adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Mart 2020 10:00
151127
MÜSAHİBƏ
A- A+

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

"Kənd müəllimi” rubrikasının növbəti qonağı Cəlilabad rayonu Qarakazımlı kəndi Murad Muradov adına tam orta məktəbinin riyaziyyat müəllimi Talıbov Bəhruz Şahhüseyn oğludur.

Atamın istəyi ilə müəllim olmuşam

- Bir epizod yadıma düşdü. "Şərikli çörək” filmində qırçı Məhəmməd uşağa deyir ki, yalan demə, heç kim qırçı olmaq istəmir. Çağdaş dövrümüzdə az adam müəllimlik ixtisasına maraq göstərir. Xüsusən, kişilərdən. Sizin bu peşəni seçməyinizdə səbəb nə idi?

- Məndən əvvəl üç qardaşım ali məktəbdə oxuyurdu. Mən də oxumalıydım. Ümumiyyətlə, atam övladlarını belə tərbiyə etmişdi ki, ali təhsilli olmalıydıq. Olduq da... Açığı, ixtisas seçimini də atam etmişdi. Atam bizi görmək istədiyi kimi olduq. O vaxtı özümüzün xüsusi arzumuz yox idi. İki qardaşım həkim olmaq istəyib, amma kimya müəllimi oldu. Mən elə müəllim olmalıydım. Bu, ya fizika müəllimi, ya da riyaziyyat müəllimi ola bilərdi. Belə deyək, arzu olaraq seçməmişəm müəllim olmağı.

-Şairsiniz . Kitabınız da dərc olunub. Kifayət qədər uğurlu şeirləriniz var. Amma sizdən heç də uğurlu yazmayan bir çoxunun kölgəsində qalıbsınız.

- Bəli, şeirlər kitabım çap olunub. Adı da ixtisasıma uyğun olaraq "Natural ədədlər”dir. Adıyla böyüsün. Şeirlərimin uğurlu olmasının fərqindəyəm. Məni narahat etmir kölgədə qalmaq. Məni kölgədə qalmamaq da xoşbəxt etmirsə, elə kölgədə qalmağa razıyam. Üzdə olan şairlər bununla xoşbəxt olurlarsa, nə gözəl. Hamısına uğurlar arzu edirəm.

-Son zamanlar Cəlilbadda hansı müəllimlə rastlaşıram, şeir yazır. Cəlilabadlı müəllimlərin işi belə azdır?

- Yəqin zarafat edib, deyirsən: kimə rastlaşıram, şeir yazır. Çünki şeir yazmayan o qədər müəllim tanıyıram. Elə sən də tanıyırsan. İşə gəldikdə isə işin şeir yazmağa maneəsi yoxdur. Şeir yazmaq zamanı gəldisə, bütün işlər şeir yazmağa xidmət edir.

- Sizin rayondan daha çox kişi şairlər çıxır. Bu qadınlara basqıdandır, qadınların uğursuzluğudur, ya nə?

- Qadınların niyə şeir yazmadıqlarını deyə bilmərəm. Amma mənim qızım, ya həyat yoldaşım şeir yazsa, ilk olaraq özüm sosial şəbəkələrdə paylaşaram. Bəlkə də haqlısan, basqılardan qorxub, yazıb, amma dərc etdirməyənlər var.

-9 ildir müəllimsiniz. Bu 9 ildə təhsildə hansı uğurunuz ilə fəxr edə bilərsiniz? Hansı cəhətinizə görə biz deyə bilərik ki, bəli, məhz Bəhruz müəllim şagirdlərə dərs keçməlidir.



- Fəxr etdiyim uğurlardan biri, ucqar kənd məktəbindən ali məktəbə qəbul olan qız şagirdlərinin olmasıdır. Sevindirici haldır. Halbuki, qız uşağını dərsə qoymamaq kimi adətləri olub ucqar kəndlərin. Var gücümlə çalışıram ki, şagirdlərim həyatda da, təhsildə də uğur qazansınlar. Deyəsən, alınır da... Şagirdlərlə dost ola bilməyim ən gözəl tərəfimdir. Bu, bəzən normal qarşılanmır da. Sənin övladının dostu ola bildiyimə görə, övladını rahatlıqla mənə etibar edə bilərsən.

Cibdə pul saxlamaq günahdır

-Tez-tez şair-yazıçıların imza günündə olursunuz. Deyəsən, müəllim maaşın Cəlilabad-Bakı yolunda xərclənir.

-Tez-tez demək olmaz. Yolum Bakıdan düşəndə təqdimat olarsa, iştirak etməyə çalışıram. İstisna şəxslər var ki, onlara görə rayondan durub, təqdimata gedirəm. Pulun xərclənməsi yaralı yerimdir. Heç vaxt cibimdə artıq pul olmur. Ya elə, ya belə, mütləq xərclənməlidir. Ümumiyyətlə, ətrafımızda ehtiyaclı insanlar olduğu müddətdə cibinizdə artıq pul saxlamaq günahdır.

-Bir çox müəllim çörəyini müəyyən anlamda repetitorluqdan çıxarır. Nə əcəb, şəhərə köçüb kənd müəllimliyinin daşını atmırsınız. Ayağın həm asfalta dəyər, həm də cibin daha artıq pul görər.

-Mən xoşbəxt ola bilməyən adamam. Heç nədən zövq almıram. Heç müəllim olmaqdan da. Heç şair olmaqdan da. Xoşbəxt olmamaq üçün Bakı, ya rayon mənə fərq etmir. Övladlarıma görə Bakıya köçəcəm. Amma orada daimi necə yaşayacam, bilmirəm. Artıq pul qazanmaq yaxşı olar, daha çox adama yardım edərəm. Pulun mahiyyəti mənimçün ancaq bundan ibarətdir. Hələlik səmimiyyətimə inanmaya bilərsiniz.

-Məktəbin heyətindən danışardın. Neçə şagird, müəllim var?

-Mənə statistik rəqəmləri əzbərləmək elə də maraqlı deyil. Elə də çox şagirdi yoxdur. Hər sinifdən bir dənə var. Məktəb müasir tikilidir. Təyinatla gələn ixtisas müəllimləri çoxdur. Dəqiq bildiyim, sinif rəhbəri olduğum 10-cu sinifdə 34 şagird var.

-Yəqin ki, maraqlı hadisələr də başınıza gələr.

- Maraqlı hadisələr olur. Bir dəfə, ailə qurduğum il məktəbdə yeddinci sinif şagirdi mənə dedi: " Müəllim, gəlinbacım yaxşı baxır deyəsən, kökəlmisən" Güldüm uşağın sözünə. Nə bilim, mənim maraqlı adlandırdığım şey uşaqların istedadlı yumorlarıdır. Bu kimi hallarda sevinirəm. Sevinirəm ki, uşaqlar gülməyi, güldürməyi bacarır.

-Məktəb deyəndə, qızların təhsili söylədikdə nədənsə yadıma Hüseyn Cavidin "Gülbahar” şeiri düşür...

- İcazə verin, bir az kövrəlim. Çünki mən məktəbdən də, ailədən də, dostdan da xoşbəxt ola bilməyən adamam.

-Rayonunuz müəyyən dərəcədə dindar bölgədir. Ola bilməz ki, bu hal təhsilə təsir etməsin.

-Nə bilim, təsiri olur, olmur, deyə bilmərəm. Özüm inanclı insanam, amma istəmərəm hansısa şagirdi inancına görə mühakimə edim.

-Yoldaşınız da müəllimdir. Evdə kim müəllimlik edir, kim şagird rolunda olur?

-Vallah, evdə heç bilmirəm müəllim kimdir, şagird kimdir. Arada şagird olmağın zövqünü yaşayıram, arada müəllim... Müəllim kimi yoldaşımı riyaziyyatdan hazırlaşdırıram. Həyat və məişət məsələlərində ailədə müəllimlik etməyə çalışsam da, həmişə uduzmuşam. Həmişə mənim bildiklərim böhrana aparıb bizi.

-Adətən xanım müəllimələr getdiyi yerdə evlənir, qalır. Bəhruz Xəlilsə getdiyi yerdə evləndi, qaldı.

- Evləndi, qaldı deyəndə ki, mütləq hardasa qalmaq lazımdır. Yeri gəlmişkən, bu aralar beynimə Xızı düşüb. İstəyirəm, imtahan verib 9 il də Xızıda işləyim. Çox güman ki, orda evlənib qalmayacam.

-Kurikulumla tədris müasir texnoloji vasitələr tələb edir. Elə götürək sizin məktəbi. Bu cür tədrisin təminatı varmı?

-Məktəbimiz müasir tikilidir. Amma laboratoriya otaqları tam fəaliyyət göstərmir. Ona görə də ənənəvi tədris metodunu kənd məktəbindən tam olaraq çıxatmaq olmur. Əgər ənənəvi sistemi sıradan çıxarırıqsa, ali məktəbə qəbul qaydaları da dəyişməlidir. Bəzən uşaqlar çaydan oxuyur, imtahana aydan düşür. Bu il bir az fərqli oldu. Ümid edirəm, zamanla hər ikisi, Təhsil Nazirliyi də, Tələbə qəbulu üzrə Dövlət Komitəsi də eyni nöqtədə birləşə biləcəklər.

-Koronavirusun təsiri sizin məktəbdən də yan keçməz...

-Bu virus xəbəri yayılandan uşaqların məktəbə gəlmələrinə təsiri olmuşdu. Bu da yeni dərsi izah etməyə maneə yaradırdı. Məsələn, elə şagirdlər var ki, onlarsız yeni dərs keçmək olmur. Ona görə məcburən köhnə dərsin üzərində qalırdım. Tətil yerinə düşdü, hamı eyni vaxtda dərsdə iştirak edəcək. Qaldığımız yerdən davam edəcəyik.

Söhbətləşdi: Emin Piri