adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Aprel 2020 09:57
93175
MÜSAHİBƏ
A- A+

Sevinc Novruzova: "Qarabağ"ın uğurları "Qəbələ"ni sevməyimə mane olmur - MÜSAHİBƏ

Onunla ilk dəfə Sumqayıtda keçirilən kitab festivalında tanış olmuşduq. Bir az dəcəl, mehriban insan təəssüratı yaratmışdı. Söhbətimiz tutdu. "Qəbələ” futbol klubunun sadiq azarkeşidir. Soyuq-isti bilmədən bütün oyunlarını stadionda izləməyə gedən, futbol fanatı Sevinc Novruzova ilə müsahibəni sizə təqdim edirik:

-Futbol fanatı olan biri üçün futbolsuz qalmaq çox çətin olar.

- Futbol fanatı olmaq bir dünyadı. Fəlsəfədi. İngilislərin gözəl bir filmi var – "Yaşıl küçələrin xuliqanları”. Futbol fanatına həsr edilib. Filmin qəhramanı Mett Harvard Universitetinin jurnalistika fakültəsinin tələbəsi olur. Mett etmədiyi cinayətə görə Universitetdən qovulur və İngiltərəyə köçür. "Vest Hem”in azarkeşi olur. Film dramatik bitir. Mett ingilis azarkeşlərinin davasından sonra boşalmış küçədə tək başına "Vest Hem”in himnini oxuya-oxuya ruha çevrilib yoxa çıxır.

Hazırkı durumum Mettə çox bənzəyir. Karantin müddətində, futbolsuz vaxtda evdə "Qəbələ”nin himnini oxuya-oxuya ruh kimi gəzirəm. Anam bəzən bu halıma əsəbləşir, bəzən də gülür. Bəlkə də əsəbindən gülür. Bunu deyə bilmərəm.

Məlum pandemiya bütün sahələrdə olduğu kimi, futbola, ümumilikdə idmana da öz təsirini göstərdi. Demək olar ki, dünyanın bütün ölkələri futbolsuz qalıb. Futboldan da vacib, futbolçunun, azarkeşin sağlam qalmasıdı. Milyonlarla azarkeş kimi, mən də məcburiyyətdən futbolsuz qalmışam. Əlbəttə, çətindi, amma nə etmək olar? Əlimdən gələn sevimli komandamın yutubdakı videolarını izləmək, Avropa Liqasındakı uğurlu çıxışına yenidən baxmaqdı. Boş vaxtım çoxdu deyə, maraqlı oyunları, ən gözəl qolları izləyirəm. İnşallah, yaxın günlərdə dünyanı ağuşuna almış koronavirusun kökü birdəfəlik bitər və biz də "iş başında", stadionlarda komandamıza dəstək olarıq.

- "Qəbələ” fanatısan. Karantinə görə rayonlara getmək olmur. Qəbələyə də həmçinin.

- Pandemiya bütün dünyanı iflic vəziyyətə salıb. Nəinki Azərbaycanda, dünyada futbol dayandırılıb. Görün nə vəziyyət yaranıbf ki, Belorusiya və Özbəkistan çempionatına baxmağa məcbur qalmışam . Bütün fanatlar kimi mən də çox darıxıram.

"Şaxtyor” Futbol Akademiyasının rəhbəri var idi – Patrik fon Liuven. Onun "Futbol fəlsəfəsi” adlı gözəl bir əsəri var. Həmin kitab futbolçuların yetişməsində onların həyat tərzindən bəhs edir. O kitabı oxuduqca ağlımdan həmişə "Futbol fanatizmi” adlı kitab yazmaq keçir. Necəki futbolçu ekstremal vəziyyətə hazır olmalıdırsa, həmçinin fanat da həmin ekstremal vəziyyətə hazır olmalıdı. Bizim futbol saatlarımız ayrı-ayrı vaxtlarda başlayırdı. Gah günorta, gah da axşam. Sumqayıtdan 4 saatlıq yolu qət edib Qəbələyə çatana kimi təbiətinin gözəlliyini seyr edə-edə sevimli klubumun qələbəsini arzulaya-arzulaya bir də görürdüm ki, mənzil başına çatmışam. Futboldan sonra mənə ən çox zövq verən yollar idi. Yolda həyatın mənasını anlayırdım. Yol bizi (futbolu) bir-birimizə qovuşdururdu. Əvvəl-əvvəl yoldan qorxurdum. Qorxmağıma səbəb dumanlı yollar, sərt döngələr idi. Buna da zamanla öyrəşdim.

-Niyə məhz Qəbələ?

- Qırmızı rəngi çox sevdiyimdən. Ruslarda "Lyubov s pervoqo vzqlyada” adlı veriliş var idi. Bilmirəm, indi həmin veriliş davam edir, yoxsa yox. Mənim də "Qəbələ”ni sevməyim belə başladı – ilk görüşdən sevdim. Müstəqil Azərbaycanın ilk klublarındandı. Ən əsası klub yaranan kimi uşaq futbol akademiyasını yaratdı. Azərbaycan futbolunun gələcəyi hesab edirəm ki, "Qəbələ”də yarandı. "Qəbələ”ni sevməyimin əsas səbəbi bu oldu.



- "Qarabağ” Avropada daha çox uğur qazanır…

- "Qəbələ” Azərbaycan futbolunda milliliyi qoruyub saxlayan bir klubdu. "Qəbələ” Avropaya addım-addım irəlilədi. Zəhmət ilə buna nail oldu. Avroliqada iki dəfə ardıcıl qrup mərhələsinə düşmək, "Borussiya Dortmund", "PAOK” "Krasnodar”, "Lill” kimi böyük klublarla mübarizə aparmaq, "Dinamo Tbilisi”, "Çukariçki”, "Apollon”, "Panatinaikos” kimi klubları mübarizədən kənarlaşdırmaq Avropada uğur sayılmır? Az da olsa Azərbaycan Çempionatını izləyənlər bilir ki, "Qəbələ”də bir az dəyişiklik oldu. Heç kim istəməzdi, ancaq belə oldu. Buna görə də Qəbələnin haqqını yemək də doğru olmaz. Bu dəqiqə Azərbaycanda Qarabağ mehi əsir. Dövlət də dəstəkdir. Bu da normaldır. Azərbaycanın 27 illik Qarabağ yarası var. Beynəlxalq aləmdə tanınması üçün idmandan gözəl ikinci vasitə ola bilməz. Fikrimcə, futbol siyasiləşdirilib. Təbliğatı da ağıllı və məqsədyönlü aparılır. Niyə də olmasın. Məqsəd həqiqətləri dünyaya çatdırmaqdırsa çox uğurlu işdir. Bir də onu sizin nəzərinizə çatdırım ki, hal-hazırda hər iki klub arasında büdcə fərqi çoxdur. Maliyyə sözün hər mənasında təsir edir. İstər oyuna, istərsə də transferlərdə. "Qəbələ” qazancını uşaq futboluna yatırır, gələcək üçün planlar qurur, "Qarabağ” isə maliyyənin çoxunu futbolçulara xərcləyir, bahalı transferlər edir. Bahalı transfer yaxşı oyunçu deməkdir. Ona görə də büdcələrə görə hər iki klubu bir tərəziyə qoymaq düzgün deyildir. Bəli, indi "Qarabağ” Avropada daha çox uğur qazanır, bu o demək deyil ki, mən "Qəbələ”ni sevməməliyəm. Mənim üçün fərqi yoxdu, istər Avroliqa, istər yerli çempionat, ya region liqası, harada olmasından asılı olmayaraq yenə də stadionlara gedib bacardığım dəstəyi göstərəcəm.

- Açığı sizdən "Sumqayıt” azarkeşi olmanızı gözlərdim. Burda doğulub, burada böyümüsünüz.

- Sumqayıtda anadan olub böyümüşəm, düzdür, Sumqayıt uşağıyam. Futbol özü bir dünyadı. Azərbaycandan digər ölkələrin klublarının azarkeşləri, hətta fanatları da var. İndi biz onları qınayaq ki, sən azərbaycanlısan, niyə başqa ölkənin komandasına azarkeşlik edirsən. Həm də mən "püşkatma” ilə klub seçməmişəm ki, seçimimi elə edim ya Sumqayıt, və ya Bakı klublarından biri olsun. Düşüncə ilə olsa təbii ki, heç kim 208 km-lik ara məsafədə olan klubu seçməzdi. Saatlarla gedib-gəlmək və s. Yenə də deyirəm nəyəsə görə, kiməsə görə yox klub olaraq sevdim, seçdim. "Qəbələ”nin "Sumqayıt”la səfər oyunları olanda mənim üçün bayram olur. Cəmi on dəqiqəyə evdə oluram, bir bilsəniz necə sevinirəm. Amma Bir də onu deyim ki, sumqayıtlı kimi "Sumqayıt”a baxmasam da "Uğur” fk-nun oyunlarına baxıram. Çox vaxt düzdü, "Qəbələ”ylə eyni günə düşürdü, bir az o çətinlik yaradırdı. Amma yenə də sevə-sevə izləyirəm. İki dəfə ardıcıl Region Liqasında çempion olub. "Mehdi Hüseynzadə”də keçirdiyi bütün oyunlarına gedirəm. Əzmkar qələbələri çox olur. Maraqlı oyun üslubu var. Sumqayıtlı olaraq yerli komandaya da baxmış oluram.

-Regionlarımızda niyə futbol yoxdu? Demək olar hamısı Bakı ətrafı klublardır.

- Regionlarımızda futbol olub. Masallının, Gəncənin, Şəmkirin, Tovuzun, Lənkəranın yaxşı komandaları var idi. Heç biri ayaqda qala bilmədi. "Qəbələ”ni çıxmaq şərti ilə. Regionlarda uşaq futbolu acınacaqlı durumda, meydançalar bərbad vəziyyətdədi. Yağış yağanda isə daha da çətinləşir. Dizə qədər palçıq olan meydançalarda məşq etməyə məcbur olmaq, normal soyunub geyinmə otaqlarının olmaması, qış vaxtında da istilik sisteminin olmaması ayrı problemdir. Belə vəziyyətdə futboldan danışmaq məncə doğru olmaz. Təbii ki, heç bir valideyn övladının bu ağır şərtlər altında idmanla məşğul olmasına razı olmaz və futbolçuların özləri də istəməzlər. Digər səbəb şirkətlərin də region komandalarına sponsorluq etmək istəməməsi, həmçinin region komandalarına legioner cəlb etməyin çox çətin olmasıdır. Regionlarda futbolu inkişaf etdirmək üçün ilk öncə uşaq futbolundan başlamaq və bunun üçün lazımi infrastrukturun yaradılması vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə biz regionlardan da güclü və Premyer Liqada yuxarı yerlər uğrunda oynayacaq komandalar görə biləcəyik. "Qəbələ” fk-nun uğurları və buradakı Futbol Akademiyası dediklərimə əyani sübutdur. "Qəbələ Futbol Akademiyası” nəinki rayonlar arasında, hətta Azərbaycanda ən yaxşı infrastruktura malik klubdur. Yarandığı 11 il ərzində böyük uğurlar qazanıb. Uşaq futbolu yüksək səviyyədədi. Artıq əsas komandada bir neçə Akademiya yetirməsi oynayır və adlarından söz etdirməyi bacarıblar. Həmçinin əsas liqada, I Diviziyada, həmçinin Region Liqasında ümumilikdə yüzlərlə "Qəbələ” Akademiyasının yetirməsi çıxış edir. Çexiyada və Misirdə hal-hazırda legioner həyatı yaşayan akademiya yetirmələri də var. Aşağı yaş qruplarından olan millilərin demək olar ki, əsasını, əksəriyyətini "Qəbələ” yetirmələri təşkil edir. Bu uğurlar da məhz qurulan infrastrukturun və yaradılan şəraitin və ən əsası da məşqçi heyətinin zəhmət və əziyyətinin hesabına gəlmişdir.

- Messi, yoxsa Ronaldo?

- Ronaldo.

-Hə, bir də "Real” və "Barsa” dueli...

- Real.

- Ronaldo düz etdi Yuventusa keçməklə?

- Vallah, mənimlə məsləhətləşməyib. Düz edib etməməyini imkan olan kimi özündən soruşacam.

-Azərbaycan hansı futbolçuların adını utanmadan dünayada səsləndirə bilərik ki, bizim belə futbolçumuz var.

- Cavid Hüseynov, Ramil Şeydayevin, Emil Balayev, Vaqif Cavadov, Qara Qarayev, Akademiya uşaqlarından Bəhlul Mustafazadə və Amin Seydiyevin də adını çəkə bilərəm. "Qəbələ Futbol Akademiyası”nın fikrimcə hər bir yetirməsinin adını çəkə bilərəm, onların hər biri ilə qürur duyuram.

- "Neftçi” doğduran flaqmandır?

- Rəqib klub haqqında fikir söyləmək nə dərəcədə düzgün olar bilmirəm, ancaq danılmaz fakt var ki, 80 illik klubdur. Tarixi var, kökü var. Babalarımızın sevdiyi klub olub. 80 il əvvəl də, indi də layiqincə təmsil edir. Böyük azarkeş ordusu vardır. Məncə Azərbayacanda ən böyük azarkeş ordusu elə "Neftçi”dədir. Bir vaxtlar rəhmətlik Böyükağa Hacıyev "Neftçi”yə tarix yazıb, ilkləri qazandırdı, indi də "Qarabağ” Qurban Qurbanovla tarix yazır. Onun adı ilə bağlıdır son illərin uğurları.

Bu arada qeyd edim ki, flaqman sözü sovetdən qalıb. Azərbaycanı SSRİ çempionatında təmsil edən yeganə klub "Neftçi” idi. Bu səbəbdən "Neftçi”yə Azərbaycan futbolunun flaqmanı deyirdilər.

- Hansı futbolçular daha "poetik” qollar vurur və ya driblinqlər edir?

- Bir çox dahi futbolçular futbolu şahmata bənzədirlər. Sadəcə bir fərq ilə, futbolda fiqurlar çox bahalıdı. Mənə görə poetic qol, onun hansı məsafədən və yaxud kryoz bir şəkildə vurulması deyil, ağıllı düşünülmüş taktiki bir hücum nəticəsində vurulan və çətin vəziyyətdə olmağa rəğmən oyunçunun qapını görərək vurduğu qol sayılır. "Qəbələ”nin tarixində ən gözəl, "poetik” qolu 14 Aprel 2012-ci ildə "Qəbələ”nin ev oyununda "Qarabağ”a vurduğu qolu misal çəkə bilərəm. Həmin oyun "Qarabağ”ın çoxsaylı hücumları ilə keçmişdi. Lakin qapıçı Qrem Smitin başladığı hücumu 8 ötürmədən sonraYannik Kamanan "Qarabağ”ın qapısından keçirmişdi. Mendi və Karaman çox gözəl və ağıllı hücumlar qururdular. Həmçinin VIII turda "Qəbələ” Futbol Akademiyasının yetirməsi Qismət Alıyevin yenə də "Qarabağ”ın qapısına vurduğu qolu deyə bilərəm. Daha bir poetik qol da "Qəbələ” Futbol Akademiyasının yetirməsi Rövlan Muradovun "Sumqayıt” və "Zirə” komandalarının qapısından keçirdiyi qolları misal çəkə bilərəm. Ümumiyyətlə, məni sevindirən əsas bir məsələ var ki, o da son vaxtlar "Qəbələ”nin əsas heyətində parlayan Akademiyanın yetirmələri və onların ağıllı futbol taktikası ilə oynamasıdır. Akademiya məşqçilərinin oyun fəlsəfəsi, oyun sistemi yetirmələrində birbaşa hiss olunur.

- Bizdə futbol azarkeşliyi daha çox Türkiyə üzərindən gedir. Ən çox da Fənərbağça və Qalatasaray rəqabəti.

- Mən nə Fənərliyəm, nə də Qalatasaraylı. Beşiktaşlıyam. Super fanatik sayılmasam da baxıram oyunlarına. Ümumilikdə sadaladığım hər 3 klubun oyunlarına da baxıram, Ankaragücü, Trabzonspor və başqa klubların da oyunlarına baxıram. Ancaq sual bu iki klubdan verilirsə, bir fikir söyləyib onların fanatlarında qıcıqlıq yaratmaq istəmirəm. Fikirlərinə hörmət edirəm. Onların oyunu olanda sosial şəbəkələrdə canlanma yaranır. Həvəslə izləyirəm. Bir növ Makidonla Namiqin vuruşması kimi. Siz savaşa, biz tamaşa edib qıraqdan izləyirəm. Ancaq o iki klubun fanatik azarkeşləri kimi düşünə bilmərəm. Türkiyənin derbisidir.

-Stadionlarda bəzi azarkeşlər söyüş və ya qeyri-etik ifadələr işlədirlər…

-Tribunanın iki əsas qaydası var. Biri qol sevinc, digəri isə məyusluq. Qol ifadəsi hər şeydən yuxarıdı. Yerdə qalan sözlər təfərrüatdı. Söyüşə gəlincə, bütün fikrim oyunda olduğu üçün kənardan deyilən sözləri eşitmirəm.

Söhbətləşdi: Emin Piri