adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
23 Aprel 2020 17:01
83474
LAYİHƏ
A- A+

ABDULLAHLILAR NƏSLİNİN AĞSAQQALI

Yadımdadır, sovet dönəmində Kreml rəhbərlərindən birisi, Böyük Britaniya Kraliçasına dəyərli hədiyyə olaraq "təmiz qanlı" Qarabağ atı bağışlamışdı. Qəzetlərin manşetinə çıxarılan sensasiya xarakterli bu xəbər, hamıdan çox böyük şairimiz Bəxtiyar Vahabzadənin heysiyyatına toxunmuşdu. Bütün vücudu ilə silkələnən şair, bu münasibətlə digər vətənsevərləri də riqqətə gətirən bir şeir də yazıb, mətbuatda dərc etdirmişdi. Bəxtiyar müəllim böyük comərdliklə edilən bu bəxşeyşə qətiyyətlə etiraz edib, "yox!" deyirdi.

Doğrusu, sovet ruhunda tərbiyə edilən bir gənc kimi, o zaman Bəxtiyar müəllimin bu etirazına bir az iradım da olmuşdu: "At atdır da, onun nə fərqi, ya qarabağlısı olsun və ya qeyrisi, nə təmizi, nə çirklisi" deyə düşünmüşdüm. Şeirin məna kəsərini dərk etdikdən sonra, Bəxtiyar müəllimin əsərində nə qədər dərin fəlsəfi bir məna gizləndiyini öyrəndim. İndi də o fərdi düşüncəmi xatırladıqca, ulu şairin ruhu qarşısında xəcalət çəkirəm. Demə, mənim həyatda bilmədiklərim çox şeylər varmış. Doğrudan da, qəzetlər məhz niyə "Təmiz qanlı" Qarabağ atı sözlərini manşetlərə çıxarmışdılar? Əgər məqsəd Əlahəzrət Kraliçanın hüsni-rəğbətini qazanmaq idisə, mətbuat bu ifadəni daha iri, daha yağlı şriftlərlə başqa cür də yaza bilərdi. Məhz "Qarabağ" sözü niyə belə səxavətlə hallandırılırdı?

Kişiliyin, qeyrətin, namusun bir meyar olaraq qəbul edildiyi zamanlarda, güçlü düşməndən qisas almaq üçün onun ya atını oğurlayardılar, ya da yalını, quyruğunu qırxardılar. Bu, ailə namusuna toxunmaq kimi qan qoxulu bağışlanılmaz hal sayılardı. İndi isə, "təmiz qanlı" Qarabağ atı, kimlər tərəfindənsə kimlərəsə ərməğan edilirdi. Bu, Bəxtiyar müəllimin fikrincə rəmzi məna kəsb edirdi. Bu, bir elin, bir obanın, küllü Qarabağın verilməsi mənasını daşıyırdı. Bu, Qarabağımızın bugünkü durumunu əvvəlcədən, uzaqgörənliklə görmək idi, şair tərəfindən.

"Qarabağ atı" bizim milli simvolumuzdur. Qarabağ atları döyüşlərdən qalib çıxmaq ənənəsini irsən özündə yaşadan xüsusi özəlliklərə məxsus at cinsidir. Yeganə at nəslidir ki, yad eldə, yad əldə heç bir təlimə yatmayırlar, heç bir sığala uymayırlar. Qeyri kəsin sözünə baxmayırlar. Şinəyib sifət göstərirlər. Yeganə at nəslidir ki, yad məmləkətdə artıb-örəmirlər, heç bir cütləşməyə, hibridləşməyə meyl göstərmirlər. Onların atası da, anası da "qarabağlı" olmalıdır. Onlar ancaq "Qarabağ" adlı bir məmləkətdə, "Qarabağ" adlı bir səma altında artıb örəyirlər, necə ki, "Xarı Bülbülü" bitirən Şuşa torpağı kimi…

Bu xatırlamanı misal çəkməkdə məqsədim həm Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının "Qarabağ Azərbaycandır" kəlamına öz həmrəyliyimi bildirmək, həm Qarabağ dərdimizi bir daha yada salmaq, həm də yazacağım mövzuya ayaqyeri açmaqdır.

İnsanlar da, nəsillər də belədir. İllər əsrlərə, qərinələrə dönüb tarixə qovuşsa da, həyata gələn hər bir körpə, yenə də irsən mənsub olduğu nəslin "qan yaddaşının" daşıyıcısı olur, bir növ onların həyatını təkrarlayan insanlar olurlar.

"DNT" adlanan müasir elm sahəsi bir ovuc çürümüş sümüyün analizindən adamın nəsil kimliyini təyin etməyə imkan verir. Bu, Allaha inanmayanlara, onun mövcudluğunu təsdiq edən əyani sübutdur.

560 evli Tircan kəndi, yerli və gəlmə nəsillərdən ibarətdir. Nəsil adı tircanlılar üçün çox önəmlidir, keyfiyyət göstəricisidir, fərqlənmə nişanıdır, hər bir adamın şəxsiyyət vəsiqəsi, ev ünvanı, kimliyi, el-camaat arasında qazandığı etibar və etimadı deməkdir. Qız verib qız alanda da, ev tikib qonşu olanda da, yoldaş olub yola çıxanda da, ürək qızdırıb sirrini açanda da, borç alıb borç verəndə də nəsil kökü əsas götürülür. Əgər siz, Bakı-İsmayıllı yolunun 160 km.-dən sağa burulub Tircana gəlsəniz və elə girəcəkdəcə ayaq saxlayıb kimdən kəndin ən mötəbər, ən alicənab, əsilli-nəcabətli nəslin kimliyini soruşsanız, fikirləşmədən hamı"Abdullahlılar" ınəslinin adını söyləyəcəkdir. (Bəzən bu ad təhrif olunaraq "Abdullallılar" kimi də deyilir).

"Abdullahlılar"" nəsli kəndin aborogen nəsli olmaqla, tarixi, qədim Xocalı yurdunun tarixindən tutmuş müasir Tircanın tarixinə kimi, ən azından 7 dəfə məkanını dəyişməsi məlum olan yurd yerlərinin tarixi ilə eyni yaşdadır. Bunu deməyə əsas verən arqumentlərdən biri, həmin nəslə mənsub olan 300 illik qəbirlərin bu gün də nəslin davamçıları tərəfindən mütəmadi olaraq ziyarət edilməsidir.

Respublikada məşhur "Bədo" bulağının şimal hissəsindəki geniş ərazilər, tarixlər boyu "Abdullahlılar torpağı" kimi adlanıb. Nəsildən nəslə keçib bizə gəlib çatan məlumatlara görə, bu nəsl , Allah tərəfindən insanlara xilaskar din olaraq göndərilən İslam dinini Qafqazda qəbul edən ilk tayfalardandır.

Nəslin yaşlı adamları öz ata-babalarına istinadən danışardılar ki, ulu babaları islamı qəbul edərkən, özünə son peyğəmbər Məhəmməd əleyhüssəlamın atasının adı "Abdullah"ı (Allahın qulu deməkdir) götürübdür. O zamandan Abdullahlı nəsli, zaman keçdikcə dünyalarını dəyişmiş Abdullahların adlarını yeni doğulmuş körpələrinə qoymuş və beləliklə nəsil adının itməsinə yol verməmişlər.

Respublika Mərkəzi Arxivində saxlanılan 1849, 1873, 1886-cı illərə dair arxiv materiallarından biz bunları açıq-aydın görürük. (F 43 op. 2.d.7200 və 7337). Sonuncu Abdullah 1790-cı illərdə anadan olub. Onun Məmməd (1831), Əbdülxalıq (1841), Əli (1845), Səbzəli (!852) adlı dörd oğlu olmuş və hər biri Məkkə, Kəbə və Mədinə ziyarətinə getmiş, "Hacı"tituluna yiyələnmişlər.

Onların hər biri bu yüksək adı doğrultmuşlar və yaşadıqları eldə, obada, eləcə də bütün Şirvanda sayılıb-seçilən xeyriyyəçilər, söz sahibləri olmuşlar. Böyük rus şairi M.Y. Lermontov 1837-ci ildə Qafqazda sürgündə olarkən, M.F.Axundovun tövsiyyəsinə əsasən, İsmayıl bəy Qutqaşenlinin müşaiyyəti ilə Şamaxıya, oradan da Tircana gəlmiş, hörmətli qonaqlar məhz Abdullah kişinin evinə düşmüş, burada yerli, məşhur Aşıq Orucun ifasında "Aşıq Qərib" dastanına qulaq asmışdır. Abdullah kişi möhtərəm qonaqları yola salarkən onlara milli ornamentli hədiyyələr vermiş, adlarına ağaç əkmişdir. Lermontov isə Abdullah kişiyə xatirə olaraq qırmancını vermişdir. İndi Abdullah kişinin özünün və zövcəsinin də, özündən əvvəlki neçə-neçə ulu babaları olmuş abdullahların və ulu nənələrinin də , 4 oğlunun, 4 gəlninin də, neçə-neçə nəvələrinin də qəbirləri meşələşmiş qədim "Şah Abdal"qəbristanlığında, mamırlı daş barılar əhatəsində, ailə məzarlığında uyuyurlar.

Ot kökü üstə bitər, demişlər. Kənd sonuncu dəfə 1907-ci ildə tamamilə yerə kömüləndə, kəndin bərpası üçün döşlərini qabağa verən yenə Abdullahlılar nəsli olmuşdu.Şamaxı qəzasında məsul vəzifədə çalışan Hacı Əli oğlu Kamil (onu hörmət əlaməti olaraq "Molla Kamil" də adlandırırdılar) çar fərmanının icraçsı kimi kəndin yeni əraziyə köçürülməsinə nail olur.

O, rus mühəndislərinin ıköməklikləri ilə yeni kəndin salınmasına, məktəb, mehmanxana, Qonaq evi və Cümə məscidinin inşasından başlayır. Atası Hacı Əli, öz vəsaiti hesabına 7 km. məsafədən kəndə kürəbəndlə su çəkdirir. Molla Kamil 1915-ci və 1918-ci illərdə əlinə Lermontovun babası Abdullaha verdiyi qırmancı alaraq, kəndi erməni basqınlarından xilas edən Qafqaz İslam Ordusu ilə birlikdə xüsusi qəhrəmanlıq göstərmişdir. 1920ci ildə Milli Hökumətimiz erməni-bolşevvik ünsürləri tərəfindən devrildikdən sonra, M.Ə. Rəsulzadənin həyatının xilaskarı kimi onu Şamaxıdan Basqala, bir gündən sonra Tircana, üç gündən sonra isə Lahıca aparan vətənpərvər bir şəxs olub. Molla Kamilin əl tutub evləndirdiyi, ərə verdiyi qızların övladları, nəvə və nəticələri bu gün də yaşayırlar. Bu böyük insanın özü 1924, oğlanları Şamil, Məhərrəm isə 1930-cu illərdə ermənilər tərəfindən gedər-gəlməzə göndəriliblər.. Evini kolxoz idarəsi, bağçasında isə Leninə heykəl ucaldaraq "Lenin bağçası" etdilər.

Nəslin digər adlı-sanlı oğulları olan Əbdüləlini, Emini, kənddən sürgün edirlər. Lakin zaman keçir ,Abdullahlı nəsli yenə öz soy kökü üstə qayıdır. Əbdüləli kişinin kənddən götürüb qaçdığı oğlanlarından Məmməd oxuyub Pedaqoji İnstitutda dekan, digər oğlu Mübarək isə Stalin, Dövlət mükafatı laureatlarına və "Əməkdar mühəndis"adlarına layiq görülən məşhur mühəndis olur.

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.