adalet.az header logo
  • Bakı 18°C

“Mən möminəmmi?” - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
56020 | 2020-02-21 09:16

Tanıyanlar bilir, mən Allaha çox inanan, iman gətirən, Allahı öz içində, öz yanında, öz daxilində görən biriyəm. İddia edə bilərəm ki, özünü cəmiyyətə "mömin” kimi sırıyanlardan daha çox inanclıyam, möminəm. Düzdür, hicab örtmürəm, heç namaz da qılmıram . ( Vaxtı ilə 5 il namaz qılmışam) Bəziləri mənim inancıma məhz bu səbəbdən ironiya ilə baxa bilər. Amma, unutmayın, insanın Allahı dərkindən, Allahla təmasından sonra bütün rituallar sıfırlanır. Məhz o təmas və dərkdən sonra bütün hərəkətlərinə, addımlarına, niyyətlərinə görə,  özün-özünə (həm də Allaha) hesabat verirsən, səhv və yaxud düz olduğunu vicdanla (Allahla) çözürsən. Səhvsənsə. haqsızsansa, boynunun borcudur ki, səhvini düzəldəsən, haqsızlığın üçün üzür diləyəsən, bağışlanmanı xahiş edəsən... Allahdan yox, insandan... Bəli insandan! Ona qarşı etdiyin haqsızlığa görə, ona yalvarmalısan da, əfv diləməlisən də.

İkinci Allahın sevgi ilə yaratdığı insanları sevməlisən! Mümkün qədər yardımçı olmalısan!Bu daha vacibdi! Sənin insanlara sevgin, xüsusən, yetim, xəstə, əlil, yaşlı, hamilə bu zümrədən olan digər Allah bəndələrinə olan qayğın, xoş niyyətin Allah tərəfindən seviləcək, qiymətləndiriləcək. Rəsul-i Əkrəm də S.A.V də bu barədə belə buyurmuşdur:

"Yaxşılıq itməz, günahlar da unudulmaz. Hakim olan Allah ölməz. O halda bildiyini et. Necə davransan elə də rəftar görərsən". Buna yüzə yüz əminəm!

İndi keçək əsas məsələyə...

Deyilənə görə, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyə qədər 100 nəfər müraciət edib. Sənəd verənlərin arasında az sayda olsa da, ziyarətə təkrar getmək istəyənlər də var.

Bu il Həcc ziyarətinə təkrar getmək istəyənlərə güzəşt edilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, onlar üçün nəzərdə tutulan əlavə ödəniş ləğv edilib. Ötən il bu rüsum 75 ABŞ dolları idi. Bu il isə Həcc ziyarətinə təkrar getmək istəyənlər həmin məbləği ödəməyəcəklər.

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1 500 nəfərlik kvota ayrılıb. Ziyarətinin qiyməti isə 4 490 ABŞ dollarıdır. Həcc ziyarəti Ramazan bayramı ərəfəsində - iyulun 20-dən avqustun 15-dək baş tutacaq.

İndi xeyli pul töküb "mömin” olmaq, həci, kərbəlayi, məşədi olmaq istəyənlərə sual vermək istəyirəm:” Son 3 ayda 7 -i igidimiz haqqın dərgahına qovuşub. Çoxu da yetərincə müalicə ala bilməməsi ucbatından dünyasını dəyişib.

Hesabı vururam bir-birinə, məlum olur ki, hər il Həccə, Məkkəyə, Mədinəyə, Kərbəlaya tökdüyünüz pullarla neçə-neçə Qarabağ əlili müalicə alardı, sağalardı, ailəsinə yardım olardı. Bu dünyanı yarımcıq tərk etməzdi. Ziyarət pulunu neçə-neçə Qarabağ döyüşcüsünə, əlilinə sərf etsəydiniz, onun qayğısına qalmağa, iynəsinə, dərmanına, həkminə xərcləsəydiniz mömin olmayacaqdınızmı? Öz vətəninizdə yetimləri, kimsəsizləri, xəstələri, yaşlıları, əlilləri görə-görə, laqeyd qalaraq gedib, uzaq Ərəbistanda mömin olacaqsınızmı? Allahın sizi mükafatlandıracağınımı sanırsınız? Arabir içinizdəki, daxilinizdəki, yanınızdakı Allahla təmasa keçin, hesabat verin!Sonra mütləq öz-özünüzdən sual etmək ehtiyacı duyacaqsınız:” Mən möminəmmi?”

 

 

 

 

 

TƏQVİM / ARXİV