adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Yanvar 2020 14:22
93820
MÜSAHİBƏ
A- A+

Elvin Mirzəzadə: Meyxanaların sözlərində olan hikmət o mahnılarda yoxdu - MÜSAHİBƏ

Budəfəki müsahibimiz "Yeni ulduz" layihəsi ilə efirdə görünməyə başlayan və daha sonra hitə çevrilən "Düşün məni", "Gəl" mahnıları ilə məşhurlaşan Elvin Mirzəzadədir.


- Həyat və fəaliyyətdən bəhs et zəhmət olmasa. Musiqi sahəsinə gəlmə səbəbin nə idi?

-Mən, Elvin Mirzəzadə noyabrın 17 – si, 1991 – ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Qərbi Azərbaycanlıyıq, amma mən oraları görə bilməmişəm. Bakıda doğulub böyümüşəm. Məktəbi 2009 – cu ildə bitirmişəm. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinə qəbul olmuşam. Təhsil baxımından musiqi ilə heç bir əlaqəm yoxdur yəni.

- Bəs necə oldu ki, tamam başqa sahədən musiqiyə yönəldin?

- Uşaqlıqdan həvəs olub. Bizim bu Qərbi Azərbaycan tərəf professorluğa, elmə daha çox önəm verir ki, mütləq şəkildə ya texniki, ya da humanitar sahəyə yiyələnmək lazımdır. Başqa cür də baxış açısı yoxdur əslində. Sadəcə buna daxil ol, sonra istədiyini elə kimi bir prinsip qoymuşdular. Onların xətrinə texniki sahəni seçdim. Heç peşman da deyiləm. Məsələn, İncəsənət Universitetində və ya Musiqi Akademiyasında olsaydım, orada demək olar ki, hamı istedadlıdır və seçilmək daha çətin olacaqdı. Öz universitetimizdə fəal tələbə kimi seçilib daha çox göz önünə gəlirdim. Bu da mənə avantaj verirdi. Bir az şablon səslənəcək, amma oxumağa uşaqlıqdan başlamışam. Hər qohum toyunda filan oxuyurdum. Hətta əlifba bayramında belə mahnı oxumuşam. Gəldi çıxdı o məqam ki, universitetə qəbul oldum və özümüzün bir növ KVN komandamızı yaratdıq. "Şən və hazırcavablar qrupu” idi. Onlarla birlikdə şəhərə çıxırdıq, bulvara, parklara, flarmoniya bağına. Orada özümüz üçün bir dairə yaradıb ifalar edirdik. Onda hələ indiki qədər çox yayılmamışdı belə "kruqlar". İndi maşallah hər iki metrdən bir gitara ifa edən var, amma onda çox az rast gəlmək olardı belə bir şeyə.

"Məndən sonra da "Yeni ulduz” yarışması birdəfəlik bağlandı",

- O kruqlardan biri də siz idiniz....

- O kuruqlardan biri də biz idik, bəli (gülür). Bir müddət keçdi, həmin o kruqun uşaqları mənə dəstək verdilər ki,get,”Yeni ulduz” müsabiqəsinə qatıl.2011-ci ildə "Yeni ulduz-11” müsabiqəsinə qoşuldum. Orada fərqli mahnılar oxudum, bir zamanın trendini də orada yaratmışdım, "cancana”, "amma anam bilməsin” mahnılarını başqa versiyalarda oxumuşdum. Tanıyanlar, yadında qalanlar bilər. Düşdüm onaltılığa, 8 – ci yerə qədər gəldim.Daha sonra sms filan məsələləri olduğuna görə ələndim. Məndən sonra da "Yeni ulduz” yarışması birdəfəlik bağlandı, yəni ayağım çox yüngül idi (gülür).

Sonra Space-tvdə Tünzalə xanım Əliyeva, Dilarə Əliyeva, Ülviyyə Əliyevanın rol aldığı "Üç bacı” serialı var idi, orada mən gitarist rolunda çəkilməyə başladım. Məhlənin gitaristi rolunda idim. Daha sonra artıq universiteti bitirdim və hərbi xidmətə yollanmalı oldum. Azərbaycanın hər bir gənci kimi mənim də borcum idi və getdim 1 il Ağdam-Ağcabədi istiqaməti N sayılı hərbi hissədə hərbi xidmət etdim. Qayıtdıqdan sonra hər şey 0 vəziyyətində. Bunu əsgərliyə gedib-gələn, xüsusilə də, ali təhsillilər bilər ki, ora başqa bir atmosferdir. Tamam ayrı bir atmosferdən gəlib yenidən mülki həyata adaptasiya olmaq çox çətin məsələdir. Bu həyatdan o həyata, o həyatdan da bu həyata qayıtmaq ümumiyyətlə çətindir. Güclə də olsa, özümü toparlaya bildim. Bir çox sahələrə baş vurmağa məcbur oldum. Artıq sənət filan qaldı qıraqda. Sadəcə gördüm ki, yox alınmır. Doğrudan da xəmirim incəsəntlə yoğrulub. Səhnə almağa başladım. Ucuz qiymətə də olsa, bir yerdən başlamaq lazım idi. Bir müddətdən sonra mahnılar yazmağa başladım.İndi geniş kütlə yığan və onlara öz şeirlərini çatdıran dostumuz Xəzər Süleymanlı var. Mən onu illər öncə kəşf etmişdim ki, o adam necə dərin, zəngin bir insandır. Onun sözlərinə mahnılar bəstələyib, oxumağa başladım. Məsələn, "günahkaram”, "onun ürəyində özgəsi var”. Təəssüflər olsun ki, o zaman heç bir efirim, radiom, insanlara çıxış qüvvəm olmadığına görə sırf sosial şəbəkədən istifadə edənlər, facebook dostlarım bilirdi ki,bu mahnını mən oxuyuram. Amma kim olduğumu bilmirdilər. Düşünün ki, gedirdim hər hansı bir kluba, "onun ürəyində özgəsi var” mahnısını hamı bir ağızdan oxuyur,mən də oturmuşam bir qıraqda, heç bilmirlər ki, mənəm oxuyan.Paradoks idi də bir növ. Bilmirdin sevinəsən, yoxsa kədərlənəsən ki, niyə mənim mahnımı oxuyurlar, amma bilmirlər mənəm oxuyan. Gözlədim ki, Allah Kərimdi. Bəlkə düzələr.

- Hazırda sosial şəbəkələrdə çox izləyicin var. Buradakı fikirlər sənin üçün nə dərəcədə əhəmiyyətlidir?

- Ümumiyyətlə, hər dəfə bunu deyirəm ki, bu psixologiyada da, cəmiyyətdə də, ağıllı insanlar tərəfindən qəbul olunmuş bir fikir var ki, əgər bir işdə tənqid, mənfi fikir yoxdursa,o işin uğur potensialı 0-a bərabərdir. "O işin başını burax" loru dildə desək (gülür). Düzdü artıq təhqirlərə keçirsə, artıq o işi davam etdirməyə dəyməz. Zirvədə saxla, özünü daha da endirmə. Amma yox, tənqid edirlərsə, eyni zamanda tənqidlə yanaşı müzakirədəsən və iki cəbhə yaranıb sənin haqqında. Bir ifadə var ki, "məni sevməyənlərə nifrət etməyə vaxtım yoxdur, çünki məni sevənləri sevməklə məşğulam". Niyə görə 100 şərhin içində 2 mənfi şərhi önəmsəməliyəm ki, bu niyə belə yazdı. Eləbir şey yoxdur. Düzdür hardasa əgər mənim içimdə fikirləşdiyim bir şeyi o adam yazırsa, bu o deməkdir ki, hə doğrudan da mənim gördüyümü camaat görə bilir. Nəyisə ört –basdır edib camaata təqdim etmək lazım deyil.

- Mövlanənin ifadəsi üzrə nə dediyin yox, necə dediyin önəmlidir...

- Bir də mən həmişə deyirəm ki, əgər tənqid edirsənsə, təklif də elə. De ki, məsələn, sən bunu belə oxumusan, amma belə yox, belə oxumaq lazımdır. Göstər mənə ki, bu belədir. Mən də deyim hə, okay. Bağışla, gələn dəfə bu cür edərəm.

"Bir zaman efirlərdən gözümüzü zəbt edən müğənnilər var ki, indi küçədə görəndə heç kim salam vermir".

- Hər addımının izlənməsi sənə heç "bəsdir" dedirtir?

- Yox, yox. Onun arzusunda olanlar var. Bu gün əlimizdə olanların, sahib olduqlarımızın qədrini bilməliyik. Şan-şöhrət də əbədi olan bir şey deyil. Hər şeyin bir vaxtı var. Bir zaman efirlərdən gözümüzü zəbt edən müğənnilər var ki, indi küçədə görəndə heç kim salam vermir.

- Həyatının dönüş nöqtəsindən necə bəhs edərdin?

-Məlum məsələdir (gülür). Düzdür, birinci dəfə "Yeni ulduz"da da müəyyən qədər uğur əldə etmişdim, amma bu kiçik bir tramplin idi. "Düşün məni” mahnısı isə sosial şəbəkədə də paylaşmışdım, həyatımın "U” nöqtəsidir. Sanki müəyyən zirvədə olursan, gəlirsən aşağı eniş nöqtəsi və yenidən təkan götürüb qalxırsan yuxarı. Şükür Allaha, o mahnı mənim üçün sanki bir sürpriz oldu. Şərt deyil ki, bundan sonrakı bütün mahnılarım o reytinqi yığsınlar. Sadəcə onu rahatlıqla deyə bilərəm ki, mən bir il ərzində bəzi müğənnilərin 10 ildə gördüyü işi gördüm.

"Anam dedi ki, "bu nə mahnıdır?! Nəqarət yox, bənd yox. Elə bil ki, meyxanadır”.

- "Düşün məni" manhısı ilə tanışlığın necə oldu?

- Bir gün dostlarımla Nərimanovda tantuni yeməyə getmişdik. Oturduq elə tantuni yeyirdik, gördüm mahnılar ifa edirlər.Biz də elə yeyirik tantunimizi. Keçdi bu mahnını oxumağa. Soruşdum ki, "qaqaş, bu kimin mahnısıdr?” Qaqaş dedi ki, "dostumla mənim”. Dedim ki, "bir də oxuya bilərsən zəhmət olmasa?”. Bir də oxudu. Dedim, "çox əla mahnıdır. Çox dəhşət mahnıdır, bunu kim yazıbsa, halal olsun”. İnanırsız, çıxdıq oradan, bir həftə mahnının sözləri beynimdə dolanırdı. "Yazar səndən şair”, "kağız qələmi tapana qədər” – bu frazalar yadımda qaldı. Gəldim bir həftədən sonra həmin yerə, bir dənə də tantuni sifariş etdim,qardaşa dedim ki, "mən bu mahnını almaq istəyirəm. Satırsızsa, bu dəqiqə pulunu sayıb, verəcəm”.O da onda dedi ki, "mahnı tam olaraq mənim deyil”. Əsl yazarı tapdıq, danışdıq. Elməddin Səfərli, 18 yaşı var cəmi. Hazırda Türkiyədə təhsil alır. Sağ olsun, görüşdük anlaşdıq onunla.

Düşünün ki, evdə mahnını anama göstərdim, anam dedi ki, "bu nə mahnıdır?! Nəqarət yox, bənd yox. Elə bil ki, meyxanadır” (gülür). "Nə bilim bax da yenə də”. Dedim ki, "mən sənə deyirəm. Bu mahnı tutacaq. Dahi bəstəkarlarımızdan sonra mən özüm də bəstə ilə məşğulam. Yəni mən əgər buna pul verib almışamsa,deməli bu mahnıda mütləq ki, nəsə var”. Dedi xeyirlisi. Götürdüm aranjeman etdim mahnını. İyul ayında hazır idi. Səbrim tükənir artıq paylaşmaq istəyirəm mahnını. Maşında qulaq asırıq, bütün dostlar dedi ki, "paylaş da bunu, biz də köçürək, dinləyək”. Gəldi avqust ayı, hər şeyi həll etdim və 19 – u mahnını təqdim etdim. Bir də görürəm ki, uzaqdan tanıdıqlarım mənə səs göndərirlər ki, qaqaş,bu mahnını sən oxumusan?! Təsəvvür edin ki, ikinci gündür mahnı paylaşılıb, Malakan ərazisindəyik, hər 3 maşından ikisində "düşün məni” oxuyur . Nə bilim, hər şey birdən oldu da.

Bir müddət sonra artıq tənqidlər başladı. Biri deyir ki, "düşün məni” əvəzinə "düsün məni” deyib. Yəni istənilən bir adam eyni aranjemanda o mahnını oxusun, nə qədər özünü sıxsa da, iki dəfə "düşün məni” - "ş” hərfini qulağa çarpacaq qədər deyə bilər. Qalanında isə tez-tez deyirsiz deyə, avtomatik "s” olur. Mənim mahnımı Özbəkistanda da ifa ediblər. Onlar da oxuyanda "s” kimi səslənir. Bu yaxınlarda "düşün məni” mahnısını Türkiyədə Öykü Gürman oxuyacaq. Eyni zamanda mahnıya demək olar ki, hər ölkədən talib var. İzraildən, Qazaxıstandan, Özbəkistandan var. Artıq Özbəkistanda da hit səviyyəsindədir mahnı. Türkiyədə də getdim mən müqavilə bağladım, 2 illik icazəsini verdik, Öykü Gürman ifa edəcək.

- Maraqla gözləyirik. Bu günün klassik musiqiləri öz dövrünün ən populyar musiqiləri olub. Səncə, elə bir zaman gələcək ki,insanlar Elvin Mirzəzadənin mahnılarını dinləyib, "ahh nostalji...” deyəcəklər?

- Dövrümüz elə zamana gedir ki,inanmıram klassika deyilən bir şeyi ayırıb qoysunlar qırağa.Məncə, elə bu klassikalarımız illər keçsə də elə klassika olaraq qalacaq.Çünki biz bu gün kommersiya işləri görürük.Klassik iş görürsən,heç kim dinləmir. Vaxtının klassik musiqiləri də camaata efir tərəfindən yeridilib.Çünki o zaman dinlənilən tək məkan efir,radio olub. İndi isə o qədər geniş kütləyə çıxmaq imkanı var ki, internet filan. Hamı rahat şəkildə istədiyi mahnını dinləyir. Yəni efirdən qaynaqlanaq, qidalanaq deyə məcburiyyət yoxdur. Mən bir şeyə real baxıram ki, fərqi yoxdur necə iş görürsən, nə edirsən. Əgər sən dinləyici kütləsi yığa bilirsənsə, bu sənin uğurundur. Heç kimi də məcbur etməyiblər ki, gəl, mənim mahnımı dinlə. Mən onu demək istəyirəm ki, musiqinin dili olmur. Bir müddət bütün dünya trendini alt-üst edən PSY-ın "Gangnam style” mahnısı var idi ki, "konsonkantin yoca, moca” deyirdi (gülür). Heç kim də onun mənasını bilmir.Düzdür?

- Elədir ki, var (gülür).

- Bilmirdik də. Amma hamı nəsillikcə oynayırdı. Toyda gələndə qoca kişili, arvadlı hamı oynayırdı. Deməli, dünyada söz maraqlı deyil, orada nə oxudu, nə oxumadı. Məqsəd mahnıdakı dinamikadır.


-Uşaqlığına qayıtmaq şansın olsaydı,hansı məqamı yenidən yaşamaq istəyərdin?

- Mən çox kasıb uşaqlıq keçirmişəm. Həddindən artıq... Düzdür, tamarzı olmamışam nəyəsə. Əlimdəkinə şükür etmişəm ki,buna da şükür .Hər bir zülmət gecənin bir aydın səhəri var prinsipi ilə yaşamışam. Bəlkə də qayıtmaq istəyərəm bir az normal yaşayışı olan, problemsiz, qayğısız, əziyyətsiz olan günlərə. Məsələn, məktəbə gedəndə mənim də sağlam bir ayaqqabım olardı və ya da mən gedib hansısa bazarda əlimdə saqqız satmazdım. Amma yenə də düşünürəm ki, o günlər olmasaydı, mən bu günlərin qədrini bilməzdim. Amma heç nəyi də dəyişmək istəmərəm. Həyatdı da onsuz bir dəfə gəldi, getdi.

-Tərgitmək istədiyiniz xüsusiyyətin var?

- Əsəbiyəm, çox əsəbiyəm .Çox tez çıxıram özümdən. Bu da yəqin ki,yuxu rejimimin pozulması ilə bağlıdır. Amma eyni zamanda da çox kövrəyəm. Məsələn,birini döyə-döyə ağlaya bilərəm. Həm yazığım gəlir, həm də əsəbiyəm də. Belə paradoks bir vəziyyət (gülür).

- Heç kimin sizi qınamayacağı bir dünya olsaydı, nəyin azadlığını yaşamaq istəyərdiniz?

- Mən heç istəməzdim elə bir dünya olsun. Hələ qayda, qanunlu dünyada başımıza çıxanlar olur. Qayda qanun olmasa, ümumiyyətlə, başımızda məskən salarlar.


"Meyxanalarda olan sözlərin hikməti digər mahnıların sözlərini üstələyir".

-Bəs maraqlıdır, heç vaxt ifa etmərəm dediyin bir musiqi tərzi var?

- Bu yaxınlarda çıxardığım "həsrət öldürər məni” mahnısı var. Oynaq mahnıdır. Bir tərəfdən kommersiya idi ki, toylara daxil olmaq məsələsi. Amma hara fırlansaq, biz azərbaycanlıyıq. Biz toylarda disko oynamırıq. Mahnıda bayağı sözlər varsa, "sənin üçün damarımı kəsdim” filan kimi söz yığınları xaricində biz bütün mahnıları sevirik.

Mən sizə deyim ki, o meyxanalar var ha, orada olan sözlərin hikməti, bəlkə də digər mahnıların sözlərini üstələyir. Elementar çox yerdə meyxanaçı dostumuz Balabəyin mahnılarını bəyənmirlər ki, bayağı ifa edir. Ola bilər ifası professional deyil. Amma məsələn, "Tənha gecələr düşünürəm hərdən, getdikcə o səssiz küçələrdən. Ulduzları sönmüş gecələrdən, çox qorxuram aydın səhər olmaz". Görün nə gözəl sözlərdir. Sadəcə ifa tərzi ola bilər ki,insanlar qəbul etmir. Çünki standart muğam-şur üzərində oxuyurlar. Amma çox gözəl sözləri var.

Musiqi barəsində də yekun bir şey demək istəyirəm. Yenə də deyirəm, heç kim məcbur deyil ki, youtube-u açanda, tutalım, mən gəlirəm,filan müğənni gəlir,girsin onu dinləsin.Girdin, bəyənmədin, çıx.Səni məcbur edən yoxdur. "Vay,vay,vay bizim musiqimiz nə gündədir?!” filan. Güya bunu yazan özü hər gün Rəşid Behbudova qulaq asır?! Vallah qulaq asmır. Dövrün tələbinə görə Beyonce-yə, Shakira-ya kimi müğənniləri dinləyirlər. Dinləməsinlər də. Hər şeyin bir dövrü var da.Onlar bizim klassiklərimiz,dahilərimizdir ki, indi də biz onların mahnıları ilə qidalanırıq. Amma hər şeyin bir dövrü var, tələbata görə hər şey dəyişir.

-Dəvət olunduğunuz verilişlər fəaliyyətinə nəsə təsiri olur?

-Ümumiyyətlə, mən artıq bir çox verilişlərə getməkdən imtina edirəm. Elementar bir müqayisə deyim. Tutalım Türkiyədə Aleyna Tilkini çağırırlar "Beyaz Show”a, insanlar necə gözəl qarşılayır, uğurlar arzulayırlar. Bizdə çağırırlar verilişə, elə başlayan kimi, "məncə, mahnı bayağı mahnıdır”. Niyə də, qardaş?! Harada gördün bayağılığını. "Orada "düşün məni” əvəzinə "düsün məni” deyir. Allah rəhmət eləsin bizim sənətkarlarımıza.Onlar bilsəydi belə mahnı...” Niyə də?! İzah elə, mən də bilim ki,bu kriteriyaya görə bu mahnı bayağı imiş.

"Çünki onlar olmasa, həddindən artıq özbaşınalıq olar".

-Yaşamaqla var olmaq arasındakı fərqləri nədə görürsən?

- Var olmaq odur ki, hər gün nəfəs alırsan. Yaşamaq odur ki, həyatın hər anından zövq alırsan. Bu gün mən çayı içib olduğu kimi onun dadını, qoxusunu ala bilirəmsə, sabahı bilmək olmaz. Buradan çıxıb evə salamat gedəcəyin qaranti deyil. Hər şey ola bilər. Ona görə də anın həzzini yaşamaq lazımdır. Din baxımından müsəlman da olsam, yenə o biri dünya varmı, yoxmu sual altındadır. Bilinmir də. Ona görə də bu gün nəyi necə varsa, zövqünü yaşamaq lazımdır. Bu yaxınlarda Alla Puqaçovanın müsahibəsini izlədim. Qadın çox gözəl danışır. Deyir, "nəsə paylaşıram, şərh yazırlar ki, sən qocasan, kaftarsan". O da deyir ki, "düzdür, mən eləyəm. Nə olsun, amma mən bu gün anın zövqünü yaşayıram. O qədər insanlar var ki, ancaq bu ay qurtarsaydı, maaşımı alardım deyə fikirləşir. Günlərin necə keçdiyinin fərqinə varmır. Amma hər gün insan ömründən keçir". Mənim 27-ci ilimin bu günü də heç vaxt qayıtmayacaq. Ona görə də dəyərli yaşamaq lazımdır.

Elə insanlar olur ki, özünü nəyəsə məhkum edir. Gedir ailə həyatı qurur və görür ki, qarşı tərəf bunu anlamır, başa düşmür. Məhz camaat, qınaq var deyə məcburən ömrünü ona həsr edir. Yox, yoxdur belə bir şey. Hər şey qurtaracaq, amma həyatın yenidən qayıtmayacaq. Sənin cavanlığın, dünyaya olan həvəsin heç vaxt qayıtmayacaq. Həyatını yaşa, kiməsə mane olma, kiminsə şərəfinə, namusuna, şəxsi özəl işlərinə qarışma, ilişmə, sataşma, heç kimə ziyanın dəymədən öz həyatını,istədiyini yaşa. Sadəcə yetər ki, həyatında olan insanlar güvənilir olsun. Biləsən ki, ən pis məqamında belə o insanlar səni vəziyyətdən çıxara biləcəklər. Düzdür, onsuz hara fırlansaq bizdə bu mental dəyərlər deyilən şeylər var ki, haradasa mən o mental dəyərlərlə razıyam. Çünki onlar olmasa, həddindən artıq özbaşınalıq olar.

Bilirsiz, bu dəqiqə Azərbaycanda elə bir şey var ki, sanki iki tərəfdən təzyiq var. Din bir tərəfdən sıxışdırır. Bir tərəfdən də Avropalaşmaq. İnsanlar da qalıblar ortalıqda. Normal təfəkkürü, dünyagörüşü olan insanlar çəkilib qırağa, hər şeyi kənardan görüb, izləyirlər. Özlərini də normal kontrol edə bilirlər. Amma digər insanlar ki, var, bilmirlər nə etsinlər. Çox qəribə bir şeylər yaşanır. Məsələn, baxırsan ki, biri çox açıq-saçıq geyimlə şəkil paylaşır, növbəti paylaşımı İmam Əlidən olur (gülür). Tarazlıq belədir. Amma Avropa beyinli, düşüncəli olmaq əxlaqsızlıq deyil. Sırf bunu qarışdırırlar,aləmi qatırlar bir-birinə. Amma məsələ belədir ki, bunu hər hansı bir savadlı adamlar da edir. Məsələn, facebookda görürsən bir qız şəklini paylaşıb, hansısa bir qalstuklu kişilər şərhə yazırlar ki, "çox gözəlsən", "bircə görüşüb çay içsəydik" filan. Baxırsan, utanırsan onların yerinə. Hamısı da yazıçı,publisist. Hamımızın da facebook da rastlaşdığımız anlardır.

Söhbətləşdi: Ulucay AKİF