Son 200 il ərzində erməni millətçi-şovinistlərinin
Azərbaycan xalqına qarşı apardığı təmizləmə, soyqırım siyasətinin ən dəhşətli nəticələrindən
biri də Xocalı faciəsidir. Müsahibim, Xocalı şəhər sakini Ceyran Ələkbər qızı Əzizova
ilə söhbətimizə də bu istiqamətdə başladıq. İlk sözü də bu oldu ki, aradan uzun
illər keçməsinə baxmayaraq, dövlət bayramlarında, özəl günlərdə atəşfəşanlıq
üçün atılan toplar, fişənglər onu 28 il əvvəlki kimi həyəcanlandırır,
sarsıdır:” O an elə bil geriyə dönürəm, uçum-uçum uçalanıram, ürəyim şiddətlə
döyünür, çox çətinliklə özümü ələ alıram”. Tanıtım üçün bildirim ki, Ceyran
xanım 1964-cü ildə anadan olub. Orta məktəbi doğma kəndində başa vurub. 1989-cu
ildə qonşusu, Xocalı dəmir yolu tikintisində krançı işləyən Vasif Məmmədovla
ailə həyatı qurub. 1990-cı ildə ilk övladı dünyaya gəlib.
28 il geriyə
Bura qədər sakit-sakit danışan həmsöhbətimin gözlərini sanki bir qatı duman
aldı. Bəlkə də, danışdıqca elə o illərə qayıtmışdı.
- Lap 1989-cu illərin sonundan
başlayaraq ermənilərin hücumlarına tez-tez məruz qalırdıq. Təsərrüfatla, gündəlik
işlərilə məşğul olan sadə sakinləri atəşə tutur, yaralayır, öldürürdülər.
Otardığı sürüsünü oğurlayıb aparırdılar. Xüsusən ermənilər Noraguh
kəndindən Xocalıya tərəf atəşi
dayandırmırdılar. Ona görə də rayonun kişiləri camaatı müdafiə etmək üçün
postlar qurdular, hər gün axşam saatlarından səhərə qədər həmin postlarda növbə
tutdular, el-obanı xain basqınlardan qorudular.
1991-ci ildə Xocalıda özünümüdafiə taboru yaradıldı. Tabor silah-sursatla təmin
olunduqdan sonra həyat yoldaşım Vasif Məmmədov
və eyni zamanda əli silah tuta bilən hər kəs həmin taborda ermənilərə qarşı
döyüşə atıldılar. Azərbaycanın Milli Qəhrəmanı, "Mixaylo" kimi
tanınan mayor Tofiq Hüseynov tabora komandir təyin edildi.Yeri gəlmişkən, Tofiq
mənim bibim oğluydu. Onun sayəsində Noraguh və Mehdikənd kəndində yerləşən erməni
quldurlarının artilleriyası "Alazan" qurğusu ilə partladıldı, ferma
darmadağın edildi. Bu
əməliyyatdan sonra ona mayor rütbəsi verildi. Mixaylonun sonuncu döyüşü
Xocalıda 26 fevralda oldu.
O,
neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bildi. Son nəfəsinə, sonuncu gülləsinə
qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv edib, son anda sonuncu
qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini
də partlatdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin..
-Hadisələrin
gərgin zamanında orada təxminən nə qədər əhali vardı, camaat çox idimi, sıx idimi?
-Ermənilər də hər vəchlə çalışırdı ki, Xocalını ələ keçirsin.
Cünki Xankəndi ilə Əsgəran
arasında yerləşən Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların
yaşadıqları ikinci böyük yaşayış məntəqəsiydi. Həm 1990 -cı ildə şəhər statusu
almışdı, həm də burda əhalinin sayı 7 mini keçmişdi. 1988 -ci ilin sentyabrın
18-də Xankəndindən, 1988-ci ilin noyabrında Ermənistandan qovulmuş azərbaycanlıların
əksəriyyəti, 1989 - cu ildə Fərqanədən qovulmuş nə qədər məhsəti türkü vardısa,
hamısı burada məskunlaşmqaışdılar. Maraqlıydı ki, o çətin
günlərdə camaat bir-biri ilə o qədər doğmalaşmış, o qədər mehribanlaşmışdı ki,
sanki yaxın qohum-əqrabaydılar. Xəstələnən, yaralanan olanda bir-birindən qayğılarını
əsirgəmirdilər.
-Dinc sakinlər kəndi tərk etmək, müharibə
zolağından uzaqlaşmaq haqqında düşünürdülərmi?
-Bilirsiniz ki, Dağlıq Qarabağda yeganə təyyarə meydanı da Xocalıda yerləşirdi.
Erməni silahlı qüvvələri Xocalını hər tərəfdən mühasirəyə almışdılar, yolları,
keçidləri tutmuşdular. Şəhərin quru yolla xarici aləmlə əlaqəsi kəsilmişdi.
Elektrik enerjisi yox idi. Əlaqə 1991- ci ilin
noyabrından etibarən ancaq radio-telefonla və mülki vertolyotlarla idi. 1992 -
ci ilin yanvarın 28-də ermənilər tərəfindən bizim Mİ-8 markalı mülki vertolyot vuruldu. Vertolyot gözümüzün önündə iki yerə bölündü və yerə düşdü. Vertolyotun içərisindəki insanların qışqırtısı
hələ də qulağımdadır. Çox dəhşətli mənzərə idi.
40-dan artıq qarabağlı həlak olduqdan sonra Xocalı şəhəri ilə hava əlaqəsi də kəsildi. Xocalının
erməni kəndlərinin əhatəsində olması, yaxınlıqdakı azərbaycanlılar yaşayan kəndlərin
(Malıbəyli, Quşçular) əhalisinin kütləvi qətli və kəndlərindən didərgin
salınması camaatımızı narahat edirdisə də, heç kim yerindən tərpənmir, müharibə
zolağından uzaqlaşmağı düşünmürdülər.
-
Bayaq sözarası dediniz ki, siz soyqırımından
bir az əvvəl evinizi tərk edib Ağdama gəlmişdiniz....
- Qazımızı, işığımızı kəsdilər. Qaranlıqda qaldıq. Çörək sexlərini
generatorlarla işlətmək istədilər, o da alınmadı. İş o yerə çatdı ki, Xocalıya
heç bir yardım gəlmədiyindən şəhərdəki çörək sexləri evlərə qablarda xəmir
paylamağa başladılar ki, acından ölməyək. Xəmiri ocaqda qızardıb qənaətlə
uşaqlara verirdik. Əli silah tutan kişilər hamısı səngərlərdə idi. Soyuq qış
günlərində səngərdəkilər gündən-günə xəstələnir, azyaşlılar qızdıqmadan yanır.
Körpələrin qızdırmasının qarşısını almağa heç bir dərman da yox. Allahın ümidinə
qalmışdıq. Fevralın12-si
saat 10-a
işləmiş Xocalıda evlər iriçaplı silahlardan atəşə tutuldu. Evlərin divarlarına
söykənib qaldıq ki, güllə dəyməsin. Güllələr yağış kimi yağırdı evin içərisinə.
Heç kimin sağ çıxmaq ehtimalı yox idi. Bizimkilərdə silah yox idi. Təqribən 10
adamdan birində silah var idi. Elə o ərəfələrdə ikinci övladım dünyaya gəlmişdi.
Qeyd edim ki, evimiz Xankəndi-Şuşa
şosse yolunun düz üstündəydi. Yaxınlığımızda başqa ev-ailə də yox idi.
Vasif də postdan gec-gec gəlirdi və mən 2 körpə ilə o tənha yerdə həyəcan
keçirməyə başladım. Xüsusən, ən çox qorxduğum məqam kəşfiyyata gələn ermənilərin
əlinə keçmək idi. Böyüklərin məsləhəti ilə faciədən 13 gün əvvəl 13 fevralda məni
və uşaqlarımı vertolyotla Ağdama göndərdilər. Kaş ki, getməyəydim... (ağlayır)
-Həyat
yoldaşınızın ölüm xəbərini nə vaxt aldınız?
-Fevralın 14-dən 26-dək Ağdamda
Xocalı ilə əlaqə saxlamaq üçün xüsusi qərargah yaradılmışdı.
Həmin qərargahın qarşısında yatırdıq. Hər an xəbər gözləyirdik, amma heç nə
demirdilər. Hər gün Xocalıya poçta zəng vururdum, qonşularımıza zəng vururdum
ki, həyat yoldaşımdan, hamilə bacımdan, qohumlarımdan xəbər bilim. Fevralın
25-də Xocalı polis şöbəsinə zəng vurub həyat yoldaşımı soruşdum, çünki
yoldaşımın ağciyərində problem var idi. Qonşularımızdan biri gəlib telefonda
dedi ki, həyat yoldaşım postdadır, vəziyyəti yaxşıdır. 26 fevralda isə Ağdam məscidinin qarşısında meyidlərin arasında
Vasifi axtarırdım və...Ay Allah!!Mənə doğma-əziz olan insanların başına nələr gətirmişdi
bu xain ermənilər..Soyulmuş ... dəriləri, kəsilmiş əzaları, yandırılmış cəsədləri
görəndə huşumu itirdim.
-Tanıdıqlarınızdan-yaxınlarınızdan kimləri gördünüz?
-Qadınların ah-naləsi bəlkə də, Allahın yanına gedib çıxırdı. Elə orda eşitdim ki,
qohumum Firəngül Kərimovanın əvvəl döşünü, sonra qulaqlarını kəsiblər. Sonra
gözlərini çıxarıblar, daha sonra da bədənini doğrayıblar. Sinif yoldaşım, milli
ordunun əsgəri Hidayət Eyvazovun da başını kəsibilər. Cəbrayıl Rəcəbovu əsir
alıb əl-ayağını məftillə bağlayıb, sonrada üstünə benzin töküb yandırmışdılar.
Həyat yoldaşımın silahdaşları Təvəkgül, Yelmar milli orduda döyüşürdü. Həmin
gün ermənilər onları da yandırıblar. 1988-ci ildə Göyçə mahalından ermənilər tərəfindən
didərgin salınmış, Xocalıya pənah gətirmiş Narxanım xalanın həyat yoldaşı 45
yaşlı Məmməd Məmmədovu, oğlu Söhbəti vəhşicəsinə qətlə yetiriblər. Qonşumuz
Şuxaddin Abışovanın 3 övladının hər üçünü də- Etibar, Habil, Mobil işgəncələrlə
öldürmüşdülər. Şuxəddin xala o hadisədən
sonra özünü bir otağa həbs etdi və 20 ildən sonra elə o otaqda da öldü. Amma
Telmanla qardaşı Fazilinin işgəncəylə öldürüldüyü, başlarının kəsildiyi deyilsə
də, yaxınları indiyə kimi onların meyitini ala bilməyiblər.
Camaatın çıxarılmasında xüsusi fəallıq göstərmiş Azərbaycanın Milli Qəhrəmanı
Füzuli Rüstəmovun nəşini gördüm. İlahi o məscidin həyətində nələrə şahid
olduq... O gecə ümumilikdə 68 qohumumu itirdim. Martın 2-də gecə Xocalıdan 86
meyit yüklənmiş "Kamaz" gəldi və nəhayət, Vasifin cəsədini tapa
bildik: qarnı
cırılmış, boynu qırılmış vəziyyətdə, qolunda güllə yerləri . Onu Ağdam rayonunun Tərneft kəndində torpağa
tapşırdıq. 1993-cü ildə orada işğal olundu. Düz 28 ildi əzizlərimin qəbrini
ziyarət edə bilmirəm. O boyda nəsildən bir qəbir var - Bakıda Şəhidlər
xiyabanında Milli Qəhrəman Tofiq Hüseynovun qəbri. Qalan əzizlərimizin meyitlərindən
xəbərimiz yoxdur.
-Köçkünlüyün acıları ilə harda tanış oldunuz?
- Əvvəl Naftalana, sonra Sabribada üz tutduq. Öhdəmdə iki azyaşlı
körpə ilə çox çətin günlərdən, ağır imtahanlardan ecdim. Buna
baxmayaraq, övladlarımın xatirinə mübarizə etmək, ayaqda qalmağa borclu idim. Öncə ali təhsil almaq üçün 1996-cı ildə Bakı
Dövlət Universitetinin qiyabi hüquq fakültəsinə daxil oldum. Ondan iki il sonra Azərbaycan Respublikası Ədliyyə
naziri Südabə Həsənovanın tapşırığı ilə Sabirabad rayon Notariat kontorunda məsləhətci
vəzifəsinə təyin edildim. Elə orada yerləşən Güdəcühür köçkünlər qəsəbəsində
evlə təmin olundum.Yenə də deyirəm , bütün əzab-əziyyətlərə baxmayaraq Vasifin
yadigarlarını böyütməli idim və böyütdüm.
-Bəs, Bakıya hansı səbəbdən gəldiniz?
-Böyük oğlum Bakıda, kiçik oğlum Mingəcevirdə ali məktəbə daxil oldular. Məcbur
qalıb, mən də Bakıya köçməli oldum. 2007-ci ildə çox axtarıb arayandan sonra
Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı Evtikmə Kombinatına məxsus İstirahət
mərkəzindəki təkadamlıq evlərin birində yerləşdik. Elə indiyənə qədər də burda
yaşayırıq. Min cür əziyyətə
qatlandım bu "domik”də.
Ömrümü aldı , məni xəstə saldı bu dar, rütubətli, uçuq-sökük, şəraitsiz
daxma... Hər iki oğlumun səhhətində də bu daxmanın izləri var. İndidə nəvələrim
o zülümü çəkir.Mən rahat ömür yaşamadım, övladlarımda ...indi də nəvələrim...
-Ürəyinizdə hansısa arzunuz qalıb?
- Bir ana kimi övladlarımdan çox razıyam, onları bütün çətinliklərə rəğmən böyüdülər,
ailə sahibi oldular. Amma ən böyük arzum hələ ki, ürəyimdədi. Vasifin və minlərlə şəhidimizin
qanı töküldüyü o torpaqları murdar ermənilərin tapdağından xilas olduğu günü
görmək nəinki arzumdu, həmdə amalımdı, yaşamaq səbəbimdi. O torpaqlar azad olunan gün şəhidlərimizin
qisası alınan gündür. Ailəlikcə ən böyük arzumuz ordumuzun qələbə bayrağını
Şuşada, Laçında , Xocalıda dalğalanması- dır. Məncə, bütün Azərbaycan xalqı o
günü ümidlə gözləyir.
-Ceyran xanım, kolletivimiz
adından sizin və eyni zamanda xalqımızın Qələbə arzularının tezliklə
reallaşmasınıi diləyirik!Müsahibəyə görə də, sağ olun!
Əntiqə Rəşid
.