adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Aprel 2020 16:59
44065
LAYİHƏ
A- A+

"MƏNƏ İRANDA ŞİRİN OĞLU MƏHƏMMƏD, QARABAĞDA QAZANPAPAQ MƏHƏMMƏD DEYƏRLƏR..."

(əvvəli ötən saylarımızda)

O, 11 bəndlik ərizəsinin göstəriş-bildiriş hissəsinin 5-ci bəndində Qazanpapaq Məhəmməd haqqında yazır: "Ümumiyyətlə, Bağırovun qəribə antisovet şəxslərlə dostluq əlaqələri müşahidə olunurdu: "bir cekist kimi mənə olar". Lakin 1932-ci ildə belə qüsurlu əlaqələrinə görə onu işdən çıxardılar. Onun dostları isə - zəngin mülkədar Məşədi Əli İsmayılov, "onun həyatını xilas edən" Camal Mirzəyev, quldur Qazanpapaq Məhəmməd (MK-nın qərarından sonra onu güllələdilər) və başqaları yalnız Bağırovun himayəsi ilə sağ qalmışdılar. Son dərəcədə dəhşətlisi bu idi ki, o, əksinqilabçı dəstə ilə hesablaşmağa tələsmir, cürbəcür yollarla onları qoruyurdu (bu ifadəni, bu deyimi yaxşı yadınızda saxlayın, bir azdan sözümüz olacaq), lakin iş bolşeviklərə çatanda, həddindən artıq diqqətli olurdu".

Tarixçi professor Adığözəl Məmmədov "Baş tutmamış çevriliş" ("EL-ALIiance", Bakı-2007) əsərində Qazanpapaq Məhəmməd və Bəbir Hüseynovun ölüm məsələsinə toxunaraq yazır:

"M.C.Bağırovun bütün siyasi karyerasına kölgə salan və onu daim təhdid edən 1924-cü il aksiyası zamanı da T.Borşov sabiq Az.FK sədrinin yanında olmuşdu. "Borşov 1924-cü ildə, Az.FK-nın İstintaq Əməliyyat şöbəsinin (İƏŞ) katibi qismində, leqallaşmış qaçaqlar Qazanpapağın və Hüseyn Bəbirovun Az.FK-nın binasında qətlə yetirilməsinin ört-basdır edilməsində iştirak etmişdi. T.Borşov M.C.Bağırovun tapşırığı ilə Qazanpapağın və Hüseyn Bəbirovun qanuni əsaslarla - Az.FK kollegiyasının qərarı ilə güllələndikləri görüntüsü yaratmaq üçün Az.FK kollegiyasının 10 №-li protokolunu və digər sənədləri saxtalaşdırmışdı" (3). T.Borşov, bədnam 1924-cü il epizodu ilə M.C.Bağırovla bağlı olan və sonuncu tərəfindən 30-cu illərdə yüksək vəzifələrə irəli çəkilən yeganə şəxs deyildi. Həmin qətl hadisəsinin bir çox iştirakçıları da T. Borşov kimi 30-cu illərdə də M.C.Bağırovla bir sırada addımlayırdılar. Hüseyn Bəbirovun qətlində bilavasitə iştirak etmiş S.Aksyonov-Şerbitski 30-cu illərin kütləvi repressiyaları zamanı xüsusilə fərqlənmişdi. O, 1937-ci ildə Xəzər Gəmiçilik İdarəsinin işçilərinə qarşı istintaq əməliyyatlarına rəhbərlik edən şəxslərdən biri olmuşdu.

Qeyd olunan qaçaqların amansız qətlinin birbaşa iştirakçısı olmuş P.Qavrilov da M.C.Bağırovun Azərbaycan rəhbərliyində olduğu dövrdə artıq XDİK sistemində yüksək vəzifə tutmuş, 1936-1937-ci illərdə 150-dən artıq adamın qətli və həbsi ilə nəticələnən, "Əli Bayramlıda əksinqilabi üsyan təşkilatı" adlı təxribatçı planın əsas təşəbbüskarı olmuşdu".

Bütün bunlar Qazanpapaq Məhəmməd və onun çox yaxın çevrəsində - ailə üzvləri arasında eşitdiklərim, kitablardan oxuduqlarım, arxivlərdən öyrəndiyim həyat həqiqətləridir.

***

1991-ci ilin oktyabr ayında Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrə, o cümlədən qonşu İran və Türkiyəyə gediş-gəliş asanlaşdı. Vaxtı ilə Qazanpapaq Məhəmmədin dəstə üzvlərindən olan, adlı-sanlı Qacaq Poladın nəvəsi Kamandar babasının sorağı ilə İrana bir neçə dəfə səfər etmişdi. Bu gediş-gəliş zamanı Bərdənin Boyəhmədli kəndindən, Qazanpapaq Məhəmmədin ailəsini yaxından tanıyan Kamandar Qazanpapaq Məhəmmədin nəticəsi Namiqə deyir ki, İsfahanda mənə dedilər ki, Bərdənin Boyəhmədli, Alpoud kəndində bizim qohumlarımız var, atanın, əmilərinin, bibilərinin və digər qohumlarının adlarını söylədilər.

"Yəqin kiminləsə ad oxşarlığı var, səhv salıblar" - deyə, bu mesaja o qədər də əhəmiyyət vermədi. Amma məsələ gələndən-gedəndən bir neçə dəfə eşidiləndə Namiqin böyük qardaşı Slavik deyir ki, İrana gedib həmin ailə ilə görüşəcəm, görüm bu, nə söhbətdir. Slavik 2014-cü ilin yazında gedir İsfahana, soraqlaşıb Kamandarın verdiyi ünvanı, ailəni tapır.

Yaxın qohum-əqrəba yığılır Slavikin başına. Söhbətlər, xatirələr bir-birini əvəzləyir.

Ən böyük həqiqət isə hər iki tərəfin qoruyub saxladığı şəkilləri yan-yana qoyanda məlum olur ki, Slavikin babası - boyəhmədli Qazanpapaq Məhəmmədlə şahanşahlı Məhəmməd Şirin oğlu eyni adamdır. Məhəmməd Şirin oğlunun Şahanşahda 6 övladı olub: böyük oğlu Məşədi İbrahim 1928-ci ildə, qızı Xeyransa 1929-cu ildə, Cəfər 1930-cu ildə, Güllər 1931-ci ildə, Fərzad 1932-ci ildə, Mikayıl 1936-cı ildə anadan olub.

Bu məsələni buradaca alpoudlu Qazanpapaq Məhəmmədlə şahanşahlı Məhəmməd Şirin oğlunun mübarizələrlə dolu həyat hekayəsinə şahidlik edən o illərin, müasir oxucuların ixtiyarına buraxırıq.

Ailənin sonbeşiyi Mikayıl Yüzkəndli deyir ki, İsfahan mahalında Məhəmməd Şirin oğlu kimi tanınan atam 1962-ci ildə qəflətən xəstələndi, ömrünün son günlərində anamı və övladlarını yanına çağırıb vəsiyyət etdi, çox çətinliklə dedi: "Mən indiyə kimi gizli saxladığım bir sirri sizə açacam. Yoxsa bu dünyadan rahat köçə bilmərəm. Mən əslən Arazın o tayından, Qarabağdan - Bərdə rayonunun Alpoud kəndindənəm. Bu tərəfə 1924-cü ildə keçmişəm. Bərdədə mənim ailəm olub, həyat yoldaşımın adı Mina, oğlanlarımın adı Cəfər, Mikayıl, qızımın adı Xeyransadır. Oğlanlarımın adını buradakı oğlanlarıma, qızımın da adını qızıma qoymuşam. Onlar mənim həyatda olduğumu bilmirlər, buradakı varlığımdan məlumatsızdırlar. Dünyanın işini bilmək olmaz, vaxt gələcək zaman dəyişəcək, ara açılacaq, onda onları axtarıb taparsını. Qoy onlar da sizi tanısınlar..."

Biz də atamızın vəsiyyətinə görə sizləri axtarırdıq, şükür ki...

***

Xatirələrdən məlum olur ki, Qazanpapaq Məhəmməd 1924-cü ildə Arazı keçərək İranın Xudafərin yaxınlığındakı Zərnə kəndinə getmiş, sonra İsfahan mahalının Şahan qəsəbəsinə köçmüşdür. Orada hamı onu ailəsiz, evsiz-eşiksiz kimi tanıyıb. Balabəyim xanımla ailə quranda 45 yaşında olub.

Qazanpapaq Məhəmmədin İranda yaşayan 80 yaşlı oğlu Mikayıl Yüzkəndli ilə 2014-cü il noyabrın 22-də Bərdədə görüşəndə dedi ki, mən uşaq olanda hər yerdə, hər evdə söhbət gedirdi ki, xalq hərəkatı genişlənir, Milli hökumət qurulur. Xalq hərəkatının rəhbərləri yaxın şəhərlərdə, kəndlərdə camaatı, məmurları, ağsaqqalları-qarasaqqaları bir yerə toplayıb kəndə nümayəndə təyin edirlər. 1941-ci ilin payız ayı idi, səs yayıldı ki, "Meydan" deyilən əraziyə gəlin, yeni hökumət qurulur. Hamı yığıldı "Meydan"a, mən də orada idim. Əvvəl qonşu kənddən bir nəfər ağsaqqal qısaca danışıb dedi ki, sözü Azərbaycan Demokratik Firqəsinin rəhbəri Seyid Cəfər Pişəvəriyə verirəm. Həmin adam da "Meydan"a nə səbəbə yığıldıqları və gəlişləri barədə xeyli danışdı. Sonda bildirdi ki, qurulan təzə hökumət bu kəndin firqə rəhbərliyini, əli ilə özündən iki adam sağda dayanan atamı göstərərək, sizin yaxşı tanıdığınız Məhəmməd Şirin oğluna tapşırır.

Bundan sonra Pişəvəri, bir neçə nəfərlə, bizə tez-tez gələrdi. Evdəki görüşlər, söhbətlər gecə yarıyadək davam edərdi. Yeni quruluşu camaat canla-başla dəstəkləyirdi. Milli hökumət yaradılmasına nail olunmuşdu. Siyasi mühit əsasən yeni hökumətin əlində idi. İranın cənubunda isə ingilislərin təsiri güclü idi. Ölkənin parçalanma ehtimalı yüksək idi. Yeni hökumət qısa müddətdə böyük quruculuq işləri aparmasına baxmayaraq, onun başı üstündə qara buludlar dolaşmaqda idi.

1947-ci ildə Seyid Cəfər Pişəvəri Gəncədən Bakıya gələndə Yevlax yaxınlığında qəflətən avtomobil qəzasında dünyasını dəyişəndən sonra kəndimizdə yeddi aya yaxın davam edən qayda-qanunlar da dəyişdi.

1924-cü ildə Mir Cəfər Bağırovun tapşırığı ilə "öldürülən", NKVD kəşfiyyatçısı Şerbitski Sergey Mixayloviçin dediyi kimi, "üçlüyün" qərarı ilə güllələndiyi sənədləşdirilən Azərbaycan milli azadlıq hərəkatının öncüllərindən olan Qazanpapaq Məhəmməd Şirin oğlu əslində, 1965-ci ilin martında dünyasını dəyişib. Məzarı İsfahan mahalında, Arazın yaxınlığındakı Zərnə kənd qəbiristanlığındadır.

Ömrünü xalqının azadlığı, ölkəsinin müstəqilliyi uğrunda mübarizəyə həsr edən xalq qəhrəmanı Qazanpapaq Məhəmmədin o taylı-bu taylı övladları indi istədikləri vaxt bir-birinə qonaq gedir, can deyb-can eşidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.