə də atalar belə deyibdir: "Hər əməl niyyətə bağlıdır", "Nəsil itməz, yağ iyiməz".

Abdullahlılar nəslinin bugünkü ağsaqqalı Bərxuda Heyranqulu oğlu Bədəlovdur. Onun nə orta təhsili var, nə də ali.

Peşəsi sürücülük olubdur. O bu sadə peşəsi ilə el, camaat arasında ən yüksək elmi dərəcəsi, ən yüksək rütbəsi, ən yüksək vəzifəsi olan adamlardan dəfələrlə yüksək hörmət və izzət sahibidir. O, 86 illik ömrü boyu həmişə kiminsə işinə yarımaqdan qürur hissi keçirib, rahatlıq tapıb. Gecənin istənilən çağında, boranlı-çovğunlu günlərdə ona edilən müraciətlərin hansınısa cavabsız qoyduğunu xatırlamır. Tikintisi yarımçıq qalmışların işinə təmənnasız yardım göstərib.

Girdiman çayı üzərində körpü olmadığı dövrlərdə dəfələrlə həyatını təhlükə qarşısında qoyub, insanlara yardım əlini uzadıb. Oğlu həbsdə olan bir qadına uzun müddət əsl oğulluq edibdir. Bərxuda kişi üçün nəsil, qohum anlayışı yoxdur, nəslinin "qan yaddaşına" uyğun olaraq hərəkət edib. Bu əsl insanlıq duyğusu, Bərxudaya nəinki nəsil, qohumlar arasında, hətta ümumkənd, ümum İsmayıllı məhəbbəti qazandırıbdır. Bərxuda kişi başqa cür ola da bilməzdi. Göz açıb ağlı kəsəndən, Abdullahlı nəslinin ağsaqqalı olmuş əmisi İsaqulu kişinin halal çörəyini yeyibdir, onun namaz vaxtları dediyi bu dualarını eşidibdir: "Allahım, son dönüşümüz sənədir. Hüzuruna alnı açıq, üzü ağ gəlmək üçün bizi yaxşı əməllər sahibi et". İsaqulu kişi o kişilərdən idi ki, ac-yalavac kənd adamlarının min zəhmət bahasına emal etdikləri qaxı, alça lavaşnasını müsadirə etmək üçün dəvət olunmuş milis işçiləri kəndə gələndə, onları yarı yoldaca qarşılayıb evinə dəvət edər, min dillə, min sözlə, ələ alıb yola salarmış. Bir xeyriyyəçi olaraq, Acıdərə adlanan yerdə saldığı yol, bu gün də "İsaqulu yolu adlanır". Ağır, II Dünya Müharibəsi illərində çoxsaylı insanları ölümün yaxasından xilas edən "İsaqulunun qoşa su dəyirmanları"nın xarabalıqları bu gün də qalmaqdadır. Ruhun şad olsun, İsaqulu baba.

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.