adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

USTADLAR VƏ BiZLƏR

İRADƏ TUNCAY
63119 | 2007-04-20 15:53

- Sən kimsən axı? - Mən hər zaman şər yaratmaq istəyən və hər zaman xeyirxahlıq edən qüvvənin zərrəsiyəm. Höte. "Faust" Hər dəfə göy guruldayıb şimşək çaxanda, hər dəfə nisan yağmurları selə dönüb axanda, hər dəfə dünyanın bir qismi Pasxanı bayram edəndə çox sevdiyim bir romanı yenidən səhifələmək istəyi duyuram. Vərəqlərdən, sətirlərdən dünyanın bəlkə mistik, bəlkə real, bəlkə ən faciəli, bəlkə ən xoşbəxt tale yaşayan qəhrəmanları boylanır. İki min ildən artıq bir dövr ərzində ən müxtəlif tarixçilərin, teoloqların, yazarların ən müxtəlif bucaqlardan baxdığı qəhrəmanlar. Gözümü yumanda görür kimi oluram. Böyük İrodun sarayında məskən salmış Roma süvarilərini, Yerşalaimin ağ divarlarını, başı ağrıyan Ponti Pilatın əzabdan əyilmiş üzünü, əynində köhnə, mavi xiton olan işgəncə verilmiş filosofu - İeşuanı. Bu əsəri neçə dəfə oxuduğumu dəqiq xatırlamıram. Amma çox olub. Və bu səbəbdəndir ki, az qala əzbər bilirəm. Bu kitabla ilk tanışlığımda çox gənc idim. Deyə bilmərəm ki, hər şeyi anladım, içimdən keçirdim. Hər şey sonralar qat-qat açıldı. Anladım ki, vergi yığan Levi Matveyin müşayiəti ilə Yerşalaim darvazasından içəri girən filosof da, zalımın zülmünü icra edən Ponti Pilat da, qatildən yox, sözdən qorxan Kaifa da, xain İuda da əbədidir, lap yaxınlığımızda yaşayır. Kimsə zaman-zaman köhnə, mavi xitonu əyninə geyir, kimsə "baş ağrısından" qurtulmaq üçün imperatorun əmrlərini icra edir, kimsə köhnə sarayın yıxılacağından qorxur - çarəni filosofun edamında görür, kimsə də öz zəhərli öpüşü ilə ünvan göstərir. *** Sözsüz ki, Moskvanın intellektual mühiti bu romanın varlığından xəbərdar idi. Yazıçının ölümündən sonra yaxın dostu və ilk bioqrafı P.Popov romanı oxumuş, yazıçının xanımına yazdığı məktubda "Sənətin böyüklüyü böyüklük olaraq qalır, ancaq indi bu əsər qəbulolunmazdır. Üstündən heç olmasa 50- 100 il keçməlidir. Hələlik isə bu roman haqqında nə qədər az bilsələr bir o qədər yaxşıdır". Yazıçının özü isə bu romanın geniş oxucu kütləsinə çatması arzusunda idi. Xanımı xatirələrində yazır ki, "Son günlərdə dili tutulduğundan nə istədiyini işarələrlə başa salırdı. Bir dəfə çarpayısına yaxınlaşanda yenə gözləri ilə işarə verdi ki, nəsə lazımdır. Mən suyu, dərmanı, limonu növbə ilə göstərdim. Ancaq anladım ki, ayrı məsələdir. Əlyazmalarını göstərib soruşdum "Ustad və Marqarita"? Başını tərpədib təsdiqlədi. Və zorla iki kəlmə dedi" "İstəyirəm bilsinlər, istəyirəm bilsinlər". Təbii ki, bildilər, əlyazmalar yanmır. Bütün ölkənin Allaha savaş elan elədiyi bir dövrdə dini əfsanələrdən istifadə edib bu yolla öz düşüncələrini oxucuya çatdırmaq istəyi İsa peyğəmbərin cahil insanları haqq-ədalət səltənətinin qurulacağına inandırmaq istəyi kimi bir şeydir. Bu əsər də hardasa "İncil" sayıla bilər. Ancaq bu "İncil"i İblis nəql edir. Bulqakov İblisə yaxşı münasibətdədir. Çünki ümumilikdə bütün dəyərlərin məhv olunduğu bir ölkədə İblisin Moskvaya gəlişi ilə çox nəsnələr yerbəyer olur. Yalan danışanlar, əxlaqsızlar bu xasiyyəti tərgidir. İstedadsız adamlar yaradıcılıq iddiasından, acgözlər tamahından əl çəkir. Şəhərdə keçici də olsa bir ədalətli düzən yaranır. Ustad İblisin köməyi ilə dəlixanadan çıxır. Marqarita İblisin köməyi ilə düşmənlərdən qisas alır. Deməli, yazıçının məntiqi budur ki, dünyanın düzəni Xeyirin yox, Şərin əlindədir. Haqq-ədaləti də yalnız İblislə sazişə girib bərqərar eləmək olar. "Faust"dan götürülmüş epiqraf da bunu deyir. (Bəzən fikirləşirəm ki, Volandın bu tərəflərə gəlməyinə əməlli ehtiyac var). Xoş məram fəlsəfənin daşıyıcısı olan İeşua ağır işgəncələrlə edam olunursa, Ustad yazıçı dəlixanaya düşürsə və bütün bunlar müxtəlif şəkillərdə, formalarda neçə min illərdir davam edirsə, demək Tanrının yaratdığı ədalətdən əl üzmək gərəkir. Çəkdiyi məşəqqətlərdən üzülmüş Ustad etiraf edir ki, "artıq mənim nə arzum, nə də istəyim qalıb... Ondan (yəni Marqaritadan) başqa heç nə məni maraqlandırmır... Məni sındırdılar, mən darıxıram və zirzəmiyə qayıtmaq istəyirəm... Mən bu romana nifrət edirəm, ona görə başım çox bəlalar çəkib". Bu fikirlər çoxumuza doğmadır və hər kəsin həyat boyu öz romanı, öz zirzəmisi olub. *** "Ustad və Marqarita" 29-40-cı illər arasında yazılıb. 40-cı ildə Mixail Bulqakovun ölümündən sonra axırıncı redaktə və düzəlişləri onun xanımı edib. Həmin o illər elə dövr idi ki, böyük sovetlər ölkəsi özü boyda böyük bir həbsxana idi, həbsxananın içində balaca bir işartı, fərqli düşüncə təqib olunurdu. Belə bir mühitdə özünü qoruyub saxlamaq böyük hünər idi, hələ şəxsiyyət azadlığı, mütləq hakimiyyət haqda roman yazmaqdan danışmıram. Stalinin şəxsi göstərişi ilə Bulqakovun çapına yasaq qoyulmuşdu, onu heç yerdə işə də götürmürdülər. Yaşam savaşı verə-verə belə irs qoyub getmək yalnız və yalnız böyük istedad sahiblərinə nəsib olur. Ancaq istedad həm də insanın fiziki ömründən kəsib mənəvi ömrünə əbədiyyət calayır. Bulqakov 49 yaşında vəfat etmişdi. Ölümünə lap az qalmış arvadından son xahişi nə yolla olursa-olsun romanı çap etdirmək olmuşdu. O vaxtlar bu xahişi həyata keçirmək qeyri-mümkün idi. Roman tam şəkildə, bu gün bizim oxuduğumuz şəkildə Bulqakovun ölümündən təxminən 40 il sonra nəşr edildi. Baxmayaraq ki, Yelena Bulqakova bunun üçün çox çalışmışdı. Çap olundu və bomba kimi partladı. Bu romanın belə populyar olmasının, sevilməsinin səbəbi nədir? Hamıya məlum tarixi hadisələrin əfsanə örtüyündən çıxarılmasımı, ilahiləşdirilmiş obrazların göydən yerə endirilməsindəmi, ən faciəvi hadisələrin, sarkastik təsvirindəmi? Və hər zaman müasir olacaq bu mövzunun - hakimiyyət və sənətkar mövzusunun bu şəkildə gündəmə gətirilməsimi? Bilmirəm. Bildiyim odur ki, mən bu romanı oxuduqdan sonra İsa peyğəmbərin insanlıq tarixindəki yerini anladım, onu insan kimi sevdim və çox təəssüf edirəm ki, şərq ədəbiyyatında islama aid, bütün əfsanələrdən uzaq, gerçəkliyi əks etdirə bilən bu çapda bir əsər yoxdur. *** Haqq-ədalət səltənətinin qurulacağına inanan məsum bir filosof işğal elədiyi ölkəni qan içində boğan sərkərdə ilə üz-üzə gəlir. Söz və qılınc. Kim daha güclüdür? Bəşəriyyət neçə min illərdi bu suala cavab axtarır? İlk baxışda heç bir real hakimiyyəti olmayan söz adamları niyə tarix boyu hakimlər üçün qorxulu olublar? Demək söz qılıncdan daha güclüdür, belə olmasaydı qılıncla sözü susudurmazdılar. Kim güclüdür tanrımı, iblismi? Dünyada baş verənlərin xırdalıqlarına vardıqca hansı nəticəyə gələcəyik? Və bu müşahidələr bəzən insanın yuxarıdakı mütləq həqiqətlərdən əlini üzür. "Ustad və Marqarita" əsərində İsanın çarmıx səhnəsində Bibliyadan götürülmüş bir ifadə var - əzab içində qıvrılan İsa üzünü göyə tutur, deyir, "İlahi, məni niyə tərk etdin? " Bəzən mənə elə gəlir ki, zalımın zülmündən cana doymuş bütöv millətlər, xalqlar üzlərini yuxarı qaldırıb soruşurlar "İlahi, bizi niyə tərk etdin? " Bu suala da cavab yoxdur. *** Bu əsərdə özünü Allah zənn edən Stalinə birbaşa aid olan səhnələr var. İsa Pilata deyir ki, hər hansı bir hakimiyyət insanlar üzərində zülm vasitəsidir və gün gələcək nə qeysərlərin, nə də hər hansı başqa hökmdarların hakimiyyəti olmayacaq. İnsan övladı haqq və ədalət səltənətinə qədəm qoyacaq ki, orda heç bir hakimiyyətə lüzum olmayacaq. Pilat isə deyir ki, yer üzündə imperator Tiberinin hakimiyyətindən gözəl və əzəmətli bir hakimiyyət yoxdur və olmayacaq. Kim haqlıdır? İndiyə qədər yer üzünə nə qədər imperatorlar gəlib- gedib və hər dəfə onların hakimiyyətini qoruyan pilatlar məhz öz müasiri olduğu tiberilərə tərif yağdırıblar. Digər tərəfdən də haqqın-ədalətin təntənəsi günü gəlib çıxmır ki, çıxmır. *** Peyğəmbərlər insanla Tanrı arasında vasitəçidirlər. İnsanlarla həmrəy olduğunu bildirmək üçün öz övladını yer üzünə göndərən Allah onu əzablara düçar etdi. Nəsə dəyişdimi? İdeya, həqiqət, doğru söz uğrunda əzabkeşlər İsadan əvvəl də, sonra da olublar. Ancaq İeşua - İsanın faciəsi daha böyükdür. "Xalqı yoldan çıxardığı, təxrib etdiyi" üçün işgəncəli ölümə məhkum olunan filosof dərk edir ki, dedikləri düzgün anlaşılmayıb. Və bu uzun müddət davam edəcək. Onun adıyla yalan vəzlər edəcəklər, xeyir həqiqətlərini qılıncla təlqin edəcəklər. Və bir gün onun varlığı da şübhə altına alınacaq. Həqiqət, ədalət axtaran insanların davamçıları olmur. Bu yol ağır yoldur. Bu yolu getməyə hər kəsin hünəri çatmır. İnsanların əxlaqı isə təmənna və qorxaqlığa köklənib. Bu əsərdə ən çox sevdiyim ifadə də elə budur" "İnsan övladının ən böyük eyibi qorxaqlıqdır". Bəlkə elə qorxaqlıq bizim içimizdə hər zaman Ustadları məhv edib? Dünya dəyişmir, dünya pulun, xəyanətin, tamahın, zülmətin - dolayısı ilə zalımın hökmü altındadır. Qəribədir ki, insanları doğru yola çəkməyə xidmət eləməli olan dinlər hər zaman hökmdarların əlində bir alət olublar. Bu halda kimə və nəyə inanmalısan? Nitsşe hesab edirdi ki, İsa Məsihin dedikləri din yox, ədəbi yaradıcılıq idi. Bu baxımdan xristianlığın çoxəsrlik tarixi həm də İncildə yazılanların təhrifi tarixidir. Günümüzdə özünü xristian adlandıranlar dünyanı qana bələyirlərsə, İsanın dediklərindən əsər-əlamət qalırmı? *** Bu lap xəstəlik kimidir. Hər dəfə nisan yağmurları selə dönüb axanda, göy guruldayıb şimşək çaxanda anlaşılmaz duyğuların, hisslərin təsirinə qapılıram. Nisanın 14-cü günü Yerusəlimdə günahsız filosofa çıxarılmış hökmü icra edən Pilatı düşünürəm. O, hakim idi. Həqiqətlərinə inandığı filosofu ölümdən qurtara bilərdi, amma qorxdu. Çünki o, qeysərin qulu idi. Qulun hakimliyi isə neçə min illərdi bəşəriyyətə çıxarılmış hökmün məzmununu dəyişmir. Bu gün aprelin 14-cü günüdür. Bəlkə elə indi hansısa bir şəhərin darvazasından əyninə köhnə, mavi xiton geyinmiş bir nəfər şəhərə daxil olur. Orda onu İuda gözləyir, Kaifa gözləyir, Pilat gözləyir və daha nələr gözləyir. Ancaq o qorxmur. Axı qorxaqlıq insan övladının ən böyük eybidir...

TƏQVİM / ARXİV