adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Aprel 2020 16:55
48193
LAYİHƏ
A- A+

"MƏNƏ İRANDA ŞİRİN OĞLU MƏHƏMMƏD, QARABAĞDA QAZANPAPAQ MƏHƏMMƏD DEYƏRLƏR..."

(əvvəli ötən sayımızda)

Yevlax dəmir yolu vağzalında və Qarxun kəndində M.Ə.Rəsulzadənin və Nuru paşanın rəhbərliyi ilə təntənəli yığıncaq keçirilir. Dəmir yolu vağzalında Nuru paşa ətraflı çıxışının sonunda türk qövminə məqsədli şəkildə yönlənən bu işğalın qarşısını almaq üçün camaatı səfərbər etməyi, könüllülərin sayını artırmağı, əlavə ordu qüvvələri gələnə qədər duruş gətirməyi, ən başlıcası, Kürün körpüsünü nəyin bahasına olursa-olsun, əldən verməməyi ciddi tövsiyə edir və çıxışını "Biz bura dönməyə yox, ölməyə gəlmişik. Qələbə bizimlə olacaq!" sözləri ilə tamamlayır.

Bu yığıncaqda Qazanpapaq Məhəmməd də iştirak edirdi. O, bəylərin, dəstəbaşıların oturduğu yerdən əlini qaldırıb söz alır:

- Mən sizinlə razıyam. Öz dəstəmlə 115-ə yaxın adamla Bərdə, Ağdam, Tərtər ərazisində bu işləri öz üzərimə götürürəm...

Nuru paşa çönüb yanında əyləşən Qarxunlu Əşrəf bəyə:

- Yaman ötkəm danışır - deyib, onun kimliyi ilə maraqlanır.

- Qazanpapaq Məhəmməddir, özü də çox mərddir...

Qazanpapaq Məhəmməd danışdıqca, Nuru paşa başını asta-asta yelləyib məmnunluğunu bildirəndə Qazanpapaq Məhəmməd:

- İcazənizlə iclasdan sonra, bu barədə sizə öz təkliflərimi daha ətraflı bildirərəm.

İclasdan sonrakı görüşdə Qazanpapaq Məhəmməd söz verir ki, əlavə yerli qüvvə toplamaqla Bərdədən Laçına qədər ərazidə ermənilərə qarşı necə lazımdır vuruşacaq. Belə də oldu, Qazanpapaq Məhəmməd türk qoşunlarının tərkibində gecəli-gündüzlü Qarabağın kəndlərində daşnak silahlı birləşmələrinə qarşı vuruşdu. Azərbaycan Xalq Cümhuriyyəti zamanında da Gəncə Müsəlman Komitəsinin Bərdə könüllü özünümüdafiə bölüyünün komandiri kimi erməni terroruna və bolşevik təbliğatına qarşı mübarizəsini davam etdirdi.

1920-ci ilin aprelində Azərbaycan XI Ordu tərəfindən işğal ediləndə ermənilər daha da fəallaşdılar. Bir yandan da Hərbi İnqilab Komitəsi yeni quruluşu qəbul etməyən müsavatçıları, millətçiləri və qaçaqları axtarırdılar. Bu vaxt Bərdədə otryad komandiri olan İsgəndər Qarabağiyə çuğul xəbər verir ki, Qazanpapaq Məhəmməd Əyricədə dostu Qulunun evindədir. O da tez atlanıb bir neçə nəfərlə gedir Qazanpapaq Məhəmmədi tutub Bərdəyə gətirsin. Evi mühasirəyə alanda Qazanpapaq Məhəmməd çay süfrəsi arxasında əyləşmişdi. Səsə bütün kənd Qulunun evinin qabağına yığılır. İsgəndər Qarabaği də küçədə camaatın arasında ağayana var-gəl edirmiş.

Qazanpapaq Məhəmməd səsə-küyə artırmaya çıxanda baxır ki, camaat arasında özünü qəhrəman kimi göstərmək istəyən dəstə rəisi deyir:

- Mən İsgəndər Qarabaği

Axtarıram o Qazanpapağı.

Ətrafındakı kənd sakinlərindən biri soruşur:

- İsgəndər əmi, neyləyirsən onu?

Dəstə rəisi əlini havada yellədə-yellədə deyir:

- Onun atasını yandırıf, gümüşü dəstəkli naqanını özüm bağlayacam belimə.

Bu zaman Qazanpapaq Məhəmməd durduğu yerdən dillənir:

- İsgəndər əmi, o sözü bir də təkrar elə.

Dəstə rəisi görür ki, Qazanpapaq Məhəmməd gümüşü dəstəkli naqan da əlində, ona çox diqqətlə baxır. Bu dəfə qorxusundan dili topuq vura-vura deyir:

- Mən İsgəndər Qarabaği

Olmuşam zəmanə qurumsaği.

(Bax; Qarabağ: Folklor da tarixdir", Bakı, 2014, səh. 47-48).

Qazanpapaq Məhəmməd yavaş-yavaş ona yaxınlaşanda iki dizini yerə qoyaraq imdad diləyən dəstə rəisinin boynu bərabəri kitelindən yapışıb ayağa durğuzur. Bir camaata baxır, bir də cücə kimi bürüşən dəstə rəisinə, deyir:

- Bu dəfə səni bu camaata bağışlayıram, amma bir də qabağıma çıxsan...

Bunu görən dəstə üzvləri İsgəndər əmidən qabaq yol alırlar gəldikləri səmtə, dəstə rəisi də onların arxasınca.

Qarabağda yeni quruluşa qarşı ardı-arası kəsilməyən kəndli üsyanları və iğtişaşların qarşısını almaq üçün respublika Xalq Daxili İşlər Komissarı Mir Cəfər Bağırov tez-tez Yevlaxda, Bərdədə, Tərtərdə, bir sözlə günlərlə Qarabağın müxtəlif qaynar nöqtələrində olurdu. Bölgədə hansı rayonda, hansı kənddə olmasından asılı olmayaraq, axşamları çox gizli şəkildə Ağdamda sayılıb-seçilən Camal bəyin evinə gəlirdi, gecəni burada qalırdı. Bir dəfə Mir Cəfər Bağırov dostu Camal bəyin evində olanda ağdamlı qaçaqlar onu aradan götürmək qərarına gəlirlər.

Camal bəy çox hörmətli və xeyirxah adam olduğundan qaçaqlardan biri bu məsələyə yox deyə bilmədiyindən yaxın adamlarından bəyə xəbər çatdırır ki, "Kişini evdən çıxartsınlar".

Camal bəy baxır ki, qonağı təkbaşına qoruya bilməyəcək. Təcili Bərdəyə Qazanpapaq Məhəmmədin üstünə adam göndərir. O, dostunun sözünü yerə salmır, bir neçə adam götürüb Ağdama gəlir.

Gecədən xeyli keçmiş basqına gələn qaçaqlar mülkün yaxınlığında Qazanpapaq Məhəmmədlə qarşılaşırlar. O, dostu Camal bəyin xahişi ilə gəldiyini söyləyir. Qazanpapaq Məhəmmədi yaxşı tanıyan qaçaqlar münasibətləri gərginləşdirməmək üçün sakitcə geri dönürlər.

***

Bərdə əhalisi XI Qızıl Orduya qarşı vuruşmağa hazırlaşır bəhanəsi ilə bolşeviklərin axşam şəhərə hücum edib, evləri qarət edəcəklərini, qırğın törədəcəklərini eşidən Qazanpapaq Məhəmməd öz dəstəsi ilə günortadan sonra ikibir-üçbir gəlib rayon mərkəzindəki "İmamzadə" məscidində gizlənir. Şər qarışandan sonra Bərdəyə doğru irəliləyən əksəriyyəti ermənilərdən ibarət ordu əsgərlərindən qırdıqlarını qırır, qıra bilmədiklərini də Yevlaxa kimi qovurlar.

Sağ qalan əsgərlər bir gün sonra Bakıdan gələn əlavə qüvvə ilə Yevlaxda birləşərək təzədən Bərdəyə hücum edirlər. Ordu Bərdəni zəbt edərək, Xankəndi istiqamətində hərəkət edəndə Ləmbəran kəndi yaxınlığında ciddi müqavimətə rast gəlir. O vaxt bu kənddə 1000-dən çox ev var idi. Müdafiəni təşkil edən kəndin ağsaqqalı Cəmil bəy (tanınmış dövlət və ictimai xadim Əliş Ləmbərənskinin atası) idi.

Cəmil bəy həkim idi, ali tibb təhsilini Peterburqda almışdı. Dünyada gedən ictimai-siyasi hadisələrdən və bolşeviklərin riyakarlığından yaxşı xəbərdar idi.

Onun rus məmurları və çar əyanları yanında da sözü keçərli idi. Peterburqlu dostlarının köməyi ilə Nikolay hökumətinin Tiflis canişinliyindən icazə alaraq kənddə öz hesabına dördsinifli rus-tatar məktəbi açdırmışdı, məktəbə Peterburqdan təcrübəli rus dili müəllimi də dəvət etmişdi. Müəllimin əməkhaqqını da özü ödəyirdi.

Cəmil bəy Qazanpapaq Məhəmmədlə çoxdan dost idi. Əsgərlər nə qədər cəhd etsələr də camaatın müqavimətini qıra bilmirlər. Mühasirədə olan ləmbəranlıların inadkarlığından xəbər tutan respublika xalq daxili işlər komissarı Mir Cəfər Bağırov Bərdəyə gəlir. Bunu eşidən Qazanpapaq Məhəmməd Mir Cəfər Bağırovun yaxın dostu, Ağdam rayonunun sayılan mülkədarlarından Camal bəy Mirzəyevə xəbər göndərir ki, məni Mir Cəfər Bağırovla görüşdür, bu məsələni qırğınsız həll edim.

Camal Mirzəyev bir gün sonra görüşü təşkil edir. Qazanpapaq Məhəmməd M.C.Bağırovla görüşüb təkliflərini verir, məsələni konkret həll etmək üçün bir gün vaxt istəyir. Lakin M.C.Bağırov ona inanmadığını bildirir və sonda bir şərtlə razılıq verir: "Səninlə üç nəfər hökumət adamı gedəcək - biri sağında, biri solunda, biri də arxada, əgər dediyin kimi olmasa..."

Qazanpapaq Məhəmməd yox deyə bilmir. M.C. Bağırov Məhəmmədin gümüşü dəstəkli naqanını və tüfəngini əlindən alır, öz adamlarını silahlandırır. Beləcə üç nəfərin müşayiəti ilə Qazanpapaq Məhəmməd Ləmbəran kəndinə yaxınlaşanda keşikçilər gedib Cəmil bəyə xəbər verirlər.

Cəmil bəy dostunu mehribanlıqla qarşılayır, tanımadığı "silahdaşlarının" iştirakı ilə xeyli söhbət edir. Axırda sözü də bu olur ki, "...mən də bilirəm ruslar güclüdür, amma neyləyək? Bizə zamın duran lazımdır ki, camaatı qırmasınlar."

Qazanpapaq Məhəmməd "silahdaşları" ilə gəlib məsələni olduğu kimi Mir Cəfər Bağırova danışır. Sonda Qazanpapaq Məhəmməd: - Kənd təslim olmağa tam hazırdır, gedə bilərsiniz, amma bir nəfərin də burnu qanamamalıdır - deyəndə, M.C.Bağırov yenə ona inanmır. Günortaya yaxın Qazanpapaq Məhəmmədin kürəyinə silahını dirəyir, Qazanpapaq qabaqda, ardınca əsgərləri Ləmbərana tərəf hərəkət edirlər. "Əgər bizə tərəf bircə dəfə atəş açılsa, səni güllələyəcəm" - deyir. Kəndə sakit və atışmasız girirlər. Mir Cəfər Bağırov görür ki, Qazanpapaq Məhəmməd söz sahibidir. Eldə-obada da böyük hörməti var. Onu da öyrənir ki, Qazanpapağın bacısı oğlu, Yevlaxın Salahlı kəndindən olan Qaçaq Alısöyün də adi adam deyil, varlı-karlı mülkədardır. 200 hektardan çox torpağı, meşə sahəsi, Kəpəz yaylağında Düzyurd deyilən ərazidə, Gəlin qayasının ətəyində 300 hektar yaylaq yeri, 110 atı, 90 camışı, 800-dən çox qoyunu var. Azərbaycanın birinci şəxsi ilə Qazanpapaq arasında etibarlı münasibət yaranır. M.C.Bağırov bir neçə gündən sonra Qazanpapaq Məhəmmədi Bərdə, Tərtər, Ağdam, Yevlax, Ağcabədi üzrə Qəza milisinin rəisi təyin edir. Özü də ayda bir dəfə gəlib Qəza mərkəzində görüşlər və iclaslar keçirir, bölgədə vəziyyətlə yaxından tanış olur. M.C.Bağırov iclaslarda, yığıncaqlarda həmişə birinci Qazanpapaqla görüşüb, yanında oturdurdu. İclas qurtaranda zalın çıxış qapısına doğru gedəndə ehtiram əlaməti olaraq Qazanpapağı gözləyər, onu qabağa buraxar, sonra yoluna davam edirdi.

Qazanpapaq Məhəmmədin nəvəsi, 82 yaşlı Əşrəf Muradovun dediyinə görə, babası nənəsi Mina xanımla ayda bir dəfə camış qatığı, qaymaq, nehrə yağı, qırqovul, turac, kəklik və s. kənd sovqatı hazırlayıb M.C.Bağırovun evinə gedərdi. Beş-on gündən sonra həmin zənbil içində qənd, çay, şəkər tozu, parça, sabun və s. ilə geri qaytarılardı.

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.