adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

HAVA AXINLARI

İRADƏ TUNCAY
70754 | 2007-06-30 17:16

İstilər elə gəlib ki, bütün dünya qovrulur. Söz veriblər ki, bizdə də olacaq. Yəni məsələ bundadır ki, insanlar çəpər çəkib ölkələri bölsələr də siklonlar, hava axınları sərhəd tanımır. Və kimsə fikirləşirsə ki, başqa ölkələrdəki havalardan mənə nə - böyük səhv eləyir. Eyni fikri siyasi havaya da tətbiq etmək lazımdır. Siyasi siklonlar da çox etkiləyici gücdədir.
   
   
   ***
   
   
   Özlərinin deyimi ilə desək, Türkiyə sandığa getməyə hazırlaşır, yəni seçkiyə. Çox diqqətlə izləyirəm və anlayıram ki, məsələ Türkiyədəki durumla bağlı deyil. Dünya yenidən bölünür, dünyanın yeni xəritələri böyük dövlətlərin əlində və hər kəs bundan yararlanmağa çalışacaq. Qardaş ölkədəki vəziyyətə gəldikdə isə burda məsələ daha ciddidir. Birinci Dünya Müharibəsindən sonra Osmanlı imperiyasının dağılmasından sonra itirilmiş torpaqların siyahısına yeni əlavələr olunması planı var. Seçkilərin necə keçəcəyindən çox mətləblər asılıdır. Ordakı hadisələrin bura təsirsiz ötüşəcəyini düşünənlər də çox yanılırlar.
   
   
   
   ***
   
   Az qala min illik dövlətçilik tarixi olan bir imperiyadakı seçki olaylarını özümüzlə müqayisə etmək doğru deyil, mən bu qənaətdəyəm. Və həm də fikirləşirəm ki, seçim qarşısında qalmaq yaxşıdırmı? Həyatımız boyu bu və ya digər şəkildə, bu və ya digər situasiyalarda seçim qarşısında qalmışıq. Xeyrimizəmi olub, ziyanımızamı, bunu hər kəs özü bilir. Hətta əynimizə geyim alanda seçməli oluruq - bizə yaraşanı, əynimizə olanı, cibimizə uyğun gələni. Bu baxımdan Sovet dövrü fərqli idi - sözün hər mənasında seçim yox idi. Hökumət ticarət bazalarına müəyyən miqdarda geyim-kecim dəstləri göndərirdi, hamı alıb keçirdirdi əyninə. Bir xeyirə-şərə gedəndə də görürdün ki, hər kəs eyni geyinib və yaxud da tikilən evlər, sürülən maşınlar, yeyilən yeməklər eyni idi - seçim yox idi. Ən başlıcası isə hər hansı bir təşkilata, idarəyə, şuraya rəhbərlik edəcək şəxs təyin olunurdu. Bir nəfərin əmri ilə. O vaxtın seçkilərini xatırlayıram - dosyeləri qoyurdular qabaqlarına, bir sağıcı, bir tornaçı, bir partiyaçı, bir bitərəf, bir qadın, bir kişi seçilirdi. Təbii, burda da bir seçim vardı. Amma kiçik bir qrup böyük bir dövlətin ideologiyasını müəyyən edirdi, seçirdi. Bunun çox müsbət çalarları var. Hansısa bir dağın başında, hansısa bir xala nə bilir ki, onu kim idarə etməlidir. O vaxtlar bizim əvəzimizə partiya fikirləşirdi, yaxşı da eləyirdi.

TƏQVİM / ARXİV