adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: “MÖCÜZƏ”Nİ “XƏYANƏT”DƏ SINAYAN QƏLƏM

ƏBÜLFƏT MƏDƏTOĞLU
45666 | 2020-02-24 17:51

Adətimdi, ilk kitaba təbii ki, əgər ürəyimə yatıbsa, təkrar-təkrar qayıdıram. Hər dönüşümdə də nəsə tapıram. Qarşımda kimin olmasından, müəllifin şəxsiyyətindən asılı olmayaraq, ona təkrar döndüyüm kitabın səhifələri arasında zaman yaşayıram. Elə bir zaman ki, o mənim ömrümə hopur, ruhumu oxşayır. Və beləcə, qazandığımı həyatımın uğuruna çevirirəm. Axı...

Gülər Eldarqızının "Səssiz xatirə” kitabı barəsində fikirlərimi sizinlə bölüşmüşdüm. Daha doğrusu, həmin kitabdakı şeirlərin ruhunu incələməyə, öz ruhumun köynəyindən keçirməyə cəhd etmişdim. Necə alınmışdı onu deyə bilmərəm. Amma mən o misralarda səmimiyyət və yaşam görmüşdüm. İndi isə həm özümün, həm də sizin diqqətinizi kitabdakı üç hekayəyə çəkirəm. Bu da səbəbsiz deyil. Mənə elə gəlir ki, həmin hekayələri oxuyan hər kəs, əgər ruhu, duyumu varsa, mütləq gözünün önünə oxşar mənzərə gətirəcək. Axı biz hər birimiz fərd olaraq həm həyatda, həm xəyalda, hətta yuxuda da nələrisə yaşayır, nələrinsə şahidinə çevrilirik. Ona görə də mən bu hekayələri oxuyanda bir anlıq dayanıb düşündüm. "Möcüzə”nin bir yaşam olduğunu çözməyə başladım. İnanın ki, bir az loru dildə desəm, hind filmlərinin ssenarisinə bənzər bir oxşarlıq gəlib keçdi kinolent kimi gözümün qarşısından. Yəni mən də xəyalımdakıları, xəyalımı qurduqlarımı xatırladım, döndüm onların yanına, oxşadım onları, əzizlədim və hətta öpdüm. Amma onlar bunu bilmədilər. Çünki onlar xəyal idi. Amma onlarla metroda, parkda, bulvarda, avtobusda qarşılaşanda heyrətimdən dondum. Çünki xəyallar qarşımda dayanmışdı. Bax, dünyanın yalnız hər kəsə aid olan möcüzəsi budur. Gülər Eldarqızı da məhz öz yuxusunun, öz xəyalının rəssamını bax, beləcə həyatının möcüzəsinə çeviribdi. Oxucu olaraq mən də bu möcüzəni elə fürsətdən istifadə edərək öz xəyallarımla calamışam. Real həyatdakı "Fürsətdən istifadə”nin aurasına düşürəm. Bu hekayəni oxusanız görərsiniz ki, etibardan istifadə edənlərin arasında doğmaların, yaxınların yeri kifayət qədər var. Ona görə də rəfiqəsinin sağlıq durumundan və etibarından istifadə edən Könül ona dərman əvəzinə narkotik "yedizdirir”. Və təbii ki, bütün sirlər bir gün açılır. Getdikcə narkotikin aludəçisinə çevrilən xəstənin bacısı ona baş çəkməyə gələndə hər şeyi anlayır. Və illərin guya sınağından çıxmış bu rəfiqəlik acı sonluqla başa çatır. Fürsət istifadəçisi onun həyatını məhv edir. Və bir də... Bu, digər xəyanətlərin fonunda bir "Xəyanət”ə də əl açır. Sevdiyi dul bir xanımın həyatını öz həyatı qədər önəmlıi bilən gəncin bütün təyziqlərə, məsləhətlərə əhəmiyyət vermədən yaşadığı sevgi sonda onun mənən ölümünə, həm də bir kişi kimi alçalmasına gətirib çıxarır.


Belə ki, Mehman sevgisini də, qazancını da böyük ürəklə həsr etdiyi Səbinə onun tez-tez ezamiyyətə getməsindən istifadə edib başqaları ilə könül xoşluğu yaşayır. Mehman isə Səbinənin 3 yaşlı Zümrüdünü öz qızı kimi 15 il böyüdür, onun bütün nazı ilə oxşayır. Hətta yataqda üstünün yorğanı sürüşəndə də ata kimi onun üstünü örtür, saçlarını öpür. Lakin Səbinəyə olan şübhələri gözünün qarşısında öz təsdiqini tapanda, o da elə Səbinənin olduğu mənəviyyat nöqtəsinə yuvarlanır və qızı bildiyi Zümrüdün yatağına girir. Buna da "xəyanəti xəyanətlə yuyarlar” fikri ilə haqq qazandırtmağa çalışır. Amma bu qüruru, qeyrəti və dilinə "ata” sözü gətirən insanın ata biləcəyi addım deyil. O, Səbinəni başqa cür də cəzalandıra bilərdi. Zümrüdü öz korlanmış həyatnın qurbanına çevirmək zənnimcə, müəllifin güclü yanaşması deyil. Bax, beləcə...

Bəli, mən bu üç hekayədə bir yazıçı qələminin həzin, həm də cəlbedici istiliyini duydum. Anladım ki, oxucunu cəlb etmək, oxucunu öz çevrəndə saxlamaq üçün seçilən üsul uğurludu. Ona görə də müəllifə bir oxucu olaraq daha böyük uğurlar diləyirəm.

P.S. Xatırladım ki, fevralın 25-i müəllifin doğum günüdür. Onun oxucusu olaraq təbrik edir, xəyanətsiz, möcüzə dolu sağlam ömür arzu edirəm. Və burada həm də onu qeyd edim ki fevralın 25-i həm də qızım Nilufərin doğum günüdür. Ona da xəyanətsiz, sağlam və ailə xoşbəxtliyi ilə süstlənmiş gözəl həyat diləyi ilə "təbriklər, qızım!” - deyirəm.



TƏQVİM / ARXİV