Tural Gəncəliyev Kasprşiklə görüşüb
Anjey Kasprşik ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin görüşü keçirilib.
İcmadan verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşikin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ofisində Tural Gəncəliyev və icma üzvləri ilə görüşü baş tutub.
Görüş zamanı Anjey Kasprşik icma rəhbəri Tural Gəncəliyevi 9 fevral tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Xankəndi seçki dairəsindən seçicilərin əksəriyyətinin dəstəyini qazanaraq millət vəkili seçilməsi münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Tural Gəncəliyev ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə təşəkkürünü bildirib və çoxsaylı seçicilərin dəstəyi nəticəsində bundan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş rəsmisi qismində fəaliyyətini daha fəal şəkildə davam etdirəciyini vurğulayıb.