adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Aprel 2020 16:46
92400
MÜSAHİBƏ
A- A+

Əliməmməd Nuriyev: "Prezidentin şəxsi nümunəsi vətəndaşlarda əminlik, güvən yaratdı" - MÜSAHİBƏ

Həmsöhbətimiz Hüquq müdafiəçisi, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevdir.

- Əliməmməd müəllim hazırda gündəmin əsas mövzusu COVİD-19 pandemiyasına qarşı mübarizə və həyata keçirilən tədbirlərdir. Ən yeni tarixdə dünyada ilk dəfədir ki, bu cür vəziyyət yaranıb və doğurdan da bəşər övladı, ölkələr bu cür qlobal çağırışla üz-üzə qalıblar. Azərbaycan da istisna deyil və ölkəmizdə xüsusi karantin rejimi tətbiq edilib. Azərbaycan bu çağırışa necə cavab verdi, ölkəmizin COVİD-19 pandemiyasına qarşı mübarizə strategiyasını necə dəyərləndirmək olar?

- COVİD-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar həyata keçirilən tədbirlərin xronologiyası və ardıcıllığını, hazırkı nəticələrini təhlil edərək, görürük ki, Azərbaycan rəhbərliyi və hökuməti operativliyi və professionallığı ilə fərqləndi. Diqqətçəkən məqam Azərbaycan rəhbərliyinin, şəxsən prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması və ölkənin pandemiya ilə mübarizədə potensialının artırılması, zəruri hazırlıq tədbirlərinin görülməsi üçün necə böyük məsuliyyətlə davranmasıdır. Bir daha eyd edirəm ki, pandemiyaya qarşı mübarizədə əsas meyar məsuliyyətli davranışdır, üzərinə məsuliyyət götürməkdir. Çünki, fərqli ölkələr var, fərqli resurslar var, fərqli epidiomoloji vəziyyət var, amma təcrübə göstərdi ki, əsas meyar məsuliyyətli və professional davranışdır. Görülən tədbirlər barədə hər kəs məlumatlıdır və bunları təkrarlamağa lüzum görümürəm. Amma bir neçə məqamı vurğulamaq istərdim, Azərbaycan dərhal Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupunu ölkəyə dəvət etdi, onlar dəyərləndirmə apardılar və tövsiyyələrini verdilər. Bu çöx önəmliydi və ölkə üçün aydın olmalıydı, onun mövcud potensialı ilə bağlı hansı üstünlüklər və çətinliklər var. Bundan sonra çətinliklərin aradan qaldırılması üçün sistemli iş aparıldı. Yəni elmi, biliyə əsaslanan yanaşma nümayiş etdirildi.

Digər vacib məqam ölkədə fövqəladə vəziyyət elan edilmədi və optimal mübarizə strategiyası həyata keçirildi, mərhələ-mərhələ sosial məsafəni təmin edəcək tədbirlər görüldü, daha sonra isə zamanında xüsusi karantin rejimi tətbiq edildi. Bu prosesdə çox tələsmək və gecikməyin hər ikisinin böyük risk potensialı vardı. Ən vacib məqam doğru zamanlamaydı ki, Azərbaycan da bunu etməyi bacardı. Əhali arasında böyük miqyasda maarifləndirmə kampaniyası aparıldı və Prezident, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xalqa müraciətləri, birbaşa vətəndaşa xitabı çox vacib rol oyandı.

Xüsusən bu müraciətlərdə humanizm və xeyrxahlığın ön plana çəkilməsi və konkret addımlarda özünü biruzə verməsi cəmiyyətimizdə inam, güvən yaratdı. Pandemiya dövründə ilk günlərdən humanist yanaşma 65 yaşdan yuxarı vətəndaşlarımızın qayğı ilə əhatə olunması, yaşı 65-dən yuxarı məhkumların əfv edilməsində özünü göstərdi. Məhkumların əfv olunması həm də həssas bir yanaşmanın nümunəsiydi. Baxmayaraq ki, həbsxanalarda bütün önləyici tədbirlər alınmışdı, bununla belə bu şəxslərin kiçik riskə məruz qalması rəva bilinmədi. Baxmayaraq ki, əfv edilənlərin bir çoxu ağır cinayətlər törətmişdilər, onların sağlamlığı üçün ən kiçik riskin belə olmaması üçün atılan bu addım gerçəkdən dövlət adına verlən qərarlardan ən mühümüydi.

Karantin rejimində Prezidentin fəal işləməsi, görülən işlərlə kabinetdən deyil, şəxsən izləməsi, onun şəxsi nümaunəsi, vətəndaşlarda əminlik, güvən yaratdı. Azərbaycanın tez bir zamanda gigiyenik tibbi ləvazimatlarla bağlı çətinlikləri aradan qaldırması, gündəlik tələbat malları ilə təmiantın yüksək səviyyədə olması da xüsusi qeyd edilməlidir.

Ümumiləşdirsək qeyd edə bilərik ki, prezident İlham Əliyevin effektiv liderliyi ilə hökumət, Azərbaycan cəmiyyəti çox yaxşı nümunə ortaya qoydu. Dövlət başçısının güclü liderliyi xarakterizə edən xüsusiyyətləri vətəndaşlar üçün daha aydın göründü. Artıq əldə olunan nəticələr deməyə əsas verir ki, güclü lider, effektiv hökumət fəaliyyəti, məsuliyyətli davranış, məsuliyyətli cəmiyyət və optimal strategiya ilə Azərbaycan bu pandemiyadan ən az itkilərlə çıxacaq.

- Pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadi inkişafla bağlı çətinliklər yaradıb. Azərbaycan hökuməti tərəfindən zərərçəkən vətəndaşların və biznesin dəstəklənməsi üçün müvafiq addımlar atılmaqdadır. Bu sahədə Azərbaycan təcrübəsi özünü doğruldurmu?

- Bilirsiniz ki, pandemiyanın yaratdığı problemlərin həll olunması, əhalinin aztəminatlı hissəsinin, biznesin dəstəklənməsi, məşğulluğun qorunması üçün 3,5 mlrd manat həcmində yardım paketi nəzərdə tutulub. Hökumət tərəfindən xüsusi proqramlar hazırlanıb və həyata keçirilir. Diqqətçəkən məqam kimi ehtiyac meyarı həcmində, yəni iki ay ərzində 190 manat verilməsi nəzərdə tutulan vətəndaşların sayı 600 nəfərə qədər artırıldı. Bu dövlət başçısının vətəndaşlara qayığı siyasətinin nümayişi oldu. Başqa bir məsələ şəffaflıq və obyektivliyin təmin edilməsidir. Həm dəstək görən biznes subyektləri və mikrosahibkarlar, həm də 190 manat alan vətəndaşların siyahısı açıqlanır, daim yenilənir. Biznes üçün çox əlçatan formada, şəffaf müraciət mexanizmi yaradılıb. Həmçinin 190 manat almaq hüququ olan vətəndaşlar üçün müraciətlə əlaqədar çətinliklər tez bir zamanda aradan qaldırıldı. ƏƏSMN bu sahədə operativ çalışdı və qısa müddətə bu sahədə bir nizam yarada bildi. Prezidet səviyyəsində dəfələrlə məşğulluğun qorunması ilə bağlı açıqlamalar verildi və görünən budur ki, biznes dövlət başçısının çağırışına həssas yanaşdı. Ən vacib məsələ isə ƏƏSMN-in "Özünəməşğulluq proqramı”nın genişlənnməsi, yerli banklalr və Dünya Bankının dəstək verməsidir. Qabaqcıl dünya təcrübəsi də göstərir, bizim təhlillər də deməyə əsas verir ki, ən düzgün strategiya və perspektivli yol, ünvanlı sosial yardımın mümkün olan hallarda "Özünəməşğulluq proqramı”na cəlb etməklə əvəzlənməsidir. Bu həm mövcud resurslardan səmərli istifadə etməyə, həm də iqtisadiyyatin inkişafına töhfə verməyə imkan yaradır.

Daha çox diqqətimi çəkən məsələlərdən biri kapitala amnistiya verilməsi ilə bağlı məsələlərin müzakirəsi və ən vacibi şəffaflıq və korrupsiyaya qarşı mübarizə məsələlərinin ön plana çıxması oldu. Vətəndaş cəmiyyəti olaraq bu məsələləri daim gündəlikdə saxlamağa, aktuallaşdırmağa çalışırdıq, bu istiqamətdə irəliləyişlər də vardı, amma indi bir daha aydın oldu ki, bu sahədə dönüşə, sıçrayışa ehtiyac var. İndi bizim bu istiqamətdə ləngimək, yubanmaq ixtiyarımız yoxdu. Tez bir zamanda ən qəti addımalar atılmalıdır.

Böhranların müsbət xüsusiyyətləri də var, bu ilk növbədə planlaşdırılan, nəzərdə tutulan proseslərə bağlı dinamikanın görünməmiş həddə yüksəlməsiylə bağlıdır. Bu ondan irəli gəlir ki, problemlər daha çılpaqlığı ilə üzə çıxır, onların yaratdığı təhlükənin miqyası daha aydın görünür. Yeniliklərin tətbiqi əvvəllər düşünülməyən sürətlə baş verir və ən vacibi cəmiyyət də bunu qəbul edir, həmçinin yeni ideyalar və yanaşmalara ehtiyac yaranır. Hazırda müşahidə edirik ki, Azərbaycanda iqitisadi inkişafın təmin edilməsi, liberallaşdırılması, şaxələndirilməsi, şəffaflıq və hesabatlılığın təmin edilməsiylə bağlı bu mərhələyə qədəm qoymuşuq. Əlavə edim ki, bu cür cəsarətli qərarlar verməyi bacaran və güclü siyasi iradəyə malik dövlət başçımız var və bu inkişaf üçün yaxşı zəminlər yaradır.

- Pandemiya dövründə cəmiyyətdə birlik, bərabərlik mühiti müşahidə etdik, bununla əlaqədar çağırışlar da oldu. Parlament partiyaları bəyanatla çıxış etdilər. Bu təşəbbüsləri necə qiymətləndirirsiniz?

- Prezident Azərbaycan cəmiyyəti üçün həyatı vacib bir şüarla çıxış etdi- "Güc birlikdədir!” Bu bütün xalqa, siyasi qüvvələrə, biznesə, vətəndaş cəmiyyətinə, vətəndaşlara ünvanlan güclü bir mesajdı. Həmçinin dövlət başçısı kimi İlham Əliyevin baxışını, yanaşmasını əks etdirən bir konsepsiyadır. Yalnız həmrəyliyi, qarşılıqlı etimadı təmin edə bilən cəmiyyətlər bu cür böhranlardan uğurla çıxırlar. Bu baxımdan Prezidentin şüarı hər kəs və hamı üçün vacibdir. Bu hazırda bir ehtiyac və zərurətdir. Parlament partiyalarının bəyanatı bu şüarın davamı kimi çox müsbət və ən başlıcası poztiv başlıca vəzifə olacaq, real məzmun yaradacaq təşəbbüs oldu. Bu təşəbbüs iqtidar tərəfindən irəli sürülən siyasi dialoq çağırışının da davamıdır və ölkədə sivil siyasi münasibətlərin yaranması, zamanın ruhundan qaynaqlanan real siyasi islahatların həyata keçirilməsinə möhkəm bünövrə yaradır. Böhran dövrlərində iqtidar manevr azadlığına malik olmalıdır, həmçinin əmin olmalıdır ki, arxadan zərbə almayacaq, həyata keçirilən islahatalr, tədbirlər siyasi mübarizə də alət, bəhanə kimi istifadə olunmayacaq. Bir sözlə hamı oyun qaydalarına riayət etməlidir. Çünki, böhran dövründə vətəndaşların, əhalinin sağlamlığının, rifahının qorunması məsuliyyəti iqtidarın üzərinə düşür. İqtidar da müvafiq təminatlara malik olmallıdır. Bütün siyasi qüvvələr də xalqın, dövlətin mənafeyi naminə bu təminatları verməyə borculudurlar.

- Oyun qayadaları demişəkən, bu qaydaları pozmağa cəhdlər də müşahidə olunur...

- Bununlıa bağlı öz fikirlərimi sosial şəbəkələrdə yazmışdım, bir daha qeyd edim ki, pandemya dövründə mövcud çətinliklər, problemlər müzakirə predmeti ola bilər və olmalıdır. Hətta tənqidlər də təbii qəbul olunmalıdır. Amma bu zaman müzakirə, sağlam tənqid ilə şantaj, hədə və fürsətçilliyi ayırmaq lazımdır. Pandemiya kimi ekstremal vəziyyətlərdə fürsətçilik, badalaq vurmaq yolverilməzdir. İlk növbədə ümumi maraqlar və məsuliyyətli davranış əsas götürülməlidir. Çox təəssüf ki, bu cür halların da şahidi olduq, xüsusən 190 manatın verilməsi ilə bağlı təhrikçi, həssas məqamdan yararlanmaq, ucuz populizm cəhdləri aşkar göründü. Bəzi siyasi qüvvələr və qrupların da sosial tələblərin səsləndirilməsi adı altında siyasi rəqiblərə qarşı kampaniya aparmaq cəhdləri müşahidə olundu. Pandemiya bir lakmus kağızı oldu və təəssüf ki, obrazlı ifadə etsək mənəvi, siyasi baxımdan COVİD-19 testindən pozitiv çıxdılar. Bununla belə qeyd edilməlidir ki, bu səylər də gözlədikləri effekti vermədi, vətəndaşların çox böyük əksəriyyəti bu səylərə əhəmiyyət vermədi. Əksinə "Biz birlikdə güclüyük!” mesajı vətəndaşlar üçün bir deviz oldu.


Söhbətləşdi: Sübhan Mahmudov