adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Yanvar 2020 15:12
94971
MÜSAHİBƏ
A- A+

Taleh Orucov: Düşmən ölkədir, onlara müraciət edib hər hansı təşkilata üzv ola bilmərik - MÜSAHİBƏ

Maraqlı idman sahələrindən biri də kapoeyradır. Daha çox rəqsi xatırladan kapoeyra idmanın döyüş növlərinə aiddir. Budəfəki müsahibimiz Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov oldu.

Afrikalı qullar tərəfindən yaradılmış bu idman növü, həm də mədəniyyət və fəlsəfədir.

- Taleh bəy, ilk olaraq kapoeyra döyüş növü haqqında məlumat verməyinizi istəyirəm.

- Kapoeyra eyni zamanda döyüş növü, idman növü, həm də mədəniyyət və fəlsəfədir. Kapoeyraya yalnız döyüş demək olmaz. Amma yaradılanda döyüş məqsədilə yaradılıb. XVI əsrdə Afrikadan Braziliyaya gətirilən qullar tərəfindən yaradılan döyüş növüdür. Portuqaliya hakimiyyəti o vaxt Braziliya Portuqaliyanın müstəmləkəsi olduqdan sonra yerli hindulardan istifadə edirdi. Hindular fiziki cəhətdən hazır olmadıqları üçün ya həlak olurdular, ya da qaçmağa müvəffəq olurdular. Ona görə Portuqaliya digər müstəmləkələrindən Afrikadan, Mozambik, Qvineya kimi ölkələrdən qullar gətirməyə başlayır. Və onlar özləriylə mədəniyyətlərini gətirmiş olurlar. Nəticə olaraq Braziliyada kapoeyra afrikalı qullar tərəfindən yaradılır. Məqsəd isə əsarətdən qurtulmaq olur. Sözün mənasına gədikdə isə kapoeyra xırda tikanlı kollardır. Braziliyada bitir. Həmin qullar da bu plantasiyalarda işləyirdilər. Onların ayaqlarına batırdı, əziyyət verirdi. Və həmin kol da zəncilərin, orada işləyən qulların əsarətdən qurtulmasına bir səbəb oldu. Və idman növünün adını da kapoeyra qoydular.

- Cənubi Amerikada əsası qoyulan bir idman növünü Azərbaycana gətirmək fikri necə yarandı?

- Bu ekspromt olan bir şeydir. Mən 1981-ci ildə Lənkəran şəhərində doğulmuşam. 32 ilimi döyüş növlərinə həsr etmişəm. 4 yaşımdan karate, boks, digər idman növlərini görmüşdüm. 1997-ci ildə Lənkranda yaşayan vaxtlarda Mark Dakaskasın "Yalnız güclülər” filmində kapoeyranı gördüm. Və anladım ki, mənim indiyə kimi məşğul olduğum idman növlərindəki ən əsas hərəkətlər və akrobatika, gimnastika - bunlar hamısı kapoeyrada var. Bu idman növünü sevdim. Mənim heç bir müəllimim olmayıb. Braziliyada olmamışam, heç bir informasiyam yox idi. Sadəcə filmdə görmüşəm. Və filmə baxıb dala-qabağa verərək məşq edirdim. Və nəticə olaraq Azərbaycanda bunun yaradıcısı adını almışam. O vaxt bilmirdim ki, Azərbaycanda kapoeyra var, ya yox. 1999-cu ildə Bakıya gəldim. 2001-ci ildə Bakıda ilk kapoeyra məktəbini yaratdıq. Və həmin vaxtlar bildim ki, Bakıda kapoeyra yox imiş. Yəni yaranmanın hər hansı başqa bir səbəbi olmayıb. 1997-98-ci illərdə Lənkəranda mənim bir neçə tələbəm var idi. 2000- ci ildə universitetdə oxuyanda tələbə yoldaşlarımı öyrədirdim. Sonra rəsmi məktəbini açdım. İdman Nazirliyinin ensiklopediyasına düşmüşəm ən gənc idman yaradıcısı kimi. Azərbaycan Dövlət İdman Ensiklopediyasında da belə gedir ki, Azərbaycanda Kapoeyra 1997-ci ildə Lənkəran şəhərində Taleh Orucov tərəfindən yaradılmışdır.

Ondan sonra kapkapoeyranın keçirilməsinə qadağa qoyuldu.

- Kapoeyranın digər döyüş növlərindən əsas fərqi nədir?

- Kapoeyranın digər idman növlərindən çox böyük fərqi var. Kapoeyra özünümüdafiə xarakteri daşımır. Ənənəvi kapoeyradan söhbət gedirsə sırf hücüm və əkshücum üzərində qurulmuş bir döyüş növüdür. Dünyanın ən təhlükəli döyüş növüdür, çünki 50-ci illərdə Braziliyada bir dəfə yarış keçirilib və döyüşdə 2 nəfər ölüb. Ondan sonra kapoeyranın keçirilməsinə qadağa qoyuldu. Hazırda idman kapoeyrasıdır. Heç bir yerdə döyüş kapoeyrası keçirilmir. Mən də bir müddət döyüş kapoeyrası ilə məşğul olmuşam. Digər fərqliliyi musiqili idman növü olmasıdır. Burada həm rəqs var, həm oyun. Yeganə idman növüdür ki, öz musiqi aləti belə var. Berimbau adlanır. Əvvəllər bu həm də döyüş silahı kimi istifadə olunurdu. Arxası nizə kimi , sim də kəsici alət xarakteri daşıyırdı. Və öz musiqisi, sözləri var. Kapoeyranı gənclərə sevdirən isə əsasən gimnastik və akrobatik hərəkətlərin olmaısıdır. Bu səbəbdən azyaşlılar və gənclər kapoeyranı daha çox sevirlər. Kapoeyra həm bədən formasını gözəlləşdirir, insanın musiqi duyumunu genişləndirir, ritmi öyrədir. Həm döyüşü bacarırsan, həm rəqsi.

- Hazırda Azərbaycanda kapoeyraçıların hazırlıq səviyyəsi necədir? Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edirlərmi?

- 2013-cü il Dünya çempionatının nəticəsini deyə bilərəm. Qızıl medalların sayına görə Braziliya yığması ikinci yer, Azərbaycan birinci yer. Azərbaycandan Dünya, Avropa çempionu "canavar” tələbələrim var. Artıq tələbələrim gedib Avropa ölkələrində seminar keçirlər. Yəni Azərbaycan kapoeyraçıları bu qədər inkişaf edib. Avropa ölkələrində kapoeyra uzun illərdir var, buna baxmayaraq Azərbaycan kapoeyraçıları orada seminarlar keçirlər. Mən İranda mütəmadi olaraq seminar keçirəm. Avropanın bir neçə ölkəsində seminar keçmişəm. Rusiya və Türkiyədə də, hərçənd bu ölkələr heç də bizdən geri qalmırlar. Və orada nümayəndəliklər də yaratmışıq. Azərbaycan Kapoeyra Federasiyası olaraq İran, Gürcüstan, Türkiyə və Rusiyada nümayəndəliklər açmışıq. Azərbaycanda belə başqa federasiya tanımıram.

Azərbaycan mentaliteti buna icazə vermir.

- Azərbaycanda kapoeyraya qızların marağı necədir?

- Ağrılı yerimizdən vurdunuz. Azərbaycanda xanımların kapoeyraya bir o qədər də güclü axını yoxdur. Çünki Azərbaycan mentaliteti buna icazə vermir. Əfsuslar ki, bu belədir. Qız evdə oturar, bozbaş bişirər kimi fikirlərlə yaşayırıq deyə xanımlar yoxdu kapoeyrada. Amma Avropada, Amerikada kapoeyrada qadınlar kişilərlə bərabərdir. Hətta kapoeyra qadınlarda daha gözəl görünür, nəinki kişilərdə. Gözəl qadın da lap gözəl görünür (gülür).

Düşmən ölkədir, onlara müraciət edib hər hansı təşkilata üzv ola bilmərik.

- Ümumdünya Kapoeyra Federasiyasının Avrasiya qərargahını İrəvandan Bakıya köçürmüsünüz. Buna necə nail oldunuz?

- 2005- ci ildə mərkəzi Almaniyada olan Beynəlxalq Döyüş Federasiyasına imtahan verdik və oranın rəhbəri Brüs Linin ilk tələbələrindən idi. 8 tələbəmlə bir yerdə idik və mən 5-ci Dan qara kəməri aldım. Az müddət ərzində yüksək texnikalı tələbələr yetişdirmə bacarığıma görə beynəlxalq dərəcəli təlimatçı adına layiq görüldüm. İlk beynəlxalq uğurum bu oldu. Bunun səs-sorağı Braziliyaya da yayılmış oldu. 2006- cı ildə ilk rəsmi Kombat idman klubu açıldı. 2007- ci ildə Azərbaycan Kapoeyra Federasiyası yaradıldı. Federasiya yarandıqdan sonra biz Beynəlxalq Kapoeyra Federasiyasına üzv olmaq istəyirdik. Həmin vaxt BKF-nin Avrasiya qərargahı İrəvanda yerləşirdi və rəhbəri də oranı təmsil edən bir şəxs idi. Əlbəttə ki, biz ona müraciət edəsi deyildik. 2008-ci ilin sonunda Azərbaycan Kapoeyra Federasiyasının idarə heyəti belə qərara aldı ki, mən gedib Beynəlxalq Federasiyanın prezidenti ilə görüşüm. Və başa salaq ki, düşmən ölkədir, onlara müraciət edib hər hansı təşkilata üzv ola bilmərik. 2009-cu ilin yanvar ayında Rio de Janeyroya getdim. Oradan San Pauloya getdim və təşkilatın rəhbəri ilə görüşdüm. Və görüşdə başa düşdüm ki, erməni tərəfdən elə də razı deyil. Erməni boynuna düşən vəzifələri lazımı qədər yerinə yetirə bilmir. Və potensial ölkə axtarır ki, Avrasiya qərargahını dəyişmək ehtimalı olsun. 2008- ci ildə Amerikaya getdim. 1997- ci ildən yalnız özüm məşğul olmuşam. 11 ildən sonra isə Amerikaya gedib masterlərlə kurs keçdim. Orada məşhur bir ustad var, Mestre Akkardion. Kapoeyranın əsas yaradıcısı, formalaşdıran Bimba adlı şəxs olub. XX əsrin əvvəlində bu məktəbin əsasını qoyub. Kapoeyra o vaxta kimi qadağan olunmuş bir döyüş növü olaraq qalırdı. Akkardion onun yeganə sağ qalan tələbəsi idi. O mənə məşq keçdi. O heç kəsə fərdi məşq keçmirdi, yaşlı kişi idi. Mənə yaxınlaşdı soruşdu "haradan gəlmisən?” Dedim ki, Azərbaycandan. Nə qədər yol gədiyimi soruşdu. Ümumi yollarda 30 saat vaxtımız getmişdi. Dedi ki, sən kapoeyraya görə 30 saat yol gəlmisən. Və böyük simpatiyası oldu, mənə məşq keçməyə başladı. Dünya Federasiyasının prezidentinə jurnalı göstərdim. Bu 2008- ci ildən çıxan "Azərbaycan kapoeyrası” jurnalı idi. Hansı masterlərlə şəkillərim olduğunu görəndə şoka düşdü. Tarixçəmi oxudu, tələbələrimin sayına baxdı və dedi ermənidən bir o qədər razı deyiləm. Özü 120 min tələbəsi olan universitetin professoru idi. Akademik, elmlərdoktoru, n sayda elmi işləri var idi. Və mən ona təklif etdim ki, 2009-cu ilin iyul ayında Azərbaycanda Beynəlxalq Forum keçirmək istəyirəm, xərcləriniz qarşılanacaq, siz Bakıya gəlin. 6 ay sonra Bakıda möhtəşəm forum keçirdim. İlk forum 1999-cu ildə Braziliyada keçirilmişdi, ikinci isə 2009-cu ildə Bakıda oldu. Bir neçə ölkədən qonaqlar dəvət etdim. Və həmin forumda Beynəlxalq Kapoeyra Federasiyasının Avrasiya qərargahı Ermənistandan Azərbaycana köçürüldü. Və mən BKF –nin Avrasiya qəragahının rəhbəri seçildim. Beynəlxalq müstəvidə hər hansı təşkilata rəhbərlikdən söhbət gedirsə bu, ilk uğurumuz oldu. 2011 –ci ildə BKF dəyişərək Ümumdünya Kapoeyra Federasiyası yaradıldı. Yeni bir təşkilat oldu. Azərbaycan Kapoeyra Federasiyası ÜKF-a üzv oldu. 2013- cü ildə Dünya çempionatı Azərbaycanda keçirildi. Beynəlxalq təşkilat tərəfindən keçirilən ilk dünya çempiontı idi ki, bütün beynəlxalq qruplar qatılırdı. Dünyada 15-dən çox beynəlxalq təşkilat var. Hər birinə 20-30 ölkə daxildir. Ümumdünya Kapoeyra Federasiyası yeganə təşkilatdır ki, 15 təşkilatın hamısını bir araya yığıb. Bütün bu 15 təşkilat arasında dünya çempionatı keçirildi. Belə bir şey kapoeyranın 5 əsr tarixində olmamışdı. Həmin çempionat ərəfəsində Latın Amerikasında Azərbaycandan daha çox tanınırdım. Çünki onların döyüş növüdür və onların irsini, mədəniyyətini tanıtdırmışam. 2016- cı ildə Ümumdünya Kapoeyra Federasiyasının seçkiləri oldu. Seçkilərlə bağlı bir neçə ölkə öz namizədlərini irəli sürdü. Mən də bu məsələylə bağlı İdman naziri Azad Rəhimovla danışdım. Və belə qərara alındı ki, əgər dövlət başçısı buna razılığını verəcəksə, Azad Rəhimov tərəfindən mənim namizədliyim irəli sürülsün. İlham Əliyev müsbət rəyini bildirdi və namizədliyim irəli sürüldü. Və 2016- cı il oktyabr ayında Estoniyanın Tallin şəhərində keçirilən seçkilərdə mən qalib oldum. Və Beynəlxalq İdman Təşkilatına rəhbər seçilən ik azərbaycanlı oldum. Məndən öncə beynəlxalq təşkilatlarda vitse-prezident vəzifəsində olanlar olmuşdu.


- Çox idmançılar yetişdirmisiniz. İdmanda elə qayda var ki, bir müddət məşqi atandan sonra çox şey unudulur. Kapoeyra idmanını seçən şəxs yüksək bacarıqlarını qorumaq üçün məşqlərə hər gün nə qədər vaxt ayırmalıdır?

- Profesional olaraq həftədə 1 gün istirahət etməklə, gün ərzində minumum 3 saat məşğul olmaq lazımdır. Amma özün üçün məşğul olmaq istəyirsənsə iki gündən bir 1.5 saat məşğul olmaq kifayət edir. Yəni profesional kapoeyraçı həvəskardan 4 dəfə artıq məşq etməlidir.


- Siz tələbələrinizin hazırlığını asanlıqla yoxlayırsınız. Bəs sizi kim yoxlayır bu sahədə? Tam hazırlıqlı olduğunuzu necə müəyyən edirsiniz?

- Mən 2008-ci ildən profesional idmanı buraxmışam, çünki 1997-dən 2007-ci ilə kimi özüm məşğul oldum, çox tələbələr yetişdirdim. 2008- ci ildən bizim çempionatlar başladı. Həm milli, həm də avropa çempionatları. Mə artıq orada iştirak edə bilməzdim, çünki federasiyanın prezidenti idim. Və yalnız tələbələr apara bilirdim. Ona görə heç vaxt mənim yarışlara çıxmaq şansım olmayıb. Federasiyadan öncə şərait yox idi yarışlara qatılmağa, yarışlar olanda isə federasiyanın rəhbəri idim. Ona görə də o vaxtkı kimi məşqlər etmirəm, amma yenə də məşqlərimi edirəm. Mənim 10 minlərlə tələbəm olub. İndi mənim tələbələrimin tələbələrinin tələbələri belə məşq keçirlər. Məsələn, indi Azərbaycan Kapoeyra Federasiyasının baş məşqçisi mənim tələbəmin tələbəsinin tələbəsidir. 16 yaşında mən yeni bir idman növünü yaratmışam deyə, elə də vaxt getməyib. Özüm bacardığım qədər formamı saxlayıram. 2001-2012-ci illər arasında ayrı idman növlərini təmsil edən idmançılarla döyüşlər keçirirdim. Kim ki, deyirdi "kapoeyra rəqsdir” deyirdim gələrəm sizin zalınızda "rəqs edərik”. Və heç birində uduzmamışam. Tanınan idmançılarımız olub ki, müxtəlif idman növlərindən 15-20 saniyə ərzində aşırmışam. İndi zədələrim çoxdur. Çünki müəllim görmədən məşğul olmuşam. Tatami nədir, zal nədir bilmirdim. Taxtanın, balıqqulaqlarının, betonun üstündə məşq etmişəm. İndi isə hər cür şərait var. Bakıda 20-dən artıq idman zalı fəaliyyət göstərir. Azərbaycanın 10-dan çox regionunda kapoeyra məktəbləri fəaliyyət göstərir. Şükür ki, vaxtilə çəkdiyimiz əziyyətin nəticəsini artıq görə bilirik.


- Kapoeyra ilə hər kəs məşğul olub nəticə əldə edə bilərmi?

- Kapoeyra ilə kiçik yaşlardan məşğul olmaq tövsiyə olunur, amma uşaqlıqdan əgər fundament varsa, yəni gimnastik, akrobatik hərəkətləri bacarırsa, müəyyən qədər döyüş bazası varsa onda 18 yaşdan sonra da kapoeyraya yazılsa uğur əldə edə bilər. Praktikada belə bir şey olub. Uzun illər kung fu ilə məşğul olan bir tələbəm olub. Təxminən 17-18 yaşlarında kapoeyraya yazıldı və bir müddət sonra klubumuzun baş məşqçisi oldu. Yəni o qədər inkişaf etdi. Çünki fundament var idi.