adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Aprel 2020 16:57
43855
LAYİHƏ
A- A+

"MƏNƏ İRANDA ŞİRİN OĞLU MƏHƏMMƏD, QARABAĞDA QAZANPAPAQ MƏHƏMMƏD DEYƏRLƏR..."

(əvvəli ötən saylarımızda)

Hətta Qəza milisinin rəisi Qazanpapaq Məhəmmədin təklifi ilə bacısı oğlu Qaçaq Alısöyün də üzə çıxmışdı. O, 1922-ci ildən milisə işə götürülmüş, otryad başçısı kimi Gəncəbasarda - əsasən də Samux və Şəmkir ərazilərində qaçaqlara qarşı vuruşurdu. Bu barədə Qarabağda hər yerdə, hər evdə danışılırdı.

Kəndbəkənd məclislər söhbətinə çevrilən bu dostluğun qorxusundan ermənilər istədiklərini həyata keçirə bilmirdilər. Odur ki, Qazanpapağı rəhbərin gözündən salmaq üçün hiylə işlədirlər. Ermənilər qonşu Göyüşlü kəndində atdan yıxılaraq, möhkəm əzilmiş, qolu-qıçı sınmış bir nəfəri dilə tuturlar, xeyli pul gücünə Allah-allahnan gətirirlər iclasa. Nə məqsədlə gəldiyini heç kimə bildirməyən "şikayətçi" iclasda söz alıb M.C.Bağırova deyir: - Göyüşlüdə suçu Əlini, Boyəhmədlidə firqəçi Məcidi Qazanpapaq gözlərimin qarşısında haqsız yerə güllələdi. Mənim özümü də döydü, qolumu-qıçımı sındırıb bu günə qoydu.

Bundan bərk əsəbiləşən M.C.Bağırov qarşısındakı qırmızı örtüklü stolun üstündəki papkanı acıqlı-acıqlı qatlayıb, sağollaşmadan iclası yarımçıq tərk edir.

1924-cü ilin payızında, xoşagəlməz sonluqla nəticələnən bu iclasdan bir neçə gün sonra Mir Cəfər Bağırov Qazanpapaq Məhəmmədi Bakıya çağırtdırır. Xəbər çatan günü Qazanpapaq gəlir M.C.Bağırovun yaxın dostu Camal bəyin yanına, məsələni ona danışır. Əlavə məlumat öyrənmək istəyinə nail ola bilməyəndə deyir:

- Sabah gedirəm Bakıya, amma bu çağırışdan ağlım bir şey kəsmir...

Qazanpapaq Məhəmməd oradan birbaşa gəlir Boyəhmədliyə evinə, əynini dəyişir, bir neçə dost-tanışla gedir kəndin ətrafındakı dəyirman daşı deyilən əraziyə, orada şəkil çəkdirir və deyir ki, "Mən gedirəm, güman ki, qayıtmayacam, qoy şəklim bu yerlərdən son yadigar olsun". Yola düşməzdən qabaq Məhəmməd bacısı Gülləri yanına çağırıb əlindəki yazılı vərəqləri ona verib deyir: "Bunları bərk saxla, bizim bölgədən olan Müsavat üzvlərinin siyahısıdır (siyahıda 75-ə yaxın adamın adı olur). Dara düşsən onlardan birinə de, sənə kömək edəcəklər". Sonra da ailəsi ilə xudahafizləşir, yaxın silahdaşlarından Namazali ilə Əlini də özü ilə götürüb gedir Bakıya, respublikanın birinci şəxsinin qəbuluna.

Bakıda söhbət zamanı M.B.Bağırov ona deyir:

- Bolşeviklər hər yerdə qələbə çalır. Amma Astarada Aslan adında bir quldur var, orqandan gizlənir, hökumətə tabe olmur. Sən bu sahədə səriştəlisən, özünlə kimi istəyirsən götür, mən də bir neçə adam sənə qoşaram, Astaraya gedib onu tərkisilah edəsən.

Tapşırığa əsasən cənub bölgəsinə yaxşı bələd olan astaralı məşhur qaçaq Bəbir Hüseynov, Qazanpapaq, Namazəli və Əlini geyimlə, silahla, pulla təmin edib, Astaraya yolla salırlar. Uzun axtarışdan sonra Qazanpapaq Məhəmməd Qaçaq Aslanı sərhədyanı meşədə tapır, balaca bir gölün kənarında görüşür, tonqal başında uzun-uzadı söhbət edirlər.

Qazanpapaq Məhəmməd mərd adam idi, gəlişinin səbəbini Qaçaq Aslana mərdi-mərdanə açıqlayıb deyir ki, Şura hökuməti gündən-günə güclənir, üzə çıx, mən zamin duracam, sənə heç nə etməzlər. Əgər tabe olmasan, işarə verir ki, ya mən öldürməliyəm səni, ya da sabah yanımdakılar. İstəyirsən keç İrana, bir müddət orada yaşa, sonrasına baxarıq.

Bir aya yaxın Astara meşələrində "axtarışda" olan Qazanpapaq Məhəmməd bundan sonra Bakıya qayıdır, mehmanxanada yer götürür, birbaşa NKVD-yə gəlir. Namazəli ilə Əli mehmanxanada qalır, Qazanpapaq Məhəmməd isə gəlir M.C.Bağırovun qəbuluna. Lakin M.C.Bağırov onu qəbul etmir. Məhəmməd qayıdır mehmanxanaya, yoldaşlarının yanına.

M.C.Bağırovun tapşırığına əsasən Bakıdan çıxandan Qazanpapaq özü nəzarətdə imiş. Dəstənin içərisində NKVD işçisi Aksyanov - Şerbitski Sergey Mixayloviç bu söhbəti Mir Cəfər Bağırova olduğu kimi çatdırır. O, Astara "axtarışlarından" 22 il sonra - 1956-cı ildə M.C.Bağırovun məhkəməsində şahid qismində ifadə verərkən deyir: "Mən bu barədə Nikolayevin yanında Bağırova məlumat verdim. Bu əməliyyatın əhəmiyyətsizliyi, Qazanpapaqla, Bəbir Hüseynovdan Aslanı ələ keçirmək üçün istifadənin heç bir nəticə verməyəcəyi barədə öz rəyimi bildirdim".

NKVD kəşfiyyatçısı, şahid Şerbitski Sergey Mixayloviç ifadəsində daha sonra deyir: "O vaxt Bağırov dedi ki, Qazanpapağı və Bəbir Hüseynovu aradan götürmək, yəni, məhv etmək lazımdır. Bağırovun, onları nə üçün istintaqsız - məhkəməsiz öldürmək qərarına gəldiyini bilmədim. Bağırov onu da bildirdi ki, həmin hadisəni, onların guya "üçlüyün" qərarı ilə güllələnməsi kimi sənədləşdirmək lazımdır.

Bundan sonra axşam mən Azərbaycan FK-sına gələn zaman otaqların birində Bəbir Hüseynova rast gəldim. O, mənə dedi ki, Qazanpapaq və iki yoldaşı Bakıda "Təbriz" mehmanxanasındadır, onların pulu tükənmək üzrədir. Hikolayevlə məsləhətləşib Bəbir Hüseynovu və Qazanpapağı elə həmin axşam FK-nın binasında öldürməyi qərara aldıq.

Yadımdadır, Bəbir Hüseynovu ikinci mərtəbədəki otaqlardan birində yerləşdirdim. Sonra "Təbriz" mehmanxanasına gedib Qazanpapağı gətirdim və onu da başqa bir otağa saldım.

Qazanpapağı və Bəbir Hüseynovu öldürmək üçün adamlar ayrılmışdı: Vasili Suxanov, Qavrilov, Avlaseviç, Şahverdiyan. "Əməliyyata" Nikolayev rəhbərlik edirdi. Biz Qazanpapağın olduğu otağa hücum edib onun başını daşla əzdik. Elə həmin vaxt o biri dəstə Bəbir Hüseynovu boğub öldürdü.

Onları öldürəndən sonra mehmanxanaya gedib Qazanpapağın o biri iki yoldaşını da götürdük, şəhərdən kənar bir yerdə güllələdik.

Qazanpapaq, Bəbir Hüseynov və onların iki yoldaşı "üçlüyün" qərarı ilə güllələnmiş kimi qeydə alındılar.

Bundan təqribən iki ay sonra mal otaran kəndlilər "ÇK"-ya xəbər verdilər ki, quldur Aslan Bakı ətrafındakı dağlarda peyda olub. Onu da "ÇK" əməkdaşları aradan götürdülər".

***

Qazanpapaq Məhəmmədlə Astaraya göndərilən əlavə dəstənin tərkibində M.C. Bağırovun yaxın dostu, ağdamlı Camal bəyin oğlu - o vaxtlar Şəkinin, Ağdamın milis rəisi vəzifəsində işləmiş Cəmil Mirzəyev də olub. ÇK-da Qazanpapaq Məhəmmədin taleyi "həll olunan" günlərdə M.C.Bağırov Cəmil Mirzəyevi yanına çağırıb Qazanpapaq Məhəmmədin Astara meşəsində ocaq başında Qaçaq Aslanla olan söhbəti açıb danışmasını istəyir. Polis rəisi M. C.Bağırovun bu söhbətdən xəbərsiz olduğunu zənn etdiyindən iştirakçısı olduğu "dost söhbəti" barədə rəhbərə heç nə demir və buna görə onu da həbs edirlər.

Qazanpapaq Məhəmmədin Bakı səfərindən sonra "yoxa" çıxmasından narahatlıq keçirən yaxınları onun axtarışına çıxırlar. Bacısı Tükəzban anasından eşitmişdi ki, qardaşı Bakıya gedəndə həmişə "Təbriz" mehmanxanasına düşür. Odur ki, gəlir Bakıya, soraqlaşıb "Təbriz" mehmanxanasını tapır.

Mehmanxananın böyüyü ilə görüşərək qardaşı Məhəmməd barədə maraqlanır. Mehmanxana işçisi bildirir ki, sonuncu dəfə Məhəmməd burada olanda iki nəfərlə - Əli və Namazalı adlı yoldaşları ilə "M-1" markalı avtomobilə minib getdi. Onda məni qırağa çəkib "Dalımca gələn olsa, bu əmanəti ona varərsən" dedi, sonra da əlini atıb oturduğu stolun siyirtməsini çəkdi, Çar tərəfindən Qazanpapaq Məhəmmədə verilən qızıl ordeni dəsmala bükülmüş halda Tükəzbana uzatdı.

Qazanpapaq Məhəmmədin "yoxa çıxandan" sonra ailəsi və yaxınları çətinliklərlə üzləşir. Yaşlı adamların söylədiklərinə görə, 1932-ildə pambıq yığımı ərəfəsində Boyəhmədli kənd soveti sədrinin Minaya gözü düşür. Onu özünə ram etmk üçün gecə-gündüz tarlada işləyən oğlunu "xalq düşməni"nin oğlu olduğuna, atasında qalma silah-sursatı gizlətdiyinə görə" Bərdə NKVD-sinin erməni əsilli rəisi Markaryanın əli ilə həbs etdirir. Bir aya yaxın döymədiyi məmur qapısı qalmayan Mina arvad axırda əri Məhəmmədin Mir Cəfər Bağırovla çəkdirdiyi şəkili götürüb gəlir NKVD rəisinin yanına, deyir ki, sən Mir Cəfər Bağırovun dostunun oğlunu nahaqdan həbs etdirmisən, bu, rəhbərə hörmətsizlikdir.

Şəkli görüb qorxuya düşən erməni rəis tez-tələsik sovet sədri Mehralını çağırtdırır: "Ara, xatanı mandan uzax ela" deyib elə həmin axşam uşağı həbsxanadan buraxır. Lakin çətinliklər və haqsızlıqlar burulğanında çabalayan Qazanpapaq Məhəmmədin yaxın qohumları, həyat yoldaşı və uşaqları 1938-ci ildə "Xalq düşməni"nin ailəsi kimi şimali Qazaxstana sürgun olunurlar.

1922-ci ildə Gəncə Hərbi İnqilab Komitəsi tərəfindən milisə işə götürülüb və milis otryadlarından birinin başçısı olan Qazanpapaq Məhəmmədin bacısı oğlu Alıhüseynə qarşı da təqib və təziyiqlər başlanır. Hətta 1928-1929-cu illərdə bütün mal-qarası, yaşadığı mülkü və digər tikililəri müsadirə edilərək yeni yaradılan kolxoza verilir.

Bolşeviklərin iç üzünə yaxşı bələd olan Alısöyün sürgünə göndəriləcəyini, ya da öldürüləcəyini yəqin etdiyindən qardaşı Nazarla silahlanır, ətrafına 70-ə yaxın adam toplayaraq, gedib samuxlu Qaçaq Məmmədqasımın dəstəsinə qoşulur və yeni quruluşa qarşı mübarizəyə başlayır. 1931-ci ildə samuxlu Məmmədqasım silahdaşları ilə Türkiyəyə qaçandan sonra Alısöyün təklənir. Ölüm-dirim savaşı 1933-cü ildə daha da şiddətlənir. Həmin ilin sonlarında Alısöyün silahdaşları ilə Yevlaxın Şahvəlilər meşəsində erməni Davud Asaturovun dəstəsi tərəfindən mühasirəyə alınır və son nəfəsədək döyüşərək həlak olur.

Qazanpapaq Məhəmmədin Bakıda ölümü ilə bağlı fikirlərin təsdiqinə Azərbaycan Dövlət Siyasi İdarəsinin uzun illər əməkdaşı olmuş, kəşfiyyatçı İ.K. Əfəndiyevin 7 oktyabr 1953-cü ildə Sov.İKP MK-nın birinci katibi N.S.Xuruşova ünvanladığı məktubda da öz əksini tapıb:

O, 11 bəndlik ərizəsinin göstəriş-bildiriş hissəsinin 5-ci bəndində Qazanpapaq Məhəmməd haqqında yazır: "Ümumiyyətlə, Bağırovun qəribə antisovet şəxslərlə dostluq əlaqələri müşahidə olunurdu: "bir cekist kimi mənə olar". Lakin 1932-ci ildə belə qüsurlu əlaqələrinə görə onu işdən çıxardılar. Onun dostları isə - zəngin mülkədar Məşədi Əli İsmayılov, "onun həyatını xilas edən" Camal Mirzəyev, quldur Qazanpapaq Məhəmməd (MK-nın qərarından sonra onu güllələdilər) və başqaları yalnız Bağırovun himayəsi ilə sağ qalmışdılar. Son dərəcədə dəhşətlisi bu idi ki, o, əksinqilabçı dəstə ilə hesablaşmağa tələsmir, cürbəcür yollarla onları qoruyurdu (bu ifadəni, bu deyimi yaxşı yadınızda saxlayın, bir azdan sözümüz olacaq), lakin iş bolşeviklərə çatanda, həddindən artıq diqqətli olurdu".

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.